Ötədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.

Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.

Bundan başqa bəzi səyyar dəstələr, xüsusilə, işçi-kəndli teatrı aktyorları, “Damğa” kollektivi və sairə rayonlara gedib teatr tamaşaları verirlər.

Bunun üzərinə işçi klublarındakı dram dərnəklərinin də fəaliyyəti əlavə edilirsə, Bakı və dairəsindəki işçilərin səhnə cəhətincə ehtiyacları tamamilə də olmasa, azçox ödənilir denilə bilər. Halbuki, kəndlərin vəziyyəti bambaşqadır. Az-çox asan nəqliyyat yolları olan və çox yaxında bulunan dairələri belə lazımınca ödəməyən mərkəzi teatr təşkilatları və onların səyyar dəstələri təbii olaraq, uzaq qəza və kəndlərə heç bir yardım göstərməyirlər. Ara-sıra yayda mərkəzdə oyunlar bitirkən, kəndlərə səyyar dəstələr gedib, bəzi dairə mərkəzlərində bir-iki tamaşa verirlərsə də, bu, ümumi ehtiyaca qarşı heç dərəcəsində qalır.

Onsuz da bütün yayı çöl işlərilə məşğul olan kəndlilər, belə nüdrəti tamaşalardan çox az istifadə edə bilirlər. Buna qarşı bütün qış işsiz və asudə ikən dəstələri görəməyir, vaxtını kəndlərin baqqal və çayçı dükanlarında söylənən nağıllar ilə keçirmək məcburiyyətində qalırlar.

İlin bu vaxtında da kəndlərə səyyar aktyor dəstələri gedə bilmirlər. Burada yeganə bir çarə qalır ki, o da hər kənddə bulunan gənclər özəklərinin və bəzi kəndlərdə olan həvəskarların fəaliyyətidir.

Bunlar, təbii, bacarıqca çalışır və ara-sıra göstərdikləri başsızayaqsız oyunlarla kəndliləri həvəsləndirir, klub, qiraətxana və bu kimi maarif ocaqlarına cəlb edirlər. Fəqət bunların fəaliyyətinə rəhbərlik edəcək, ibtidai ehtiyaclarının belə rəfinə çalışacaq bir mərkəz olmadığından, bu kənd təşkilatlarının da fəaliyyəti pozğun bir halda gedir.

Bu həvəskarlar dəstələri, özəklər, hər şeydən əvvəl istifadə edilə biləcək səhnə ədəbiyyatı tapa bilmirlər. Bu cəhəti az-çox təmin üçün keçənlərdə AHİŞ tərəfindən “Damğa” adlı bir məcmuə çıxarılırdı. Burada kəndlilər üçün uyğun materiallar az olsa da, hər halda ufaqtüfək parçalarından istifadə edilə bilirdi. Təəssüf edilməlidir ki, son zamanlar bu “Damğa”nın da nədənsə nəşri dayandırılmış, düzələn əsərlər bir nüsxədə olaraq “Damğa” kollektivi əlində qalıb, mümkün olan yerlərdə bu kollektivlər tərəfindən (o da işçi rayonlarında) oynanır. Bunun nəticəsində kəndlərdə oynayan həvəskarlar və özək dəstələri yeni səhnə ədəbiyyatı tapa bilməyib, əski, əhəmiyyətlərini itirmiş, yaramaz biriki əsərin təkrarına məcbur olurlar.

Bundan başqa, kənddə oynayan dəstələr qrim, paltar və bu kimi adi şeylər cəhətincə də ehtiyac içindədirlər. Dekor haqqında danışmağa belə gəlməz. Bunların hamısı kənd həvəskarlarının işini pozub axsadır.

Burası gərək musiqi, gərəksə rəssamlıq və başqa cəhətlərcə kənd yaradıcılığına rəhbərlik edəcək, nöqsan və ehtiyaclarının rəfinə çalışacaqdır. Belə mərkəz başqa cəhətlərcə də olmasa, heç olmazsa kənd səhnə işlərinə rəhbərlik etmək üçün Azərbaycanda da açılmalıdır.

Hər halda bu və ya başqa bir vasitə ilə aşağıdakı əməli işlər görülməlidir:

  1. Kənd həvəskarlar dəstələrinin və gənclər özəklərinin səhnə ədəbiyyatına olan ehtiyaclarını ödəmək üçün keçmiş “Damğa” biçimində bir məcmuə çıxarılmalıdır ki, burada da təsadüfi, biryolluq parçalardan daha artıq bir, ya iki pərdəli əsərlər yazılmasına çalışmalıdır. Belə bir məcmuə satışa buraxılarsa, öz xərcini ödəyə bilər.

  2. Bütün həvəskarların müştərək istifadəsi üçün hər kəndə 2-3 qutu da olsa qrim-boya göndərilməlidir. Bunlar külliyyatlı bir surətdə hazırlaşdırılırsa, daha ucuz başa gəlib, kəndlərə də ucuz buraxıla bilər.

Paltar və dekor məsələsinə gəlincə, burası bir qədər çətindir. Bizcə, həvəskarları heç olmazsa, adi paltarlarından çıxara bilmək üçün qırmızı, göy və ya başqa bir boyada satin və bu kimi ucuz parçalardan köynək (forma) hazırlanırsa, daha yaxşı olur. Bu köynəklər (sini bluz kimi) bütün oyunlarda geyilə bilər. Bunun üçün bəlkə başqa bir yol da varsa, onun təşkilini təklif etdiyimiz Mərkəzi İncəsənət Evi düşünə bilər. Dekor məsələsində hər kənd üçün meşə, otaq və bu kimi bir neçə ümumi “arxalıqlar” (zadniklər) çəkilib göndərilərsə, kafidir. Bu, texniki cəhətcə çox asan və ucuz başa gələ bilər. Yan divarlar üçün şəhərin özündə də pərdələrdən istifadə edildiyi kimi, kəndlərdə də xalça-palaz və bu kimi şeylərdən istifadə edilə bilər. Burada kənddəki şeylərdən səhnədə necə istifadə etmək, qrimi işlətmək və bu kimi məsələlər qalır ki, bunun üçün də xüsusi təlimatçılar təyin edilməlidir ki, gələcəkdə bunun üçün türk teatr məktəbini bitirəcək yerdən gəlmiş müdavimlər də çalışa bilər. Bundan başqa, kənd həvəskarlar dəstələrinin üzvləri şəhərə gələrkən Mərkəzi Incəsənət Evindən təlimat ala bilərlər. Yerlərə də təlimat göndərilə bilər.

Nə olursa-olsun bu və ya başqa bir yol ilə kəndlərdə səhnə işlərinin doğru bir yola salınmasına çalışmalıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri