İnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusiyanı ağzına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Böyük bir anarşi hər yerdə hökmfərma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içində çırpınaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəçilər də könüllü əsgər kimi səfərbərlik halında idi.

İrəliki axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobillərin hücumu olmuş deyə eşitdik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi.

Şayiələr bizim evin sakinlərinə dəhşətlər təlqin etdi, ev komitəsi rəisi 45 mənzil vəkillərini fövqəladə iclasa dəvət edib, məsələni anlatdı və axırda:

– Vaxt çox ağırdır. Törəyə biləcək hadisələrə qarşı tədbirlər görməyə acizəm, – dedi.

Böyük salona toplaşmış qızlar, xanımlar və ənva sinif və məsləkə mənsub kişilər bir ağızdan rəisə qarşı etiraz etdilər:

– Başımıza bir iş gəlsə, bütün məsuliyyət sizin üzərinizdə qalacaq!

– dedilər. – Aylardan bəri rəis olaraq evi tədafei bir şəklə sokamamışsınız!

Həyəcan artdı. Çığır-bağır düşdü. Ağız deyəni qulaq eşitmədi. Geniş dazlı, yoluq saqqallı advokat hiddətlə yerindən qalxdı:

– Vətəndaşlar! – dedi, – qanun ölməmiş və ölməz! Məsuliyyət hər bir qanun tərəfindən tanınıb və tanınacaq! İnsanların müqəddəratı ilə oynayan bir şəxs cavab verməli!..

Bu məzmunda söylənən nitq uzun sürdü, advokat bir çox dəlil və isbatlardan sonra ev komitəsi rəisinin müəyyən qanun maddəsi mucəbincə məsul olduğunu meydana çıxardı. Çinlərini açıb yarı sivil qiyafəli general “Nə uyğunsuzluqlar olur!” deyə yerindən qalxmaq istədi, lakin arvadı çiynindən yapışıb onu çıxış etməyə qoymadı. General arvadına çəmkirdikcə arvad mülayim bir səslə onu təskin etməyə çalışdı. Axırda general inqilaba qarşı küfrlər yağdırdıqdan sonra susdu.

Uzun ləbbadəli, fəna hörülmüş gödək saçlı keşiş yerindən bağırdı:

– Övladlarım, belə olmaz, həyatımız təhlükədə ikən biz də burada deyişmədəyik!..

Solğun geyimli, yaxası çirkli və üzü qırxılmamış bir qulluqçu keşişin sözlərini kəsdi:

– Ata, – dedi, – siz bizim ruhani rəhbərimizsiniz, məclisə sədrlik ediniz də, iş nizama düşsün. Bu sözləri eşitcək gənc bir tələbə yerindən sıçradı:

– İndi keşiş zamanı deyil, – dedi, – cavanlardan birini seçməli ki, işə təhər çəkə bilsin.

Can qeydinə qalan bu zümrə quzu kimi yumşaldı, əvvəl bir-iki dəqiqə susdu, sonra:

– Sizi seçirik! – deyə cavab verdi.

Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Hər ağızdan bir söz eşidildi, heç kəs də evin müdafiəsi üçün əməli bir təklif meydana qoymadı. Yenə advokat uzun nitq söylədi, general bir də hiddətləndi: “Boşboğazlıq! Boşboğazlıq!”

– deyə yenə dartındı və yenə əvvəlki kimi xanımı onu susdurmağa çalışdı. Keşiş ayağa qalxdı, əllərini ölçə-ölçə bir şeylər söyləmək istədi, lakin sədr ona söz vermədi. Küncdə yerləşmiş bir tacir saqqalını tumarlayıb: “Lənət kor şeytana!” dedi, susdu. Həyəcan daha da artdı. Xanımlar açıqdan-açığa kişiləri məzəmmət etməyə başladılar.

– Həp söz, söz, söz, əfəndilər! İş lazımdır! – dedilər. Sizə ar olsun! Arvadlarınızın namusunu belə müdafiə edə bilmirsiniz!

