İkinci hissə
Səhifə 5 / 17 · 24%
Ocaqqulu Vaqifi daş səkidə uzandırmışdı, sabun kisəni üfüləyərək onu ağ köpük içində gizlətmiş və iki əlini köpüyün içində uzadıb bədənini seğəlləyirdi.
Vaqif bu əməliyyatdan xoşlanıb, məst kimi də olsa, yenə Ocaqquluya bəzi suallar verirdi:
– Tiflisin əhvalı necədir, həmşəhri? – deyə soruşdu.
Ocaqqulu şərq hadisələrinin içində böyümüş və bu hadisələrdən müəyyən dərs almış olduğu üçün Vaqifi ehtiyatla süzdü və özü də ona suallar verməyə başladı:
– Ağa, bağışla, gəlmə adama oxşayırsan.
– Bəli, buralı deyiləm.
Ocaqqulu çoxmənalı üzünü Vaqifə tutaraq:
– Ağa, – dedi, – Tiflis pis deyil, inşallah, daha da yaxşı olar. Bir az qıtlıq çəkirik, Irandan karvan axır vaxtlar gəlmir. Qarı da ki, görürsən.
Cansürtən sözlərini bitirib, qəribə gülümsəmə ilə Vaqifi süzdü. Bu baxışda çox mülahizələr ifadə olunurdu: onu yalnız şərqdə yaşayan dünyagörmüş adamlar şərh edə bilərdi. Ocaqqulunun məramını sadə dilə çevirsək belə çıxırdı: “Tiflisdə həyat olduqca ağırdır, əhali zəruri şeylərdən belə məhrumdur, çünki Irandakı və Azərbaycandakı təxtsəltənət davası kasıbların həyatına zəhər qatır. Bəlkə irəlidə yaşayış yaxşılaşa, bu da ki, şübhəlidir.” O ki, qaldı, Ocaqqulunun “Qarı da ki, görürsən” – cümləsinə, bunun məsələyə dəxli yox idi: istibdad idarəsində yaşayan adamlar böylə cümlələri çox işlədər, buna “giriş yolu” deyərlər.
Vaqif məsələni anladı gülümsünərək:
– Haralısan? – dedi.
Ocaqqulu yenə eyni ifadə ilə:
– Təbriz uşağıyam... – dedi. – Buraya bərayi-ziyarət gəldim, yenə vətənimə qayıdacağam, əhl-əyalım ordadır.
Vaqif yenə məsələni anladı. Ocaqqulu boş müharibələrə sürüklənməsin deyə, başını götürüb, qaçmağa, arvad-uşağını tərk etməyə məcbur olmuşdu.
Ocaqqulu Vaqifi kisələyib, yuyundurdu və arxasına qətfə salıb, içəridən yola salarkən:
Ağa, görünür, xeyir iş üçün gəlmisən, bu havada səfərə xeyir iş üçün çıxarlar, – dedi və çox mənalı təbəssümü yenə üzünə yayıldı.
– Yaxşı olar, inşallah! Yaxşı olar! – deyə ima ilə əlavə etdi.
Vaqif hamamdan sonra iki gün evdən çölə çıxmayıb, bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhd Əlyuna ithaf olaraq yazdı, üzü köçürülmək üçün özü ilə gətirdiyi xəttata verdi. Şəhəri gəzməyə çıxmış Mirzə Camal Ömər xanın və Fətəli xanın da nümayəndələrinin Tiflisə gəlməsini xəbər verdi. Bu məsələ Vaqifi düşündürdü: o, Ömər xanın nümayəndəsilə görüşmək arzusunda olsa da, ehtiyat edirdi: bu görüş yanlış təfəhhümlər doğura bilərdi: Fətəli xanın adamlarına bir dəstavüz lazım idi. Bu mülahizələri nəzərdə tutaraq Vaqif İrakli xanı rəsmən təbrik edənə qədər kimsə ilə görüşmək istəmədi. Lakin, görünür, Vaqif ilə görüşməyə can atanlar var imiş.
Vaqifin gəldiyinin üçüncü günü nökər bir qoltuqçunun onunla görüşmək istədiyini xəbər verdi. Vaqif:
– Nəçidir, kimdir? – deyə maraq etdi.
– Ağa, qoltuqçudur, ipək mal gətirib.
Vaqif ehtiyat etdisə də, razılıq verdi. Içəri gürcü qiyafəli, hamar saqqallı bir adam girdi.
– Müsaidə buyurulurmu, əfəndim həzrətləri? – dedikdə Vaqif bu adamın Rum diyarından olduğunu duydu.
– Buyur! Buyur! – deyə buxarının yanında yer göstərdi. Sonra işarə edər-etməz içəridəkilər o biri otağa keçdilər.
Qoltuqçu malları açıb tökdü-gözəl firəng və İstanbul qumaşları şairi heyran qoydu. Qoltuqçu malları göstərərək əsil məqsədini mülayim bir dillə anlatmağa başladı. Bu adamın Axalsıq paşası Süleymanın nümayəndəsi olduğu meydana çıxdı: Tiflisə gizli olaraq Azərbaycan xanlarının vəkillərilə görüşməyə gəlmiş və sirr açılmasın deyə qoltuqçu cildinə girmiş imiş. Məsələ rusların Terek çayına körpü salıb, dağlardan yollar açıb, Tiflisə gəlməsilə mərbut idi.
– Qardaşım, bu yollar yalnız əsgər deyil, ağır toplar və cəbbəxana daşımaq üçün yapılmış. Bu gün Tiflis, yarın Qarabağ, o biri gün isə İran və dövləti Osmaniyə torpaqları yəğma olunacaq – gavur xəncəri islamın bağrına soxulacaq...
Süleyman paşanın müməssili rusların əleyhinə uzun-uzadı danışdı və bütün xanlıqları ittihada və müqavimətə dəvət etdi.
Vaqif sakit bir halda müməssili dinləyir və arabir buxarını maşa ilə qurdalayırdı:
– Osmanlı dövləti-müəzzəməsi ilə Rusiyanın əlaqəsi necədir? – deyə soruşdu.
Müməssil gözlərini parladaraq həyəcanla:
– Əfəndim, – dedi, – səkkiz il əvvəl yapılmış Küçük Qaynarça müahidəsi mövcibincə Mosqovla hal sülhdə olduğumuz məlumi-alinizdir.
Bu, altı illik şiddətli müharibənin bir sənədi olaraq bizi hala bəzi təşəbbüsatdan məhrum qoyur. Məsələ böylə davam etsə, əlbəttə...
Bu əsnada qapı açıldı, nökər mehmandarın gəlməsini xəbər verdi.
Vaqif vəziyyətini dəyişməyərək:
– Buyursun! – dedi və qumaşın bir topunu qucağına alıb, müməssilə:
– Bunu bəyəndim, o biriləri də aç baxım.
Mehmandar içəri girdikdə Vaqifi qumaşlarla məşğul gördü, o qədər sövdəyə dalmışdı ki, mehmandarın içəridə olduğunu belə sanki duymayırdı. Birdən parçalardan ayrılıb:
– Bağışla, oğlum! – dedi. – Buyur əyləş!
Mehmandar nəzakətlə dedi:
– Ayın iyirmi ikisində, sabah yox, o biri gün, rəsmi ziyarət olacaq, onu xəbər verməyə gəldim. O günü padşah təşrifinizi gözləyəcək...
Vaqif cəld:
– Çox gözəl, oğlum! – dedi.
Bu əsnada küçədən musiqi səsi eşidildi. Vaqif pəncərəyə yanaşdı: zirehli süvarilər və gürcü tavatları musiqi dəstəsilə küçələri gəzib, bayram olacağını elan edirdilər.
Yanvarın 22-də səhər tezdən 101 topdan açılan atəş bayramın başlanmasını Tiflis əhalisinə bildirdi. Rəsmi keçid çar nümayəndəsi polkovnik Burnaşov yaşadığı evdən başlayıb, İrakli xanın sarayına getməli idi. Vaqif heyətilə bərabər oraya getdi, ancaq keçidə rəsmən qoşulmadı, kənarda durub, seyrə başladı. Küçənin iki tərəfi də silahlı tiflislilərlə tutulmuşdu: orta boş idi. Qafilə tərpəndi. Öndə pişdarlar, onun arxasınca gürcü süvariləri, onlardan sonra da iki rus tağımı yürüyürdü. Bunları mütəaqib baş təşrifatçı və İraklinin baş katibi rəhbərliyində 24 süvari zadəgan keçib getdi. Sonra bir atlı rus zabiti, arxasınca da piyada yeriyən kiçik rus zabitləri göründü: əllərində rus çariçasının İrakliyə göndərdiyi hədiyyələri tutmuşdular. Bu hədiyyələr bayraq, qılınc, xirqə, toppuz, tac və fərmandan ibarət idi. Hədiyyələrin hər iki tərəfində gürcü zadəganları gedirdi. Sonra bir rus zabiti gəldi, qafilə iki yeger alayı tağımı və gürcü süvarilərilə bitdi.
Vaqif atını çevirib, yan küçələrlə saraya doğru sürdü. Qar dizə çıxırdı, yollar da eniş-yoxuş idi. Sarayın önündə qafiləni rus qoşununun musiqi dəstəsi və gürcü zurnaçıları qarşıladı. Qafilə saray darvazasından içəri girdikdən sonra Vaqifin heyəti daxil oldu. Mehmandar göstərdiyi yerdə Vaqif və adamları atdan düşdülər. Vaqif cilovdarları, zinpuşçuları və özü ilə götürdüyü Səfəri atların yanında qoyub, özü isə bəylər və Mirzə Camalla pilləkəndən artırmaya çıxdı. Təşrifatçı onları hörmətlə qarşılayıb, qəbul kallayısına apardı. Bütün rus zabitləri, gürcü tavatları bu qiymətli xalılarla döşənmiş otaqda idi. Yuxarı başda taxt qoyulmuşdu. İrakli xan taxtın önündə durmuş, ətrafını xanzadələr, baş keşişlər, vəzirləri, əyanları bürümüşdü.
Vaqif göstərilən yerdə oturub, mərasimi böyük maraqla seyr edirdi.
Rus zabitlərindən biri irəli yeriyib, İrakli xanı Rusiya himayəsinə girməsi münasibətilə təbrik etdi və sonra Peterburqdan göndərilmiş hədiyyələri bir-bir kiçik zabitlərdən alıb, İrakliyə verdi. Nəhayət gümüş və qızılla işlənmiş cildə qoyulmuş fərmanı təqdim etdi.
İrakli xan hədiyyələri ayaq üstə qəbul edir və ətrafdakılara verirdi, yalnız tac və toppuzu öz yanında məxmər yastıqlar üstündə saxlatdı.
Çariçanın fərmanı təqdim edilən kimi, dışarıdan 101 top atəşi eşidildi. Bu bitdikdən sonra İrakli xan yeddi oğlunu və iki oğlan nəvəsini taxtın pillələrində qoyub, özü taxta çıxdı və oradan hədiyyələri təqdim etmiş rus zabitinə təşəkkür izhar etdi.
Bununla mərasim bitdi, Rusiya nümayəndələri bir-bir irəli gəlib, İrakli xanın əlini sıxır və təbrik edirdi. Gürcü tavatları və məmurlar hökmdarın əlini öpürdü, bəzisi həyəcanından ağlayırdı. Sıra Vaqifə gəldi, vüqarla irəliləyib, İrakli xanla ələlə tutuşdu, və bir az əyilərək:
– Əcdadınızın taxtında payi-qədim olasınız! – dedi. – Qarabağ hökmdarı fəxrimiz İbrahim Xəlil xan ali-həzrətlə iyirmi ildən bəri dost və ittifaq minvalilə keçinmişlər. İnşallah, irəlidə də sədaqət və vəfadarlığımızda paydar olarıq.
İrakli qaşlarının altından Vaqifi süzərək türkcə dedi:
– Şəkk eləmirəm! Dostum İbrahim Xəlil xana məndən çox-çox salam yetirin.
Vaqif danışarkən onun nitqini tərcüman taxtın yanında durmuş polkovnik Burnaşova tərcümə edir, o da Vaqifi diqqətlə süzərək başını tərpədirdi.
Mərasimdən sonra qonaqlar yemək otağına çağırıldılar. Gürcü zadəganlarından biri tulumbaşı*seçildi, dəbdəbəli ziyafət başlandı. Tulumbaşının təklifinə riayət edərək çaxırlar buynuz qədəhlərə töküldü.
Çariça Yekaterinanın şərəfinə nitq söylənib, ayaq üstə içildi: dışarıda yenə də 101 top atəşi açıldı. İkinci qədəhi “zati-nəcabətləri” (müahidəyə görə Gürcüstan padşahı bu ünvanı daşıyırdı) İraklinin sağlığına qaldırdılar, 51 top atəşi gurultusunda qədəhlər başa çəkildi...
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Başqa şairlərin şeirləri
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.