Səhifə 8 / 10 · 70%

– Gəl, gəl! Nadanın ruhunu daşıyan! Nadanın ruhunu daşıyan əziz quş, gəl! – dedi.

Bayquş bir də ulayıb qalxdı və gecənin qaranlığına qarışıb, yox oldu.

Naramsin uyumayıb, sabaha qədər oturdu. Dan yeri qızaranda evinə, çaya, meşəyə vida deyib, yola düşdü.

Üç gün sonra bu bir köçə rast gəldi. Bir neçə mal-qara, qadınlar və çoluqçocuqdan ibarət bir köçün önündə başı çapılmış bir qoca gedirdi.

Naramsin də köçə qoşulub getdi. Sərt simalı qoca Naramsinə etina etməyib, yoluna davam edir və bir gəlmə də olsa onunla danışmaq istəmirdi.

Nəhayət, Naramsin qocanın nərəyə getdiyini soruşa bildi.

Qoca acıqlı bir səslə:

– Dağlara, adam ayağı dəyməyən meşələrə köçürəm. Ellin əsgərləri oğlanlarımı öldürdülər, qızlarımın namusuna təcavüz etdilər, heyvanımı kəsib yedilər... Özüm də yaralandım... Bildinmi?.. İnsandan qaçıram!

Bir az sükutdan sonra qoca Naramsinin haraya getdiyi ilə maraqlandı.

Bu da dərdini anladaraq:

– Ruhların köçəcəyi yeri, ruhlar yurdunu arayıram, – dedi.

Qoca Naramsinə tərs-tərs baxıb:

– Ruh nədir? – dedi. – Dəlimi oldun? Görürəm, sən də başıma bir dərd açacaqsan. Ayrı get, bəlanı bizdən uzaqlaşdır!

Naramsin danışmaq istəmədi, lakin qoca onu çomağın altına salıb, köçünü başqa tərəfə çöndərdi.

Naramsin ruhlar yurdu arayaraq yoluna davam etdi... Nəhayət, bu yurda nail oldu...

İştə, hekayədə adı zikr olunan Naramsin mənəm! Ruhlar yurdunu burada buldum. Fərd müvəqqəti, ruh isə əbədidir. Bu gördüyünüz Abadan qəbilə də o ruhların məhsuludur. Fərdlər ölər, əməlləri onların ruhlarını əbədi olaraq yaşadar”.

Qoca Naramsin oturdu. Ney səsi başlandı.

16

Beşinci pilləyə çıxmadan oradakı ərən yenə dik qalxıb:

– Dur! – dedi. Bir sırada düzülüb, büt kəsildik.

Ucaboylu, xoşsəsli ərən hekayəsini başladı:

“– Firon diyarında Qamanla Mariqeri adlı iki qardaş var idi. Qaman böyük, Mariqeri isə kiçiyi idi. Qamanın İzza adında bir arvadı və iki çocuğu var idi. Bir gün Qaman işdən dönərkən böyük çocuğu qarşısına yüyürüb, dedi:

– Ata, əmim anamın üzündən öpdü.

Qaman hiddətindən titrədi və yetişən kimi qardaşını tutub boğmağa başladı. Mariqeri yalvardı, ağladı və məsələni izah etməyə çalışdı.

Nəhayət, qardaşı onu buraxıb, kənara çəkildi. Mariqeri dedi:

– Qardaş, bu gün tarladan yorğun dönmüşdüm. İzza su gətirib, mənim ayaqlarımı yudu. Təşəkkür edərək onun alnından öpdüm. Bütün məsələ bundan ibarətdir. Günahım varsa keç!..

Qamanı bu sözlər qane etmədi – Mariqerini evindən qovdu.

Mariqeri baş götürüb şəhərə getdi. Ac idi. Şəhəri dolanıb yeməyə bir şey tapmadı. Məbədlərdən birinin həyətinə gedən izdihama qoşulub, içəri girdi. Həyətdə ocaq qalamışdılar. Qurban kəsiləcəyini duydu.

Bir az keçmiş bir öküz gətirdilər. Məbəddən başı, saqqalı və bığı qırxıq bir ruhani çıxdı. Əynində kətan paltarı, ayaqlarında papirusdan məsti var idi. Ruhani yeriyib öküzü tədqiq etməyə başladı. Dərisində heç bir ləkə duymayıb, qurbanlığa layiq olduğunu bildirərək, buynuzlarına papirus qurdələsi doladı. Öküzü yıxıb kəsdilər.

Mariqeri qarnını doyurub, öküzün də başını götürüb çıxdı. Misirlilər qurban kəsilən heyvanın başını yeməzdilər, çünki etiqadlarınca, nəziri olanların bütün dərdi, bəlaları heyvanın başına keçərdi, Mariqeri başı aparıb, bir ellin tacirinə verdi və əvəzində bir pişik aldı. Heyvanların himayəsi vacib sayıldığı üçün onları himayə edənlərə nəzir verərdilər. Mariqeri pişiyi götürüb, izdihamlı bir yerdə durdu. Çox çəkmədi, bir kişi ilə bir çocuq ona yanaşdı. Kişi dəllək çağırıb çocuğun başının yarısını qırxdırdı, tükləri tərəziyə qoyub, Mariqeriyə tük ağırlığı qızıl verib getdi. Mariqeri pişiyin sayəsində axşama qədər bir çox qızıl toplayıb, həm özünü, həm də pişiyi doyurdu.

Hər gün Mariqeri pişiklə bərabər bazara çıxar və bir neçə çocuq sahibindən nəzir alardı. Bir gün bazara təntənəli bir araba gəldi. İçindən ipək geyimli bir qadınla bir çocuq, bir qul və bir kəniz endi. Qadın dəllək çağırıb, çocuğun başını bütün qırxdırıb Mariqeriyə iki tük ağırlığı qızıl verdi. Mariqeri heyrət etdi, çünki ona hələ iki tük ağırlığı qızıl verən olmamışdı.

O biri gün bir araba gəlib, Mariqerini fironun sarayına apardı: fironun çocuğunun nəziri qəbul olduğu üçün saray heyvanlarının himayəsi Mariqeriyə həvalə olundu.

Mariqerini hamama aparıb, ona uzun ipək paltar, papirus ayaqqabı və başına örtmək üçün zolaq, şaxlı ipəkdən ləçək verdilər. Sarayın bağçasında ayrıca otaq təxsis olundu. O gündən etibarən fironun dəvə, zebr, zürafə, it, pişik, keçi, eşşək, aslan və müqəddəs timsahlarına nəzarət başladı. Fironun əmrinə görə ona baş çodar ləqəbi verildi.

Bir gün “Fironun arvadı heyvan bağçasını ziyarət edəcək” – deyə Mariqeriyə xəbər verildi. Mariqeri lazımi hazırlıqda bulundu – heyvanların hamısına ipək çullar çəkildi. Başları dəvə quşu lələkləri ilə bəzəndi. Bir də təşrifat müdiri başda olaraq qafilə bağçaya doğru yürüməyə başladı. Bir-birinin arxasına düzülərək on iki yaşlı qadın, ondan sonra fironun xanımı gəlirdi; hər tərəfdən ağ geyimli altı qız onun başına tovuz lələklərindən yapma şəmsiyyələr tutmuşdular. Arxa tərəfdən əlvan rəngli kənizlər, nədimlər və xədimlər düzülmüşdü. Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları min bir rəng çalırdı.

Mariqeri on iki dəfə əyilərək xanıma təzim etdi. Sonra qəssaba işarə olundu, xanımın ayaqlarının altında ləkəsiz bir öküz kəsildi.

Xanım bağçanı gəzib, heyvanları birər-birər ziyarət etdi, onları oxşayaraq hamısına da əli ilə yem verdi. Mariqeri xanımı təşyi edir və heyvanlara dair maraqlı sözlər söyləyirdi. Mariqerinin buğdayı sifəti, dolğun dodaqları, ağ dişləri, sürməli gözləri xanımın nəzərini özünə cəlb etdi. O, bağçada lüzumundan artıq qalıb, Mariqerinin söhbətinə daldı...

Ziyarət bitdi. Mariqeri xanımı bağça qapısına qədər təşyi edib döndükdə arxa tərəfdəki kənizlərdən birisinin ona bir lotos çiçəyi tulladığını gördü. Düzgün çöhrəli, qara və parlaq dərili bu zənci qızı o qədər cazibəli idi ki, Mariqeri gözlərini ondan ayırmaq istəmədi.

O andan etibarən eşq quşu zənci qızı ilə Mariqerinin ürəklərində yuva tikib yerləşmişdi. Axşamlar ay yaldızlı qanadını Nil çayının üzərinə gərərkən zənci qızı saray tayfasını yuxuya verib gəlir, ikisi də xurma kölgəliklərinə çəkilərək, sevgi şərbətindən içirdilər.

Fironun xanımı da Mariqerini unuda bilmirdi – bu da uyquya vida deyərək gecə sabaha qədər saray pəncərəsinə söykənib ağlayırdı. Fironun casuslarından çəkinərək, ayrılıq atəşində odlanırdı...

Bir gecə yarısı “nə olur-olsun!” – deyə xanım bağçaya enmək cəsarətində bulundu. Ətrafına baxa-baxa Mariqerinin evinə doğru yürüdü.

Bir də... gözlərinə inanmadı: Mariqeri diz çökərək Sfinks heykəlinin üst səkisində oturan bir qızın ayaqlarını qucub, ibadətkar bir vəziyyət almışdı. Qız zənci qızı idi; titrək əlləri ilə Mariqerinin başına lotos yarpaqları tökürdü... Xanım nə yapacağını şaşırdı. Qısqanclıq əzabına tutularaq, geri döndü.

Artıq xanım üçün saray əyləncələri, qayıq seyri, rəsmi qəbullar, taxt-tac nəşəsi... mənalarını qeyb etmişdi. Yatağından çıxmayaraq saralıb solurdu. Intiqam hissi ona rahatlıq vermirdi. Yaşlı on iki qadını birər-birər çağırıb, gizli-gizli danışır, məsləhətlər soruşurdu...

Bir gün “Mariqeri sarayı murdarlamaq üçün heyvan bağçasına donuz buraxmış” – deyə şayiələr yayıldı. Firondan tutmuş son xədəməyə qədər hər kəs həyəcan içində idi. Mariqeri saraya çağırıldı, cəllad hazırlandı... Lakin Mariqeri tapılmadı: qaçmışdı.

Xanım məqsədinə vararaq, sakit oldu.

Misir qanununca, donuza əl vurmuş bir adam məbədə girmək haqqından belə məhrum edilirdi. Mariqeri bu qədər ağır töhmətdən qurtulamayacağını bilərək şəhəri tərk edib, uzaq təpədə minlərlə qullar tərəfindən yapılan piramidaya sığındı. Günəş çıxandan batana qədər ağır işdən inləyən qullar Mariqerini sevinclə qarşıladılar. Gecələr qumlar üzərinə sərilən çılpaq qullarla bir yerdə yataraq saray fitnələrindən, zülmündən, dəhşətlərindən söylədi.

Gündüzləri Mariqeri qullarla bərabər işləyirdi. Onun da bunlar kimi ağır daşlar daşımaqdan əlləri və umuzları yara olmuşdu; günəşin amansız istisi onu da yandırıb qurudurdu...

Piramidanın üzərindən düşüb əzilənlərin, ishaldan ölənlərin sayı yox idi... Cəld işləyə bilməyənləri çubuqla döyüb, qanına bulaşdırırdılar...

Bir gün xəstələnib işə çıxmayan bir qulu zorla gətirib, çubuq altına saldılar. Zavallı qul on beş çubuqdan sonra öldü. Bunun şahidi olan Mariqeri qulları təhrik edərək, işi tərk etdi. Minlərcə qul tökülüb, firon məmurlarını öldürdü. “Zülmün mənbəyi saraydır, saray!” – deyə səslər eşidildi. Yaralanmış qara vücudlardan ibarət dəhşətli bir axın saraya doğru axmağa başladı. Firon ordusu tüğyanı duyaraq, qoşub od yağdırdı. Yüzlərlə adam öldürüldükdən sonra qulları dağıtdılar. Bununla

məsələ bitmədi: onlarca təkatlı saray arabası, Firon başda olaraq, vuruşma meydanına gəldi. “Üsyan başçıları əldə edilsin!” – deyə əmr verildi. Qullara işgəncələr verilərək təhrik edənlər soruldu. Nəhayət, Mariqeri ələ keçdi. Firon onu tanıyıb, saraya götürdü. O biri gün sarayın böyük salonunda təntənəli bir məclis düzəldi. Firon və arvadı taxtda əyləşdi. Mariqeri gətirilib mühakimə olundu. Sonra ölümə məhkum olmasını elan etdilər. Cəlladlardan birisi qabda zəhər gətirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kiyevdə millətlər şurası

KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.

5 dəq
İki aləm

İKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.

3 dəq
Kiyevdə “Müsavat” şöbəsi

KİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.

3 dəq
Zəruri məsələlər

ZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.

4 dəq

Başqa şairlərin şeirləri