Məzmun
  1. Şahsənəm
  2. İştirak edənlər
  3. Birinci pərdə
  4. İkinci pərdə
  5. Birinci şəkil
  6. İkinci şəkil
  7. Üçüncü pərdə
  8. Dördüncü pərdə

Səhifə 3 / 3 · 67%

Üçüncü pərdə

Bəhram bəyin bağı. Ağaclıqda köşk.

Şahsənəm

Mən bir güldüm, açılmadan budağımdan dərdilər.
Yarpaqlarım yaşıl ikən əldən-ələ verdilər.
Bulud kimi göydən aşar, gələr bir gün mənim yarım.
Ona aydın olar halım, gülər əlbət iqbalım.
Ona tale yol verər,
Gələr azad eyləyər.
Yetər artıq, nazlı yarım,
Gəl, gəl, ver nicat,
Gəl, et azad!
Duman kimi dağlar aşar, gələr əlbət mənim yarım,
Ona aydın olar halım, gülər əlbət iqbalım.
Çox çəkmədən yazıq soldum, əldən-ələ verdilər.
Yarpaqlarım yaşıl ikən budağımdan dərdilər.
Ağla, bülbül, ay yazıq bülbül, sənə xəzan yaraşır.
Ağla, könlüm, ay yazıq könlüm, sənə hicran yaraşır.

Ağcaq ız

Artıq yetər, yetər bu dərd, bu fəryad!

Şahsənəm
Ah, yazıq mən, sönür gedir həyat;
Qəlbim inlər heyhat!

Ağca qız

Bu gün toydur sənə.

Şahsənəm

Heç bir zaman mən Şahvələ də getmərəm!

Ağca qız

Unut onu, unut, qəm yemə sən!

Şahsənəm

Ölüm mənə çarə.

Ağca qız

Gülüm, bunda heç bir məna yox.

Şahsənəm

Sən ümidsiz yaşamaq nə olduğun bilməzsən;
Aman, Ağca qız, yoxdur başqa çarə.
Ağca qız

Ay Şahsənəm! Hər sözün bir xəzandır
Soldurur bu könül bağın.
Alovlu olur macərası eşqin.
Acı hicran, sonsuz bəla;
Səbr eyləmək lazım ona.
Xəbər gəlmiş Şahvələ də uzaq, uzaq bir eldən.
Söyləyir ki, yolda Qərib ölmüş xain bir əldən.
Anası almış onun qanlı köynəyin;
Qan, yaş tökür, yolur saçın, birçəyin.
Yazıq çaşıb bilməyir ki, neyləsin;
Gələcəkdir dərdin sənə söyləsin.

Xanı daxil olur

Xanı

Mənim balam bu gün son gün, vəd olmuş gün, bu gənc
yaşında,
Ah, yazıq balam öldü, yazıq balam məhv oldu, heyhat!

Şahsənəm

Yalan xəbər, yalan bu sözlər, Qərib sağdır, inan!

Xanı

Aman, qızım, niyə bir sözlə bu qəlbimi yaraladın?
Oğlum ölmüş, dönməz o bir də;
Getdi o, Şahsənəm, məhv oldu yolda;
O bir daha dönməz, gəlməz.

Şahsənəm

Anam, sən ağlama, yəqin o sağdır.

Xanı

Sus, balam, yoxsa ürəyim partlar!
Qalmamış, bil artıq, tabım;
Yanar qəlbim, ağlaram daim.
Qərib ölmüşdür, bu qanlı köynək son miras ondan.
Bu qanlı köynək, Şahsənəm, nə çarə?!
(Köynəyi göstərir.)

Şahsənəm

Onsuz yaşamaram, onsuz, heyhat, yoxdur həyat!
Nəsib olur mənə ölüm, başqa bir yol yox!
Aman həyat, aman həyat!

Xanı

Fələk bizə bəla verdi, doğrulmadı diləyin.
Bu gün toydur, sağ ol, qızım, Allah olsun köməyin!
Bəhram bəy gəlir.

Bəhram bəy

Söylə nə var? Bəsdir bu fəryad!
Artıq Qərib ölmüş.

