Utanmaq, qızarmaq
I
Qalxıram kürsüyə danışmaq üçün
Nədənsə, hər dəfə dil topuq çalır.
Məni elə basır zəhmi kürsünün,
Demək istədiyim qəlbimdə qalır.
Uca kürsülərdən danışanda mən
Həm natiq oluram, həm də dinləyən.
Uzun illər boyu öz istəyimlə
Çox-çox kürsülərdən danışsam da mən,
Razı qalmamışam özümdən hələ
Özümə, sözümə nəzarətimdən.
Əgər karıxdımsa, elə o anda
Görürəm, alnıma soyuq tər gəlir.
Özüm öz sözümdən nöqsan tutanda,
Öz səsim özümə eybəcər gəlir.
Kürsüdə sərbəstlik mənə çox çətin!
Qorxmuşam fikrimi çatdırmayam mən.
Qorxmuşam, salonda əyləşənlərin
Üzümə zillənən nəzərlərindən.
Qorxmuşam, itirəm ölçü hissini
Qorxmuşam, nizamın pozulmasından.
Qorxmuşam, tərsinə anlayıb məni
Sözün başqa yerə yozulmasından.
Çox zaman kürsüdə sıxılmışam mən
Özümdən utanıb çəkindiyimdən.
Utanmaq - özündən bir boy ucalmaq!
Qızarmaq - günahı boynuna almaq!
Utanmaq hissini Allah heç kəsin
Qəlbindən çıxarıb, gülünc etməsin.
II
Xisləti, fitrəti hamıya məlum
O, yalan danışdı, yalan, ağ yalan.
Gözümü gözündən çəkib duruxdum
Onun əvəzinə utandığımdan.
Osa utanmadan gülüb gerçəyə,
Şəst ilə gözünü gözümə dikdi.
Üzünə vursaydım "yalandır" - deyə,
O, mənim üzümə dirənəcəydi.
Ondakı üzə bax, yalan düz oldu
Qara ağ, təpə dağ, astar üz oldu.
Üzdə abır varsa, sözdə ölçü var
Həyadan süzülən o sözə qurban.
Dünyada nə desən gözləmək olar
Özündən, sözündən utanmayandan.
Abır - üz suyudur, qəfil qızarar
Qırmızı deyilən bir acı sözdən.
Üzün ismətidir o su...
əlhəzar
Abırı, isməti silinmiş üzdən!
Tanrım, nöqsanımı göstərdin mənə
Səhvimi öyrəndim xəcalətimdən.
Utanmaq hissini sən verdin mənə
Bu böyük lütfünə minnətdaram mən.
Gerçək - qəlbimizdən qaçarıdırsa,
Yalan - yüksəlişin açarıdırsa,
Utanmaq, qızarmaq unudulubsa,
Abır - abırsıza məğlub olubsa,
İnsaf da, vicdan da ərşə çəkilmiş
Demək, insandakı insanlıq ölmüş.
İyun, 1999
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-utanmaq-qizarmaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
SaldınQulun ollam binalı yar,Məni gözdən nədən saldın?
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
AyağınaQırxlar piri, özün yetiş dadıma,Bir də məni yetir yar ayağına.