Səhifə 2 / 20 · 5%

Atlılar hələ dolamaları enməmiş Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. Beş-altı evlik erməni kəndinin içindən keçib, daş körpünün üstünə çıxdılar. Qarşıda sağ tərəfdə göylərə yüksəlmiş çılpaq qayanın başına günəş zəfəran rəngi çəkmişdi.

Sol tərəfdəki qayanın arxasında meşə incə cizgilərlə yüksəlirdi.

Uzaqlarda ağ çalmalı Kirs dağı əzəmətlə yuxuya qalmışdı.

Atlılar körpüyə çatar-çatmaz hamı atdan endi, yavaş-yavaş sol tərəfdəki Qotursuya yanaşmağa başladılar. Qayanı yarmış Qotursu üçdörd metrlik bir hündürlükdən əlvan boyalı çınqılların içinə tökülür, gümüş zəncir kimi qıvrılaraq axıb gedirdi. Kiçikbəyim suyun kənarına gəldi: “Ağırlığım, uğurluğum tökülsün!” – deyə bir neçə dəfə suyun üstündən o yan-bu yana atladı. Sonra yosunlu qayaya söykənmiş Məmməd bəyə yönələrək:

– İgid, bəs sən niyə durmusan? – deyə ərklə onun çuxasının qolundan dartdı. Məmməd bəy töyşüyərək körpüdən dik enən Şahnisə xanıma işarə edərək yerindən tərpənmədi: əvvəl yaşlılar, sonra cavanlar atlanmalı idi. Qollarından kəniz və qaravaşlar yapışmış xanım gəlib Qotursuyun yanındakı tut bağının hasarının üstündə oturdu.

– Ağgünlü olmuş, – dedi, – məni bu yaşımda gör gətirib haralara çıxarırsan; lap canım ağzımdan çıxır.

– Ay ana, evdə oturub lətlənməkdənsə bu yaxşıdır: Palaza bürün, el ilə sürün: bir azdan sonra şəhərin bütün qız-gəlinləri, ahıl- cahılları burada olacaq.

Şahnisə xanım qızının qarayanızı çöhrəsində dolaşan fərəh və nəşəni fəxr ilə seyr edərək:

– Bəxtəvər başına! – deyə gülümsədi və nökərlərə:

– Ay uşaq, cəld bir ocaq qayırın, bir qəhvə içək, – dedi.

Nökərlər hasarı keçib, bağın aşağı tərəfində ocaq tədarükünə düşdülər; kənizlər tut ağacının altında süfrə salmağa başladılar.

Şahnisə xanım bir az dincəlib durdu, bulaq başında əl-üzünü yudu və: “Ağırlığım, uğurluğum tökülsün! “ – deyə axar su üzərindən Kiçikbəyimin köməkliyilə atlandı. Kiçikbəyim Məmməd bəyin qolundan tutub, onu da suyun yanına gətirdi, qəhqəhə çəkib onu itələdi, sudan atlatdı. Zarafatlar başladı, bir-birini suya doğru itələyib, əylənirdilər.

Nəhayət, Kiçikbəyimin məxmər başmağı suya düşdü. Məmməd bəy suyu süzələnən başmağı yuxarı qaldırdı və istehza ilə:

– Ay bəyim, ha istəyirsən oğlan olasan, ola bilmirsən. Oğlan olmaq sənin hünərin deyil, – dedi.

Kiçikbəyim ağlamsınaraq, başmağı onun əlindən alıb hasarın üstündə oturdu.

Tut ağacının altında zərif kaşan xalçaları salınmış, məxmər döşəkçələr, ipək püştələr5, mütəkkələr düzülmüşdü. Qaravaşlar əlləri döşlərində səf çəkib, xanımları gözləyirdilər. Şahnisə xanım isə suyun kənarında oturub çilləsini kəsdirirdi. Kiçikbəyim üçün Gülablı kəndindən gətirilmiş və o zamandan bəri sarayda qalmış dayə, xanımın qarşısında çömbəlib, onun baş barmaqlarını ağ ipliklə çatdı, sonra dedi:

– Həzrəti Süleyman eşqinə, cin qızı Mərcan hökmünə, bəni adəmdən, bəni heyvandan, cindən, şeytandan, axar sudan, köklü ağacdan, dibli qayadan, yeddi yolun ayrıcından... hər kəsin çilləsinə düşübsən, çilləni kəsdim!

Bu sözlərdən sonra qayçı ilə ipliyi kəsdi. Əlavə olaraq xanımın barmaqlarını iki dəfə də çatdı, eyni sözləri oxuyub kəsdi və sonra kəsilmiş iplikləri bir əli ilə qaldırıb xanımın başının üstündə tutdu və o biri əli ilə bürüncdən qayrılmış, üzərində dualar həkk olunmuş “qırx açar camı” ilə bulaqdan bir az su götürüb iplik qırıntılarının üstündən axıtdı. Su xanımın başından aşağı süzələnərək onu bütün dərdlərini yuyub apardı. Dayə Kiçikbəyimin də çilləsini kəsdi, ona xoşbəxtlik dilədi, sonra südü ilə bəsləmiş olduğu bəyimin incə əllərini dodaqlarına basıb öpdükdə gözləri yaşardı...

Günəşin zəfəranı işığı yavaş-yavaş qayanın yuxarılarından aşağa enir və endikcə də əvvəlki rəngini itirirdi. Indi çayın və çaydan dəyirmanlara ayrılan arxların kənarları əlvan geyimli qız-gəlinlərlə dolmuşdu.

Xalq köhnə ildən qalma dərd və qəmlərini suya tökərək, axar su üstündən atlanır, çilləsini kəsdirirdi. Gülüşlər, seyhələr dağlara düşərək əks-səda doğururdu.

2

Pəncərənin xırda, rəngbərəng şüşələrindən içəri düşən şüalar yerə döşənmiş xalıların boyalarına ayrıca bir süs vermişdi. Bəzi naxışlar alovlanan kimi olaraq yaldızlı6qəzəhlərlə7pəncərəyə doğru uçuşurdu.

Pəncərənin içində ipək döşək üstə uzun papaq, zoğalı çuxa, yaşıl şalvar geymiş, şal qurşaqlı bir kişi oturub, bir qanadı qaldırılmış pəncərədən uzaq mənzərəni – Dabtələbi, başı qarlı Murov dağını seyr edirdi.

Onun qara boyalı bığlarının ətrafındakı dərin cizgilər gah füsunkar mənzərə qarşısında xəfiflənir, gah da dərinləşərək ağır qayğılar ifadə edirdi. Bu, xanın vəziri və dövlətin müşaviri Molla Pənah Vaqif idi. O qarşısındakı mina güldan içindəki novruzgülü və bənövşələri götürüb qoxladı və güldanı huşsuz bir halda pəncərə taxtasının üstünə qoydu.

Bu əsnada qələmkar pərdəli qapı açıldı. Vaqifin oğlu Qasım ağa içəri girdi. Bığ yeri yeni tərləyən bu gənc naxışlı corabları ilə xalının üzəri ilə səssizcə yürüyərək atasına yanaşdı və dizi üstə çöküb əlini öpdü:

– Ağa, bayramın mübarək olsun! – dedi və sevinclə atasının üzünə baxa qaldı.

– Səninkilə bərabər, oğul! Neçə belə-belə bayramlar görəsən!

Böyük oğlan olasan!

Ortalığa dərin bir sükut çökdü. Nə ata bir söz söylədi, nə oğul. Vaqif üzünü yenə Murov dağına tərəf çevirib əqiq üzüklü barmaqları ilə pəncərənin taxtasını çalaraq nədənsə Qasım ağanın anasının vaxtsız sönməsini yanıqlı xatırladı. Yenə üzünün cizgiləri dərinləşdi və gözündən bir damla yaş qopub yanağı aşağı yuvarlandı. Sanki əvvəl onun özü bunun fərqinə varmadı, mənzərəyə dalıb qaldı. Lakin bir az sonra üzünü yenə oğluna çevirdikdə onun nəşəli üzünə kədər kölgəsi çök-

düyünü duyub, ayılan kimi oldu. Əlini atıb döşəkçənin altından iri güllü bir dəsmal çıxarıb gözünü sildi:

– Bayramdır, get gəz! – deyə oğlunun getməsinə izin verdi. Qasım ağa qalxıb qapıya çatmamış qələmkar pərdə qaldırıldı, içəri orta boylu, dolğun vücudlu gözəl bir qadın girdi. Kəlağayının altından çıxmış qara tellərin ucları ağ buxaqda ilan kimi qıvrılmışdı. Darayı köynəkdən baş vermiş döşləri nümayişkar bir vəziyyət almışdı. Zərbaft nimtənənin düymələri sezilməz bir sarsıntı içində idi – qadının dərin bir iztirab keçirdiyi duyulurdu.

Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı, ona qarşı bəslədiyi və bəzən tərəddüd dolanbaclarına dalan eşqi yenidən canlandı.

Şux və ehtiraslı bir təbəssümlə:

– Qızxanım, bayramın mübarək olsun! – dedi və onu oynaq baxışılə başdanayağa oxşadı.

Qızxanımın bayram fərəhi ifadə edən çöhrəsi sanki ərinin iltifatından ürkərək dəyişildi. Sərzənişli bir cizgi onun incə dodaqlarına bir ikrah cilası verdi. Vaqif bütün incəliklərinə qədər bələd olduğu bu çöhrədəki dəyişikliyi sezdi. Qorxduğu olmuşdu: onun bayram nəşəsinə artıq zəhər qarışmışdı. Qəlbi kədər dalğasına atılaraq bütün vücudunu sarsıtdı. Qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə, güldana toxunub saldı. Güldan sındı. Qızxanım bu mina güldanın sınmasından mütəəssir olaraq öz-özünə düşündü: “Qəlb ki, var, o da bu güldan kimi bir şeydir: sındımı bir daha düzəlməz”.

Bu əsnada içəri qoca bir nökər girdi:

– Ağa, Mirzə Əliməmməd ağa təşrif gətiribdir, – dedi:

– Buyursun! Buyursun!

İndiyə qədər ayaq üstə qalan Qızxanım cəld çönüb ikinci qapıdan çıxdı. Nökər də artırma qapısını açıb:

– Buyurun! – deyə divara qısılaraq qonağa yol göstərdi. Mirzə Əliməmməd içəri girdi. Bu – uca boylu, saqqalının bəzi yerlərinə dən düşmüş, qara qaşlı, qara gözlü bir kişi idi. Hər bir hərəkəti cəld idi.

Əlini cəld döşünə qoyub, salam verdi və eyni cəldliklə də yürüyüb yerindən qalxmaq istəyən Vaqifin yanına gəldi, dizi üstə çökdü:

– Məni xəcil və şərmsar etmə! – dedi və Vaqifin iki əlini də ovuclarının içinə alıb bərk-bərk sıxdı: – Eydi-şərifiniz mübarək olsun, inşallah!

Neçə belə bayramlar görək, kefimiz kök, damağımız çağ olsun!

– Səninlə belə!.. Xəcil niyə olursan? Məsələ rütbədə deyil, övladi – peyğəmbərə hörmət etmək hər bir müsəlmana borcdur... Burada nə üçün oturdun? Dur ağzımızı şirin eləyək.

İkisi də qalxıb kallayının yuxarı başındakı bayram süfrəsinin qırağında döşəkçə üstündə əyləşdilər. Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda noğul, qəzəngülü, zilbiyə, paxlava, şəkərçörəyi, qorabiya, açıq narınc rəngli Mazandaran nabatı və quru yemişlər qoyulmuşdu.

Süfrənin ortasına bir neçə boşqab səməni otu düzülmüşdü.

Kənarlarındakı lacivərdi mətrəblərdə8də şərbət vardı.

Vaqif əlini noğula uzadıb, özünəməxsus zarafatyana təbəssümlə:

– Seyyida, cəddinə yesir olum, ağzını şirin elə! “Bərgi səbzist təhfeyi dərviş9...” – dedi.

Mirzə Əliməmməd üstünə mixək sancılmış bir qorabiya götürüb kəsdi, bir parçasını ağzına qoydu:

– Sənin kimi dərviş olmağa hər kəs xahişmənddir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 dəq
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 dəq
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 dəq
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq

Başqa şairlərin şeirləri