Ey istəyim, ey ürəyim, məhəbbətim,Heyf sənə, heyf sənə, heyf sənə…Təəssüf ki, ayrılıq biz əbədi,İcazə ver son sözümü deyim sənə…

Bu son sözüm, son xitabım, son nidamdır,Ürəyimin axırıncı döyüntüsü…Bu qarşında etirafdır, ehtiramdır,Bu sonuncu həsrət, qüssə, umu, küsü…

Təsəllimdir öz-özümü danlamağım,Bağışla ki, günahım var qabağında…Bağışla ki, ürəyini anlamadım,Ömrümün bu vədəsində, bu çağında…

Ən müqəddəs, ən bakirə duyğulardan,İkimizə yuva qurdun, gözəl qadın.Mən uçurdum o yuvanı sənə qurban,O necə də kövrək imiş anlamadım…

Uçurmadım fəqət onu bilə-bilə,Günah amma məndə oldu, mən kal oldum…Sənə uğur diləyirəm bundan belə,Mənə haram, sənə sevgi halal olsun…

Eşqə kömək, eşqə diqqət gərək imiş,

Ona qayğı lazım imiş gecə-gündüz…O insana hava imiş, çörək imiş,Laqeyd oldum onun məndən üzü döndü…

Yolunda sədd dura-dura sevdin məni,Mənsə qorxdum bu sevgidən necə danım…Lap nikahın ola-ola sevdin məni,Mən bu eşqin kölgəsində daldalandım…

Baş əyirəm hüzurunda, kişi qadın,Sən ucasan gözlərimdə allah qədər…Bu sevgiyə layiq deyil mənim adım,Etirafım günahımdan daha betər…

Heyf sənə məhəbbətim, heyf sənə,Uçub getdin əllərimdən görə-görəİcazə ver bir də, bir də deyim sənə,Sağlıqla qal, uğur olsun, gülə-gülə.

1993.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq