Birinci hissə
Səhifə 15 / 20 · 70%
Vaqif ehmalca:
– Qızxanım, mənim çuxamı ver! – dedi, səsi qırıldı.
Qızxanım da sərzənişli bir səslə:
– Çuxanı neynirsən, yenə haradı səfər? – dedi.
– İşim var. Mirzə Əliməmmədi görəcəyəm.
– Sənin elə həmişə işin var... Kefindən düşmürsən...
Vaqif işarəni anladı, pərtliyi bir qat daha artdı:
– Ay Qızxanım, – dedi, – sən tanrı, onsuz da pərişan qəlbimi bir də sən qarışdırma! Çuxa istədim, dava demədim ki. Sən duvaqqapmaya gedirsən, mən ki, bir şey demirəm; sən də mənim işlərimə qarışma.
Səndən xoş rəftardan başqa bir söz tələb etmirəm.
Qızxanım fırıldayıb yerindən qalxdı, taxçadakı ipək boxçanı açıb zoğalı çuxanı çıxartdı.
Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu gözlərdə odlu yaşlar parlayırdı.
Telliyə üç gün əvvəl toy olmuşdu, bu gün duvaqqapması idi.
Qızxanım gələndə Telli bacılıqları ilə gərdək dalında idi. Gərdəyin də bəri tərəfində qadın qonaqları oturmuşdular. Qızxanımı hörmətlə yuxarı başa keçirdilər. Oturdu. Üzündə hələ də bir pərişanlıq vardı.
Qonaqlar yavaş-yavaş gəlib yığıldılar. Məşşatə Tellinin anası ilə nə isə danışdı, sonra çıxdı. Bir az sonra əlində bir piy şam içəri girdi.
Şamı bir nəlbəkidə otağın ortasına qoydu, yandırdı, sonra üzərinə üzüqoylu bir teşt çevirdi. Teştin üstünə xalça salındı, döşəklər və püştələr qoyulub, gözəl bir taxt qayrıldı, üzərinə ipək süzəni salındı. Gəlini gərdəyin dalından çıxardılar, bir qoluna məşşatə, o birinə də Gülnaz girmişdi. Başına incə bir duvaq salınmışdı. Gətirib yenicə qayrılmış taxtın üstündə oturtdular. Məşşatə bir sini noğul gətirdi: “Oğullu, qızlı olsun!” – dedi və noğulu gəlinin başından tökdü. Qonaqların hamısı tökülüşüb, noğulları qarpışdılar37. Sonra gəlinin qohumlarından bir uşaq, əlində oxlov, irəliləyib, gəlinin duvağını oxlovla cəld qaldırdı və götürüb, otaqdan qaçdı. Bir dəstə uşaq duvağı izləyərək həyətə səpildi.
Duvağı aparıb barlı bir ağacın budağına atdılar. Bu adət Tellinin yeni ailə ocağı təşkil etdiyinə işarə və bu ailənin barlı – oğullu, qızlı və bərəkətli bir həyat keçirməsini diləmək demək idi...
Qızxanım cürləri ilə duvaqqapmada şirin söhbətə məşğul ikən, Vaqif də Mədinənin vüsalına qovuşurdu. Mədinə sərkərdələrdən birinin arvadı idi. Bu sərkərdə İbrahim xanın İran səfərində öldürülmüşdü, Mədinə isə ayrı bir ərə getmək istəməyib, dul oturmuşdu, xırda bir mülkünün gəliri ilə dolanırdı. Çocuğu olmadığı üçün bütün fikir-zikrini özünə vermişdi, həmişə səliqə ilə geyinər, xoş həyat keçirərdi.
Otuz-otuz beş yaşına baxmayaraq, daim gənc və nəşəli idi. Onun mehribanlığı, zarafatı, qonaqsevərliyi, hazırcavablığı Vaqifi məftun edərdi. Siması da şair qəlbini məst edəcək qədər gözəl idi. Dolğun, qırmızı dodaqları, sədəf dişləri, qısa və düz qaşları, qonur, müdrik gözləri, ağ, bədirlənmiş üzü olduqca xoş və cazibəli idi. Bunların hamısına da sözlə ifadə olunmaz bir duzluluq və yaxışaqlıq əlavə olunarsa, Vaqifin uğrun vüsallarının mənası aydın olar.
Mədinə həmişəki kimi Vaqifi Topxanaya baxan bəzəkli pəncərənin içində oturtdu. Vaqif gülərüzlü Mədinəyə həsrətlə baxaraq: Yenə məni yanar-yanar odlara
Dağılmış ayrılıq saldı, sevdiyim... – dedi, gözlərindən od parladı. Pəncərənin Mədinəyə tərəf açıq tayından sarı-yaşıla, qırmızıya bürünmüş Topxana meşəsinə baxdı.
Mavi pəlməyə dalmış meşə tüstü arasından alovlanan kimi görünürdü.
Nəşəli bir kədər Vaqifin üzünə yayılmağa başladı: – Mədinə, – dedi, – bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır, hər şey sönür və sönərək təbiətinin parlaq bir təzahürünü nümayiş etdirir, son dəfə bütün aləmə göstərir. İnsan təbiətinin də son təzahürü sevgidir... Gəl, gözəlim, dəm qənimətəst!†
Vaqifin şirin söhbətlərindən həzz alan Mədinə qıvrım tellər arasında cilvələnən ağ gərdənini bir az çiyninə tərəf meylləndirib, dinləyir, bal dodaqlarına yaxılmış qaymaq təbəssümü ilə şairə ilham verirdi:
– Nə üçün son təzahürü? – deyə xoş bir əda ilə soruşdu.
Vaqif özünü itirdi. Meşədən ayrılıb, Mədinəni süzməyə başladı.
Kaşan məxmərindən yapılma püştəyə qürurla söykənmiş Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, kirpiklərinin ucları ilə onun qəlbini hər an, hər dəqiqə yaralayırdı.
– Mədinə, – dedi və gülümsədi, – son təzahür daha coşqun, daha atəşin olur. Zənn etmə ki, gəncliyin təravətini unutmuşam. Yox!
Gəncliklə bahar unudulmaz! Lakin İnsan təbiətinin son təzahürü payız kimi barlı, idraklı və eyni zamanda da kədərlidir. Bu rəngin, dəbdəbənin arxası ağ saçlı qışdır, amansız əcəldir...
Mədinə qəhqəhə çəkərək şairin sözlərini kəsdi:
– Amandır, nəhs danışma!, – dedi, – sən burda, Mədinə burda, ömür burda!..
Vaqif yenə coşdu, lakin yenə Mədinənin sözlərinin qarşısında çaşıb qaldı. Söz arar kimi ətrafa baxındı. Mədinə isə xırda, şümşad əllərini bir-birinə vuraraq qəhqəhə çəkirdi.
Vaqif də gülümsəyib dedi:
– Söz ki, var, deyir, bülbül kimi bir candır; ürküdərsən ötməz.
Mədinə darğın bir səslə:
– Mən, – dedi, – nəyəm ki, sənin nitq bülbülün məndən ürkür?
– Sən şıltaq bir pərisən, şair baxçasını dolaşar, ahəngini pozarsan.
– Yalnız pozarammı?
Vaqif Mədinənin ədasından həzz alaraq:
– Yox, – dedi, – sən o bağçaya arabir pərişan ahəng, şəkərli bir kədər də gətirərsən. Şairə də bu lazımdır: sızıltılı bir ney, qan saçan bir qəlb, səmalarda dolaşan bir sevgi pərisi...
– Bu səni bəxtiyar edirmi?
– Bəxtiyarlıq nə deməkdir? – Xoş bir dəqiqə, təmənnasız bir təbəssüm, yeniyetmə bir gəncin eşq duyğusu.
Mədinə heyrətlə Vaqifi dinləyir, lakin xoşnudsuzluq göstərirdi:
– Şair, – dedi, – bu söylədiklərin həqiqətə bənzəməyir: xanlığın müşaviri, dövlətin rüknü olan bir adamdan bu sözləri eşitmək...
Vaqif ciddi bir sima ilə onun sözlərini kəsdi:
– Mədinə, – dedi, – dövlət işləri cəmisi bir vəzifədir. Qəlb isə bunlardan kənar bir aləmdir. Onun da özünün tələbləri var: sevgisi var – adi sevgi deyil; şöhrəti var – adi şöhrət deyil; zövqi var və bu zövq də onun mahiyyətini təşkil edir.
Mədinə yenə ima ilə gülümsədi:
– Vəzifə kimin üçündür, qəlb kimindir?
– Vəzifə dövlətin, ailənin, arvadın, uşağın, qəlb isə yarındır.
Mədinə məmnun bir təbəssümlə gülümsəyib, zarafatla dedi:
– Kişilərə inanılırmı? Qəlbləri bir şərbət piyaləsi kimi əl-əl gəzir, heç kəs də doyunca içməyir.
Vaqif cəzb olmuş kimi:
– Mədinə, doyunca nə deməkdir? – dedi. – Hər şey doyumluq olsa, zövq olurmu, həsrət olurmu, şeir olurmu?
Mədinə yenə qəhqəhə çəkdi:
– Şair, – dedi, – kənddən mənə alma, armud göndərmişdilər: sənin payını saxlamışam. Belə görürəm ki, bunların heç biri sənə lazım deyil: doyarsan, həsrətin, zövqün ölər.
Mədinənin zarafatı Vaqifin çox xoşuna gəldi, uğunub getdi:
– Yox, çərəzdən keçmək olmaz? – dedi və qalxıb otaqdan çıxan
Mədinənin arxasınca sirli bir baxışla baxdı.
Al yaşıla bürünmüş Mədinə əlvan xalılar, pərdələr, rəflərdəki alabəzək qablar arasında sabah yelindən titrəyən çöl laləsini andırırdı.
19
Vaqifin İbrahim xanla məşvərət zamanı dediyi sözlər doğrulmaqda idi. Kərim xan Zəndin ölümündən sonra İranın hər tərəfindən dikələn xanlar taxt-səltənət üstə qan tökməyə başlamışdılar. Bunların içində ən qüvvətliləri Cəlayir türklərinə mənsub Qacar xanları idi.
Qacarlar bütün türk ellərində sərkərdələri Qacar xanın adı ilə şöhrətlənib, əsrlərdən bəri Gəncə və Irəvan xanlıqları torpağında yaşardılar.
Birinci şah Abbas Gəncə civarından otuz min Qacar ailəsi götürüb, Astrabad və Xorasana köçmüşdü. Bu Qacarların sərkərdələri ötədən bəri Iran səltənətinə bir neçə dəfə əl atmışdı, lakin müvəffəq olmamışdılar.
Hələ Nadir öləndən sonra Məmmədhəsən xan Qacar uzun zaman Kərim xan Zənd ilə vuruşmuş, məqsədinə çatmadan ölmüşdü.
Kiçik ikən Adil şah Əfşar tərəfindən axtalanmış Ağa Məmməd də onun oğlu idi; qardaşı Hüseynqulu xanla bərabər Kərim xan tərəfindən zaval olaraq Şiraza aparılmışdı. Kərim xan Zənd ölər-ölməz Ağa Məmməd xan Şirazdan qaçıb Astrabad, Mazandaran və Gilanı əldə edib, baş qaldırmış başqa xanlarla mübarizəyə başladı. Ağa Məmmədin Astrabada gəlməsi Yekaterinanın xoşuna getmədi, çünki Yekaterina birinci Petronun vəsiyyətinə əməl edərək Astrabad körfəzindəki Əşrəf kəndində liman tikdirib, Hind-Avropa ticarətinin istiqamətini Şimala çevirmək istəyirdi, salınmamış şəhərin adını da əvvəldən Melissopol38qoymuşdu. Ağa Məmməd xan Rusiya ilə anlaşmaq məqsədi ilə Peterburqa səfir belə göndərdi. Lakin rusların Astrabad iddiasını rədd etdiyi üçün, səfiri qəbul olunmadı. Rusiya iddiasında davam edirdi:
Murtuzaqulu xanı Gilan xanı Hidayətə kömək verib, Ağaməmməd xana qarşı sövq edirdi. Həhayət, Rusiya tələbini yerinə yetirmək məqsədilə qraf Voynoviçin komandanlığında Astarbad körfəzinə bir donanma göndərdi.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Başqa şairlərin şeirləri
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,