Xanımların sözü hər kəsdən artıq tələbə Ömərə təsir etdi. İndiyə qədər bu evdə mənliyini heç bir şeylə ibraz etməyən bu gənc bu dəfə içində bir təğyir duydu; həyəcanlandı və fədakar bir hissə qapıldı.
İztirabından titrəyən əli ilə çuxasının qolunu çirmədi və xəncərinə dayanaraq ayağa qalxdı. Nəfis və cəld hərəkəti ilə hər kəsin nəzərini özünə cəlb edən Ömər söz aldı:

– Buradakı çox da mürəkkəb olmayan bir məsələ haqqında bu qədər boş danışıqların mənasını anlamıram, – dedi. – Mən qafqazlıyam, bizlərdə belə hadisələrə tez-tez təsadüf olunur. Çarəsi asandır: bir iradəli adama tabe olmalısınız, onun əmrlərini yerinə yetirməyi vədediniz də, o sizin salamatlığınızı təmin etsin!

Ömərin sözləri məclisə böyük təsir bağışladı. Gözəl simalı, qəti baxışlı və kəskin sözlü bu gənc hamının hüsni-təvəccöhünü qazandı. Qadınlar hər kəsdən əvvəl onun təklifini təsvib etdilər. “Hər şeyə razıyıq, ta ki, təhlükənin önünü alın”, – deyə məclis bir səslə Öməri evə komandan təyin etdi.

Bir dəqiqə keçmədi, evdə sakin olanların adları yazıldı və gecəgündüz arası kəsilmədən keşik çəkmək üçün adamlar ayrıldı. Qadınlar gündüz və kişilər də gecə qarovulda duracaq idilər. Yarım saat sonra darvaza və qonaq qapısının arxasına çuval-çuval torpaq yığılmışdı, pilləkənlərdə sipər qurulmuşdu. Mümkün qədər silah toplandı; hər kəs səfərbərlik halına qoyulmuşdu.

Pilləkənlərdə Ömərin imzası ilə elanlar yapışdırılmışdı: “Bu axşam manevr olacaq, hər kəs silahı ilə saat altıda iclas salonuna gəlməlidir” – deyə yazılmışdı. Küçəyə çıxmaq imkanından məhrum olan kirəçilərə elan böyük bir fərəh verdi; mühasirə keçirən xalqa bu bir əyləncə idi. Hər kəs axşamı sevinclə gözləyirdi. Qadınların şadlığının hüdudu yox idi, “Aman, bu qafqazlı!” – deyə bir-birinə müraciət edərək, həsrətlə içlərini çəkirdilər. Məclis üçün hazırlıq görülürdü; xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər. Keşişin mütəvaze evində belə yeniliklər görünürdü: özü ilə fəzlə məşğul olmayan xanım bu gün güzgünün qarşısından çəkilmirdi. Xanımın hərəkəti kişinin diqqətini cəlb etdi. Həmişə sakit və laqeyd olan keşiş təşvişə düşdü.

– Mariya, nə xəbər var? – deyə sərzənişli bir səslə soruşdu.

Mariya cavab vermədi və ərinin sözlərindən son dərəcə hiddətləndi. Keşiş şübhələrə düşdü. İndiyə qədər pozulmamış məsud həyatının alt-üst olacağını müqəddəm hisslər ona təlqin etməyə başladı. İçinə kədər gəldi; həyatdan bezikdi. Ağır iztirablardan sonra bir də özünə malik olub, şübhələrini dağıtdı və tühaf bir təbəssümlə yataq otağına girdi. Xanım əvvəlki kimi tualetinə məşğul idi: gözəl geyinmişdi, saçlarını darayıb, şıq bir halda toplamışdı, üzünü pudralayırdı.

Keşiş Mariyaya yanaşdıqda onu ətir qoxusu qarşıladı; xanımını başdan-ayağa süzdü: Mariya neçə il əvvəl, toyları olan zamandakı Mariya idi. Zaman silib götürmüş hisslər keşişdə təkrar canlanmağa başladı. Bahar rayihəsindən mütəəssir olan bir gənc kimi, məst olub qaldı. Sonra əyilib Mariyanın totuq qolundan öpdü. Mariya səksəndi, cəld dönüb, hiddətlə ərinə baxdı və çılpaq dirsəyi ilə onu geri itələdi.
Keşiş bir az irəlilədi və yazıqgəlməli bir təbəssümlə arvadını qucaqlamaq istədi. Mariya yerindən dik sıçrayıb, keşişdən uzaqlaşdı:

– Mən sənin kefinin qulu deyiləm! – deyə qışqırdı.

Keşiş gülünc bir vəziyyətdə susub qaldı.

Mariya ərini diqqətlə gözdən keçirdi: illərcə dünyadan xəbərsiz bir halda yaşadığı bu həyat yoldaşı ona indi başqa və gülünc bir şəkildə göründü; qadın dizliyinə bənzər ləbbadəsi, kişilərə yaraşmayan saçı, pırpızaqlı saqqalı ürəyində ərinə qarşı nifrətlər törətməyə başladı. Bir dəqiqədə əri kimi, evi və çocuqları da gözündən düşdü. Varlığına bir acı çökdü və keşişin durub ona tamaşa etməsindən sinirləndi.


İclas izdihamlı idi. Silah daşıya biləcək kişilərdən çox, qızlar və xanımlar gəlmişdi. Ömər sədarətə çıxdıqda ürəklərə fərəh yayıldı. Onun sözlərini hər kəs vəhy dinləyən kimi dinlədi.

– Vətəndaşlar, – dedi. – Sakin olduğumuz ev baş verə biləcək təhlükəyə qarşı tamamilə hazırdır. Alqış qopdu. Hətta qonşu evlərlə aramızda rabitə var, zərurət zamanı zənglər vasitəsilə onları da köməyə çağıra bilərik. Bu gün xanımların qarovul vəzifələrini gözəlcə ifa etdiklərini qeyd etməliyəm. Kişilər də onlardan geri qalmazlar, zənnindəyəm. Hər halda arxayın olmalısınız. Gecə qarovulları yoxlayacağam... Sonra Ömər nümunə üçün bir manevr yapacağını söylədi və zərurət vaxtı növbətçilərdən başqa kimsənin pilləkənlərə çıxmamasını əmr etdi.

Ömər sözlərini qurtarıb, salonu tərk etdi. Bir də koridorda qəti səsi eşidildi:

– Hücum! – deyə bağırdı.

Bir dəqiqədə general, advokat, tələbələr, tacirlər, ənva sinif və məsləkə mənsub adamlar silahları ilə qapı və darvazadakı səngərləri tutdular. Nizam yerində idi. Yalnız salonda çaxnaşıq düşmüşdü. Ömər səngəri yoxlayıb, yüyürərək salona döndü. Mariya qəşş etmişdi. Xanımlar ətrafını bürüyüb, onu yelləyirdilər.

Ömərin görünməsi həyəcanları təskin etdi. Qüvvətli səslə: hücum yoxdur, manevr yapırıq, – deməsi qaçmış bənizlərə qan səpdi. Mariya gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı.

Ömər səndəli çəkib xanımın yanında oturdu. Onun soyumuş əllərini təklifsizcə götürdü, ciddi sima ilə oxşadı, su istədi, içirdi.

Keşiş məsum bir sima ilə mənzərəyə tamaşa etmədə idi; qısqanclıqdan dodaqları titrəyirdi. Hər şeyə qarşı içində bir kin oyanmışdı. Onun üçün yaşamaq acı bir təcrübədən başqa bir şey deyil idi.

Gecə saat üçdə Ömər yoxlayışa çıxdı. Qaranlıq və tənha pilləkənlərlə yavaşca endi – darvaza və qapıdakı qarovullar yerlərində hazır durmuşdular. Növbətçilərlə görüşdü, onlara papiros təklif etdi.

– Küçə sakitdirmi? – dedi.

Hələ ki, sakitdir. Lakin uzaqdan iki dəfə bərk atışma səsi gəldi.

Ömər qapıları yoxladı, torpaq kisələrini əlləşdirdi:

– Möhkəmdir, – dedi, – hücum olarsa dəf edə bilərik.

Növbətçilər də eyni fikirdə idilər.

Ömər:

– Təkrar buraya gələcəyəm, – deyə növbətçilərdən ayrıldı və pillələrlə yavaş-yavaş yuxarı çıxmağa başladı. Hər yer, tənhalıq, mənzillərin qapıları bağlı idi. İkinci mərtəbənin səkisinə ayaq basdıqda sol tərəfin qapısını açıq gördü. Qaranlıqda gözünə incə bir kölgə çarpdı. Duruxdu və papirosunu çəkib, kölgəni bir az işıqlandırdı. Mariya taqətsiz bir surətdə divara söykənmişdi.

Ömər yavaş səslə:

– Sizmisiniz? – dedi.

Mariyanın yerə dikilmiş gözləri vəziyyətini dəyişmişdi. Yalnız ürəyi sanki eşidilər qədər çarpınmağa başladı.

Ömər yanaşdı:

– İndiyə qədər yatmamışsınız? – deyə pıçıldadı. Səs gəlmədi.

Mariyanın aldığı vəziyyətdə heç bir dəyişiklik görünmədi.

Ömər həyəcanlandı, sonra özünə malik olaraq, həssas bir səslə:

– Gedin yatın, təhlükə yoxdur! – dedi.

Ətraf sükut içində idi. Birdən Mariya yanaşıb, Ömərin qəvi bağrına sığındı və üzünü köksünə söykəyib, həzin-həzin ağlamağa başladı...

Bu əsnada içəridən bir şıqqıltı eşidildi, ağ bir kölgə göründü: keşiş atəş saçan nəzəri ilə mənzərəni gözdən keçirib, yox oldu.

Mariya vəziyyətini heç də dəyişmədi...

Şaqqıltı ilə atılan tüfəng səsləri gecənin sükutunu pozdu.

Ömər “hücum!” – deyə bağırdı. Yatanlar cəld oyanıb, silaha sarıldı.

Səngərlər adamla doldu. Hücum edənlər iki yük avtomobilində gəlmişdilər.

Bir neçə dəqiqə sürən atışmadan sonra qapı və darvazadan girmələri mümkün olmayacağını kəsdirərək, quldurlar birinci mərtəbənin pəncərələrini qırdılar.

Ömər çevirmə hərəkətdən ehtiyat edərək, bir dəstə ilə həyətə getdi.

Quldurlar birinci mərtəbəni tutmuşdular və həyətə çıxıb arxadan darvazaya tərəf yürümək istəyirdilər. Buna mane olmaq üçün Ömərin dəstəsi həyətdə səngərə yatdı. Atışma davam etdi. Bir də quldurlar hücuma keçdilər. İndi hər kəsdən əvvəl Ömərin həyatı təhlükədə idi: pəncərələrdən həyətə atılan quldurların sayı artır. Ömərə isə kömək gəlmirdi. Bir-iki dəqiqə belə davam etsəydi, Ömərin dəstəsi qırılacaqdı. Lakin qaranlıqda bəlli olmayan uzun geyimli bir adamın xariqüladə cürəti quldurları püskürtdü: sıçrayıb, tüfəng dürtməsi ilə qarşısına gələni vurub yıxdı. Düşmənlərin cəsarəti qırıldı, qaçdılar. Lakin yıxılanların birisinin gülləsi ilə uzun geyimli adam da yaralanıb yerə sərildi.

Atışma kəsər-kəsməz ölüm təhlükəsindən sovuşan bütün kirəçilər əllərində çıraq həyətə töküldülər.Yaralananları yoxlarkən uzun geyimli adamın Mariya olduğu hər kəsi heyrətə daldırdı. Mariya hələ ölməmişdi. Üzündə əndişə, əzab görünürdü. Ömərin ona yanaşması halını dəyişdi – gülümsündü və taqətsiz əli ilə onun əlini götürüb, dodaqlarına basdı. Məsud bir təbəssüm dodaqlarına həqq olunaraq...həyatı tərk etdi.

1927

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 dəq
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 dəq
Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 dəq
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 dəq

Başqa şairlərin şeirləri