Dağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.Bulaq başı ağac altda gəncliyim,O dincliyi yiyəsinə qaytarın…

Yollar sizdə nəyim qaldı, ləpirim,Ömrüm, günüm, məhəbbətim üstəlik.O ləpiri kimlər sildi, nə bilim,O ləpiri bir də görmək istərəm…

Çaylar sizdə nəyim qaldı, a çaylar,Uşaqlığım, qaynarlığım, kürlüyüm.Ən qiymətli şeyim qaldı, a çaylar,Bu dünyada ən müqəddəs bildiyim…

Uçan quşlar, uçurtdunuz nəyimi,Necə oldu o qanadlı çağlarım.Bir sehirli xalat verin, geyinim,Bir sehirli çıraq verin, axtarım.

Sizdə nəyim qaldı, qalın meşələr,Nağıllarım, əfsanəvi hislərim.Gözlərimə ekran salın, meşələr,O dövrümü bir də mənə göstərin.

Güllər, sizdə nəyim qaldı, a göllər,Dadım, duzum, ətrim, ruhum, rayihəm.Nə tez uçdu o həftələr, o günlər,Düşünəndə basır məni vahimə.

Sizdə mənim nəyim qaldı əbədi,Kəndimizin adamları, siz deyin.İlhamımın kökü, gücü, məbədi,

Varlığımın hər duyğusu, istəyi.

Qəbiristanlıq, nəyim qaldı, de səndə,Babam, atam, bacım, müqəddəslərim.Əzizlərim bu dünyadan köçəndə,Yanınızda şairlərə yer verin.

1970.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri