Səhifə 8 / 17 · 41%

Xan divan otağına gəlib, orada təkbaşına oturdu. Bu yaxşı əlamət deyildi: xanın qəzəblənməsini bütün saray eşidib, titrətməyə düşdü.

Təlxəklərin dalınca adam göndərildi, məşhur Lotuoğlu çağırıldı, həmişə xanın kefini o açardı. Şəhərin bütün məzəli adamları buraya toplanıldı.

Məclis tamam olduqdan sonra Lotuoğlu məclisin ortasına çıxıb durdu. Hamının gözü onda idi. Birdən bir ədəbsizlik elədi, sonra xana baxaraq:

– Səsi çıxmır, barıtı nəm çəkib, – deyə güldü. Məclis də xanın kefini açmaq üçün qaqqanaq çəkdi. Xanın üzündəki qırışların biri də açılmadı.

Lotuoğlu təlxəklərdən birilə saqqaldan fincan oynayıb, gül vurdu:

– Uddum! – deyə qışqırdı.

Müarizi:

– Hələ udmamısan, saqqalım yerindədir, – deyə otaqdan qaçır, Lotuoğlu da onu qovurdu. Ortalıqda dombalaq vurub, camaatı güldürürdülərsə də, xana təsir etmirdi. Nəhayət, Lotuoğlu müarizini yerə yıxıb, çığırda-çığırda saqqalını qırxıb, qurşağından asdığı dəsmala yığdı.

Bunların heç biri İbrahim xana təsir etməyirdi: tez-tez yanında duran

Şahməmmədə əmrlər verir, şəhərdə dikbaşlıq edən adamları zindana atdırırdı. Sarayı bürüyən vahimə şəhəri də bürüməyə başlamışdı: adamları şişə çəkəcəklər, qurşunu əridib boğazına, dağlayıb başına tökəcəklərdi: qızılquşlara bu gün yem verilməsin deyə buyurulmuşdu, onlar diri İnsan ətilə doyrulacaqdı... Təlxəklər xan qəzəbinin önünü almağa var qüvvələrini sərf edirdilərsə də, bir nəticə çıxmayırdı. Lotuoğlu bir kələk də düşündü: qürurla keçib, yuxarı başda xanla yanyana oturub, qaşqabağını tökdü.

Təlxəklərdən birini yanına çağırıb:

– Qəzəbim tutub, kefimi açmasanız hamınızı yumurtladacağam, – deyə İbrahim xanın təqlidini çıxarmağa başladı.

Təlxəklər bütün kələklərini meydana qoydular: it kimi hürüşdülər, çaqqal kimi ulaşdılar, banladılar, anqırdılar, kişnədilər... Xanın halına təfavüt eləmədi. Lotuoğlu qəzəbli səslə:

Qəzəbim gül vurur, bu saat yumurtlayın! – deyə qışqırdı.

İyirmi-otuz təlxək orda-burda çömbəlib, qaqqanaq vura-vura “yumurtlamağa” başladılar. Arada bir ədəbsizlik edib:

– Hələ harasıdır, gör sonrası nədir! – deyə hırıldaşdılar.

Xan yenə əvvəlki vəziyyətdə oturub, gözlərindən ildırım şığıyırdı.

Bu əsnadə Xanməmməd gəlib, çıxdı. Oturar-oturmaz, əllərini ölçərək qonşusuna bir şeylər nağıl eləməyə başladı. Xanın qəzəbli gözləri onda idi. Birdən:

– Xanməmməd, nə nağıl eləyirsən? – deyə qışqırdı.

Özlərini xan məclisində sərbəst aparan təlxəklər belə qorxularından qınlarına girdilər.

Xanməmməd cürətsiz bir səslə:

– Xan sağ olsun, – dedi, bir yuxu görmüşəm, onu nağıl eləyirəm.

– Nə yuxu? Bərkdən de, mən də eşidim.

Xanın təklifi məclisə bir təsəlli oldu. Çünki Xanməmməd dəfələrlə xanın qəzəbini söndürmüş bir adam idi. Bu dəfə də nağıl eləyib, xanı güldürəcəyinə ümid edirdi.

– Xan sağ olsun, – dedi, – bu gecə yuxuda gördüm ki, guya sən məni divanxana qabağında asdırdın. Mehralı bəy bulağında yudurtdun.

Datələbin altında da basdırtdın.

Xan çönüb Şahməmmədə baxdı, Şahməmməd həmən təzim edib, ona yanaşdı:

Şahməmməd, cəllada tapşır, sənin bu axmaq qardaşını divanxana qabağında assın, Mehralı bulağında yusun, Datələbin altında da basdırsın.

Şahməmmədin divan otağından dışarı çıxıb, içəri girməsi bir dəqiqə çəkdi: qırmızı geyimli cəlladlar gəlib Xanməmmədi apardılar...

Vaqifin yol yorğunluğu hələ canından çıxmamışdı, keçdiyi dağların şaxtasından zökəm də olmuşdu. Onun üçün hələ yatağında uzanıb,

Füzulinin mütaliəsilə məşğul idi. Füzulini dəfələrlə oxumuşdu, yenə istirahət zamanı onu əlindən yerə qoymazdı. Qoca lələ ayağının ucunda içəri girib:

– Ağa, səni görmək istəyirlər, – dedi.

– Kimdir?

Lələ ürkək səslə cavab verdi:

– Ağa, deyəsən, xanın yenə qəzəbi tutub...

Vaqif məsələni o saat anladı, cəld geyinərək:

– Çağır kallayıya gəlsinlər, çöl şaxtadır! – deyə lələyə tərəf yönəldi.

Lələ yavaş səslə:

– Ağa, kallayı tutmaz, camaat tamam tökülüb gəlib, – deyə kənara çəkildi.

Vaqif artırmaya çıxıb, gördü ki, həyət, pilləkən, artırma – hər yer adamla doludur. Bir çox qucağı uşaqlı arvad özündən gedib, qarın üstünə sərilmişdi. Vaqif bu mənzərələrə alışıq idisə, ürəyi sancdı. Lakin zahiri soyuqqanlılığını saxlayaraq, ricaya gələnlərin bir-ikisini içəri çağırdı. Dərdlərini dinlədi: adamları zindana atılmışdı. Vaqif sakitcə:

– İş belədir – deyib, bir az iztirabını toxtatdı: bir otuz-qırx adam ağ kəfən geyib, əli gordalı sarayın həyətinə gələrsiniz, mən sizə indi biriki zikr verəcəyəm, onu oxuyub, başınızı gorda ilə yararsınız. Sonrası ilə sizin işiniz yoxdur, bu saat özüm saraya gedəcəyəm.

Vaqif bu göstərişi verdikdən sonra pəncərənin içindəki döşəkçənin üstünə çəkildi, bir parça kağız götürüb yazdı. Sonra kağızı büküb verdi:

– Bax başınızı yararkən bunu oxuyarsınız. Di gedin, dediyimi tez eləyin, mən də gəlirəm.

Vaqif divanxana qabağından keçib, saraya gedərkən yazıq Xanməmmədi dar ağacından asılı gördü. Qarlı külək onun meyitini havada tərpədirdi. Ətrafa böyük bir izdiham toplanıb, cəlladların ocaq qalayıb, adam çəkmək üçün şiş hazırladıqlarına tamaşa edirdi.

Vaqif saraya daxil olduqda İbrahim xanın qəzəbi hələ soyumamışdı: darğa, mizandar, əmr-bə-məruf hüzura çağırılıb, onlardan cəzalanmaq üçün adam tələb olunurdu. Şahməmməd İbrahim xanın buyruqları altında şaşıb qalmışdı; daşqəlbli də olsa, qardaşı Xanməmmədin asılması onu sarsıtmışdı.

Vaqif salam verib, yuxarı başa keçdi. Salama cavab olaraq xanın yalnız dodaqları tərpəndi, səs eşidilmədi. Vaqif bir kəlmə belə danışmayıb, məclisdəki təlxəklərin şit hərəkətlərinə acı bir istehza ilə tamaşa edirdi. Birdən açılıb-örtülən qapıdan zikr səsi eşidilməyə başladı:

Kərbəlada olmadıq,
Şümri-sənani öldürək.
Parə-parə eyləyək,
Evladi-Heydər qanlısın.
Ku Hüseynimə
Va Hüseynimə

Xana xəbər gəldi. Xan heyrətlə Vaqifin üzünə baxdı, Vaqif də üzündə eyni ifadəni göstərməyə çalışdı. Xan artırmaya adam qaçırtdı, heç kəs bu əhvalatdan baş aça bilmədi. Coşqun zikr səsi aydın eşidilir, ürəyə vahimə salırdı:

Ey yezid, bihəya!
Ruzi-əza va həsrəta!
Nuri çeşmi- Müstəfa
Əlbəttə, istər qanlısan!
Ku Hüseynimə!
Va Hüseynimə!

Vaqif xanın tamamilə dəyişdiyini görərək:

– Xan, zəhmət çəkin, görək nədir, – dedi.

Durub artırmaya çıxdılar. Ağ kəfənli adamlar zikr deyib, başlarını gorda ilə yarırdılar. Qana bulaşmış kəfənlərə baxanda adamı dəhşət bürüyürdü. Xanı görcək səslər daha da ucaldı:

Ol dəmdə Fatimə
Gələcək qiyamətə,
Əldə səri-Hüseyn.
Guya Hüseyn ölüb,
Matəm sədası var
Ey vay! Bə dəşti- Kərbəla!
Ku Hüseynimə! Va Hüseynimə!

Qan süzülən dodaqlardan qopan bu coşqun zikr xanı iliyinə qədər sarsıtdı, titrək səslə Vaqifə yönəldi:

– Axund, sən oxumuş adamsan, bu nədir? – dedi.

Vaqif dəsmalını gözlərinə basıb, ağlar bir səslə:

– Xan sağ olsun, – dedi, – Kərbəlada şəhid olmuş imam Hüseynin yolunda... – Vaqifin səsi qırıldı. Xan hövlnak soruşdu:

– Nə xahişləri var?

– Xan bugünkü dustaqların taxsırından keçməni istəyirlər... Xan, imam Hüseyn eşqindən keçmək olmaz!..

Dindar xanın göz yaşları saqqalı aşağı axırdı:

– Axund, – dedi nə bilirsən elə, günaha batmayım!

Vaqif başını artırma sürahisindən aşağı sallayıb, sevinc sezən bir səslə:

– Ay camaat, – dedi, – xan bugünkü dustaqların taxsırını imam Hüseynə bağışlayır. Gedin, xanın ömrünə dua eləyin!

– Sağ olsun! Ömrü uzun olsun! – deyə eşidilən səslər həyətlə bir oldu.

9

Vaqif yenə əlini atıb, fincanı qaldırdıqda üzük altından çıxdı:

– Mirzə Əliməmməd, dedi, – yenə gül vurdum! Hələ ki işlər yaxşıdır. Lələ məcməyini qaldırıb, yenidən fincanları düzməyə apardı. Havanın titrəməsindən şamın şöləsi piyi yalamağa başladı. Mirzə Əliməmməd:

– Elə məmləkət işlərində də gül vurmusan, – dedi.

– Necə? – deyə Vaqif Mirzə Əliməmməd ağanın üzünə baxdı.

Mirzə Əliməmməd ciddi bir səslə:

– Axund, – dedi, – doğru ərz eləyirəm. Sənin bütün tədbirlərin yerini alır. Hüseyn bəy qoşun yığıb, İraklinin nayibini Gəncədən qovub.

İrakli, deyirlər, bərk əl-ayaqdadır. Burnaşovdan qoşun istəyib. Qoşun da sursat istəyir. İraklinin nə sursatı var, nə pulu. İravan xanı da ki, bac vermək istəməyir.

Məcməyi yenidən qoyulmuşdu. Vaqif gülərək Mirzə Əliməmmədin üzünə baxdı:

– Nə verərsən, yenə gül vurum?! – dedi.

– Nə istərsən!

Vaqif əlini atdığı ilə üzüyü çıxartdığı bir oldu.

Mirzə Əliməmməd heyrətlə:

– Bu ağ oldu, – dedi.

Vaqif zarafatla:

– Yəni İraklinin hərəkətindən də ağ oldu? Deyir öz işimi düzəldərəm, sizi də gözdən salaram. Bu da iyirmi illik dostluğun nəticəsi! İbrahim xan ona nə köməklər eləmədi?! Indi deyir, Qalanın qapısını aç, uruslar girsin, erməni məliklərini başınıza ağa tiksin...

Mirzə Əliməmməd əlini buxarıda qızdıraraq:

– Bu onun xam xəyalıdır! – dedi.

Vaqif də fincan oyunundan çəkilib, buxarının qabağına salınmış süfrədən bir iki tut qurusu götürüb ağzına atdı, sonra qızınaraq:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məşədi və Kərbəlayı

– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!

2 dəq
Hacı

Həyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.

2 dəq
Cavan

Cavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?

3 dəq
Son bahar

Sadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?

4 dəq

Başqa şairlərin şeirləri