Birinci hissə
Səhifə 5 / 20 · 20%
Gözüm düşdü ətinə,
Dua yazdım itinə,
Bu sirri kim açsa,
Bu çobanın...
Abı və cod bir kağızda yazılmış bu “duanı” Vaqif qatlayıb çobana verir, deyir:
– Əskiyə tik, bir göz muncuğu ilə bərabər as itin boynundan. Çoban gedir. Günlərin bir günü İbrahim xan ova çıxmış imiş. Ovda yorulub bir obada düşərgə salır. Bir ağacın kölgəsində yemək yeyərkən ətrafa toplaşan itlərdən birinin boynundakı duanın fərqinə varır. Kəndlinin belə xilafşər20iş tutduğuna heyrət edərək, duanı itin boynundan açdırıb oxuyur.
Xan bir tərəfdən qəzəbə gəlir, o biri tərəfdən də için-için gülür. Şəhərə gələr-gəlməz eşik ağası Şahməmmədi hüzuruna çağırıb, dua yazanı tapmasını əmr edir. Şahməmməd çobanı Qalaya gətirdir, çoban da Vaqifi ələ verir. Xan divan otağına gəlir, qırmızı geymiş cəlladlar düzülür, Vaqifi gətirirlər.
İbrahim xanın qızı Sənəm xanım şeir maraqlısı olduğundan Vaqifin hər bir şerini bayazına köçürürmüş. İndiyə qədər görmədiyi bu şairin gətirildiyini eşidər-eşitməz gəlib divanxana pəncərəsinin arxasından ona tamaşa edir. Arıq, lakin sağlam çöhrəli, qara xətli, parlaq və cəsur gözlü bir oğlanın divan qabağında qürurla durduğunu görür. Qara çuxalı, butalı çitdən arxalıq geymiş bu gənc sağ əlini qurşağına salıb mətin bir səslə xanın suallarına cavab verirdi. İndiyə qədər yalnız şeirlərinə məftun olan Sənəm xanım bu dəfə şairin özünə: zəkasına, hazırcavablığına, xoş simasına və məzəli danışığına da məftun olur.
Vaqif xanın qəzəbli sözlərini dinlədikdən sonra xoş bir səslə başladı:
Yüz iyirmi dörd min peyğəmbər keçdi,
Dünyadan kim getdi dərdi-vərəmsiz,
Hanı Nuşirəvan, təxti Süleyman?
Dövran belə keçdi, Cəmşidi, sənsiz.
Çox güvənmə qızılım var, pulum var,
Puç dünyada ulusum var, elim var.
Heç demirsən, ayrılıq var, ölüm var.
Neçə min söhbətlər qılıblar sənsiz,
Mətlubum istərəm şahi-heydərdən,
Sahibi-Zülfüqar, şahi-Qənbərdən,
Biçarə Vaqifi salma nəzərdən,
Qul xətasız olmaz, ağa kərəmsiz!
Diqqətlə şeri dinləyən Sənəm xanım həyəcanla gah şairə, gah da atasının üzünə baxırdı: xanın qəzəbli yavaş-yavaş açılışır, nəhayət, həlimləşməyə başladı. Sənəm xanımın da iztirabları kəskinliyini itirib onu ağır bir qayğıdan qurtardı. Dərin bir sükutdan sonra, xan əli ilə işarə etdi, Vaqifi buraxdılar. Vaqif azad oldu, lakin... Sənəm xanımın qəlbini əsir edib apardı. Artıq bu qəlb gecə-gündüz Vaqifin ətrafında çırpınırdı. Xan qızı bütün günü sarayın küləfirəngisinə çəkilir, pəncərədə oturub, saraydan məscidə gedən düz küçəni, rastabazarı, qərb tərəfdə itib-batmış Saatlı məhəlləsini seyr edir, Vaqifin hər bir misrasından doğan atəşi göz yaşları ilə söndürməyə çalışırdı...
Bir gün Vaqif çubuqdan hörülüb, üzərinə suvaq çəkilmiş daxmasının güllüçiçəkli baxçasında dolaşarkən, tikan çəpərin arxasından keçən başı xonçalı bir uşaq ondan soruşdu:
– Əmican, molla Pənah Vaqifin evi hansıdır?
Vaqif heyrətlə çəpərə yanaşdı:
– Buradır, necə? – dedi.
Uşaq gülümsədi, bir söz deməyərək, qapını açıb həyətə girdi.
Uşaq xonçanı verib, məsələni yavaşca anlatdı. Vaqifin qoca anası sevinə-sevinə xonçanı otağa apardı, oğlunu da oraya çağırıb dedi:
– Ay oğul, xan qızı Sənəm xanım sənə sovqat göndərib.
Vaqif gümüş nimçənin ipək örtüyünü qaldırdı: qızıl nəlbəkidə bir cüt qırmızı şaftalı göndərilmişdi.
Şairin sevinci evlə bir oldu. Anası da həm sevinir, həm nisgillənirdi:
– Ay oğul, – deyirdi, – xan qızından xəcalət olacayıq: xonça boş qaytarılmaz, nə göndərək ki, ona layiq olsun... – qadını fikir götürdü: – çoxdan bir cüt corab toxumuşam, yoxsa onu qoyaq?
Vaqif də düşüncəyə dalmışdı. O da çıxılmaz bir vəziyyətdə idi.
Qarı yenə təkliflərində davam edirdi:
– Bir daraq qabı tikmişəm, şaldandır... Sandıqda bir ətrim də var, rəhmətlik atan Şirazdan gətirmişdi... Bir dabandaşımız da var, üstü də gümüşdür... öz cehizimdir, rəhmətlik baban Təbrizdən göndərmişdi...
Gümanım gələn bunlardır...
Vaqif bir söz deməyərək, otaqdan çıxdı. Armud ağacının altında bir palaz və üstündən də bir döşəkçə salınmışdı. Vaqif boş vaxtlarını burada oturub şeir yazardı. Qələmdanı və kağızı da həmişə döşəkçənin altında olardı. Cəld gəlib oturdu, hazırlandı və bir dizini qaldırıb kağızı üstünə qoydu. Qamış qələm davatın lığasına dəyib, mavi kağızın üzərinə çəpəki misralar tökürdü. Şeir hazır idi. Büküb şaftalı nəlbəkisinə qoydu və uşağı yola saldı.
Sənəm xanım uşağın gəlməsini səbirsizliklə gözləyirdi, nəhayət uşaq qayıtdı və Vaqifin məktub yazıb, nəlbəkiyə qoyduğunu xan qızına söylədi. Sənəm xanım cəld xonçanı açdı, nəlbəkini çıxardı, örtüyü çırpdı – şairin məktubu yox idi. Xanım hirsləndi, nökəri söyüb geri göndərdi: “Get tap” – dedi. Hər yer arandı, yola, saray həyətinə baxıldı-məktub tapılmadı. Bu əsnada pişxidmətlərdən biri məktubu pilləkəndən tapıb xana vermiş, xan da qəzəblə oxuyurdu:
Çox-çox əcəb qılıb Xosrovu şahım,
Bir cüt bizə ləbi – şirin göndərmiş,
Gözəllər bağında meyvə bəslənib,
Onun bizə xoş nübarın göndərmiş.
Məndən salam olsun, yetir Yəmənə,
Sinəsi büllurə sədr cəhanə,
Sanasan xoş gəldi nə qədər mənə;
Yer üzünün simu-zərin göndərmiş.
Yarəb ola o cananə kim demiş:
Filanı xəstədir, meyvə diləmiş.
O ki, bizə yemiş ənam eyləmiş,
Vaqif ona peşkəş sərin23göndərmiş.
Xan “Vaqif” sözünə rast gələr-gəlməz hirsindən titrəməyə başladı, əlini atıb, bığlarını ağzına saldı, çeynədi. Bu yaxşı əlamət deyildi.
Belə hallarda mütləq qan tökülməli idi. Xanın böyük arvadı Bikə ağa bunu görüb him elədi, xanın başqa arvadları və uşaqlar otağı tərk etdi. Bikə ağa ərinin qəzəblə cırıb yerə tökdüyü kağız parçalarını ehmalca götürdü, düzüşdürüb oxudu. Zahirən acıqlı bir çöhrə takındısa da, həqiqətdə çox sevindi. Çünki Sənəm yetişmişdi, istəyəni də yox idi.
Evdə qalması da yetişməkdə olan başqa qızlara mane olurdu. Yaxşı təklif olsaydı ilk əvvəl ərə verilmək haqqı onun idi, çünki o zamanlar:
“Filankəs filan xanla qohum olmaq istəyir”, – deyə elçi göndərilər və qız deyil, xan nəzərdə tutulardı. Xan da saraya mənsub qızların ən böyüyünü təklif edərdi. Bikə xanım bir yetişmiş qız anası olaraq bu adət və qaydanı nəzərdə tutaraq xanın qəzəbini soyutmağa və qəlbinə yol axtarmağa çalışdı. Sovqat göndərib, məktub almağın qəbihliyini qeyd edib cavanların “beyni qan” olduğunu da ehmalca söylədi və sonra yavaş səslə:
– Atalar demişkən: Qızı özbaşına qoysan, zurnaçıya da ərə gedər, – dedi və tərəddüddən sonra: – Ancaq bu Vaqif deyilən görünür, ağlı başında cavandır. Özü də savadlıdır. Xətti də yaxşıdır... Bişkindir...
Xan bir az sakitləşdi:
– Xətti başına dəysin! Xətti var deyibən adam başından böyük qələt elər?
Xanım bu dəfə daha cürətləndi:
– Xan, niyə heylə deyirsən? Elmi olandan sonra sənə də lazım olar. Yaxşı mirzə azmı lazımdır... Bir də ki, qız ağacı – qoz ağacı, hər yetən bir daş atar. Yazıb-yazıb, uzaqdan ha yazsın, yel qayadan nə aparar? Cavanlardan ağıl umularmı? Onların bu saat odlu çağlarıdır...
Xan dərin bir düşüncəyə dalmışdı. Yeddi-səkkiz arvadının içində ən çox hörmət etdiyi Bikə xanımın sözləri deyəsən onun ağlına batırdı.
Bikə xanım gözlərini onun üzündən çəkməyərək, yavaş-yavaş mülahizələrini ərinin fikrinə yeridirdi:
– Yəni bu tanıdığımız xanların hamısının dədə-babası xan olmuşdu?
Nadir şah çobanın biri deyildimi? Çingiz övladı var ki, əsir olur, zaval gedir, nökər var ki, igidlik göstərib, ağasının taxtında oturur... Başda ağıl olsun, ortalığa çıxmağa ləyaqət olsun, yerdə qalanı düzələr...
Xan arvadının sözlərini kəsib, aciz bir səslə soruşdu:
– Yəni deyirsən Sənəmi Vaqifə verək?
Bikə xanım əsl fikrini gizləyərək:
– Məsləhət özüyündür, – dedi: – ancaq ona bir mirzəlik versən, bir kağız yazdırsan, yəni kimdən geri qalar ki?..
Xan arvadının sözlərinin haqlı olduğunu anladı, lakin qəti bir cavab verməyib, yenə fikrə getdi. Vaqifin divanxanadakı cavablarını xatırladı, onun xoşrəftar, mülayim, yerində güzəştə getməsini yad edib, Vaqifə qarşı kin deyil, bir maraq bəsləməyə başladı. Nəhayət, hələ məsələni gizli saxlayaraq, Vaqifi çağırdıb, onu özünə mirzə təyin etdi.
Az bir zamanda Vaqif dövlət işlərində böyük məharət göstərib, bütün sarayda hörmət qazandı və xanın ən yaxın bir dostu oldu. Bu əsnada Sənəm xanım qızlar otağında deyib-gülərkən birdən-birə ürək ağrısına tutularaq, bir neçə dəqiqənin içində uzanıb vəfat etdi. Vaqifin coşqun eşqilə qovuşa bilmədisə də, eşqilə ona yeni bir həyat qapısı açdı.
Vaqifin daim üsyan edib çırpınan qəlbi yaralı qaldı.
6
Qayda üzrə cıdırdan sonra bayram bitər və saraydan dövlət adamlarına, sərkərdələrə və başqa mötəbər zatlara xələt-barat gedərdi. İbrahim xandan başqa vəlihədi Məmmədhəsən ağa da bəzi adamlara peşkəşlər göndərərdi, o cümlədən Vaqtf də təltif olunardı.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Başqa şairlərin şeirləri
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,