Birinci hissə
Səhifə 6 / 10 · 50%
Keynəssar aranıldı, tapılmadı. Məmləkətə carçılar salındı, şəhərşəhər, kənd-kənd gəzildi. Keynəssarı görən və yerini bilən olmadı.
Bir gün Dara ova gedir, bir ceyranı qovarkən gəlib bir sovməəyə çıxır. Keçi dərisi ilə örtünmüş, uzunsaqqal bir qocanın arxası üstə uzanaraq göyə tamaşa etdiyini görür. Dara bütün mabeynləri ilə buna yanaşır. Qoça bunları görmür kimi kirpiyini belə qırpmır. Bu əsnada sovməədə gizlənmiş ceyran Daranı görərək sıçrayıb qocaya sığınır.
Dara qocanın etinasızlığına və heyvanın ona sığınmasına heyrət edərək hiddətlə:
– Qoca, – deyir, – sən kimsən?
Qoca gözünün bir tərəfi ilə Daranı süzərək: – Mən?.. Dünyanın ən
əzəmətli adamı!
Dünyada özündən başqa əzəmətli bir şəxs görməyən Dara bu yıxıq sovməədə keçi dərisinə bürünmüş qocaya baxaraq:
– Sənin əzəmətin nədədir? – deyə heyrət və istehza ilə soruşur.
– Ondadır ki, səndən qaçan mənə sığınır.
Dara gülür və qocada bir gizli qüvvə olduğunu duyub, ona bir neçə
sual verir:
– Qoca, – deyir, – dünyada ən böyük arzu nədir?
– Arzusuzluq!
– Ən böyük həqiqət hankıdır?
– İnkar!
– Ən düzgün yol?
– Şübhə!
– Ən böyük həzz?
– Nisyan!
Bu cavablardan padşahın heyrət və marağı bir qat da artır. Birdən
soruşur:
– Keynəssarı tanırsanmı?
– Tanıram.
Padşah sevinərək:
– Nərədədir?
– Məmləkətində, səltənətində.
– Onun məmləkəti haradır, təbəələri kimdir?
– Məmləkəti meşə, təbəəsi ceyranlar.
Dara qocanın Keynəssar olduğunu duyaraq atdan düşür. Vəzirlər və sərkərdələri də onu təqib edərək Keynəssarı əhatə edirlər. Qocaya əlvan xörəklər və ənamlar təqdim olunur. Lakin Keynəssar yerindən belə qımıldanmayaraq göyə tamaşa etməkdə davam edir, Dara saray yapdırmaq meylində olduğunu söyləyib, Keynəssarın İstəxrə gəlməsini təklif edir:
– Sənə özün ağırı qızıl verərəm, bütün arzularını yerinə yetirərəm, – deyir.
Qoca başını tərpədir.
– Qızıl nədir – tanımıram; tanımaq belə istəmərəm. Arzu isə əzab qapısıdır, – deyir.
Dara qəzəbini saxlayaraq yeni vədlər verməyə başlayır. Lakin qoca heç birisinə boyun əymir. Əvvəlki vəziyyətdə qalaraq yanına sığınan ceyranı oxşamaqda davam edir. Nəhayət, Dara hiddətinə malik olmayıb acıqla sorur:
– Burada uzanmaqda fikrin nədir?
– Fikirsizlik!
Dara qeyzlə ata sıçrayır və:
– Cəllad! Bu divanənin qollarını bağla, atın üstə qoy, – deyir.
Cəllad Keynəssarın qollarını bağlarkən, qoca əyilərək ceyranın qulağına:
– Qaç! İnsandan uzaq olmaq salamatlıqdır, – deyir. Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur. Keynəssarı İstəxrə gətirirlər. Orada saray tikməsi yenidən ona təklif olunur. Yenə rədd edir. Bu dəfə padşahın əmrinə görə onu bürclərin üstünə qaldırıb, oradan aşağı atırlar.
Günəşin altında heç bir şey baqi deyil! Keynəssar ölmədi – bürcün altında duran bir dəstə atırvan onu havada tutub qaçırdılar.
Əmək və sənətlə yaratdığı məbədin xarab olmasını görüb, tərkidünya olan Keynəssar yenidən həyata doğru dönür. Bir dəstə muğla bərabər şimala tərəf çəkilərək “Xoruz” qəbiləsində sakin olur...
Günəşin altında heç bir şey baqi deyil!
Yalnız mətanət və mübarizə baqidir. Iştə, bu möhtəşəm məbəd Keynəssarın mətanət və mübarizəsinin məhsuludur. Özü də yapdığı bu məbədin altında dəfn olunmuşdur...
Günəşin altında heç bir şey baqi deyil!
Yalnız mətanət və mübarizə baqidir!..”
Ərən hekayəsini bitirib oturdu. Yeddi ərən yenidən ney çalmağa başladı.
13
İkinci pilləyə ayaq basmaq istədik. Orada oturan ərən neyi ağzından çıxarıb dik qalxdı:
– Dur! Dur! Qoca ərənin hekayəsini dinlə! – deyə əmr etdi.
Hamımız birinci pillədə sıra ilə durduq.
Ərən başladı:
– Anu26 göyü yaratmışdı;
Anlil27 yeri yaratmışdı;
Ea28 suları yaratmışdı;
Sənnaşərib Babildə padşah idi.
Nərqaləddin adlı bir kişi Ninni adlı bir qıza elçi göndərib, onunla evlənmək istəyirdi. Ninni razı olur, ancaq qırx gün vaxt istəyirdi. Nərqaləddin çirkin, ancaq varlı idi. Ninni onun varlılığına sevinir, çirkinliyindən kədərlənirdi. Ninni evdə oturub, üç gün, üç gecə düşündü; axırda çıxacaq yol tapdı.
Babil qanununa görə, qız ərə getməzdən əvvəl bir əcnəbi ilə eşqbazlıq etmək haqqına malik idi. Ninni bundan istifadə etmək istədi.
Bir gün axşam çağı geyinib, Istər29 məbədinin yanına getdi. Eşq ilahəsi yolunda eşqbazlıq meylində olan qız və oğlanlar buraya toplanırdılar.
Ninni əlində bir pul tutaraq məbədin önündə gəzinməyə başladı.
Orada bir çox əcnəbi oturmuşdu. Bunların arasında ucaboylu, irigözlü, buğdayısifət bir gənc vardı. Ninni onu görcək dayanıb qaldı – ayaqları irəli getmək istəmədi. Əlindəki pulu onun qucağına atıb, geri döndü: pul atmaq – “məni təqib et” demək idi.
Gənc yerindən sıçrayıb, Ninninin ardınca getdi. Gəncin mənzilinə gəldilər. Ninni soyunub gəncin yanına girdi. Gənc Ninninin bütün gözəlliklərinə malik oldu...
Suz şəhərindən ticarət üçün Babilə gələn bu gənc qırx gün orada qalıb, hər gün Ninni ilə bərabər eşq atəşi ilə oynamağa davam etdi.
Qırx birinci gün Ninni Nərqaləddinin evinə gəlin köçdü.
Bir il keçdi. Ninninin bir oğlu dünyaya gəldi... Bunlar yaşamaqda olsun sizə kimdən deyim – Sənnaşəribdən.
Babil padşahı Sənnaşərib bir axşam bir röya gördü. Sin30 onun yuxusuna girib dedi: “Ey mənim vəkilim, sabah axşam təğyir-libas edib,
Nərqaləddinin evinə qonaq gedərsən; gecə də orada yatarsan”. Sənnaşərib yuxudan ayılıb, sabaha qədər yata bilmədi. Gündüzü səbirsizliklə keçirib, axşam paltarını dəyişdi və Nərqaləddinə qonaq getdi.
Ev sahibləri qonağa olan hörməti əsirgəmədilər – yemək verdilər, sonra da yataq düzəldib, onu yatırdılar. Nərqaləddinlə arvadı da uşağı yatağına qoyub uzandılar.
Sənnaşərib uyumayıb dünənki yuxusunun çin32 olmasını gözləyirdi.
Gecənin bir yarısı Ninni yataqdan qalxdı, geyinib getdi.
Sənnaşərib də onun arxasınca çıxdı. Ninni gedib Fərat kənarında balaca bir evin qapısını döydü. Qapıya ucaboylu, irigözlü bir gənc çıxdı.
Gənc: “Indiyə qədər haradasan?” – deyə Ninniyə acıqlandı, sonra Ninnini içəri buraxıb, qapını örtdü. Sənnaşərib yeriyib, qapının arasından içəri tamaşa etməyə başladı. İçəridən deyişmə səsi gəlirdi; gənc deyirdi:
– Gec gəlməkdə, görünür, məni sevmirsən.
Ninni and içərək inandırmağa çalışırdı:
– Evə qonaq gəlmişdi, onun üçün ləngidim.
– Yox, inanmaram!
– Nə edim ki, inanasan?
– Eşqinin doğru olmasını isbat et.
– Nə ilə deyirsən, edim.
– Get oğlunun başını kəs, gətir, inanım.
Ninni haman evi tərk etdi. Sənnaşərib də onu təqib etdi.
Ninni evinə gəlib, oğlunun yorğanını yavaşca qaldırdı, bir bıçaqla başını kəsib, dəsmala qoyub çıxdı. Gəlib yenə Fərat kənarındakı evin qapısını döyüb, içəri girdi. Sənnaşərib cəld irəliləyib, qapının çatlağından içəri tamaşa etməyə başladı.
Ninni oğlunun qanlı başını gəncə göstərib, bucağa atdı. Sonra öpüşüb kefə başladılar.
Sənnaşərib sabah qırmızı geyib taxta çıxdı. Vəziri yanına çağırıb, gecə gördüklərini nağıl etdi. Sonra dedi:
– Dünyadan şərin kökünü kəsmək üçün bütün qadınlar Fərat çayına atılmalıdır. Söylə, hazır olsunlar!
Ay allahı.
† Doğru
Vəzir düşünüb dedi:
– Padşah sağ olsun, izin ver bir hekayə söyləyim də, sonra əmr verək.
Padşah razı oldu. Vəzir başladı:
– Günlərin birində təmər şərbətçisinin dükanında oturmuşdum. Bir gənc süvari gəlib, dükanın qapısında durdu. Görünür, qərib idi. İçəri boylandı.
Maraqlanıb dışarı çıxdım. Gənc mənə yönələrək: “Qardaş, – dedi, – kəfən alacağam, bilmirsən harada satırlar?” Ona qoşulub kəfən dükanına getdim. Gənc kəfən aldı və məndən razılıq edib, yola düşdü. Marağım daha da alovlandı. Bir at tutub, gəncin arxasınca getdim. Şəhərdən çıxdıq. Gənc dönüb, məni arxada gördükdə, atını dayandırdı. “Ay qardaş, – dedi, – kimsən, nəkarəsən, bilmirəm, mənim sirrimə əl aparma!” Mən: “Sən kimsən, nəkarəsən, bilmirəm, ancaq məndə bir maraq oyandırdın. İzin ver də sənə əlimdən gələn köməyi edim”, – dedim.
Gənc çox tərəddüddən sonra razı oldu. Yola düşdük. Bir təpəyə yanaşdıqda atını mənə tapşırıb getdi: “Məni bir az gözlə”, – dedi.
Gözlədim. Bir saat gözlədim, gəlmədi, iki saat gözlədim, gəlmədi.
Axırda atları yedəyimə alıb təpənin başına çıxdım. Bir də nə gördüm – təpənin arxasındakı dərədə vuruşurlar. Mənə atını tapşıran gənc sağa-sola qılınc vurur: bir sıra adamları vurub yıxmışdı. Mən köməyə gedənə qədər gənc ətrafdakıları qılıncdan keçirib döndü. Kənarda bir meyit var idi, götürdük. Gətirib kəfənlədik və qəbrə qoyduq. Bir az qəbirdən aralanmışdıq, bir də gənc dedi: – “Sən burada dur, bu saat qayıdıram”. Getdi, mən də atları başına qoyub irəlilədim və bir günbəzin arxasına qısılıb, gözlərimlə gənci təqib etdim. Gənc gəlib qəbrə sərildi, doyunca ağladı. Sonra “Qanını aldım, düşmənlərini öldürdüm.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-qizlar-bulagi-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.
İki aləmİKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.
Kiyevdə “Müsavat” şöbəsiKİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.
Zəruri məsələlərZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.
Başqa şairlərin şeirləri
Şair Nizaminin gözəl vətəni,Qoynunda bəsləyib böyütdü səni.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.