Azərbaycan muxtariyyatı. Ayılın, toplaşın!
Məzmun
Səhifə 2 / 3 · 33%
I. muxtariyyət nədir
Oxucularımız muxtariyyət sözünü çox eşidib. Çünki qəzetələrimiz bu sözü hər gün işlədir. Ola bilər ki, muxtariyyətin mənasını çox adamlar başa düşməsinlər. Bunu dürüst bilmək üçün sizə bir məsəl gətirim. Götürək bir türk kəndini. Tutaq ki, bu kənddə on beş daxma var. Bir gün bu kəndin adamları bir yığnaq qururlar və özlərinə bir məclis təşkil edirlər. Bu məclis başlayır kəndi dolandırmağa. Hər kəsin nə dərdi oldu, məclisə deyir və məclis də çarə arayır. Bu gün tutaq ki, kənddə birisi vurub bir adam öldürür. O saat məclis işə baxır və təqsiri olanı tənbeh eləyir. Tutaq ki, su üstə qeylü-qal çıxıb. Genə məclis işə baxır, hərənin haqqını özünə verir. Hər kəs ki, dəcəllik eləyib, məclisə qulaq vermək istəmir və camaatı incidir, dəcəl adamı məclis tutub tənbeh eləyir. Xülasə, camaat bəyəndiyi adamlardan əmələ gələn bu məclis kəndin cəmi işlərini sahmana salır. Məktəb açır, azarxana düzəldir, yollar salır, körpülər tikdirir, işsiz camaata iş verir, topraqsıza topraq tapır, fəqir və əlsiz-ayaqsız adamlara kömək eləyir və qeyri və qeyri...
Belə xoşbəxt kəndə muxtariyyətli kənd deyirlər.
İndi Rusiyada hər bir millət özünə muxtariyyət istəyir. Yəni istəyirlər ki, cəmi millət işini hökumət çinovniklərinin əlindən alsınlar.
Muxtariyyət, yəni öz əli, öz başı olmaqlıq. Muxtariyyətli bir millət ölkəsinin, yəni şəhərlərinin, kəndlərinin, əkin yerlərinin, meşələrinin, mədənlərinin və qeyri mallarının ixtiyarını öz tanıdığı millət adamlarının öhdəsinə verir. Bu adamlar da milləti dolandırır. Millətin nəyə ehtiyacı olsa, ona çarə axtarır. Millət rahat və farağat yaşayır. Millət başında duran adamlar camaatı dürüst dolandıra bilməsələr, onda millət qeyri adamlar seçə bilər. Deməli, muxtariyyətin əsl dediyi budur ki, cəmi işlər ölkədə camaatın xahişi ilə əmələ gəlsin. Yəni, güclü gücsüzə cəfa çəkdirməsin; xalqın malı, dövləti, canı və namusu özgələrin kefinə qurban olmasın.
Rusiyada qeyri millətlər özünə muxtariyyət düzəldən kimi bizim müsəlmanlar da bu yolda çalışırlar. Ən qabaqda gedən krımlı qardaşlarımızdır. Türküstanlılar və başqırdlar da muxtariyyət elan elədilər. Yəni, cəmi dünyaya elan elədilər ki, bundan sonra öz işlərinə özgələri qarışmağa qoymayacaqlar. Növbət indi bizə yetişir. Bizim də ki, bir dövlətli ölkəmiz var. Biz də başsızlıq bəlasına giriftar oluruq. Bizi də nahaq yerə qırırlar, talayırlar və incidirlər. Bunların da səbəbi budur ki, bizim ölkəni dolandıran özgə millətlərdir. Əlbəttə, dini dinimizdən, dili dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq. Amma ölkəmiz öz vəkillərimiz əlinə düşsə, bizim də dərdimizə yanarlar.
Ona görə çalışmalı ki, vaxt ikən muxtariyyət qazanılsın.
Iı. məhəlli muxtariyyət
Muxtariyyət iki cürdür. Birinə mədəni muxtariyyət və o birinə məhəlli muxtariyyət deyirlər. Mədəni muxtariyyət özgə millətlər ilə qarışıq olub özünə məxsus əlahiddə toprağa malik olmayan millətlərə əlverişlidir. Edilboyu tatarlar ruslar ilə qarışıq olduqlarına görə özlərinə milli və mədəni muxtariyyət istəyirlər. Bunların xahişi budur ki, dil, din və adətlərinə mane olunmasın. Şəxsi hürriyyətləri təmin olunsun.
Mədəni muxtariyyətin böyük eybi budur ki, onu mühafizə eləməyə millətin əlində lazımi bir qüvvə yoxdur. Mərkəzi hökumətdən nə növ təğyir olsa, siyasətin nəticəsi mədəni muxtariyyətli millətlərə də sirayət edər. Deməli, bu gün məmləkətin başına pis fikirli vəzirlər gələrlərsə, siyasəti dəyişib millətlərin hüququnu ayaq altına salarlar.
Məhəlli və milli muxtariyyət isə böylə deyil.
Məhəlli muxtariyyət torpağa malik olub, bir millətdən ibarət olanlara əlverişlidir. Məsələn; Türküstan və ya Başqırdıstan. Türküstanda sakin türklər arasında qeyri millətlər yox kimidir. Türküstanlıların özlərinə məxsus dilləri və adətləri var. Bu millət məhəlli muxtariyyətə malik olduqda tez tərəqqi eylər. Özünəməxsus qoşunu və milli məclisi olduqda mərkəzi Rusiya hökumətində baş verən təğyirdən qorxmaz. Çünki mərkəzi hökuməti Türküstanın daxili işlərinə qarışmağa qoymaz. öhnə istibdad zamanı rus padşahlarının zülmü nə qədər ağır idisə də, Finlandiya muxtariyyətinə dürüst kar edə bilmədi. Çünki finlər öz torpaqlarına pənah aparıb, məhəlli məclisləri ilə öz haqlarını əldə saxlaya bildilər.
Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutmuş Osmanlı məmləkətinə qədər və Batumdan tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəflərinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. Çünki, bu şəhər bizə həmişə yol göstərib və bizə kömək əli uzadıb. Bakı şəhərində millət məclisi qurulacaq və bu məclisə Azərbaycanın hər bir guşəsindən camaat vəkilləri göndəriləcək. Vəkillər o məclisdə camaatın dərdlərini və diləklərini bildirəcək və ona görə əlaclar ediləcək. Millət məclisi Azərbaycanımız üçün qanunlar yazacaq, biz də ona əməl edəcəyik. Millət məclisinin buyruqlarını yerinə yetirmək üçün milli hökumətimiz olacaq. Millətə lazım olan tədbirləri millət vəkilləri tökəcəklər və əmələ gətirmək üçün milli hökumətə veriləcək. Milli hökumətimiz bizim malımızı, canımızı, namusumuzu hifz eləmək üçün var qüvvəsilə çalışacaq.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-azerbaycan-muxtariyyati-ayilin-toplasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.
QeydBundan sonrakı hekayələrin çoxu çapa ilk dəfə çıxır. Mövzu yenidir: həyatımızın çürüklüyü. Zənnimcə, ədəbiyyat iki yol tə’qib edəbilər: biri köhnələri yıxmaq və təzə bina üçün zəmin hazırlamaq; – ikincisi: yeniliyi duymaq, qeyd etmək və onun qüvvət və qüdrətini təşviq etmək. «Keçmiş səhifələr» çürükləri yıxmaq və təmizləmək ilə məşğuldur...
Üç gecəMir Qasım papağını qarmağa keçirib başladı:– Qardaş, başıma bu altı ildə çox işlər gəlib. Otur dərdlərimi bir-bir söylüyüm. Səndən bir il sonra mən Moskva darülfünununa girdim (sənin onda Tomskdən xəbərin gəlirdi). İki il evə getmək mümkün olmadı. Yayda qulluq tapıb, Rusiyada qaldım. O biri yay bir qədər pul ilə evə getdim. Əlbəttə mənim gəlməyimə hamı şad oldu. Ələlxüsus anam. Atam kənddə idi. Bir həftədən sonra o da gəldi. Xülasə əvvəlki həftə pis keçmədi. Yeyib, içib, ayaqlarımı uzadıb, bir qədər dincəldim. Bir gün anam dedi: «Bala dost var, düşman var. Atan da qocalıb, əlindən əsası düşən vaxtdır. Mən də bir şey yiyəsi deyiləm. Böyük oğlum sənsən....»
Bir qəpikSərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.
Başqa şairlərin şeirləri
Uca dağların başına,Qorxuram qar yağa, dilbər!
Ol sənəm kim gecə-gündüz can onun heyranıdırOl sənəm kim gecə-gündüz can onun heyranıdır,Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
گر شبی بازآید از در شمع جان افروز منبر چراغ مهر و نور صبح خندد روز من