Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Məni bu qəzetçi aldatdı, yolumdan azdım,Öz əlimlə özümə çahi-bəlanı qazdımHər nə gəldi əlimə, sizlərə böhtan yazdım:Olsa idim sizə tabe bu cürə olmazdım.Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Siz deyən sözlər hamı doğrudur, indi qanıram,Qanıram, sizdən uzaq olmağıma çox yanıram,Hər nə mən sizlərə böhtan demişəmsə danıram;Sizi bundan sonra mən sadiqi-dövran sanıram,Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.Siz deyirdiz ki, nə lazım qızı insan bilmək,Əşki-xunbarını ya şəfqət əlilə silmək,Qızın hər bir işini Tanrı salıbdır ilmək,Onun hər rəncü əzabinə gərəkdir gülmək,Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Qızı döyməkliyə, söyməkliyə verdiz fərman,Öldürün qızları, onlar ki, deyillər insan.Buna mən şəkk eləyib etməyir idim iman,Indi əlhəq qanıram, vardı sübutum əlan.Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

Mən də bundan sonra zülm eyləyərəm nisvanə,Deyərəm, öldürərəm, yəni gətirrəm canə.Əzərəm baş-gözünü, baxmaram heç vicdanəTövbə... tövbə, yenə tövbə, gəlirəm imanə.Tövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bizdə teatro

Bir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordi. Vaxt bütün varlığını səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq.Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq:

8 dəq
Dilin tarixi dirçəlişi

Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.

1 dəq
El ədəbiyyatı toplaşdırılmalıdır

Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.

5 dəq
“Şeyx Sənan” haqqında

Sözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm.Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursaolsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı göstərməyə çalışırlar.

27 dəq

Başqa şairlərin şeirləri · Satira