Şahsənəm

Yalandır, yalan! Gördüm bir röya;
Bir at belində quştək uçub gəlir.

Bəhram bəy

Axmaq olma, qız! Hazır ol toya!
Şahvələ də getməlisən!

Gedir.

Ağca qız

Ah, Şahsənəm, öz röyanı tez nəql et!

Şahsənəm

İti bir qartaltək yüksək dağlardan,
Oynaq bir bülbültək yaşıl bağlardan,
Bir ağ at minmiş də, qanad çalır, bax!
Budur, mənim yarım uçub gəlir, bax!
Qanad çalmada at göyün bağrına;
Dumanlar, buludlar, verin yol ona!
Gənc başında sevda, bir saz əlində,
Uçar, uçar, uçar ağ at belində.
Ona qarşı durmaz göylər, fələklər;
Çata bilməz ona əsən küləklər.
Uçar mənim yarım, uçar, hey uçar.

Otağa tərəf yollanır; lakin dərd-qəmdən taqətsiz olduğuna görə
bihuş halda yerə yıxılır.

Dördüncü pərdə

Bəhram bəyin evi və bağı.

Şahvələd

Oldu daima sevda rəhbərim.
Yoxmudur intəha, söylə, dilbərim?!
Fikrimdə daima sənin vüsalın;
Əsir etdi məni o gül camalın.
Qərib daima düşməz dilindən;
Çəkinməz əsla o öz elindən.
Söylə, Şahsənəm, söylə nədir bu halın?
Saldı oda məni o gül camalın.

Güloğlan

Olmaz bir iş, Qərib daha gəlməz.
Öldü, onu torpaq aldı, artıq bax, hamı
Oldu tabe bizə; daha qorxu yox!

Şahvələd

Sən hər yerə adam təyin et,
Yaxşı bax, kimsə gəlməsin!
Güloğlan

Qorxma, heç bir kimsə gələ bilməz!

Şahvələd

Durma, əmrim gərək yerinə çatsın!

Şahsənəm

Bir gül sevdim çəməndə;
Soldu yellər əsəndə.
Eyləyər nalə qəlbim bu halə;
Ağlar bülbüllər, ağlar lalə.
Ayrı saldılar yarı yardan.
Eylərəm fəryad, yox edən imdad.
Yox mənə bir nicat, heyhat!
Edən yox mənə bir imdad, heyhat!
Ayırdılar, neyləyim?
Dərdimi kimə deyim?
Eyləyər nalə qəlbim bu halə;
Yaş tökər bülbüllər, ağlar lalə.
Ayırdılar yarı yardan.
Gəl, Qərib, ver mənə bir nicat!
Uzaq, uzaq, yad ellərdə
Onu bürümüşdür sonsuz bəla.
Onsuz qalmaq – öksüz qalmaq,
Düşmək min dərdə;
Çəkmək min cəfa.
Uzaq, uzaq yad ellərdə
Yox ona həmdərd olan.
Onsuz mənə ölüm həyat!
Ah! Ayrı saldılar, neyləyim?
Dərdimi kimə deyim?
Eylər nalə qəlbim bu halə;
Aman, həsrət qaldım yarə;
Könülsevən yarə mən.
Uçar, keçər son dəmlər, heyhat!
Ölüm vardı, yox artıq imdad.
Son hər şeyə, son hər əzaba!
Ümid söndü, sönsün həyat!
Ölüm mənə! Ölüm mənə, ah!
Artıq keçdi, heç bir xəbər yox;
Bir daha o, gəlib çıxmaz.
Keçdi ondan çox uzun illər,
Qorxu bitdi, lal oldu dillər.
Yox ondan bir xəbər, yox ondan əsər.
Keçdi zaman, o daha qayıtmaz.
Lal oldu o saz.
Getdi əldən səbrim, qərarım;
Yetiş artıq dadlı vüsal!

Bəhram bəy

Axmaq uşaq ağlar, inlərkən
Beynim qızar, qanım coşar.
Min yol dedim ona etsin səbr;
Onun yeri ya ər evi, ya da qara qəbr.
Mən əmr etdim çıxmasın bir səs,
Gəlməsin nəfəs.
Atmaq gərək hər dərdi,
Böylə yazmış ona tale.
Olmaq gərək əmrə ram;
Olmaq gərək aram!
Daha gəlməz, gəlməz Qərib!
Mənim qəlbim yanır,
Qoy onları barışdırsın yaradan!
Allah qoy versin ona məram!
Yox, gərək bu gün getsin yəqin!
Axmaq uşaq, pul var, dövlət var.
O, daim inlər, daim ağlar.
Əyməsə boyun əgər, qoy məhv olsun tamam!
Ya da qoy olsun aram!
Gəl, Şahvələd, sözüm sözdür!
Gəlin indi hazırdır.
Gəl, qonaqlar toplanmışlar!
Durma, toya hazır ol!
Güloğlan

Tutdum yolda ulağın,
Çərtdim onun qulağın.
Basdım köynəyi qana,
Lənət olsun şeytana!
Aldım Vələddən pulu,
Ciblərim oldu dolu.
Ulaqdadır əsl iş,
Qulaqdadır əsl iş!..

Ağca qız

Doğrul, toplan, həyəcanı tərk et!
Artıq Qərib gəlməz, gəlməz, heyhat!
Dünya dönsə, tale sarsmaz,
Tale yazsa, kimsə pozmaz!
Atan Bəhram vermiş fərman;
Ona əməl et, səbr et,
Həyat dönər, böylə qalmaz!
Tale yazsa, kimsə pozmaz!
Həyat oynaq, bu cür qalmaz!
Qara günün ömrü olmaz!
Çatmış artıq bu gün zaman.
Qara günün ömrü olmaz!
Tale dönməz, tale sarsmaz!
Sən səbr elə! Yazı pozulmaz!
Bu gün toydur, bu gün bayram;
Atan vermiş, sən artıq sus!
Tərk et fəryadı sən, aram ol!
Doğrul, toplan, doğrul, toplan!

Xor

Yaşa, yaşa, Şahvələd, düşmən itdi aradan.
Xoşbəxt etsin səni görüm yaradan!
Yansın daim ocağın,
Gülsün oğul-uşağın!
Sənə hər görən, bil, həsəd aparacaq.
Sənə el həsəd aparacaq.
Düşmən itdi aradan,
Səni xoşbəxt etsin yaradan!
Gülər olsun taleyin,
Yaşa, yaşa, Şahvələd!

Qızlarınxoru

Yol verin, gəlin keçsin qabağa!
Olsun dünya ona tapdaq.
Yansın daim ocağın;
Olsun oğul-uşağın!
Baxtın şad olsun, kam alsın, zövq alsın hey!
Gülsün dünya hey!
Qoy olsun hər bir gün bayram!
Daim olsun toy səhər-axşam.
Gülsün dünya, yaz olsun.
Daim güllər açılsın hər yan;
Qoy versin kamın sənin böyük yaradan!
Kam alasan, şad olasan;
Qoy olsun, qız, bəxtin parlaq!

Qadınların rəqsi, kişilərin rəqsi.

Şahsənəm

Gözlərim qaldı yolda, Qəribdən bir xəbər yox.
Yar yolunda dözməkdən əzabımın sayı yox.
Zəhər içib ölməkdən başqa heç bir çarəm yox.
Aşıq Qəribin səsi eşidilir.

A ş ıq Qər ib

Bir gül sevdim çəməndə;
Soldu yellər əsəndə.
Eyləyər fəryad qəlbim bu halə.
Yaş tökər bülbül, inlər lalə.
Ayrı saldılar yarı yardan.
Səslər
Çəkil, yol ver, dayan, dur!
Qaçma, keç, keç, vur!
Qoyma, qoyma, vur!
Buraxma, buraxma, dur!
Vur, tut, yol ver!
Tərpənmə, dayan, dur!
Qoyma, qoyma qaçsın, hey!
Gəlmə, gəlmə, hey!
Aşıq Qərib daxil olur.

Şahvələd

Kimsən, oğlan, de tanıyım gözlənməyən qonağı!

Aşıq Qərib

Bir tərlanı uçurmuşdum, sizdən aldım sorağı.

Şahvələd

Öylə isə al cəza, bil namus nədir, qan nədir!

Şahsənəm

(Aşıq Qəribi köksü ilə qoruyur)
Vur, vur öldür, onda gör ki, sevda nədir, can nədir!

Bəhram bəy

Ey, o kimdir burda salmış qeylü-qal?

Aşıq Qərib

Bir aşıqdır gəlib edir ərzi-hal!

Bəhram bəy

İndi sənə göstərərəm qılınc nədir, baş nədir!

Aşıq Qərib

Göstər, ancaq anlat mənə kaman nədir, qaş nədir?
Şahvələd

Özgəsinə könül verən can eşitməz, can deməz.
Qoy getsinlər, yox, Şahvələd yad bir arvad istəməz!

Bəhram bəy

Öylə isə qoy bilsinlər: artıq mənim qızım yox!
Ata sözü – Allah sözü! Artıq sizə sözüm yox!
Apar, oğlan, o, bir qızdır, yoxdur artıq atası!

Xanı

Ata yoxsa, var yerində cantək sevən anası!

Şahsənəm

Ay Qərib, sevgilim, mən daima arardım səni.
Bax, nəhayət, ən sonda gəldi vüsal.
Keçdi hicran, getdi məlal, aləm olur şadiman.

Xor
Aşiqə eşq ola! Eşqisiz nədir, eşqisiz nədir cahan?!
Olmasa eşq, nədir cahan? Aşiqlərə eşq ola!

Şahsənəm

Aman, Qərib, çatdı vüsal, tapdım səni mən.

Aşıq Qərib

Ay Şahsənəm, verər sevda bizə həyat!
Gülər bahar, sevgi yaşar hər bir zaman.
Çatdım sənə mən, gözəl yar!

Xor

Toyun sənin çox mübarək olsun!
Aşiqlərə alqışlar! Yaşa aşıq, hey!..
“AŞIQ QƏRiB”

Cümə axşamı, sentyabrın 15-də bu sezonda 2-ci dəfə olaraq “Aşıq Qərib” operası tamaşaya qoyulmuşdu.

Hacıbəylilərin bu il opera fəqərəsinə artıq diqqət etmiş olmalarındandır ki, həm keçən dəfə və həm bu dəfə oyunlar yaxşı keçdi. Ancaq bunu tövsiyə edirik ki, “Aşıq Qərib” operasındakı bəzi X o rlar dəyişib, yerlərinə daha qulağa xoş gələn münasib X o rlar qoyulmalıdır. Artistlərdən hər biri öz vəzifələrinin yaxşı keçməsinə səy edirdilər. 1-ci və 2-ci pərdələr az sovuq keçdisə də, lakin 3-cü pərdədə Sarabski ilə Ağdamskinin şikəstə ilə mükalimələri cəmaətin artıq dərəcədə diqqətini cəlb etdi.

Tanrıquluyev cənabları anlaşıldığına görə, keçən dəfəki oyunda öz nöqsanlarını görmüş olmalıdır ki, bu dəfə Şahvələd rolunu gözəl ifa edə bildi.

Artistkalardan Olenskaya bacılarının gözəl rəqsləri tamaşaçılara xoş gəldiyindən alqışlar ilə təkrar edildi.

Bağdadbəyov cənablarının gözəl və gur səsi camaata xoş gəldiyi kimi Aşıq Səlim rolunu həqiqətən də gözəl ifa etdi. Bu oyunun nöqsanı bəzən xorlar ilə musiqinin həmahəng olmaması idi ki, buna da Hacıbəyov qardaşlarının nəzər diqqətini ayrıca cəlb edirik. Bir də Sarabski cənablarının axırıncı pərdədə vaxtından əvvəl çıxıb getməsi səhnədə qalanların sözlərini mənasız buraxdı.

Teatroda camaat çox idi. Bəzi qeydkeşlik olması ilə daha yaxşı olardı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri