Dövlət Türk Akademik və Türk İşçi teatrolarının müttəhid bədiisiyasi şurası gələcək mövsüm, yəni 1929-30-cu il mövsümü üçün repertuar hazırlamaq işi ilə məşğuldur. Bu məsələ türk teatrolarının ən böyük məsələlərindəndir.

Şübhə yoxdur ki, repertuar məsələsində ən birinci yeri original pyeslər tutur. Orijinal pyeslər teatroların canıdır. Türk teatroları original pyeslərsiz yaşaya bilməz. Teatroda ildə heç olmazsa bir original pyes oynanması onu tam mənasilə dirildir, teatroya tamaşaçılar cəlb edir və maddi cəhətcə dəxi çox əlverişli olur. Bu orijinal pyeslər, tərcümə edilən dəyərli pyeslərdən məzmunca bir qədər zəif olsa belə, səhnə cəhətcə daha müvəffəqiyyətli olur və tamaşaçıların əhvali-ruhiyyəsinə daha uyğun gəlir. Misal üçün Türk İşçisi teatrosu repertuarını alacaq olursaq, qəti olaraq göstərə bilərik ki, “Qızıl Trenlər” kimi müasir və dəyərli bir pyes, Azərbaycan həyatına uyuşdurulmuş “Zəlzələ” və yaxud “Çinar altında məhəbbət” qədər müvəffəq olmayır. Həmçinin Şillerin “Qaçaqlar” kimi klassik bir əsəri tamaşaçıya heç bir vaxt “Aydın” qədər təsir bağışlamayır.

Bədii-siyasi şura bu cəhəti nəzərdə tutmalı və diqqətinin çox hissəsini orijinal pyeslərə verməlidir. Fəqət xəstə bir məsələ vardır ki orijinal pyeslərə hər nə qədər diqqət və əhəmiyyət verirsən ver, original pyeslər o qədər azdır ki, onlar ilə birillik repertuarın yarısını belə doldurmaq olmur. Bu xəstə cəhətin qabağını almaq və orijinal pyeslərin sayını artırmaq üçün Moskva teatrolarından bəzilərində pək dəyərli təcrübə yapılır. Oradakı gənc dramaturqlar və dram əsəri yazmağa həvəsi olanlar teatroların ətrafına cəlb olunur və burada dramaturqluq cəhətcə daha artıq təcrübəsi olan yoldaşlarının göstərişilə çalışaraq pyeslər yaradırlar. Bu təcrübə pək dəyərlidir və onu mütləq Türk Akademik və İşçi teatrolarında dəxi yapmalıdır.

İkinci məsələ tərcümə əsərləri məsələsidir. Bu əsərlərin seçilməsi çox ehtiyatlı olmalı və yeni repertuara xüsusi diqqət verilməlidir. Artıq getdikcə simasını dəyişərək həqiqi bir sol yol tutan teatroların götürdükləri xətti-hərəkətə uyğun repertuarları olmalıdır.

Əvvəlcə Türk Akademik teatrosu repertuarı haqqında! Bizcə bu teatro gələcək ildən etibarən repertuar cəhətcə bir qədər cəsarətli olmalı və yalnız köhnə klassiklərlə kifayətlənməyərək müasir əsərləri dəxi repertuara daxil etməlidir. Misal üçün, “Lyubov Yarovaya”, “Şaxtyor”, “Qorod vetrov” pyeslərini göstərmək olar. Bu pyeslərin tamaşaçılar tərəfindən qəbul edilməyəcəyindən qorxmamalı və tamaşaçıları köhnə klassiklərin “Şıltaq qız”larından daha çox bir vətənpərvər pyeslər ilə tanış etməlidir. Bunun teatrodakı “akademikliyə” heç bir zərəri yoxdur, zira yüzillik tarixi olan Moskva Malıy teatrosu belə bir addımdan geri durmamış və indi “Kreçinskinin toyu”ndan daha çox vətənpərvər əsərlər oynayır.

Türk Işçi teatrosunun vəziyyəti isə tamamilə başqadır. Bu teatro müasir inqilabi əsərlərin hamısını oynayır, fəqət orijinal əsərlər cəhətcə Akademik teatrosundan daha çox axsayır. Bunun isə səbəbləri aydındır. Teatronun maddi vəziyyəti ağır olduğundan orijinal əsər yazanları lazımi qədər təmin edə bilmir.

Fəqət hər iki teatro arasında pək əsassız bir prinsip vardır. Məsələn, madam ki, “Aydın” və yaxud “Sevil” pyesləri Akademik teatrosunda oynanır, Türk Işçi teatrosu bu pyeslərdən dərhal gözünü çəkir.

Halbuki Türk Işçi teatrosu tamaşaların çoxunu işçi dairələrində verdiyindən və Akademik teatrosu işçi dairələrinə qətiyyən getmədiyindən, Akademik teatrosunun orijinal əsərləri Türk İşçi teatrosu tərəfindən işçi dairələrində göstərilə bilər və göstərilməlidir. Zira bu pyeslər işçilər üçün “Notrdam kilsəsi” və “Hücum” pyeslərindən daha yaxın, daha faydalıdır.

Bədii-siyasi şura bu cəhətlərə xüsusi diqqət verməlidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri