Ağac aktyorlar
Hazırda Şuralar İttifaqının teatr aləmində geniş intişar tapmış yeni sahəsi varsa, o da kukla teatrıdır. Əsas etibarı ilə bu yeni bir sahə deyildir. Bu teatrın kökü çox dərindir və bunun böyük bir tarixi vardır. 1904-cü ildə Misirdə həfriyyat yapılarkən devrimizdən XVI əsr əvvələ aid ən köhnə kukla aktyorları tapılmışdır. Gərək Şərqdə və gərəksə Qərbdə kukla teatrı böyük şöhrət qazanmışdır. Hindistanda bu teatr öz qəhrəmanı Bikuşak, Rusiyada – Petruşka, Çində – Kvo, Yaponiyada – Ninka-Pukay, Türkiyədə – Karagöz, İtaliyada – Fülçinello, Fransada – Polişinel, Almaniyada – Hansvuri-Kasperlə, İngiltərədə – Teatr-Pancer, İranda – Kangal Pəhləvan, Türküstanda – PəhləvanKeçəl və sair ölkələrdə başqa adlarla çıxışda bulunurlar.
Heç bir teatrın kukla teatrı qədər tam, kütləvi xalq teatrı olması üçün böyük üstünlüyü yoxdur. Bu keyfiyyətə ən əvvəl teatrın çox yığcamlığı və yüngüllüyü yardım göstərir. Bu teatrın bütün aktyorlar dəstəsi bir kisəyə və ya bir çamadana yerləşir, istər xüsusi teatr sahələrində və istərsə hər cür meydanda, məktəb sinfində, klub binalarında və sair məhəllələrdə tamaşa verilə bilər. İştə buna görə də haman teatr köhnə zamandan bəri xalqın fikrini və zalimlər – istismarçılar əleyhinə protestini ifadə edən vasitələrdən biri olmuşdur. Keşişlər, mollalar, sultanlar, şahlar, saray xadimləri, tacirlər, zənginlər və sair bu kimi ünsürlər Karagöz, Petruşka, Pəhləvan-Keçəlin ənənəvi zonasını az dadmamışlar.
Teatrın bu sifəti bütün ölkələrdə nüfuz qazanmasına səbəb olmuş və indi də xarici ölkələrdə kukla teatrı, bir təbliğat silahı olaraq geniş surətdə tətbiq edilməkdədir. Bu teatrın nə dərəcədə intişar tapdığını buradan görmək olar ki, tək Çexoslovakiyada 1000-dək xalq kukla teatrı, məktəb və maarif cəmiyyətlərində 290-dək və ailələrdə həddən ziyada kukla teatrı vardır.
Yaponiyada kukla teatrı çox təkmilləşdirilmişdir. Burada NinkaPukay kuklası insanın dörddə üç hissəsi böyüklüyündədir və bu kukla cürbəcür mürəkkəb mexanizm vasitəsilə canlı aktyorlara bənzədilir.
Şübhəsiz ki, biz kütləvi təbliğatda böyük əhəmiyyətli silahlardan olan kukla teatrına diqqət yetirməyə bilmərik. Biz kukla teatrından geniş istifadə olunması üçün əlimizdən gələn tədbirləri görməliyik. Teatrın yüngül və yığcamlığı xassəsi, onun bütün işçi dairələrində, ümumi mənzillərdə, bütün məktəblərdə və xüsusi kəndlərdə faydalı və əvəz edilməyəcək yardımçı olmasını təmin edir. Indi Rusiyada, Leninqrad İşçi-Gənclər Teatrında, Moskvada Gənc Tamaşaçılar Teatrında və sair şəhərlərdə kukla teatrı vardır.
Azərbaycanda bu işə indicə başlanmışdır. Türk Bədaye teatrının aktyorlarından Bəbirli yoldaş kukla aktyorları düzəltmişdir. Bu “aktyorlar” bərk ağacdan olub çox sənətkaranə işlənmişdir. Bunlar son dərəcə mütəhərrik olmaqla bərabər, mənalı sifətləri vardır. Bizcə, əlaqədar təşkilatlar bu işin əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda bu kimi teatr pionerlərinə lazımi yardım göstərsələr, teatrı inqilabi faydalı repertuarla təmin etmək üçün tədbirlər görülər, teatr səhnələrində və klub meydançalarında, işçi-gənclər və çocuqlar teatrda və məktəblərdə tamaşa göstərmək üçün ona yer verilər.
Ən əvvəl bu işə Türk Bədaye teatrı lazımi yardım göstərməli, “ağac aktyorlar”ı hamiliyi altına almalı, öz aktyoruna kömək və adi inkişafını təmin etməlidir. Ali Baş Siyasi Maarif Idarəsi, Bakı Maarif şöbəsi və sair əlaqədar müəssisələr bu işə lazımi diqqət yetirməli, yeni teatrı ayağa qaldıraraq onu canlı, kütləvi təbliğattəşviqat silahı etməlidirlər.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-agac-aktyorlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəmşüur ƏyyarəÇıxmamış ortaya iş,
Sahib-zühurEvini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
AtəşEy əzizim, bir belə bəsdir dedin,Seyyidü axund, molla söhbətin.
ÇalmaQoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Başqa şairlərin şeirləri
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
DolanırKönül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.
KönülDərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.