Niyə doğdu səni ana,Cabir, bu da azdı sənə…Nə zövq aldın bu dünyadanCabir, bu da azdı sənə…

Yaşamısan göz açandan,Hər cürə bəd, pis içində,Qovrulursan öz içində,Cabir, bu da azdı sənə…

Ərzə qədəm qoyan yerdə,Bataydı qundağın şərdə.Hər şey gördün bu əsrdə,Cabir, bu da azdı sənə…

Nə biclik, nə yalan bildin,Nə pislik,nə haram bildin.Sən hamını adam bildin,Cabir, bu da azdı sənə…

Çox güvəncin sovxa çıxdı,Cavanlığın dağa çıxdı,Qara saçın ağa çıxdı,Cabir, bu da azdı sənə…

Yaxşı oldun yamana da,Qane oldun yavana da,Qaç bu zalım zamanadan,Cabir, bu da azdı sənə…

Ömrün oldu ələk-vələk,Yollarına yağdı çiçək,Qamətini əyir fələk,Cabir, bu da azdı sənə…

Hamı sındı, sən sınmadın,Durdun, dözdün, sarsılmadın,Heç nə sənə dərs olmadı,Cabir, bu da azdı sənə…

Əzablarla yüklənmisən,Sarı simdə köklənmisən,Yurdun kimi təklənmisən,Cabir, bu da azdı sənə…Şair, bu da azdı sənə…

1995.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri