Səhifə 2 / 2 · 50%

Biz bəlkə də susmağı daha münasib sayardıq və hələ bir on il də gözləyərdik, görək nə vaxt Azərkinonun yeni rəhbərləri (baxmayaraq ki, onların kifayət qədər yaşı var) nəhayət bu sadə həqiqəti başa düşəcəklər ki, bir illiyə və ya bir çəkilişə dəvət olunan qeyri-türk mütəxəssislər türk həyatını bilmədiklərinə görə bu həyatdan film çəkə bilməzlər və nə “Birinci komsomolçu”, nə də “Rusiya məhv oldu” haqqında yazmazdıq. Qoy bir neçə yüz min manat da Azərkinonun toyuq korluğu ucbatından puç olsun. Axı, indiyədək yüz minlərlə (bəlkə milyonlarla) manat pul itib-batıb və ortada da heç bir az-çox layiqli məhsul yoxdur. Lakin, bizi bir şey narahat edir. Azərbaycan kino sənətini mənəvi və təşkilati iflas faktı qarşısında qoyaraq, onu ümumiyyətlə məhv edən bu prinsipial səhvin bütövlüklə təkrar olunması təhlükəsi qalmaqdadır.

Bu yaxınlarda Moskvada keçirilən kino müşavirəsinin nəticəsində yeni iş planı tərtib olunmuşdur. Bu plana əsasən Bakıda və Azərbaycanın başqa yerlərində bir neçə kinematoqrafiya və yeni kinofabrika tikiləcəkdir. Bunu, əlbəttə, alqışlamaq lazımdır. Lakin əgər indiki kimi, bu kinofabrikanın da öz işçiləri olmayacaqsa və müxtəlif kinoekspedisiyalar üçün karvansaraya çevriləcəksə, o nəyə gərəkdir?

Düzdür, planda hər il Azərkinonun əməkdaşlarının sayının artması nəzərdə tutulub. Lakin burada türklərin cəlb edilməsi barədə bir kəlmə də deyilmir. Işçilərin dəvət olunması ifadəsinin Azərkino rəhbərlərinin leksikonunda hansı mənanı verdiyini isə biz öz acı təcrübəmizdən çox yaxşı bilirik. Belə ki, ya tamamilə qocalıb iş qabiliyyətlərini itirmiş adamlar, ya da təzəcə işə başlayan və hələ uzunmüddətli təhsilə və təcrübəyə ehtiyacları olan gənclər – elə məhz bu səbəblərə görə boş qalmış və başqa heç bir kino təşkilatı tərəfindən qəbul edilməmiş, ən müxtəlif çeşidli keçici elementlər dəvət olunurlar. Birincilər bir müddət maaş alaraq başlarını girləyirlər və nəhayət, heç bir iş görmədən çıxıb gedirlər. İkincilər də bizdə müəyyən təcrübə keçdikdən sonra işləmək üçün öz yerlərinə qayıdırlar. Azərkino isə yenə də işçisiz qalır. Biz həmişə Azərkinonu “hazır işçiləri” dəvət etmək sistemindən əl çəkməyə, ciddi surətdə yerli işçilərdən gənc kadrların yetişdirilməsinə və hazırlanmasına başlamağa, “xaricdən” yalnız yaxşı və təcrübəli işçilər dəvət etməyə, özü də onları tanımadıqları mühitə düşdüklərinə görə məhsuldar işləyə bilmədikləri istehsalatda deyil, yerli kadrların hazırlanmasında istifadə etməyə çağırmışıq.

Lakin Azərkinonun rəhbərləri bundan inadla imtina edərək QTK-nı təzəcə bitirmiş və heç bir istehsalat təcrübəsi keçməyən və sonradan məlum olduğu kimi, aparatı qurmağı belə bacarmayan adamlara iş verirdilər.

Hal-hazırda bu xətt bütövlüklə davam etdirilir, yerli kadrlar işdən mümkün qədər uzaq saxlanılır. Üç-dörd ay əvvəl mətbəə çapçıları irəli çəkmək məqsədi ilə kinofabrikaya bir mürəttib – yoldaş Məmmədovu göndərmişdilər. Yoldaş Məmmədov fabrikadakı işi haqqında bax belə söyləyir:

– Bircə onu bilirəm ki, hər gün dəhlizdə, bufetdə otururam, çay içirəm, nərd, şaşki, şahmat oynayıram. Heç kim mənə bir iş tapşırmır, lakin elə adamlar var ki, məndən sonra gəliblər və təyinat alıblar. Yalnız bir neçə gün bundan əvvəl, fabrikdə üç aylıq boş veyillənməkdən sonra, mən müdiriyyətə getdim və tələb etdim ki, məni hər hansı bir işə təyin etsinlər, ya da geriyə “Qırmızı Şərq” mətbəəsinə göndərsinlər. Bundan sonra mənə dedilər ki, məni “Birinci komsomolçu” qruppasına təyin edirlər, lakin nə vaxt, hansı ixtisas üzrə, nə vəzifəyə yenə də bilmirəm və şaşki, nərd oynamaqda davam edirəm.

Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə, fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar” – “gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarına aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s. i.a.

Biz artıq istehsalatdan irəli çəkilmiş yeni kadrların yalnız nərd oynamaqla məşğul olduqları haqda, bəzi QTK məzunlarının aparatı belə qura bilmədikləri haqda danışmışdıq. Və bunlara əlavə etmək lazımdır ki, bütün bu keçmiş acı təcrübə Azərkino rəhbərləri üçün kifayət deyil. İndi əhvalat təkrar olunur. Yeni planın həyata keçirilməsi üçün 6 nəfər QTK-ni bitirmiş adam gətirilib. Bizə təcrübəli işçilər, müəllimlər lazımdır. Bu yoldaşlar isə hələ özləri çox cavandırlar və təcrübəyə, təhsilə ehtiyacları var. Əgər Azərkinonun gələcəkdə sayca artması da eyni yol ilə getsə (o isə, bütün əlamətlərə görə, məhz belə gedəcək), şübhə ola bilməz ki, müəyyən vaxtdan sonra biz Azərkinonun yeni, lakin bu dəfə daha kəskin və daha başa gələn uğursuzluğundan və dağılmasının şahidi olacağıq. Bu yaxınlarda keçirilən Olimpiada təcili müalicəyə ehtiyacı olan bir çox yaraların üzünü açdı. Olimpiadanın nəticələri istər teatr, istərsə də kinoda, başlıcası isə Azərkinonun iş sisteminin özündə əsaslı dönüş yaratmalıdır. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Olimpiadanın yekun iclasında F.Kon deyirdi ki, hər şeydən çox ondan ehtiyat etmək lazımdır ki, milli tamaşalar milli dillərə tərcümə edilmiş rus tamaşaları olmasın, “Mənim şübhələrim doğrulmadı, çünki milli teatrlar “incəsənəti kütlələrə” şüarını düzgün başa düşərək, milli formaları və motivləri proletarçı məzmunla doldurdular...”

Teatr haqqında deyilən bütün bu sözlər bütövlüklə milli kinoya da şamil edilə bilər. Yoldaş Feliks Konun fikrini inkişaf etdirərək yoldaş Zaqarski haqlı olaraq qeyd edir:

“Bu – əsasdır: İncəsənəti – kütlələrə”. “Anzor” ona görə əla tamaşa deyil ki, Tiflis teatrı Vs.İvanovun pyesini rus dilinə tərcümə edərək elə priyomlar axtarıb tapıb ki, onların quruluşu I MXT-ın tamaşasından daha gözəl və istedadlı çıxıb. Bəlkə də həmin tamaşanı gürcü dilində E.Piskator və ya Vs.Meyerxold qoysa idi, bir qədər də cazibəli çıxardı. Lakin bu halda o əsl gürcü tamaşası olardımı? Başqırd Dövlət teatrı Maqodaveyin quruluşunda “Quzu bulağı”nı göstərdi və burada dildən başqa milli heç nə yox idi. Lakin Belorusiya teatrında Rafalskinin qoyduğu həmin pyes spesifik yəhudi teatrının bütün fərqləndirici əlamətlərini özündə cəmləşdirən parlaq nümunə sayıla bilər. Bəs məsələ nədədir?

Məsələ ondadır ki, Feliks Kon milli formada xüsusi məhəbbət bəslədiyinə görə həyəcanlanmırdı, bu həyəcanın səbəbi o idi ki, yalnız həmin milli formalar vasitəsilə əsərin məzmununu ən geniş milli tamaşaçı kütlələrinə çatdırmaq olar... Yalnız kütlələr daxilində və yalnız kütlələrin əliylə həyatın bütün sahələrində tarixi hərəkətə gətirmək olar. “Anzor”, əgər onu gürcü fəhlə və kəndlisi başa düşməsəydi və o bu fəhlə və kəndlinin teatr duyumundan uzaq olsaydı, bir qəpiyə də dəyməzdi: “Literaturnaya qazeta”, 20 iyun 1930-cu il, № 30 (67)).

Bütün bunlar tamamilə haqlı olaraq incəsənətin xüsusi bir növü olan və fəaliyyət göstərdiyi milli respublikanın zəhmətkeş kütlələrinin yaradıcılıq məhsulu olan kinoya da aid edilə bilər. Azərkinonun yeganə xilas yolu – başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətin özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox güman ki, bu dəfə bu onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Əmir Əbülüla”

Cümə günü, oktyabrın 22-də hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən ərəb həyatından götürülmüş türkcə “Əbülüla” pyesi oynandı.Görünüşdən aldığımız təəssürat nəticəsi olaraq, xüsusilə, səhnə, ümumiyyətlə, sənayei-nəfisəyə dair bir neçə kəlmə söyləmək məcburiyyətini hiss etdiyimiz kimi, məəttəəssüfanə vaxt namüsaidliyindən bunu xüsusi bir məqaləyə buraxmaq məcburiyyətində də məruz qaldığımızdan, indilik yalnız oyunun gedişini müxtəsərən yazmaqla iktifa edəcəyik.

5 dəq
“Pəri cadu”

Seşənbə günü, oktyabrın 26-da Dövlət Teatrında türk aktyorları tərəfindən türk dramaturqlarından Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” adlı əsəri oynandı.Oyundan aldığımız təəssüratı yazırkən, mütəəssir olmaq üçün, təfərrüatdan vaz keçib də, bir neçə mühüm nöqtələrə toxunacağıq.

4 dəq
Hacıbaba Şərifzadə

Bu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər.İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə.

3 dəq
“Dağılan tifaq”

Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik.Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik.

4 dəq

Başqa şairlərin şeirləri