Sitarə
Səhifə 1 / 5
6 pərdəli opera librettosu
İştirak edənlər
Sitarə
HacıSəyyad – Sitarənin atası
Tapdıq – Sitarənin qardaşı
İsmayıl
Mənsurxan – Sitarənin sevgilisi
Vəz ir
Əsəd }Sitarənin oğlanları
Cəfər
Səfər – Hacı Səyyadın nökəri
Çoban
Əsgərlər, ə y a n l a r, x o r
Birinci pərdə
Xor
Dəhri-dunin yox vəfası, çoxların etmiş zari-sərgərdan.
Yox vəfası, ey əzizan, tərsinə fırlanmaqdadır dövran.
Hər tərəf xain, edir zülm, eyləyir xalqı həsrəti tale,
Sidq yoxdur, zülm çoxdur, çoxlar olmuşdur xainə qurban.
Binəvalar oldu giryan-zari-məhrun, yox pərəstarı,
Zülm hər yan, etdi tüğyan, yoxdur məzlumə eyləyən dərman.
Pərdə düşür və tez qalxır, HacıSəyyad daxil olur.
Hacı
(Rast üstünə oxuyur.)
Keçir əyyam, güni-gündən çoxalır dövləti-malım;
Pulum çox, dövlətim çox, qəmim yox, yaxşıdır halım.
Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt;
Qocaldım, taqətim getdi, səmərəsizdir bu əmvalım.
Dəxi dünyaya bəsdir sərf qıldım ömür-fanini;
Səmərəsizdir bu dünya, ey gözüm, kim söyləyir aləm.
Bu gün Həccə rəvan olmaqdayam bu dar dünyada,
Edim Həcci ziyarət, ta ki, parlaq olsun iqbalım.
Sitarə, Tapdıq və İsmayıl daxil olurlar.
Hacı
(Simai şəms)
Xəlayiq oldu mühəyya, gedin ibadətə tez,
Bu gün o beyti-xudanı gedin ziyarətə tez.
Sitarə
Atam, apar məni də Kəbənin ziyarətinə;
Düşər anamsız işim, mən bilən, zəlalətə tez.
Hacı
Otur sən evdə, bu Tapdıq bəradərin də qalır;
Yetər bu dərdü qəmin, ey qızım, nəhayətə tez.
Sitarə
(Təsnif)
Mehribanım, valideynim, guş edin bu ərzimə:
Getməsin İsmayıl, ol arami-canım, getməsin.
Hacı
Bu ola bilməz, qızım, kim hər ikimiz pir ikən,
Var üç övladım, mənimlə bir cavanım getməsin?
Sitarə
Qardaşım Tapdıq naxoş, bəs mən necə yalqız qalım?
Qoymasın yalqız məni, ol cismi-canım, getməsin.
Hacı
Doğrudur, naxoşdur Tapdıq, tez tapar lakin şəfa;
Getməsə o, hökm qıllam karvanım getməsin.
Sitarə
(Simai şəms)
Atam, rəhm etgilən rədd eyləmə bu ərzi-halımı,
Naxoşdu qardaşım, qoyma bizi yalqız da, xar etmə.
Hacı
Otur evdə dua eylə ki, gəlsin qardaşın salim;
Həmişə qardaşınla ol, bizi bietibar etmə.
Tapdıq
Ey bacı, nədir belə bugunə nalə?
Səbr et, eləmə belə bizi mükəddər.
Mən ölməmişəm, hələ sağam ki, hala,
Bax, durmuşam çun belə səddi-Isgəndər.
Musiqi.
Sitarə
Doğrudur sözün sənin, a mehribanım,
Qəmsiz olasan belə əziz bəradər;
Lakin döyünür belə nədənsə qəlbim,
Doğmuş ürəyimdə qəmsəralər.
Xor
Qorxmagilən sən belə bu macəradən,
Darda qoymaz səni xudayi-əzəm;
Qardaşına et belə həmişə hörmət,
Tanrı sənə qismət elyəməz qəm.
Sitarə
Pənah ola ol belə pərvərdigarə,
Gedin səlamət belə bu rahi-həqqə.
Edə kömək ol belə xudayi-vala,
Gedin səlamət belə bu rahi-həqqə.
Hacı
(Çargah)
Tapdıq, ey əzizi-canım, oğlum,
Ey dar günü gümanım oğlum!
Guş et sənə eyləyim vəsiyyət,
Hər nə ürəyimdə varsa söhbət.
Bir gün var idi ki, şadi-rahət
Öz xanəmə eylər idim ovdət
Vardı yol içində bir böyük daş,
Daşa yetişirdim onda yavaş.
Baxdım, yox idi yaxında bir kəs,
Gəldi qulağıma bir həzin səs.
Gördüm ki, bu ağlamaq sədası
Daş səmtdədir ki, binəvası
Bir tifl-bürəhnə çari-ruzə
Bu nalələri verir büruzə.
Qəlbim alışıb bu macəradan,
Tez qapdım o tifli mən oradan.
Çəkdim sənin hər qəmin, əzabın,
Nazın, ələmin, əzabü-tamün.
Ta ki, səni bir boya yetirdim,
Sənlə bunu bir gözümdə gördüm.
Hər gunə əziyyətə dayandıq,
Tapmışdıq, adın da qaldı Tapdıq.
İndi sənə eylirəm vəsiyyət:
Öz xahərinə sən eylə hörmət.
Tapdıq
Siz mənə yaxşılıq edib tapdınız,
Saxlayıb bu məqamə çatdırdınız.
Eylərəm yaxşılıq ölüncə sizə;
Ey ata, sən inan, inan bu sözə.
Edərəm xahərimi hifzü fəğan
Hər bəlayə bu sinəmi qalxan.
(kənara)
İndi əlimə düşübdü fürsət,
Ol yarımın hökmü məndədir bil.
On ildi bu fürsəti güdürdüm;
Ey şux, gözüm ki, səndədir, bil.
Hacı
Səfər, get de, hazırlansın təmamən karvan əhli,
Di tez hazırlanıb rahə rəvan etsinlər karivanı.
Pərdə
İkinci pərdə
Musiqi.
Tapdıq
(Tək oxuyur həmən otaqda)
Bəli, fürsət yetişdi, indi də dövran mənimdir,
On ildə çəkdiyim zəhmət, əziyyət yetdi itmamə.
On ildir həsrət ilə intizar idim bu əyyamə,
Mənim olsun Sitarə, mən gərək bu şəb yetim kamə.
Dəxi fürsət yetişdi, indi də dövran mənimdir;
Əcəb dövrandı düşdüm karimə, asan ola karım;
Bacı-zad bilmərəm mən, olmalıdır o mənim yarım.
Xoş ilə olmasa, divan edər şəmşiri-xunxarım.
Bəli, dövran yetişdi, indi də dövran mənimdir,
Mənimdir həm Sitarə, sevgili canan mənimdir.
Keçir o biri otağa, bir azdan sonra Sitarə, pərişan halda,
dalınca da Tapdıq çıxırlar.
Sitarə
(Şüştər)
Bu nə rəftaridir, söylə, edirsən, qardaşım, izhar?
Di gəldin bəstərimə, ey bəradər, hansı babətdən?
Neçin, qardaş, rəva gördün mənə bu macəranı sən?
Neçin getmiş qərarın, həm dolub başın səfahətdən?
Tapdıq
Gərəkdir bu gecə əmmək o ləli-ləblərin yarın,
Qırıb zənciri-hicranı xilas olmaq əsarətdən.
Sitarə
Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən?
Kənar et zülmü, gəl qardaş, uzaqlaş bu dəyanətdən!
Tapdıq
Gözüm, divanəlikmi ya dəyanətmi bu əfkarım,
Mənə yar olginən, ey dilbərim, qaçma səadətdən!
Sitarə
Əzizim, qardaşım, rəhm etgilən, bəs zamin oldun;
Səni tanrı, unut bu fikri, əl çək bu xəyanətdən!
Tapdıq
Sitarə, mən on il gəzdim, dolandım iştiyaqında,
Mənə yar olmasan hərgiz qurtarmazsan bu afətdən.
Musiqi.
Sitarə
Qardaş, səni tanrı belə girdaridən əl çək, əl çək;
Gəl etmə sitəm, bir belə rəftaridən əl çək, əl çək.
Tapdıq
Bəsdir, eləməz sözlərin hərgiz mənə təsir,
Dil tökmə mənə, hiyləyi-bibaridən əl çək, əl çək.
Sitarə
Sən azma sədaqət yolunu, sevgili qardaş,
Rəhm eylə mənə, sən belə azaridən əl çək, əl çək.
Tapdıq
Bəsdir, eləməz sözlərin hərgiz mənə təsir,
Mən xam deyiləm, məkri-şərərbaridən əl çək, əl çək.
Sitarə
Qardaş bacıya zülm eləyərmi, bu rəvamı?
Bəs noldu yəminin? Bu zaridən əl çək, əl çək.
Tapdıq
Çıxsan göyə, girsən yerə də, yoxdu əlacın,
Rahət mənə yar ol, dər-divaridən əl çək, əl çək.
Sitarə
(Hiylə ilə şüştər üstə)
Özüm cəvanə qızam, həm də var sənə meylim;
Xuda bilir ki, səni qəlb-safidən sevirəm.
Nədir, nə çarə qılım, qorxuram atamdan mən,
Çəkər bilən kimi tiğin qilafidən, sevirəm.
Tapdıq
Atam nədən bilir, əsla o heç güman eləməz;
De aşikar: məni sən sevirmisən?
Sitarə
Sevirəm.
Tapdıq
Bəs eylə isə gəl ağuşuma qucaqlaşalım.
Sitarə, bu sözü doğru deyirmisən?
Sitarə
Deyirəm.
Dayan, o evdə gedim yaxşı rəxti-xab salım;
Rizamısan, buna fərman verirmisən?
Tapdıq
Verirəm!
Sitarə
(Gedə-gedə təsnif)
Aman, yarəb, yetiş imdadə, imdad etgilən, yarəb.
Məni çəngali-zalimdən sən azad etgilən, yarəb.
Başım üstə durub xain, olubdur canıma zamin;
Unutmuş indi peymanın, sən imdad etgilən, yarəb.
(Girir içəri, qapını bağlayır)
Musiqi.
Tapdıq
Aç... ç... aç...
Musiqi.
Aç, aç qapını sənə deyirəm,
Yoxsa, yoxsa indi sındırram qapını.
Aç... aç... aç...
Musiqi.
Sitarə
Açmaram, açmaram!
Əl çək məndən, əl çək məndən!
Tapdıq
Aç... aç, sındırram qapını,
a... ç.
Qapını sındırır. Musiqi bərk çalınır. Qız qapıda onu itələyir, musiqinin axırıncı
nöqtəsində Tapdıq yıxılır. Qız qapını yenə bağlayır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-sitare
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Novbahar oldu, günəş şölələnib nur saçır,Qar ərir sellər axır, ot göyərir səhradə.
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
Boranlı qış gecəsiBoranlı qış gecəsi, şaxta şiddətilə kəsirKülək vıyıldayaraq səs salır biyabanə;
Bu həqiqətdir kiBu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.