Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında
FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA
(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
“Müsəlman Şərqində ərəblər, farslar və türklər teatrı tanıyırlarmı və dramatik ədəbiyyata malikdirlərmi? Teatr bizim Avropada bildiyimiz kimi dekordan, geyimdən və pyesləri təmsil etməyi özünə peşə eləmiş artistlərdən ibarət isə, deməliyik ki, müsəlman Şərqi teatrı tanımır.
Türkiyədə ələləksər Molyerdən, Sardü və Dümadan tərcümə olunmuş fransız komediyalarından, Istanbul qəzetlərində felyeton şəklində dərc olunmuş Avropa komediya və dramlarına bənzədilmiş imitasiyalar istisna edilərsə, müsəlman Şərqində polişineli Qaragöz oyunu kimi orijinal və populyar bir tamaşa və bir sıra ədəbi əhəmiyyəti olmayan fars və buffenerdən başqa bir şey tapmırıq. Ərəb dili ölkələrində də iş bundan yaxşı deyil, Misir xalqlarını da Qaragöz oyunu məftun edir, yüksək sinif və orada yaşayan avropalılar isə italyan və fransız operalarına gedirlər. Iranda bir az yaxşıdır, orada ölkənin ürəyinə yatan həqiqi bir milli teatr var. Lakin yeni Iranın dini dramı ideyaca Avropa dram və komediyasından uzaqdır. Iranlılar hələ bizim əcdadımızın tamaşasına və orta əsrlərin fars və misteriyalarına malikdirlər. Onların dram sənəti çocuqluq halındadır, buna baxmayaraq çox əhəmiyyətlidir və tədqiq etmək üçün çox qəribədir”.
“Tərcümə etdiyimiz komediyaları oxuculara təqdim etmədən əvvəl müsəlman Şərqinin müxtəlif tamaşa janrını gözdən keçirəlim”.
Burada mütərcim Kərbəla vəqəsinin tarixini verir, bizim üçün əhəmiyyəti olmadığına görə tərcüməsindən vaz keçirik. Sonra mütərcim yazır:
Mirzə Fətəlinin “Vəziri-xani-Lənkəran” və “Mürafiə vəkilləri” adlı komediyaları Fransa xariciyyə
ataşesi Alfons Siylyer tərəfindən fransızcaya tərcümə olunub, 1888-ci ildə “Iki türk komediyası” adı ilə
Parisdə çap edilmişdir. Mütərcim kitabın sərlövhəsində bu komediyaların ilk dəfə olaraq fransızcaya
tərcümə olunduğunu qeyd edir, halbuki “Vəziri-xani-Lənkəran”ı ondan əvvəl Aleksandr Şodsko
tərcümə eləyib 1883-cü ildə Parisdə çap etdirmişdir. Siylyer tərcüməsinə uzun bir müqəddimə
yazmışdır ki, bəzi yerlərini ixtisar edib türkcəyə tərcümə eləməyi lazım bildik (müəllif).
“Biz gördük ki, müsəlman Şərqində dram yalnız Iranda tanınmış, heç bir əcnəbi təsirinə düşməyərək sərbəst və özbaşına doğulmuşdur. Günü-gündən dar dini çərçivədən çıxaraq bizim Avropada tanıdığımız normal şəklə yaxınlaşır. Fars dramı Iran torpağının məhsuludur və şiə olmayan müsəlmanlar arasında buna bənzər bir şey tapılmaz. Qeyd etməliyik ki, komediyaya gəldikdə bu şəkil heyf ki, həmən-həmən bütün müsəlman xalqlarında olduğu kimi Iranda da yoxsul bir haldadır. Türkiyədə, son illər Iranda Avropadan iqtibas edilmiş bəzi pyesləri bir tərəfə qoysaq, bütün müsəlman Şərqində komediya hələ ibtidai haldadır və bu sahədə ərəb, türk və farsların bir-birinə həsəd aparacaq bir şeyləri yoxdur. Fars və türk tamaşaları ilə Avropa əxlaqi komediyaları arasında böyük bir məsafə var. Asiya və Afrikanın ən uzaq guşələrinə Qərb ideyası və nümunələri gətirən Avropa xalqlarını Şərqə doğru itələyən böyük hərəkətlər olmasaydı, bu məsafə bir neçə əsr belə keçilməmiş qalardı. Geridə qalmağına gəldikdə bunun bir çox məlum səbəbləri var. Müsəlman ölkələrində komediyanın meydana çıxmasına başlıca maneə təşkil edən yalnız müsəlman dinidir. Bu maneə Iranda Türkiyədən və ərəb məmləkətlərindən azdır, çünki sünniliyə nisbətən şiəlik daha az məhduddur. Din xaricində olaraq Şərq təbiət və adətlərinə mənsub xüsusiyyət də var ki, Qərbdən gələn bütün yeniliklərə qarşı əngəllər törədir. Komediya teatrı da belədir, bütün müsəlman Şərqində tamamilə biçimsiz və səliqəsiz bir haldadır: marionet və gülməli tamaşalarla iktifa edirlər”.
Burada müəllif Qaragöz və Keçəl pəhləvan oyunlarından uzunuzadı bəhs etdikdən sonra Mirzə Fətəlinin komediyalarına keçir:
“Tərcüməsini verdiyimiz iki komediya gözdən keçirdiklərimizin (Qaragöz və Keçəl pəhləvan – Y.V.) janrında deyil. Bunlar Avropa pyeslərinə bənzədilmiş əxlaqi komediyalardır və Avropa teatrını bilən bir adam tərəfindən yazılmışdır. Müəllif ilham və metod mənbəyini gizləmir və bir şey deməsə də, komediyalarının quruluşu bunların mənşəyini göstərməyə kafidir. Eyni zamanda bunlar həqiqətdə orijinal və dahi bir yazıçı tərəfindən yaradılmış pyeslər də deyil. Mirzə Fətəli özözlüyündə bir novator da deyil, o özbaşına qalsaydı, Şərqdə yeni bir dramatik qayda vermək onun xəyalına belə gəlməzdi. Lakin
Kuklaların hərəkətə gətirilməsi və ya Qaragözdəki kimi kölgələrin oyadılması
(müəllif)
komediyalarının formasını Avropadan almış deyə bu əsərlərə xor baxılırmı? Roma səhnə büsatını Yunanıstandan almamışmı? Plavt və Qerens Aristofana təqlid etmişlər. Bəs bizim tragediya? Bilavasitə yunan tragediyasından əmələ gəlməmişmi? Bütün xalqların ədəbiyyatı bir-birindən iqtibas olunmuş və bu iqtibas faydalı və məhsuldar olduğu üçün həmişə qanuni sayılır. Bizim köhnə quruluşumuzu təqlid etdiyi və Avropa teatrına bir az sadəlövhcəsinə heyran qaldığı üçün Mirzə Fətəlini qəbahətləndirmək ədalətsizlik olardı. Biz yalnız onun əsərdə işlətdiyi material qaydası ilə hesablaşmalıyıq. Müəllif özündə və ətrafında orijinal və səmimi müşahidə mənbəyi taparsa, səhnəyə gətirdiyi şəxslər və həqiqi isə onun əsəri qiymət qazanır və onu hadisə baş verən dairədən çıxaraq iqtibas etmiş deyə qəbahətləndirmək olmaz.
Lakin şərqlilər Avropa teatrlarından ilham almağa haqlıdırlarsa, əsrcəsinə təqlidə qapılaraq bizim ideyaları və modelləri almaq təhlükəsindən qaçmalıdırlar. Əxlaqi komediyaları bizdən əxz edərkən özlərinə sadiq qalmalıdırlar, öz ölkələrinin adətlərini təsvir etməli və səhnəyə gətirdikləri şəxslər ad və dil etibarilə deyil, daha dərindən türk ya fars olmalıdırlar. Heyf ki, şərqlilər bu aydın həqiqəti çox da başa düşə bilmirlər. Bunlar görə bilmirlər ki, müəllifin əsəri hər şeydən əvvəl şəxsi arayış və müşahidə nəticəsində əmələ gəlir. Istanbulda çap edilmiş türk komediyalarının əksəri belədir – heç bir ədəbi qiymətə malik deyil. Biz görürük ki, bizim müəllif əsarətin ifratçılığından qaçmış, komediyalarının personajı incədən-incəyə müşahidə edilmiş və səmimi olaraq yazılmışdır.
Mirzə Fətəli Axundzadə Qaracadağlıdır və adı göstərdiyi kimi kənd mollasının oğludur. Rusiya xidmətinə girib kapitan rütbəsinə qədər gəlib çıxmışdır. Şübhəsiz ki, hərbi vəzifə üçün Tiflisə yaşamağa çağırılmış və oradakı avropalılarla əlaqəyə girmişdir. Tiflisdə canişin Voronsov tərəfindən 1850-ci ildə tikilmiş bir teatr var, orada səhnəyə rus pyesləri və bəzən fransız dramatik əsərləri də qoyulur. Mirzə Fətəli orada olmuş və Avropa teatrına vurulmuşdur. Əsərə başlamış və bir sıra komediya yazmışdır: 1. “Molla Ibrahim” ya “Kimyagər”, 2. “Nəbatatçı Müsyö Jordan və dərviş Məstəli şah”, 3. “Divanbəyi”, 4. “Və-
Roma dramaturqları (müəllif)
Yunan dramaturqu- müəllif
ziri-xan-Sərab”, 5. “Xəsis”, 6. “Mürafiə vəkilləri”, 7. Şah Abbas dövründə olmuş tarixi və dialoqlu səhnə. Bunlardan dördüncü və altıncının burada tərcüməsini də veririk. Bəzi ünvanları dəyişdik, izah edəcəyik.
Mirzə Fətəli Axundzadə komediyalarını Şərq-türk ləhcələrindən olan Azərbaycan ləhcəsində yazmışdır. Bütün Şimali Iran və rus Qafqazı bu ləhcədə danışır. Bu komediyalar 1858-ci ildə Tiflisdə çap edilmişdir, çox nadir tapılır. Onlar məruf Mirzə Cəfər Qaracadaği tərəfindən farscaya tərcümə edilmişdir. Onun tərcümeyi-halını bir qədər təfsilatı ilə verə bilərik. Irandan gələn və səhihliyi təsdiq edilən xəbərə görə Barbiye de Meynar Mirzə Cəfərin ölməsini bildirdi. Lakin sonra bildi ki, Mirzə hələ bərhəyatdır. Bu əhvalat Sidney Çörçilin London-Asiya cəmiyyətinə göndərdiyi məktubdan görünür. Çörçilin məktubuna görə Mirzə Cəfərin əlan əlli dörd yaşı var və yaxasını əcələ tapşırmamışdır. Barbiye de Meynara Irandan göndərilmiş məktub qəsdən yazılmış idi. Mirzə Cəfər bir neçə il bundan əvvəl Iranda qiymətli sayılan “Nameyi-xosrovan” müəllifi şahzadə Cəlaləddin Mirzənin katibi olmuşdur. Çörçil deyir ki, şahzadə öz kitabından bir nüsxə Mirzə Fətəliyə göndərir, o da əvəzində öz komediyalarını ona bağışlayır və farscaya tərcümə olunmasını arzu edir. Mirzə Fətəlinin komediyaları uzun müddət şahzadənin dolabının bir guşəsində unudulub qalır. Nəhayət katib onları tapıb oxuyur. Oxuduğundan heyran qalan Mirzə Cəfər türk müəllifinin arzusunu rəğbətlə qarşılayaraq az bir zamanda “Kimyagər”i fars dilinə çevirib Cəlaləddin Mirzəyə təqdim edir. Şahzadə məftun olub tərcüməni davam etdirmək üçün onu şövqləndirir. Farscaya tərcümə edilmiş komediyalar 1871-1874-cü illər arasında Tehranda meydana çıxmışdır. 1874-cü ildə hamısı toplanıb bir cild oldu. Bu da Tiflisdə çıxmış türkcə nüsxə kimi nadir bir şeydir. Heyf ki, bu daş basma fəna oxunur və onda bir çox imla səhvləri var”.
1935
Bundan sonra Azərbaycanla bağlı işlənən türk ifadələri Azərbaycan və ya azərbaycanlımənasında
başa düşülməlidir.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-fransa-mutefekkiri-mirze-feteli-haqqinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Onu məktəbdən ayırdılar. Bacılıqları ilə son dəfə öpüşürdü. Ayrılıq həyəcanı vücudunu tutmuşdu. Odlu yaş damlaları yuvarlanıb, kirpiklərinin arasında toplanmışdı.– Ağlama! – dedilər, – göz yaşından bir şey çıxmaz...
Ruhnəvaz xanımDar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.
Zeybək qızıMidhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...
Mariyaİnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusiyanı ağzına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Böyük bir anarşi hər yerdə hökmfərma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içində çırpınaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəçilər də könüllü əsgər kimi səfərbərlik halında idi.İrəliki axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobillərin hücumu olmuş deyə eşitdik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi.