Səhifə 2 / 2 · 50%

Otel sahibi xoş bir sima ilə Neməti masaya dəvət etdi, dedi:

– Üç dənəsini alıram... indi de görüm, sən qafqazlımısan?

– Bəli.

– Mən qafqazlıları çox sevirəm, xəncəri aldımı, qarnı yırtdımı?!

Bu sözləri deyərkən otelçi barmağı ilə Nemətin qarnına vurdu, dedi:

– Qafqazlıların sağlığına içməliyik. Qonaqların hamısı qədəhləri qaldırdılar.


Nemət dar və batdaqlı bir küçə ilə evə dönərkən gözləri bir elana sataşdı: “Dava vəkili cənab Baxa xüsusi katib aranır”. Nemət darvazaya yapışdırılmış kağızın önündə bir az dayanıb, dalanla içəri girdi. Sağ tərəfdə alçaq və hisli bir qapını açdı. Arıq, uzun, qırx yaşlı bir qadın yırtıq bir qoltuqda yerləşib, corab toxuyurdu. Nemət salam verib cənab Baxı soruşdu. Qadın barmağı ilə sağ qapını işarə ilə göstərdi.

Nemət içəri ayaq basdıqda yarımişıq, fəna qoxulu bir otaq gördü. Sol tərəfdə on-on beş səbət sandıq üst-üstə qeyri-müntəzəm bir halda yığılmışdı. Qarşıda kirli bir yataq vardı, onun yanında yamaqlı solğun bir qoltuqda dava vəkili Bax cənabları əyləşmişdi. Falicdən əlinin biri hərəkətsiz bir halda bədəninə yapışan bu qoca sərt baxışlı, çirkin simalı bir adam idi. Kal səsi ilə Nemətə yer göstərdi. Nemət oturarkən sınıq kürsünü şıqqıldatdı. Yazı masasının üstündəki solmuş kitab və dəftərləri toz basmışdı. Hər yer ürəksıxıcı bir şəkildə idi. Cənab Bax cibindən bir dəstə açar çıxardıb, yanındakı kiçik qıza verdi, dedi:

– On üçüncü səbəti aç.

Çocuq səbətlərin üstündən kiçik bir səbət endirdi və qıfılını açmaqda çətinlik çəkdikdə cənab Baxın hiddətinə səbəb oldu: qocanın üzü qırışdı, gözlərindən zəhm yağmağa başladı.

– Qolu qırılmış qıfılı da aça bilmir, – dedi.

Qız bu sözlərdən özünü daha da itirdi; əlləri titrədi, rəng alıb, rəng verdi.

Axırda qıfıl açıldı. Qırağı getmiş bir çanta çıxdı. Cənab Bax bir əli ilə bunu açdı və içindən kiçik bir risalə çıxartdı:

– Bu, “Dalandarlar rəhbəri”dir, – dedi, – mən tərtib etmişəm.

Dalandarların vəzifəsini, qanunən nə növ hərəkət etmələrini təyin edən bir düsturdur. İndi bunun ikinci təbinə davam etməliyik. Sizin ilk işiniz şəhəri dolanıb bu risalə üçün elan toplamaqdır. Təbiidir ki, zəhmətinizə müqabil müəyyən faiz alacaqsınız. Anladınızmı?

– Anladım. Deməli, dükan, mağaza, şirkət və qeyri bu kimi müəssisələrin elanını bu risalədə dərc edəcəyik.

– Elə, ancaq elan yığmadan əvvəl pasportunuzu mənim yanımda qoymalısınız və toplayacağınız pulları hər axşam saat yeddidə mənə təhvil verəcəyinizə dair bir sənədə imza atmalısınız.

Nemət cənab Baxın şərtlərini qəbul etdi. Cənab Bax sənədi bir əli ilə gözünün qabağına apardı, diqqətlə oxudu və hiddətlə dedi:

– Hüquq nöqteyi-nəzərindən bu sənəd saxtadır. Saxta sənədin qanunən cəzasını bilirsinizmi?

Nemət şaşdı və sənədi geri alıb baxmaq istədikdə cənab Bax vermədi.

– Dursun! – dedi, – burada ay və il qoymalısan, imzanı aydın yazmalısan.

Nemət cənab Baxın təlimi üzrə təkrar yazdı, ayı və ili qeyd etdi və axırda qol çəkdi.

Cənab Bax kağızı təkrar gözlərinə yanaşdırdı, diqqətlə oxudu və sonra çeşməyin üstündən şübhə ilə Nemətə baxıb dedi:

– Kafidir.

Nemət “Dalandarlar rəhbəri”ni götürüb getdi.


Sabahdan axşama qədər şəhəri dolaşdısa da Nemət heç bir elan toplaya bilmədi. Yorğun və məyus bir halda evə dönüb yatdı. O biri gün yataqda ikən qapısı açıldı, dalandar içəri girdi:

– Ağa, sizi bir əfəndi aşağıda gözləyir, – dedi.

Nemət aşağı endikdə, bir də... cənab Baxın hiddətli gözlərinə rast gəldi. Cənab Bax Nemətin gözlərinə elə bir zəhmlə baxdı ki, tələbənin vücuduna titrətmə düşdü.

– Siz, – dedi, – sənəd verirsiniz də, ifa etmirsiniz. Bilirsinizmi qanunən bunun cəzası nədir? Ləin armyaşka, səni həbsə soxduraram da, onda məni tanıyarsan... murdar armyaşka!

Cənab Bax gözlərini Nemətə zilləməklə bir neçə dəqiqə ona əzab və qorxu təlqin edib, ayağını sürüyə-sürüyə getdi.


Hakim ərizəni gözdən keçirərkən cənab Baxın adına təsadüf etdi və o saat ərizəni masanın üzərinə qoyub, heyrətlə Nemətə baxdı:

– Cənab Baxa müqabil mənim heç bir qüvvətim yoxdur! – dedi.

– Çünki qanunda təhqirə qarşı göstərdiyiniz maddəni şərh edən başqa bir maddə var: bu da coşğun və əsəbi hallarda olunan hərəkətlərə dairdir.

Bu maddə mövcibincə cənab Bax məhkəmədə belə sizi təhqir edər, cəzalanmaz...

Nemət acıqlı bir halda dedi:

– O günü gəlib, məni dalandarın yanında rüsvay edib, bir gün sonra evinə gedib, pasportumu tələb etmişəm söyüb, qovub. Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm də “cənab Bax qanunun fövqindədir” deyirsiniz.

Hakim sakit bir halda Neməti dinlədi və axırda dedi:

– Əzizim, Bax haqqında hər həftə buraya ərizələr gəlir və hamısı da nəticəsiz qalır. Bildinizmi?

Bu adam xəstədir və hədsiz-hesabsız gənclərin pasportları onda yatır...

– Yaxşı, bəs mənə məsləhətiniz nədir?

– Polisə müraciət ediniz. Ayrı çarə yoxdur.

Nemət məyus bir halda məhkəməni tərk etdi.

O, hüquq fakültəsini intixab edərkən hüququn hər şeydən yüksək olduğunu və hər şeyə qələbə çaldığını təsəvvür edirdi. Məhkəməyə gəldiyi ilk təcrübə isə Nemətin indiyə qədər yanlış düşündüyünü göstərdi. Polisin qapısına gəlincə haqq və ədalətin olmaması Neməti məşğul etdi, artıq polisə də inanmamağa başladı. Odur ki, pristavın iri heykəli, uzun bığları və qüruru ona heç bir təsir bəxş etmədi.

– Nə iş üçün gəldiniz? – deyən pristava Nemət dərdini uzun-uzadı anlatdı. Lakin “cənab Bax” sözü pristavı da şaşırtdı, əllərini çırpdı, yerindən qalxdı.

– Baxa qarşı mənim heç bir qüvvətim yoxdur, – dedi. – O bir dalaşqan adamdır, onu hər kəs tanıyır. Arvadını qovmuş, uşaqlarını tərk etmiş, oturduğu otağa kirayə vermir. Bunu amirlərimiz də bilirlər, qubernatora da məlumdur.

– İndi bəs nə etməliyəm?

– Ən doğrusu, bir gün kefinin yaxşı vaxtı yanına gedin, pasportunuzu istəyin. Vəssəlam.

Nemət pristavı da məyus bir halda tərk etdi.

Bir axşam nə olur-olsun deyə Nemət cənab Baxı ziyarət etməyə qərar verdi. Bu addım ağır bir addım idi. Başqa da çarə yox idi. Getdi. Sönük və zəhmli darvazaya yaxınlaşdıqda orada “Dava vəkili cənab Baxa xüsusi katib aranır” deyə yeni bir elana təsadüf etdi. Düşündü. Ona bir ürək çırpıntısı gəldi. Sonra “nə olacaq olsun” dedi və cəld içəri girdi.

Cənab Bax şüşəsi hislənmiş, tozlu bir çırağın qarşısında oturub, çay içirdi. Kiçik qız pilətənin üstündəki çaydanı güdürdü. Otağın qoxulu havası yenə can sıxırdı.

Cənab Bax Nemətə yer göstərdi: kürsü yenə şıqqıldadı, sonra dərin bir sükut otağı bürüdü. Qız bir çatlaq stəkanda çay gətirdi; Nemət çayı alarkən gözü cənab Baxa sataşdı; üzü sakit idi, gözlərində tühaf bir hüzn var idi. Bir də xəfif bir təbəssüm üzünə yayıldı.

– Deyirlər, siz şairsiniz, eləmi? – dedi.

Nemət şair deyil idisə də, cənab Baxı razı etmək üçün başını tərpətdi. Bax sevindi.

– Mənim qızım da şer yazır, – deyə cibindən açar dəstəsini çıxartdı və qıza:

– Al, on yeddinci səbəti aç! – dedi.

Qız səbətdən bir kağız bağlısı çıxartdı, Baxa verdi, solmuş və tozlanmış bu bağlının içindən Bax bir qırmızı risalə ayırdı:

– Alınız, buradakı “Şehli qönçələr” adlı şeri oxuyunuz.

Nemət risaləni əlinə aldıqda sərlövhəsi diqqətini cəlb etdi: Olya Bax. “İlk təcrübələr” sözü onu bir az fikrə daldırdı. “Kim bilir, şair qəlbli Olya atasının üzündən nə faciələr keçirmiş” – deyə düşündü.

Bu anda cənab Bax kədərli gözlərini Nemətə dikmişdi.

Tələbə “Ey sübhün tərənnümü, ey şehli qönçələr” misrası ilə başlanan şeri oxudu və səsində göz yaşları titrər kimi oldu. Bax da kövrəldi, gözlərində parıldayan yaşlar kirpiklərindən süzülməyə başladı. Anlaşılmaz bir əzab üzünün cizgilərini daha da dərinləşdirdi.

Bu dəqiqələr cənab Bax Nemətin gözündə o qədər yüksəldi ki, onun bütün qəbahətləri silindi, əfv olundu. İndi artıq ona qarşı nifrət deyil, acınacaq hisslər duydu...

Cənab Bax risaləni geri aldı, diqqətlə büküb qıza verdi və dedi:

– Qoy yerinə, sonra on üçüncü səbəti aç.

Qız səbəti açarkən cənab Bax ciddi bir sima ilə Nemətə sual verdi:

– Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz verirsinizmi?

– Verirəm.

Bunu yazınız və altından qol çəkiniz. Dürüst yazınız, ay və il unudulmasın.

Nemət yazdı və sənədi imzaladı.

Cənab Bax kağızı gözlərinə yaxınlaşdırdı, diqqətlə oxudu, sətirlərən təkrar-təkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi:

– Bir də məndən pasportunuzu geri aldığınıza dair yazınız.

Nemət ikinci kağızı yazmağa başladı. Cənab Bax yenə göz gəzdirdi:

– Pasportun nömrəsi və hansı şəhər polisindən verildiyini unutmuşsunuz,

– dedi.

Nemət sənədi təzələdi. Cənab Bax kağızı təkrar gözlərinə yanaşdırdı. Tədqiq etdi və axırda çantasında gizlətdi. Nemət pasportu böyük bir sevinclə cibinə qoyub qalxdı.

– Salamat qalınız cənab Bax! – dedi.

Bax əlini Nemətə uzadarkən təkidlə soruşdu:

– Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz verirsinizmi?

– Verirəm.

Nemət cənab Baxın əlini tühaf bir vəcdlə sıxdı və ağır havalı otağı tərk etdi. Küçəyə çıxarkən dünyada ondan xoşbəxt bir adam olmadığını hiss etdi.

1927

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Altıncı şəkil

Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).

7 dəq
Yeddinci şəkil

Bəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*

8 dəq
Birinci hissə

“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*

2 saat 10 dəq
İkinci hissə

1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...

1 saat 45 dəq

Başqa şairlərin şeirləri