Düşkün dünya
(ŞƏRQI)
Tarixlərdə öksüz kimi göründük.Illər boyu qaralara büründük,Yetər artıq ayaqlarda süründük,Qalx, qalx, qalx düşkün dünya!
Tarix cəllad qan içməkdən yorulmaz,Tərpənişsiz qara zəncir qırılmaz,Yazıq, artıq bu dərdlərə durulmaz,Qalx, qalx, qalx, düşkün dünya!
Qoy qırılsın artıq cəllad bıçağı,Qoy uçulsun ölüm və qan ocağı,Dünya olsun azad ana qucağı,Qalx, qalx, qalx, düşkün dünya!
Hər bir qanun azadlığa bir yağı,Insan oğlu olmuş insan tapdağı,Silkin, uçsun köləliyin torpağı,Qalx, qalx, qalx, düşkün dünya!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-duskun-dunya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Möhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir.Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir.
Türkoloji qurultay və sərf-nəhv məsələsiFevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır.
Tərcümə məsələsinə əhəmiyyət verilməlidirSon zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.
Kənd səhnələrinə kömək edilməlidirÖtədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.