Qazanc yolunda
Səhifə 1 / 2
Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.
Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi.
Nemətin sabah istirahətini qulluqçu pozdu: qapını tıqqıldadıb, samovarla içəri girdi, qulluqçu çayı dəmlədi. Nemət yataqdan durmadan əvvəl qəzetə bir göz gəzdirdi. İlk səhifədən artıq son səhifədəki elanlara diqqət verdi. Bir də gözləri qəzetin bir guşəsində dayandı:
“Enerjik gənclər dəvət olunur” deyə iri hərflərlə yazılmışdı. Bunu görcək Nemət yatağından dik atılıb durdu. Cəld geyinib, bir stəkan çayla iktifa edib, evdən çıxdı.
Nemət böyük bir salona girərkən orada özündən başqa bir çox da enerjik tələbələr gördü. Bütün qazanc arzusunda olan gənclər elan üzrə buraya toplaşmışdılar. Lakin hələ kimsə nə olacağını bilmirdi, çünki müəssisə sahibi orada yox idi.
Nemət bir tərəfdə oturdu: Yanındakı tələbələr həp qazanc ətrafında danışırdılar. Keçisaqqal, çəlimsiz bir tələbə aramla deyirdi:
– Mən riyaziyyatçıyam... indi siz deyəcəksiniz ki, sən sus, çünki sən mücərrəd bir adamsan, rəqəmlərə batıb qalmısan, amma mən sizin kimi düşünmürəm. Mən məsələni iki dəfə iki dörd kimi bilməsəm danışmaram. Qazanc yüzdə yüz təcrübəyə bağlıdır. Elərsən olar. Bütün tacirlərin yüzdə doxsanı savadsızdır, onlar qazanc yolunu bildikdə, mən nə üçün bilməyim?..
– Qismən doğru buyurursunuz, yoldaş, – deyə bir ayrısı riyaziyyatçının sözünü kəsdi: insanın hamısı ət və sümükdən əmələ gəlmə fizioloji bir xilqətdir.Yalnız qüvveyi-dimağiyyəsi başqa-başqadır.
Burada da irsiyyət qanunu, inkişaf məsələsi böyük rol oynamaqdadır...
– Əzizim, bu mücərrəd söhbətləri buraxınız... Ticarət ticarətdir, burada fizioloji, pataloji və yaxud atavizm yoxdur. Mal var, bazar var, ərz var, tələb var, vəssalam. Bu gün bu dediklərim burada mövcud isə, qazanc olacaq. Yoxsa, heç...
Salonda münaqişə şiddətli bir şəkil aldığı zaman qapı açıldı və müəssisə sahibi içəri girdi. O saat tələbələr sakit oldular. Yeni gələn zatın dava vəkili müavini olduğu meydana çıxdı. Bu da enerjik olduğu üçün yeni-yeni həyati yollar aramada imiş. Odur ki, gələr-gəlməz bir dəqiqə qaib etmədən qapalı bir dolaba yanaşdı, kiçik bir nitqdən sonra dolabı açdı və dedi:
– Yoldaşlar, indi sizinlə bərabər qazanca doğru getməliyik. Baxınız, burada bir çox mallar var. Qazanc arzusunda olanlar bunları götürüb, şəhərdə gəzdirəcəklər, müştəri axtaracaqlar və zəhmətlərinin əvəzində müəyyən faiz alacaqlar.
Bu sözlərdən sonra müəssisə sahibi dolabdan bir keçə qurşaq çıxartdı:
– Bu qurşağı görürsünüzmü? – dedi. – Bu, tibbin son icadıdır. Bunu yel tutan adam belinə bağlayır və ucunu da ştepselə keçirir. Beləcə elektriklə xəstəliyinə müalicə eləyir. Bu qurşaqlara müştəri tapmalısınız.
Tələbələr bir-birinin üzünə baxdı. Riyaziyyatçı təbiiyyatçıya, o da hüquqşünasa nəzər saldı. Tibb tələbəsi soyuq bir çöhrə ilə hər kəsi gözdən keçirdi – kimsədən cavab çıxmadı. Müəssisə sahibi nitqində davam edirdi:
– Bu qutudakı yaxac atların dırnağı üçündür. Yeni kəşf olunmuş bir şeydir, müsbət tərəfi budur ki, bu yaxac havanın keçməsinə mane olmur və atın dırnaqları salamat qalır.
Yenə tələbələr baxışdılar. Tibb tələbəsinin üzündə maraq nişanələri göründü. Riyaziyyatçı yaxacdan heç bir təsir duymadı. Nemət gözünü döydü.
– Yoldaşlar, bu qutudakı “Unon” kirşanıdır. Bunu vilayətdə satmaq imtiyazı yalnız bizə aiddir. Restoranlara çox lazım olur. Bundan bir çimdik yaş əskiyə tökülüb, silindikdə, masaların müşəmbəsindəki ləkələr büsbütün qaib olur.
“Unon” Nemətin ağlına batdı, tələbələrin arxasından boylandı:
– Mən götürərəm, – dedi.
Müəssisə sahibi on qutu “Unon” bağlayıb, Nemətə verdi, dedi:
– Altı şahıya satsanız, birində sizə üç qəpik qazanc qalır.
Nemət ilk rast gəldiyi restorana girdikdə qarşısına qarson çıxdı.
Qarsondan:
– Buranın sahibi haradadır? – deyə sordu.
Qarson turş bir sifətlə:
– Nəyinə lazımdır?
– İşim var.
– Məşğuldur. Nə istəyirsən?
Bu sualı verərkən qarson şübhəli bir nəzərlə Nemətin qoltuğundakı qutulara baxdı:
– Məşğuldur! – dedi və çevrilib getdi.
Nemət irəliyə yeriyib, bir başqa qarsondan sahibi sordu. Bu qarson daha sərt cavab verdi:
– Əfəndi, restoran sahibi məşğuldur. Studentlərin əlindən təngə gəlmişik, gündə yüzü gəlir, hərəsi də bir şey təklif edir. Bunu bilin ki, bizə heç bir şey lazım deyil...
Bu sözləri deyə-deyə qarson qapıya yaxınlaşıb açdı. Bu hərəkəti ilə qarson Nemətə “rədd ol, get” demək istəyirdi. Lakin Nemət durdu və əzbərlədiyi sözləri bilaaram ağzından tökdü:
– Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz, həm qənaətə riayət edən, həm də ideal bir təmizlik bəxş edəndir. Qutusu yalnız otuz qəpikdir. Almasanız sonra peşman olacağınıza əminəm. Xarici sərgilərində dəfələrlə mükafata nail olmuş...
Nemət xoşluqla söyləməyə və söylərkən üzündə dadlı bir təbəssüm oynatmağa çalışdısa da, qarsonun hüsni-təvəccöhünü qazana bilmədi. Qarson getdikcə hiddətləndi və axırda qəti olaraq dedi:
– Əfəndi, bizi işdən qoyursunuz, dedim ki, lazım deyil.
Restorandan aşağı Nemətin nəzərinə çarpan böyük bir otel oldu.
Girdi və ciddi sima ilə sahibini soruşdu:
– Yuxarıda, mətbəxdədir, – dedilər.
Nemət sevindi və ümidlə beş mərtəbəni çıxdı. Yoğun bir xanıma rast gələr-gəlməz bülbül kimi ötdü:
– Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz, həm qənaətə riayət edən, həm də ideal bir təmizlik verəndir. Qutusu yalnız otuz qəpikdir.
Arvad əvvəl məsələdən xəbəri olmayan kimi dinlədi, gözlərini döydü və sonra birdən siması acı bir şəkil aldı:
– Lazım deyil, – deyə studentin sözünü kəsdi.
Nemət əl çəkmədi, ondan üz döndərən xanımı izləyə-izləyə “Unon”un mədhində davam etdi. Xanım bir də çöndü:
– Təvəqqe eləyirəm, məni rahat buraxınız! Lazım deyil!..
Nemət pilləkəni yavaş-yavaş enərkən içinə bir şübhə çökmüşdü. Bədbin hisslər bədənini süstləşdirmədə idi. Küçəyə çıxdı. Bir az duruxdu. Fikirləşdi və işdən soyumağa başladığından məmnun olmadı. Özünə bir az ürək-dirək verdi. Sonra yeni bir qüvvə ilə yoluna davam etdi. Böyük Kreşşatik cadəsinin o tay-bu tayındakı restoran və otelləri birbəbir gəzdi. Qapıçıların və qarsonların qabalığına baxmayaraq təklifində israr etdi. Nəticədə bir qutu belə sata bilmədi.
Cadənin başındakı bələdiyyə meydançasına yetişdikdə özündə bir yorğunluq hiss etdi. Tərli köynəyi bədəninə yapışmışdı. Bir skamyanın üzərində oturdu və tühaf bir sükuta qərq oldu. Bu dəqiqələrdə fikrindən heç bir şey keçmirdi. Elə bil arzu və təmayülləri də yorulub susmuşdu.
Bir az dincəldikdən sonra bədəninə bir üşütmə gəldi, yaş köynəyi tamamilə soyumuşdu. Ayağa qalxdı, yavaş addımlarla bir az dolandı.
Bir də gözləri sol tərəfdə kiçik bir otel lövhəsinə sataşdı. İlk baxışda lövhə ona heç bir şey bəyan etmədi, sonra onu maraqlandırdı və vicdanını susdurmaq üçün ora “baş vurmağı” qət etdi.
Əyri pilləkənlərdən qaranlıq bir koridora daxil olduqda qapısı açıq böyük bir otaqda gurultular eşidildi, sərxoş səslər qulağına çarpdı. İrəli yeridikdə masanın kənarından uca boylu bir xanım qalxıb, koridora çıxdı. Nemət yorğun və sönük bir səslə dedi:
– Müşəmbə ləkələrini təmizləmədə “Unon” kirşanı dünyada birincilik qazanmış. Həm ucuz... həm...
– Almırıq, – deyə xanım Nemətin sözlərini kəsdi və soyuq çöhrə ilə bir az geri dönüb, tələbənin çıxıb getməsini gözlədi.
Nemət təklifində davam etmədə idi:
–...Qənaətə riayət edən, həm də ideal bir təmizlik verən...
Xanım təkrar çəmkirdi, almayacağını ən kəskin sözlərlə Nemətə bəyan etdi. Nemət usanmadı və sözlərinə davam edə-edə əyilib ziyafət otağına baxdı. Bu halda yuxarı başda oturan iri gövdəli bir adam onu içəri dəvət etdi və sərxoşlara məxsus bir laübaliliklə əlini Nemətin çiyninə qoyub, onu dinlədi. Nemət dünyada nə qədər müsbət ləfzlər var isə “Unon” mədhinə söylədi və qutuları otel sahibinin qarşısına düzdü.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-qazanc-yolunda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Birinci hissə“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*
İkinci hissə1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...
Başqa şairlərin şeirləri
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.