İkinci hissə
Səhifə 3 / 17 · 12%
Ohan keşiş ah çəkdi:
– Eyy! Axund, – dedi. – Adama uzaqdan döyüş asan gəlir. Köhnə arvad təzəsini yola vermir. Hər gecə evdə davadır...
Vaqif uğunub getdi, sonra yenə zarafatla dedi:
– Sən də gecə yatanda ikisinin ortasında yat.
Keşiş şaqqıltı ilə güldü:
– Axund, – dedi, – onu da eləmişəm, olmur: o deyir üzünü mənə çevir, bu deyir üzünü mənə çevir. Ortalıqda avara olub qalıram.
Müsahiblər doyunca gülüb, yavaş-yavaş bağçadan çıxdılar. Artırmanın günəşli bir guşəsinə palaz salınıb döşəkçələr və püştələr düzül-
müşdü. Vaqif Ohanla gəlib, döşəkçələrin üstündə oturdular. Ohan zarafatı buraxıb, ciddi və bir az da həyəcanlı səslə:
– Axund, – dedi, – sənin yanına məsləhətə gəldim, yenə bizim bu məliklər sarsaq bir iş başlayıb, Allah axırını xeyr eləsin...
Vaqif maraqla parlayan gözlərini Ohana dikib, diqqətlə dinləməyə başladı.
Ohan sözünə davam edirdi:
– Urus padşahına bir ərizə yazıblar ki, xan bizi belə eləyir, elə eləyir.
Qol çəkib göndəriblər.
Vaqif acılıq ifadə edən bir səslə:
– Urusdan nə istəyirlər? – deyə soruşdu.
– Nə istəyəcəklər, istəyirlər ki, urus bura gəlib, bir erməni padşahlığını qursun. Mən, axund, bir şeydən qorxuram: urus yenə öyrədəcək ki, müsəlmanları qırın, gəlirəm... – Ohan susdu, həyəcanından danışa bilmirdi. – Axırda bu yazıq camaat qırılacaq. Vartapet Minasın qəbri odnan dolsun!
Vaqif düşüncəli gözlərilə günəşin qarşısını kəsib, çəkilən ağ buludlara tamaşa edərək susurdu. Ətrafdakı ağaclar ağ çiçək içində idi, yazın rütubətli havasına xoş bir rayihə qarışmışdı. Vaqifin gözləri bu gözəlliklər içində dolaşıb, nəhayət, Ohan keşişə çevrildi:
– Məsələni xana açmaq lazımdır! – dedi. – Camaat qırılınca qoy beş məlik, beş də tüğyan etmiş keşiş ölsün. Bu məsləhətdir! – Dedi və Ohanı qətiyyətlə süzdü.
Həmən durub, xanın yanına getdilər. Xan məsələni bilib, çox hiddətləndi.
Sığnaqlara qoşun göndərib, asıb, kəsmək əmri vermək istədi.
Vaqif özünə məxsus qılıqla xanı sakit etdi. Ohandan məsələni təfsilatı ilə öyrənib, onu buraxdılar, sonra otaqda baş-başa verib, məsləhətləşməyə başladılar. Vaqif inandırıcı bir səslə dedi:
– Erməniləri qırsaq, urusun, əlinə bəhanə düşər, gəlib səni taxtdan salar, buraları da ermənilərə verər. Məsləhətlə iş görmək lazımdır.
Onlar yazır, biz də yazaq, nə ki var bildirək. Görsün ki, haqq da, zor da bizim tərəfdədir. Urusun məqsədi Iranın qabağına bir qüvvət çıxarmaqdır.
Səni də Fətəli xan kimi ələ almaq istər... Urus bilmir ki, bir ovuc ermənidən kar çıxmaz? Erməni məliklərini və keşişlərini birə kimi canımıza salıb, bizi zara gətirir ki, öz tərəfinə çəksin... Mənim məsləhətim belədir: bir yaxşı kağız yazım, sənin xan övladı olub, iyirmi ildən bəri Qarabağ torpağında hökm sürdüyünü, nüfuzunu, gücünü bildirim, özü də... – Vaqif bir az duruxdu, sonra davam etdi: – Urus himayəsinə girməyə və bac da verməyə amadə olduğunu deyim. Bu kağız sabah hazır olar. Musa Soltana verərik aparıb, urus yaranalına verər, dilcavabı nə lazımsa deyib qayıdar. Vəssalam. Musa Soltan vüqarlı və qılıqlı bir adamdır, bu işi bacarar. Urusu erməni fitnəsindən uzaqlaşdırıb, işimizi görərik.
Xan Vaqifin təklifinə razı oldu.
– Otur yaz! – dedi və Musa Soltanın da namizədliyini qəbul etdi.
Vaqif xanın tamamilə sakit olduğunu görüb:
– Xan, – dedi – erməni sarsaqlarına da bir balaca qulaqburması lazımdır – məlik Abonu tutdur, zindana saldır. İşlərbaşı odur. Ayrı tənbeh lazım deyil!
Vaqif saraydakı rəsmi otağına çəkilib, Yekaterinaya məktub yazmağa başladı. Bu o məktub idi ki, Peterburq sarayının Qarabağa qarşı tərtib etdiyi planı tamamilə dəyişdi. Ermənilərin 1783 ilin mart ayında Peterburqa çatmış ərizəsinin üstünə knyaz Potyomkin-Tavriçeski:
“İbrahim xanı taxtdan salıb, Qarabağda erməni əyaləti düzəltməli”, – deyə yazmışdı. Vaqif yazan məktub eyni ilin aprel ayında Peterburqa yetişib, Potyomkini əvvəlki qərarından daşındırdı: “İbrahim xanın bizə qarşı bəslədiyi sədaqət rus çariçası üçün ən gözəl bir bacdır”, – deyə Qarabağ hökmdarına sifariş elədi.
4
1783-cü ilin iyun ayında Rusiya ilə Gürcüstan arasında bir müahidənamə bağlanıb, Gürcüstanın Rusiya himayəsinə keçməsi xəbəri bütün Azərbaycan xanlarına çatan kimi, İbrahim xana da yetişdi. Bu xəbərə görə Gürcüstan xanı müstəqil olaraq yerində qalır, səltənət haqqı İraklidən sonra övladlarına keçirdi. Gürcüstan özü pul da kəsə bilərdi.
Tiflisə göndəriləcək iki tabor rus qoşunu ölkəni hər bir ehtimala qarşı müdafiə edəcəkdi.
İbrahim xan bütün dövlət adamlarını, ağaları və bəyləri müşavirəyə çağırdı. Məsələ ətraflı müzakirə edildi. Kimi Irandan, kimi Osmanlıdan kömək istənilməsini irəli sürdü. Vəliəhd Məmmədhəsən ağa söz istəyib, yavaş səslə:
– Uruslarla anlaşmaq lazımdır, – dedi, – vəqta ki, özləri də buna müştaqdır: Apraqsun adlı birisini bura göndərdikləri mənzurinizdədir, – dedi, – böyük məmləkətdir, nizamlı qoşunu var.
Məmmədhəsən ağanın təklifi münaqişələr doğurdu. Ağalardan birisi təəssüblü bir səslə dedi:
– İslam məmləkətinə kafiri buraxmaq olarmı? Qurani-kərimi ayaq altınamı salmaq istəyirsiniz? Yox, Allah mənə o günü göstərməsin! – deyə küskün bir hal aldı.
Xan həyəcanlandı və özünü ələ alaraq:
– Kim deyir ki, xanlığı urusa verək? – dedi. – Mən diri ola-ola bu işə razılıq verərəmmi?
Xanın səsi tutuldu, rəngi qaçdı, sonra qəlyan çəkib, sakit oldu. Xanın vəziyyəti məclisi də kiriməyə məcbur etdi. Dərin sükutu Vaqifin yumşaq, lakin etimad verici səsi pozdu:
– Xan sağ olsun! – dedi. – Acizin fikrincə, kəmhövsələlik göstərmək olmaz, qapını düşmən kəsməyib ki! Atalar demişkən, itlə yoldaşlıq elə, ağacı əldən qoyma! Biz də həmişəki kimi, əvvəl yaxşı ağac hazırlamalıyıq.
Xan üç min ləzgi saxlayır, dörd min də öz qoşunumuz var. Ömər xana yazıb, on min də ləzgi istəməliyik. Xanın binihayə xəzinəsi və sursat anbarları böyük bir qoşunun öhdəsindən gələ bilər.
Sonra Tiflisə elçilər göndərmək lazımdır: valini təbrik etmək bəhanəsilə, övzan öyrənsinlər: urus böyüyü ilə görüşüb, bir ağzını yoxlasınlar.
– Burada Vaqif susub, ətrafdakıları gözdən keçirdi: hamı böyük bir diqqət və etimadla Vaqifi dinləyirdi. Vaqif bu vəziyyətdən istifadə edərək son fikrini söylədi: – Nə eybi var, qoy elçilərimiz bizim də urus himayəsinə girmək arzumuzu urus böyüyünə eşitdirsin. Bu sözü deməklə himayəyə ki, girmədik.
Vaqifin son fikri məclisdəkilərin bəzisini həyəcana gətirdi: etirazlar başlandı. Yenə dinin pozulması, kafirin zəfər tapması, ermənilərin üstümüzə ayaq alacağı kimi məsələlər meydana çıxdı. Vaqif münaqişələri sonuna qədər dinləyib, gülümsünərək bir məsəl çəkdi:
– Günlərin bir günü – dedi, – bir padşah car çəkdirib, dedi ki, kim mənim eşşəyimə dil öyrətsə, ona bir kisə qızıl verrəm: öyrədə bilməsə başı cəllad əlindədir. Bir qoca kasıb kişi padşahın yanına gedib:
“Mən öyrədərəm”, – dedi. Qızılları aldı, üç ay da möhlət istədi. Evə qayıdanda arvad kişinin üzünü danlamağa başladı: “A kişi, – dedi, – eşşək də dil öyrənərmi, üç ay gəlib keçəcək, padşah sənin başını vurduracaq, mən də ortalıqda qalacağam”. Kişi güldü: “Ay arvad, – dedi, – hələ üç ay möhlətim var, bu üç ayda ya padşah ölər, ya eşşək ölər, ya da ki mən”. Indi, ağalar, himayə deməklə himayəyə girmədik. Vaxt var, imkan var, baxarıq, məsləhətimiz nədir, onu elərik.
Vaqifin fikri və lətifəsi hamının xoşuna gəldi. Xanın da kefi duruldu.: gülümsünərək neypuşu ağzından buraxmır və qəlyanın şüşəsində çəkilmiş qız rəsmilərinə baxıb düşünürdü. Birdən düşüncədən ayrılıb, məclisi gözdən keçirdi. Hamı gözünü onun ağzına dikmişdi. Xan bir qərara gəlmək lazım olduğunu duydu:
– Deməli, belədir, – dedi. – Axund Molla Pənahın özü Tiflisə getməlidir.
Ona bəylərdən də qoşaram. Yazı-pozusunu da Mirzə Camal elər, yaxşı xətti var. Axunda küllü ixtiyar verirəm. Məsləhət necə isə, elə də elər: özü arif və aqil bir adamdır.
Xanın təklifini məclis sükut ilə təsvib etdi.
5
Payızın gözəl çağı idi. Ağaclar çiçək dəstəsi kimi sarı və qırmızı çalırdı. Yağış mövsümü hələ başlamamışdı. Istilər çəkilmişdi, lakin xoş bir ilıqlıq hələ havanı dolaşırdı. Əydəmli günəş uzun kölgələr salır, əlvan rəngli xəzəl xiyabanları bürüyüb, ayaq altında həzin xışıltı doğururdu.
Ağabəyim bütün günü dayəsi Nazlı ilə saray bağını dolaşır, rəngli xəzəllərdən çələng toxuyur, dayəsinə min bir sual verirdi. Dayə də bütün sevgisini gözəl çocuğun ətrafına toplayıb, onunla bir yoldaş kimi rəftar edir və hər bir sualına öz biliyincə cavab verirdi. Nazlı savadlı deyildi, o şəhərdə kök salmış islam və Iran mədəniyyətindən xəbərsiz idi. Lakin o öz doğma el və ulusunun əsrlərdən qalma nağıllarını, əfsanə və dastanlarını bilirdi: türk əsatiri onun üçün təkzib olunmaz bir həqiqət kimi yığılıb, sinə dəftərində zəbt olunmuşdu. İştə, bu sinə dəftəri hər gün açılar, onun tükənməz səhifələri Ağabəyimin qarşısında varaqlanardı. Bu dəftər bütün təbii ərizələri izah edirdi: hərdən əjdaha aya dırmaşıb, onu boğmaq istəyir, bu əjdahanı qorxutmaq üçün camaat ona güllə atır, mis qab çalıb, səs salır ki, qaçsın – bu aytutulma idi. Hava bulud olanda göydəki mələklərdən biri altun atına minib, onu odlu qamçısı ilə vuraraq çapdıqda göy guruldayır, odlu qamçı havada oynayır. Quşların da qəziyyələri bu dəftərdə yazılmışdı: hüd-hüd5qız imiş, çayda çimirmiş, başını daradığı yerdə birdən qayınatası böyürdən çıxır. Qız utanıb, üzünü göyə tutur, deyir: “Ey tanrı, məni quş elə həyam özümdə qalsın”. Ulu tanrı onu quş edir – görürsən, darağı da başında durur.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Başqa şairlərin şeirləri
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.