Üçüncü məclis
Səhifə 1 / 3
Vaqe olur qayət, qəni, lakin çirkin döşənmiş A x u n dun evində.
Otaq xalılar ilə döşənmiş, bir küncdə yeşik üstündə bir qədər köhnə
kitab, A x u n dun altında döşək, M o l l a Möhsün ilə söhbət edir.
A x u n d. Bəli! Beytülxəlayə girmək şərtləri çox ağırdır. Odur ki, bu zamanın
cavanları təharətsiz dururlar. Şəxs gərək aftafanı sağ əlində tutub, sol əli ilə qapını
açsın və sağ ayağını içəri qoyub, sonra sol ayağını daxil etsin. M o l l a Möhsün. Cənab A x u n d! Bəlkə bir şəxsin əli naqisdir?
A x u n d. Elə olan surətdə, ərz olunsun ağanın qulluğuna, ağayiHəmzeyiSəlyaninin
buyurduğuna görə, aftafanı yerə qoyub, hansı əli ilə mümkün olsa
qapını açsın! Xülasə, M o l l a Möhsün, şəriət işi çətin əmrdir.
M o l l a Möhsün. Ay ağa! Bəzi müsəlman qızları uşqollaya gedir, ona bəs nə
buyurursunuz?
A x u n d. Mən? Nə buyuracağam! Mənim ağzım nədir! Bu barədə ülamalər
buyurublar! Nəinki qızların, xeyr… lap oğlanların da oxumağı haramdır. Hətta
ağayi-Səyid Həsəni-Mazəndərani öz risaləsində buyurur: hər o şəxsi ki, övladını
uşqollaya qoysa, qiyamətin günü olcaq, onu burnu üstə cəhənnəmə sürüyəcəklər.
Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan
məsələləri gəlib mənim kimi Axundlardan xəbər alar, vəssalam. Di, anladın
məsələni? M o l l a Möhsün. Bəs deyirlər, o məktəblərdə əvvəlinci ildən şəriət öyrədirlər.
A x u n d. Yaxşı, tutaram ki, şəriət öyrədirlər! Bəs niyə orada oxuyub çıxanların
əksəri tərkəssəlat, qumarbaz, çaxır içən, Allahı, Quranı, peyğəmbəri, imamları və
bizim kimi A x u n dları danan olur? Ey mömin kişi, hansını deyim? Keçən gün bir
uşqolla uşağı Quranın tərcüməsini mənim yanıma gətirib deyir: cənab Axund, bu
Qurana bax, gör yaxşı tərcümə olunub. Bə məhzi ki, mən bu sözü eşitdim, elə bil
ki, rəhmətlik atamın qəbrinə od vurdular. Dedim: ay laməzhəb! Quranı da tərcümə
etmək olarmı? Bu hansı kitabda yazılıb? Axı belə müsəlmançılıq olmaz, ay
biqeyrət, axır Qurana da əl apardın? M o l l a Möhsün. Cənab Axund, Quranı heç mümkün deyil tərcümə etmək?
A x u n d. Əlbəttə ki, mümkün deyil! Əgər sən bu sözü ürəkdən deyirsənsə, müsəlmançılığın dürüst deyil. Çünki Quranın hər kəlməsinin lap azı səkkizdən tutmuş yetmiş ikiyə qədər mənası var. Di elə Quranı tərcümə, görək nə tövr edirsən. And olsun sənin başına, cəmi üləmaların, yəni cənab
Həmzəyi-Səlyaninin, ağayi-Səyid Həsəni-Mazəndəraninin və mərhum ağayi-Səyid
Molla Məhəmmədi-Ordubadinin fitvaları bunadır; hər o şəxsi ki, Quranı türkcə
tərcümə edə, o ağaların buyurduğuna görə, o şəxs, yəni mütərcim, ömrünün
əvvəlindən ta qiyamətədək lənətə giriftar olar. Di anladın məsələni?
M o l l a Möhsün. Bəli, Axund, Allah səndən razı olsun! Düz buyurursunuz.
Bu halda H ə m z ə, Səfər və qeyriləri daxil olur.
S ə f ə r əyləşir qapı ağzında.
H ə m z ə. Salaməleyküm!
A x u n d. Vay əleyküməssalam, buyurun, əyləşin! (Səfərə.) Adə, siz də
buyurun bu tərəfə. Bacı, siz də zəhmət çəkin o biri otağa…
S ə f ə r . Xeyr, A x u n d, yerim çox yaxşıdır! (Kənara.) Zalım oğlu yaxşı
duyub işi.
A x u n d. Yaxşı, bəndəyə məxsus nə qulluğunuz var?
S ə f ə r . Şoğərib o qədər ağırdır ki, çiynimi lap üzüb!
H ə m z ə. Cənab A x u n d, qul sahibi olasınız!
A x u n d. Çox sağ ol, Allah imanını kamil eləsin.
H ə m z ə. Mən xahiş etmək istəyirəm ki, iki qulbeçənizi bir-birinə məhrəm
edəsiniz.
A x u n d. Çox yaxşı! Çox gözəl, çox pakizə, çox qəşəng. Allah mübarək eləsin.
Bu barədə mötəbər hədis var. Bu nikah kəsməkdən və ya kəsdirməkdən zorba
səvab yoxdur, ələlxüsus, siğə ola. Üləmaların çoxu bu barədə yazırlar ki, o evdə ki,
siğə oxunur, həmin evin daminə o qədər mələklər yığılır ki…
S ə f ə r . Yəni sənin saqqalının tükü qədər?
A x u n d. Damda yer olmaz, bir-birindən sallanarlar, bir-birini itələrlər. Axırda,
ağayi Molla Hacı İbrahimi-Nəxçivaninin yazdığına görə, biri yıxılıb ayağı şikəst
olar.
S ə f ə r . A kişi, damı-zadı uçurdarlar başımıza, qoy görək ha!!!
A x u n d. Sonradan da, əksər üləmanın, əz on gümlə, ağayi "Camişül-ülüm"
Mazəndəraninin fitvasınca, o mələkin ayağı sağalar, şəfa tapar. Amma mərhum
ağayi Hacı Səmədi-Məmağani öz risaləsində yazır ki, xeyr, o mələk həmişə şikəst
qalar və o şikəstliyilə fəxr edər ki, siğə oxunan evin damından yıxılmışam.
S ə f ə r . Ağa, bu dama gəliblər?
A x u n d. Bəli! Bəli! Nə deyirsiniz!
S ə f ə r . Durum bir baxım görüm, onlar necə adamdırlar? O bir dənəsi
yıxılanda elə göydə tutum ki, yerə dəyib qıçı sınmasın.
A x u n d. Xeyr, siz səhv edirsiniz! Onları görmək olmaz. Çünki onlar, ərz
olsun ağaların qulluği-şəriflərinə, nurdan xəlq olunublar və gözə də görünməzlər. M o l l a Möhsün. Şükürlər olsun Allahın qüdrətinə!
S ə f ə r . Yaxşı, cənab A x u n d, bəs siz onları nə tövr görürsünüz?
H ə m z ə. Adə! Axmaq-axmaq danışma! Utanmaz oğlu, hələ durub iki saat da
cənab A x u n da zəhmət verib məsələ elər.
A x u n d. Xeyr! Siz nahaq yerə mane olursunuz. O çox yaxşı eləyir ki, soruşur, çünki şəriət ki, var, tük kimi bir şeydir. Bir balaca lazım olmayan tərəfə dartdın,
qırılar, yəni günahkar olarsan!
H ə m z ə. Əstəğfürulla rəbbi və əttöbə ileyh! Allah şeytana lənət eləsin!
A x u n d (səfərə). Qaldı sizin sualınızın cavabı, ərz olsun, o mələkləri gördün
və ya görmədin, vacibatdan deyil. Bir kərrə eşitdin, kifayət edər. (Qələmdandan
qələm və kağız götürüb yazandan sonra.) Mənkuhə qızın və mənkuhə oğlanın
ismilərini buyurun!
H ə m z ə. S ə r i y y ə və Q u r b a n.
A x u n d. Çox gözəl və çox pakizə. (Yazır.) Yaxşı, mənkuhə qız buradadır, ya
yox?
H ə m z ə. Xeyr!
A x u n d. Eybi yoxdur! Eybi yoxdur! Olmamağı məsləhətdir.
S ə f ə r . Zalım oğlunu kəllə qənd lap başdan çıxarıbdır!
A x u n d. Yaxşı! Qızdan vəkil kim ola?
H ə m z ə. Anası Çimnaz. (Səfərə.) Adə, Çimnazı çağır gəlsin. Çimnaz gəlir.
A x u n d. Yaxşı, sən öz qızın üçün şəhadət edirsən ki, Səriyyə Qurbana
getməyə razıdır?
Çi m n a z . Bəli, mən şəhadət verirəm ki, qız razıdır!
S ə f ə r . Yalançının imanına tula bağlayım, heç qız razıdır?
A x u n d. Yaxşı, indi iki nəfər də şahid gərəkdir. Biri qız tərəfindən və biri də
oğlan tərəfindən.
H ə m z ə (öz-özünə). Yaxşı, mən ollam oğlan tərəfindən. Səfər də olar qız
tərəfindən. (Axunda.) Cənab Axund, bizim evdən şahid yararmı?
A x u n d. A kişi, nə üçün yaramaz? O dəxi də gözəldir ki! Yaxşı, ismi?
H ə m z ə. Səfər.
S ə f ə r (gəlir yaxına). Nə buyurursunuz?
A x u n d. Sən şəhadət vermək bilirsənmi?
S ə f ə r . Hə! Şəhadət kəlməmi? Nə üçün bilmirəm, məgər mən müsəlman
deyiləm?
A x u n d. Xeyr, şəhadət ərz edirəm.
S ə f ə r . Cənab A x u n d! Başa düşürəm, bir siz dayanın mən deyim! Əgər
qələtim olsa kəlləni vur başıma.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-vefali-seriyye-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Türk teatr məktəbi1Məktəbin açılışı və onu doğuran səbəblər
Haruna cavabMöhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir.Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir.
Türkoloji qurultay və sərf-nəhv məsələsiFevralın 26-da açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan türkcə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin dəniləcək dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları – “Türk dilinin sərf-nəhvi yoxdür” kimi boş iddialardan çəkinməyirlər. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük tətəbbüat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır.