İkinci hissə
Səhifə 10 / 17 · 53%
Gülnaz gülərək yerindən cəld qalxdı, iplərin boyalarına bulaşmış barmaqları ilə artırmaya atılmış dolulardan götürdü, dişləyib, atmağa başladı.
Dolu şiddətlə tökür, ağacların yarpaqlarını, çağala meyvələrini vurub, yerə salırdı.
Tellinin anası tez-tez kəlmeyi-şəhadət deyib, təsbeh çəkir və deyirdi:
– Tanrının qüdrətinə şükür, ağaclarda meyvə qalmadı, görəsən yenə harda nahaq qan olur ki, bəlasını çəkirik.
Göy bir də şaqqıldadı, arxasınca eşidilən qurultu dalğalanaraq uzaqlaşdı. Buludlar seyrəkləşib yayılır, günəşin xoş təbəssümü yenə aləmə zərlər səpməyə başladı. Telli ilə Gülnaz hananı buraxıb həyətə çıxdılar: ağacların altında dolu təll atılmışdı. Didik-didik olmuş yarpaqlar və firuzə rəngli alçalar yerə səpilmişdi. Qızlar əyilib, alçaları yığarkən darvaza açılıb, Səfər içəri girdi. Üzündə həyəcan izləri vardı:
– Telli, – dedi, – mən gedirəm. Al açarı evdən muğayat ol!
Telli onun ansızın səfərlərinə alışıq da olsa, yenə hər dəfə dərdlənir və qorxuya düşürdü. O indi yalnız:
– Hara? – deyə bildi və üz döndərib darvazaya tərəf gedən Səfərin arxasınca qoşdu.
Səfər həyətdən çıxıb, qapıya bağladığı atının belinə sıçradı, son sözü isə bu oldu:
– Quba xanı ilə Şəki xanı çoxlu qoşunla Kürü keçibdir...
Səfərin atı nallarından palçıq qopararaq çapıb getdi. Telli də gözlərinin yaşlarını əlinin dalı ilə silə-silə evə döndü. Kazım işdən xəbər tutub, qonşudakı karxanasından çıxıb gəldi. Bütün ailə Tellinin başına toplandı. Telli üzünü hanaya tərəf çevirib, atasından utanaraq səssizcə ağlayır, Gülnaz ona təsəlli verirdi. Tellinin anası əllərini qoltuğuna qoyub, hanaya söykənmişdi, üzündə çıxılmaz dərd ifadəsi vardı. Kazım kişi artırmanın kənarında oturub, ayaqlarını yerə sallamışdı, çustunun ucu ilə təpimiş palçığı əzərək:
– Tanrının səbrinə qurban olum!.. – deyib, hiddətlə göyə baxdı.
Bu xanların boğuşması qurtarmır ki, biz də bir gözümüzü açaq, dünyanın işığına baxaq. Demək, bu il də taxıl olmayacaq, arpa çörəyinə də həsrət qalacağıq. Gündə bir gəlirlər tərəkəməni talayırlar, əkindən, biçindən avara olur. Əh! Tanrının bir ucuz ölümü də yoxdur ki, ölək qurtaraq.
Gülnazın da anası gəlib çıxdı. Ağ çadrasının ucu ilə yaşmanaraq
– Ay Kazım, – dedi, – bizim kişidən də heç xəbər-ətər yoxdu axı. Kazım ərkli bir hiddətlə:
– Ay rəhmətliyin qızı, – dedi, – bizim dərdimiz elədir ki, Səfər getməyə bilməz, bilirsən ki, xanın buyruğundan çıxmaq olmaz. Başına da, Allah eləməmiş, bir iş gəlsə, Telli bədbəxt olacaq. – Tellinin çiyinləri əsib, hıçqırığı eşidildi. Kazım bir az da pərtləşərək sözünə davam etdi: – Sənin dərdin isə kəllə-mayallaq dərddir: kişin oturduğu yerdə özünü işə saldı, dedi: “Tiflisə gedib, mal gətirib, dövlət qazanacağam”.
Sözümə qulaq vermədi. Ey, ay Pərizad, xatirinə dəyməsin, sənin ərin çox acgöz adamdır. Erməninin də tərsi lap tərs olur.
İllərdən bəri yan-yana yaşayan, bir adət və qaydalı, yalnız dinləri başqa olan bu iki ailə baş-başa verib, bir-birinin dərdinə ağlayardı.
İkisi də ən əvvəl Kürü keçən qoşunun nə bəlalar törədəcəyini əvvəlcədən bilir və dəhşətli nəticəsini eyni dərəcədə duyurdu.
Bu əsnada İbrahim xan məiyyətilə bərabər Əsgərana göndərmiş olduğu qoşunu yoxlamaq üçün qala qapısından çıxırdı. Onu təşyi edən Kələntər Ağası bəy atını xan ilə yanaşı sürür və xanın tapşırıqlarına cavab olaraq:
Arxayın ol, xan! Lap arxayın ol! – deyirdi.
Qəbiristanlığın girəcəyində Ağası bəy əlini döşünə qoyub, xana və məiyyətinə təzim edib, döndü.
Xan məiyyəti ilə gedirdi, hamı sükut içində idi. Vaqif yağışdan sonra təmizlənib, işıldayan otlara və çiçəklərə baxır, zövqlənirdi, lakin ətrafda dumanlanan hadisələr onun zövqünü qara bağrına basaraq boğurdu.
Get-gedə qaçqınların ağzı açılmağa başladı: ellər, uluslar əkini buraxıb, canlarını qurtarmaq üçün dağ yuxarı qaçırdı. Qoyun-quzunun mələşməsi, atların kişnəşməsi, çocuqların ağlaşması bir-birinə qarışmışdı.
El baş alıb gəlirdi. Vaqif bu mənzərəyə baxıb, düşünür, silinməz acılıqlar duyurdu. İbrahim xanın sərt baxışında intiqam alovu yanırdı:
– Bu adam işin irəlisini-gerisini düşünmür? – deyə Vaqifə müraciət etdi.
İşarə Fətəli xana idi. Vaqif ikrahedici bir sifətlə:
– Xan – dedi, – bu adam urus yasavuludur: ağa deyir sür dərəyə – sür dərəyə!
Urusdan kisə-kisə əşrəfi alır: gərək bir canfəşanlıq göstərsin, ya yox?! Bunlar hamısı bizi yumşaldıb, boyunduruğa keçirmək üçündür.
Xan hiddətli səslə:
– Dünya dağılsa da, mən o boyunduruğu qəbul etməyəcəyəm. Erməni məlikləri mənə ağalıq edə bilməz! Valiyə edilən hörmətdən mənə də olarsa, razıyam...
Rus torpağına məktub aparıb, qayıtmış Musa Soltan da burada idi.
Dolğun vücudu ilə ata yastanıb, söhbətə qulaq verirdi. Uzun bığını düzəldib dedi:
Heç dediklərindən dönürlər ki?! Mən urusları bir qanan adam bilirdim, amma elə tutduqları yerdən istəyirlər. Siz bizə inanın, padşahın mərhəməti böyükdür, – deyirlər...
Xan hiddətlə onun sözlərini kəsdi:
– Tanrı onları da vursun, mərhəmətlərini də! Onların mərhəməti daha bundan artıq olmayacaq ki, – deyə xan yamacla dırmanan qaçqınları göstərdi. – Fətəli qancığı yelləyib, mənim üstümə göndərir... Ölsələr də boyun əyməyəcəyəm, mənə də İbrahim Xəlil xan deyərlər!
Məmməd bəyin dəstəsi arxadan gəlirdi. Məmməd bəy xanın atı aramla sürməsindən razı deyildi. Onun atı cilovu gəmirirdi, başını buraxmaq lazım idi, amma xandan qabağa keçə bilmir. Nəhayət, cürətlənib, xana yanaşdı:
– Əmi, izin ver biz qabaqca gedək, – dedi, ala gözlərini xanın üzünə dikdi.
– Get!.. Bir bil gör o qancığın başında nə qədər adam var. Dağlardan adam yolla, daldan soxulub, qırsınlar.
Məmməd bəy:
– Baş üstə! – deyib, qızıl kürəni tərpətdi. Otuz-qırx nökəri də atları səyirtdilər.
İbrahim xan qoşununun böyük bir hissəsini Əsgərənda yerləşdirmişdi.
Fətəli xanın qüvvətini bilmədən qoşunu aran düzünə çıxarmaq məsləhət görülməmişdi. Ancaq xəbər bilmək üçün ayrı-ayrı dəstələr irəli göndərilmişdi. Məmməd bəy Əsgəranı keçib, sürətini azaltmaq məcburiyyətində qaldı, çünki yollar arandan axıb gələn ellərlə dolu idi. Qaraağacıya çatanda bir qoca kişi onu saxlayıb, atının ayağına yıxıldı.
– Amandı, ağa! Qız!.. İki qızımı apardılar!..
Məmməd bəy:
– Haradan...Haradadılar? – deyə təlaşla soruşdu.
– Bərdə... Bərdəni yandırdılar.
Məmməd bəy sürüb, getdi. Fikri özünü Kəhrizliyə yetirib, arvadları Ayişə və Hürünü dağa yola salmaq idi. Ağdamda onlara rast gəldi: yüzbaşı bütün Kəhrizli elini yığıb gəlirdi. Məmməd bəy onları Qaraağacıya qədər təşyi edib, geri döndü.
İndi atlılar toz qopararaq Bərdəyə tərəf çapırdılar. Kəndlər, yataqlar, qışlaqlar başına buraxılmışdı: heç yerdə adama rast gəlinməyirdi.
Əkinlər yarımçıq qalmışdı. Qərvəndə yaxın bir yerdə Fətəli xanın pişdarlarına rast gəldilər: əlliyə qədər atlı yavaş-yavaş gəlirdi. Arxadakı dəvədə bir zəmbərək topu da vardı. Məmməd bəyin dəstəsi dərəyə çönüb, atdan endi. Nar kollarının arasında gizləndilər. Düşmən pişdarı yaxınlaşırdı, danışıqları belə aydın eşidilirdi. Gəlib, yanlarından keçəndə kolların arasından güllər açıldı. Birinci güllə zəmbərəkçini aşırıb, dəvədən saldı. Atlıların arasına çaxnaşıq düşüb, hərəsi bir tərəfə qaçdı.
Məmməd bəy tüfəngi çiyninə aşırıb, öz adamlarına:
– Atlanın görək! – deyib, atın belinə sıçradı. Qılıncları sıyırıb, düşmənlərə soxuldular. Məmməd bəy təpədə birisinə çatıb, arxadan qılıncı boynuna endirdi. Qan fışqırtı ilə atın yəhər-əvabına səpildi. Atlı köklü ağac kimi endirildi, lakin sol ayağı üzəngiyə ilişib, qaldığından, at onu yer ilə sürükləyərək apardı. Yerdə qalan düşmənləri də Məmməd bəyin nökərləri, izləyib qılıncdan keçirirdi.
Uzaqdan böyük toz qopmuşdu. Məmməd bəy təpəyə çıxıb, əlini gözlərinin üstünə qoyub, diqqətlə baxdı:
– Uşaqlar, çoxlu qoşun gəlir, görürsünüzmü? Bax, deyəsən qabaqdakı da Fətəli xanın özüdür... Daha durmaq yeri deyil, keçək dağ ətəklərinə, adam yığaq, daldan soxulaq, görək nə olur...
İbrahim xan məiyyətilə Əsgərana çatıb, orada dayandı. Qasidlərin gətirdiyi xəbərə görə Fətəli xanla Hacı Əbdilqədir xanın qoşunu on minə qədər idi. Dörd də mis topları var idi. İbrahim xanın çadırında bir müşavirə olub, məsələ müzakirə edildi. Əvvəlki tədbirdən çəkinməmək qərara alındı – bütün aranı Fətəli xana buraxıb, gücü Dağıstan tərəfə vermək qət olunmuşdu. Oraya göndərilmiş Şəki xanının oğlu Məmmədhəsən xana böyük ümid bağlanırdı. Məmmədhəsən xan Ömər xanın vasitəsilə qüvvət toplayıb, Fətəli xanın cənuba enməsindən istifadə etməli idi.
Ağdam tərəfdən çıxan tüstü artıq Fətəli xanın ora çatmadığını göstərirdi.
İbrahim xan ata minib, qoşunu və səngərləri yoxlayır, Fətəli xanın gəlməsini gözləyirdi. Lakin günlər keçir, düşməndən bir əsər görünməyirdi. Gecə Ağdama atlılar göndərildi, gətirdikləri xəbərdən məlum oldu ki, Fətəli xan kənd-kəsəyi yandıra-yandıra Araza tərəf gedir.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Başqa şairlərin şeirləri
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.