ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ

Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

Tərbiyəmizə gəldikdə burada da haman təsirə rast gəlirik. Uşağı çağıranda gərək “bəli” desin. “Hay” desə, onu ədəbsiz sanarlar. Deməli, türkün hayı, Iranın... “bəli”sindən alçaq tutulur.

Köhnə məktəblərdə uşaq öz dilində oxuyub yazmır – kitablar və yazılar fars dilində olur. Təbiidir ki, bu məktəblərdən çıxanlar özləri ilə həmişə bir farslıq daşıyırlar. Bunun üçün də şairlərimiz əsərlərini fars dilində yazır, fars hərflərini təqlid edirlər və cəmiyyətimizin adi üzvləri də məktub, sənəd, ticarətə dair hesablar və qeyri-şeylər yazdıqda yenə fars dilinə müraciət edirlər. Qəribə burasıdır ki, iki türk bir-biri ilə öz dillərində danışdıqları halda, bir-birinə kağız yazdıqda fars dilində yazırlar. Cənab Nəvvab türk şairlərinin tərcümeyi-hallarını farsca yazır, türk oxucularına təqdim edir. Halbuki cənab Nəvvab türk dilini bilir və bu dildə şeirlər də yazıb.

Ədəbi qaydaları da farsdan götürmüşük. Şair gərək şeirlərini məhdud bir dairəyə salsın. Qafiyələrin qurtaracağı “əlif” olsun. Sonra v. t və i. a. Bundan əlavə qeyri-təbii eşqi mədh edib əxlaqı pozğun fikirlər nəşr etmək də əcəmlərdən qalıb. Badəni və uşağı tərif edən ədəblərin də izincə camaat gedib. Qeyri-təbii məhəbbət türk icadı deyil, çünki türk ünsürü təkə, qırğız və tatarlar arasında buna rast gəlmirik. Bu murdar adət qədim yunan və Roma dövlətlərindən Bizansa, oradan da Irana keçib. Sonralar Iranın ədəbiyyatı ilə də Türküstana və Azərbaycana sirayət edib. Arvadların qapalı olmaqları bu adətə əlverişli bir zəmin hazırladıqlarından indi də camaatımız bu fənalıqdan xilas ola bilmir.

Türküstan qövmlərinin ruhani həyatını nəzərə aldıqda onların qeyri-dindar olduqlarını bilirik. Qırğızlar müsəlman adını daşıdıqda dinə əsla möhtac deyillər. Türkmən obalarını dolandıqda məscidə rast gəlməzsən. Təkə nişanlarının (müsəlmanlarının) özlərinə məxsus libasları olmaz. Camaat geyinən çapandan geyib başlarından da dəri papaqları olar. Mollaya müqəddəs bir nəzər ilə baxıb onları uca mərtəbələrə mindirən müridbazlıq ömürlərini boş-boş dini mübahisə, cənnət və cəhənnəm məsələsi ilə keçirmək – türkmən arasında adət deyil. Bu sağlam qövmlər dünya ilə məşğuldur. Bunların qayələri – şücaətli ömür sürüb şan və şərəfə malik olmaqdır. Uzaq Şərqdən gəlib Qafqaz, Anadolu və Balkan dağlarını aşıb macarlara tərəf üz qoymaqlıq da türklərin şücaət pərvərliklərindən və müzəffəriyyət aşiqi olmaqlarından irəli gəlir. Azərbaycan türklərində bu əsl türkə mənsub nişanələr qalmamağına səbəb yenə Iran hökmranlığının mənhus nəticəsi olan riyakar xəlifəsidir ki, başımıza çəkib cənnətə yol axtarırıq. Özümüzün də əqidəmiz budur ki, bizdən pak, doğruçu millət dünyada yoxdur. Bizdən savayı hamı murdardır, dünya da “darfənadır”. Bundan başqa, bir darbəza da vardır ki, gərək ora üçün çalışasan. Bu da əcəmlərdən iqtibas olunan bizim fəlsəfəmizdir. Bu fəlsəfə sayəsində murdarları darfənaya verib özümüz gözümüzü darbəzayə dikmişik. Ümidimiz də budur ki, hər mömin qardaşa darbəzada bir neçə gözəl huri verəcəklər, əbədi ləzzətə nail olacayıq.

Məzhəbbazlıq, dərviş, duaçı, falçı, seyid və mərsiyəxan kimi ixtira və icadlar da Iran həyat əqliyyə məhsulları olub oradan bizlərə töhvə olub.

Yuxarıda söylənəndən məlum oldu ki, əcəmin pozğun mədəniyyəti Azərbaycan türk həyatına bir elə ağır möhür basıb ki, indi də onun nüfuzundan xilas ola bilmirik. Heyif ki, bu nüfuz ilə mübarizə etməyə hələ bizdə qüvvə yoxdur. Zənnimcə, onda mübarizəyə müqənnid ola bilərik ki, aşağıda bəyan olan fikirlər qüvvədən felə keçə. Fikirlərim səkkiz fəsildən ibarətdir:

  1. Gərək bizim bir cəmiyyətimiz olsun ki, dilimizi farslıqdan xilas eləsin. Bu da onda mümkündür ki, cəmiyyəti fəal və kamil amillər təşkil edələr. Və hər müəllif kitabını çapa verməkdən qabaq cəmiyyətə göstərib qüsurlarını düzəltdirə. Beləliklə də, ədəbiyyatımızın iki axıntıdan da uzaq olub, osmanlı və ərəb dillərinin nüfuzu altına düşməz. Bir də ədəbiyyatımız ədəbsiz kəlmələrdən və qeyri qüsurlardan xilas olar.

  2. Gərək müstəid və geniş məlumatlı münəqqidlərimiz ola, qələmləri qüvvəsi ilə dil və ədəbiyyatımızı düz yola çıxardalar. Ədəbi dil el ədəbiyyatından götürülməlidir. Bunun ilə ehtiyaclar dəf olmasa, fars və ərəb sözlərinə əl atmaq olar. Ədəbiyyat ayıq bir məsələni təqib etməlidir. Həqiqətnəcisliyə artıq meydan verməlidir. şeri nəzmdən uca tutmalıdır. Çünki nəzm qafiyənin düzlüyü üçün fars və ərəb kəlmələri ilə şu istemal edir. O söz ki, türkdə var, onun əvəzinə qeyri söz yazmaq, danışıqda işlətmək, əlbəttə, böyük xətadır. Məsələn, “su” ola-ola “ab” və ya “qan” əvəzinə “xun” demək kimi. Şeirnəvislikdə də ki, belə xətalardan çəkinmək mümkün deyil. Amma şeir ilə yazan qafiyə düzlüyünə möhtac olmayıb həmişə “arvad” əvəzinə “zən” və ya “qadın” kimi xətalardan əsərini uzaq saxlaya bilər.

El ədəbiyyatını toplamaq dilimizə artıq genişlik verəcək. Bu nöqteyi- nəzərdən Firudin bəy Köçərli həzrətlərinin “Azərbaycan türklərinin ədəbiyyatı” sərlövhəli kitabı ziqiymət bir əsərdir. Köçərlinin “Balalara hədiyyə”si və Mirzə Məhəmməd Axundovun “Məclis yaraşığı” da bu yolda böyük xidmətlər edirlər.

  1. Milli musiqimsiz türkləşməlidir. Bunun ilə həm farsa qalib gələrik, həm də türk mədəniyyətini ləzzətli bir mövqeyə gətirərik ki, hamı məhəbbət və rəğbət göstərib ona yavuqlaşar. Məsələn, Üzeyir bəy Hacıbəyov cənablarının operaları bizim aramızda kəsbi-şöhrət edən kimi, türkmən və onlara qonşu – kürdlərin arasında parçaları ağızlarda oxunmaqdadır. Bir kürd uşağının “Söylə bir görüm ey ərəb” oxumağı türklüyün müvəffəqiyyəti deməkdir.

  2. Qızlarımızı mükəmməl surətdə oxutmalıdır. Onları hüquqsuzluq təzyiqindən qurtarmalıdır. Arvad elmli və əri ilə müsavi olsa milli ruhlu və tərbiyəli övladlar yetirər. Təbiidir ki, belə uşaqlar gələcəkdə öz tərbiyələri sayəsində nə farslığın və nə qeyri millətlərin nüfuzu altına düşməyib öz milli yolu ilə milli qayələrə (ideala) doğru gedər.

  3. Türk məktəblərinin sayını artırmalıdır. Onların içində ruhani sinfi yetirmək üçün ədadi və ali məktəbi bina etməlidir ki, oradan kamil mollalar çıxıb biçarə camaatımızı Irandan gələn əcəm ətvarlı mollanümalardan və mərsiyəxanalardan xilas etsinlər.

  4. Bizi farsların nüfuzu altına salanlardan biri də fars ədəbiyyatıdır. Lazımdır farsların Firdovsi, Sədi Hafiz kimi dahilərini Azərbaycan türkcəsinə tərcümə etməklə tahı fars dilində onları oxumağa ehtiyac olmasın. Tərcümə əlbəttə, “dəhrihəqai” kimi olmamalı, tərcümənin birinci şərti düzgünlük və sadəlikdir. Tərcümə nəsrdə olunsa bu iki şərtlər də lazımınca yerinə yetirilir.

  5. Firdovsi və Sədilərin öz millətlərini nəşr etməkdə müvəffəqiyyətlərini gördükdə bizə də çalışıb dahilər yetirmək lazım gəlir. Bunların vasitəsi ilə həm özgələrin mənəvi... (söz oxunmadı. Ehtimal ki, “təsirindən” olmalıdır – D.D.) qurtararıq, həm də öz nüfuzumuzu qonşularımız arasında artırarıq.

  6. Azərbaycan türklərinin tarixini sadə bir dildə yazdırıb nəşr etməlidir ki, camaat özünün türk olmağını bilsin. Keçmişini öyrənsin və milli vəzifələrini düşünüb gələcək üçün çarələr arasın. Yoxsa hər kəsdən soruşursan: “Sən kimsən?” Deyir: “Müsəlman”. Tahı bunu bilmirlər ki, dinimiz müsəlman dinidir, millətimizsə türk millətidir.

Rəy və fikirlərimi bildirdim. Bəlkə möhtərəm oxucular bu yolda bir qeyri də vasitə göstərəcək! – Razıyam! Ancaq hamımızın fikri bu olsun ki, əcəm hökmranlığından qalma fəna “yadigar”ları özümüzdən uzaqlaşdıraq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 dəq
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 dəq
Molla Pənah Vaqif haqqında

MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.

7 dəq
Abbasqulu Ağa Qüdsinin əsərləri

ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...

2 dəq

Başqa şairlərin şeirləri