Həsbi-hal (4)
Səhifə 2 / 2 · 50%
İştə bu sözün sahibi qoca bir ingilizdir. Bu mütaliəyi yalnız ingiliz mühitinə, məktəblərinə baqaraq yürütmüşdür. Lakin müşarileyh bizim bu məktəb, mədrəsə nami verdiyimiz səfalətxanələri, bu ətalət ocaqlarını görəcək olsaydı nə söylərdi əcəba!
Yuxarıkı sözlərə diqqət edilsə, təbii, daha şiddətli, daha şayanitəkdir bir təşbih qullanacağı dərhal nəzərə çarpar.
Məktəblərimizin proqramları eyicə düşünülsün; dərslərin ən mühüm qismini təşkil edən və ən çoq rol oynayan maddələr, bir taqım səfsətələrdən, ruhsuz gəvəzəliklərdən başqa bir şeymidir?
İyirminci əsr mədəniyyəti bu uyğunsuzluqlara əsla təhəmmül etməz.
Zira tə’lim və tərbiyə saf dimağları (beyinləri), ləkəsiz vicdanları ləkədar edəcək bir alət deyildir.
O tərbiyə – bəşəriyyəti qaplayan çirkinlikləri, paslı beyinləri silib təmizləmək için mə’nəvi bir seyqəl kibi tələqqi edilməlidir.
Mümkün olsa gələcək həsbi-halda şu məsələyi səthi surətdə təhlil edəriz.
Qafqasyanın hal-hazırı ancaq həqiqətpərvər qəzetələr ilə, ciddi, mütəşəbbis müəllimlər ilə kəsbi-səlah edə bilir.
Bunların hər ikisi həyati-ictimaiyyəmizi bizə əks etdirən islahata təbdil edib çalışan bir ayineyi-təbiətnüma müşabihəsindədir. Müəllimlərin vücudə gətirəcəyi təbdil isə digərinə nisbətlə daha əhəmiyyətlidir.
Fəqət müəllim öyrənib, öyrətdiyi kitablara iktifa etməməlidir. Bir çoq tərbiyəyə, ictimaiyyatə, təbiiyyatə, əxlaqiyyətə aid kitablar da mütaliə eyləməlidir. Və mütaliəsindən bir nəticə, bir mühakimə çıqarmalıdır. Olduqca kəndi mə’nəviyyatını, kəndini, vicdanını təsfiyə və islaha çalışmalıdır, tainki söylədiyi sözlər, verdiyi nəsihətlər hüsninəticə verə bilsin. “Söyləyənə baqma, söylədiyinə baq” dəsturunu əldə sərmayə ittixaz edənlər bu xüsusda çoq yanlışdırlar.
Hər söz sahibinin sözü ilk öncə ruhilə və vicdanilə uzlaşmalı, müvafiqət etməli, sonra müxatibə söylənməlidir.
Bir ərəb ədibi diyor ki, “Qəlbdən çıqan sözlər, daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər, dinləyənin bu qulağından girib o birindən çıxıb gedər”.
Demək ki, sözün tə’sirbəxş olması için, söz söyləyənin eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir mə’lumata malik olması icab ediyor.
Bir müəllim öz-özünü bir riyazəti-mə’nəviyyə ilə islah etdikdən sonra, şübhəsiz ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər nəzərində böyük bir əhəmiyyətlə tələqqi olunur. Kəmali-sür’ət və mətanətlə hər kəsin ruhuna nüfuz edə bilir.
Bir də müəllim yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə qalmayıb, mümkün dərəcədə kəndi nüfuzunu – sözlərinin əhəmiyyətini tə’mim və tövsiə çalışmalıdır. Şimdi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır.
Müəllimlərimiz azacıq muşikafanə, durbinanə hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi islah etmiş olurlar.
Sınıf (klas)da hər iki gündə bir, çocuqların əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və ya təmiz olduqlarına diqqət edilməlidir.
Müzürri-səhhət hallar, işləklər büsbütün mən’ olunub əsbabı yumşaq, tatlı bir dil ilə tələbəyə anladılmalıdır və təkrar edilməməsini şiddətlə tənbih etməlidir.
Bir müəllimin, çocuğun anlayacağı tərzdə eylədiyi pədəranə tövsiyələr və tənbihlər, əmin olmalı ki, pək gözəl nəticələr verir. Hər fənalığın, pisliyin, pintiliyin səbəbləri tələbəyə anlatıldıqca, şübhəsiz ki, ata-anaları, qövm və əqrəbaları, hətta yaşadığı mühit belə mütənnəbih olub kəndilərini islah etməyə çalışırlar.
Xalq şimdi məktəbi, ondakı tərbiyəyi azacıq hüsni-tələqqi etməyə başlamış. Müəllim əgər uslu, namuslu, həlim, səlim bir əfəndi olursa, təbii, dört-beş sənə zərfində yalnız bir ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan böyük bir köyü (kəndi), köy xalqını tamamilə islaha müvəffəq olur.
İbtidai məktəb proqramı olduqca təmiz, qullanışlı, aydın, qolay və mənfəətli olmalıdır. Xurafata, mevhumata aid süprüntüləri mümkün mərtəbə sınıflara bıraqmamalıdır. Əvvəldən girmiş olsa da süpürüb təmizləməyə diqqət və qeyrət etməlidir.
İbtidai məktəb için türk dilində müxtəsərcə qiraət, kitabət, elmiəşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi kibi şeylər kifayət edər.
İkinci ildən e’tibarən rus dili də təbii ilavə edilməlidir. Çünki onsuz da iş aşmaz.
Fəqət müəllim, bunlar ilə iktifa etməyib bir çoq həqaiqi-fənniyəni, bir taqım hadisatitərbiyəni xülasə edərək ağızdan, açıq, müəssir bir üslubla tələbəyə təlqin etməlidir. Həftədə bir-iki dərs yalnız bu işə münhəsir edib tələbənin gözünü açmalıdır.
Bir çoq təbii levhələr ilə məktəb otağı təzyin edilməlidir, çocuqlar zəhmət duymayacaq dərəcədə bir taqım xoş mevzulardan bəhs edilməlidir.
Kor-koranə “sür dərəyə” qanununu əsla tələbəyə hiss etdirməməlidir, çünki təşəbbüsişəxsidən bütün-bütün məhrum qalmış olur.
Qafqasyada müəllimlər
Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə bölünür:
Birinci qısım; Aras aşırı qoşub gələn fanatizma dəllalları.
İkinci qısım, seminariyada (darülmüəllimin) ikmali-təhsil etmiş əfəndilər.
Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir.
Birinci qısmı təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və pək qurnaz hərifdirlər. Buqələmun kibi hər saətdə bin rəngə girməyə müstəiddirlər.
Aras kənarına varır-varmaz hərif bir kərə düşünür, hər şeydən əvvəl kəndisi için bir sərmayə arar. Bir yerə baqar, bir göyə baqar, aradığı sərmayəyi iki arşın göy bezdə bulur. Marağada darğa şagirdi ikən, Aras suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa mübarək qədəmləri ilə Qafqasyanın şu otlu, sulu toprağını müzəyyən buyurur. Beş-on gün yüz suyu tökər, yalvarır-yaqarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki cəmaət həpsi e’tiqadsız, seyidə baqan yoq!..
Bir də baqarsın ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb bir yana fırlatdı. Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-topraqlı otdan-filandan aldı, şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd önünə gələn qəsəbələrdə köylərə yüz qoydu. Şimdi köyün hər tərəfinə qulaq versən təbibbaşı (?) cənablarının seytişöhrətşüarı təninəndaz olmaqdadır. Lakin iş, təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə mərsiyəsini də özü oqur, hasili para çıqacaq yer bulundumu? Yəhudi bəzzazı kibi sağına-soluna, eninəboyuna, hər tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baqar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət xudanəkərdə bu işlərin həpsində bir rəvacsızlıq, bir e’tinasızlıq görürsə büsbütün məsləkini dəyişdirir. Kitabçılarda “vətən dili” çoq, tuhafiyəçilərdə vorotnik, qalstuk bol...
“Vorotnik”, “qalstuk” boyuna keçirildikdən sonra məzadçılardan, genə mal satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taqar. Bir məktəbə dəvam etməyə başlar.
İştə sana yeni fabrikadan çıqmış qanlı-canlı “arpazovannı” bir müəllim!.. Yalnız bircə diplomu (attestatı) əskik...
Lakin orası da qolay, zira çənəsi gevşək bir taqım cahil mühafizəkarlara qarşı beş-on gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, ən təcrübəkar müəllimlər sırasına keçmiş olur. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş baş yoq, keçərgedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını buldumu? Artıq əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə küçücük bir nümunə:
“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən irəli, əqsami-mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və yürəkyandıran həvadisati insanın qulağində guşzəd olanda dər həqiqətdə vətən dər həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır”.
Bu bir. (?)
İkinci qısım də rusca təhsil edib türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kibidir.
Muşikafanə bir nəzərlə baqılsa sair müəllimlərə nisbətən onlar pək eyidirlər, pək faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər bir taqım çürük, təhlikəli mevhumata aşina deyillər ki, bu da pək böyük qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır.
Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm, mürəttəb (sistematik) bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız şeylərə pək az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyə “pedaqogika”yə də eyicə diqqət ediyorlar. Bir çoq dəfələr nümunə için müdirlər, nazirlər tərəfindən onlara dərslər verilib gözəlcə tənqid olunuyorlar.
İştə on-on iki illik təhsil və təcrübə sayəsində hər nasıl olsa müəllimlik için bir istihqaq qazanmış olurlar. Onun için Qafqasyanın pək çoq yerlərində ən ciddi çalışanların qismi-küllisini onlar təşkil ediyorlar. Hətta bir çoq ufaq-təfək yeni təb’ olunmuş əsərlər belə onların həmiyyətilə meydani-intişara atılıyor ki, bu da xalqı mütaliəyə alışdırmaq için böyük bir müvəffəqiyyətdir. Lakin, bə’zi əfəndilər müstəsna olmaq şərtilə, bir çoqları azacıq sapıyorlar ki, o sapqınlıq da bir taqım yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur. Nümunə olmaq üzrə bir qaç sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oqumuş, türk dilində müəllimlik edən arqadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən istiyorum getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çoq mənfəətli məndə olan cüz’i naxoşluğa.
...bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmi beş gün hərgah siz də istərsiniz gəlmək, olar mənim üçün çoq yaqşı və çoq xoşbəxtlik...”
Bu da iki. (?)
İlk nəzərdə insan, şu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə diqqət etsə düzgüncə, türk sözləri olduğunu təsdiqdən kəndini alamaz. Lakin cümlələrdəki ahəngə, o qarışıq mübtəda, xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu anlar.
Bu hal, bu qarışıqlıq yalnız bə’zi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya azacıq aşina olan tüccar və kəsəbəyi dəxi ifsad etməkdədir.
Elmsiz, saf bir köylüyü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaqın, daha munis bulursunuz.
Şimdi yuqarıda yazılmış iki qısmı bir arada müxtəsərcə xülasə edəlim.
Əvvəlinci qısımda göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı ki, əxlaqsızlıqdan başqa bir şey deyildir, bizə gəlməz, Qafqasya için lüzumsuz və bimə’nadır.
Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlikəlidir, onun için də şayani-ehtirazdır.
İkinci qısım isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər.
Hələ türk lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beşon ay qədər göz gəzdirsələr, şübhəsiz ki, vətənə, millətə çoq, həm də pək çoq xidmət etmiş olurlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad etməkdə əvvəlinci qısımdan geri qalmayacaqdır.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-hesbi-hal-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər kəs aləmdə bir bəlayə düçarOlur, amma mənim kimi olamaz.
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Hərb ilahi qarşısındaEy odlu şəhpərilə saçan zəhri-intiqam!Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha!
Hərb və fəlakətUçar, uçar, yenə ruhum diyari-hüznə qoşar;Uzaq, uzaq, çox uzaq bir mühit içində yaşar.
Başqa şairlərin şeirləri
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
İstanbulMən sevdiyim mərmər sinəli yarın,Deyirlər, qoynunda yabançı əl var!
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,