İkinci kitab, birinci hissə
Səhifə 3 / 11 · 18%
– Yazlavesdə.
– Uzaqmı?
– Uzaq deyil, – deyə Vanya iki verstlik xəritənin bir parçasını masanın üzərinə sərdi və barmağı ilə Yazlavesi nişan verdi.
Rüstəmbəy xəritəni diqqətlə süzdü və:
– Burada monastır da var, – dedi.
– Ah, gözəl bir polyak monastırı var. Boris hərdən oraya ət almağa gedir.
– Görməlidir, – deyə Rüstəmbəy maraqlandı. Polyak mədəniyyətinə qarşı o qədər böyük hörməti vardı ki, onun hər bir təzahürü Rüstəmbəydə maraqdan çox milli həyəcan oyadırdı.
9
Rüstəmbəy bölüyə getmədən əvvəl tövləyə baş çəkmək istədi: arabir oranın təmizliyinə nəzarət edərdi. Tövlə xaraba bir həyətdə yerləşmişdi. Rüstəmbəy içəri girən kimi mehtər, arabaçı şad bir çöhrə ilə onu qarşılayıb təzim etdilər. Rüstəmbəy salam verib onlarla bərabər həyəti dolaşdı. Hər yerə qum səpilmişdi. Təmizliyə riayət olunmasını sevdiyini bütün qulluqçu və işçiləri bilirdi. Tövlə də təmiz idi. Atlar Rüstəmbəyi tanıyırdılar. Başlarını yan tutaraq, xəfifcə fınxırdılar.
Rüstəmbəy onların başlarını tumarladı, yallarını əlləşdirdi və sağrılarını oxşadı. Atlardan birinin ayağı pıçılğan idi, onu soruşdu.
– Yaxşılaşır, – cavabını aldı.
– Müalicə edirsinizmi?
– Təbii.
Rüstəmbəy atı tövlədən dışarı çıxartdırıb seyr etdi. Sonra dal ayağını götürüb, yarasına baxdı. Yara üzə düşürdü. Rüstəmbəy:
– Bağlayın! – deyə atın ayağını yerə qoydu. – Pleşşuk, qoş gedək, gec olar.
Pleşşuk tövləyə yüyürdü. Bu əsnada mehtər böyük bir vəzifə ifa edər kimi ciddi bir sima ilə Rüstəmbəyə yanaşaraq:
– Əfəndimiz həzrətləri! – dedi və yan tərəfdəki xaraba evin balkonunu göstərdi, – onlar ikidir. Hər gün yanlarına adam gəlir...
– Kim?
– Fahişələr, əfəndimiz həzrətləri.
Rüstəmbəyin dodaqları bir balaca qaçdı, sonra yenə adi şəklini aldı:
– Özünüzü gözləyin, – dedi, – burada xəstəlik çoxdur. Bazarda burnu düşmüş kəndliləri görürsünüz – bu, belə xəstəliyin nəticəsidir.
Mehtər ağasının məsləhətinə qarşı təzim edib, məmnun bir halda geri çəkildi.
Qoşulmuş qazalaq Rüstəmbəyi gözləyirdi. Oturdu:
– Pleşşuk, baytarı götürüb bölüyə getməliyik, ancaq hava soyuqdur, qar da gözlənilir. Bilmirəm kürkü götürəkmi?
Pleşşuk qozladan yarı çönərək:
– Əfəndimiz həzrətləri, götürməlidir, mütləq götürməlidir! – dedi.
– Onda idarəyə sür.
Arpadan qızışmış atlar şən bir halda ağalarını apardılar.
10
Yarım saat sonra qazalaq şəhərdən çıxıb gözəl şose ilə cənuba doğru gedirdi. Hava sakin idi, ancaq qar ətrafı ağartmışdı. Rüstəmbəy sarı, uzun yaxalı kürk geymişdi, yanında başlıqlı bir gənc oturmuşdu.
Bu, baytar idi. Yoldakı kiçik meşəyə çatana qədər kimsə bir söz söyləmədi.
Rüstəmbəy bu yolla ilk dəfə getdiyi üçün ətrafa böyük maraqla tamaşa edirdi. Bir də sipərlərdən bir dovşan çıxıb qarın üzəri ilə qaçdı, birdən tel örgüyə rast gəlib, özünü itirdi, dönüb bir xəndəyə təpildi.
İndiyə qədər sükuta dalan baytar:
– Ah, dovşan! – deyə içini çəkib, yerində hərləndi, – tüfəng olsaydı atardıq, – dedi.
Rüstəmbəy cavab tapa bilmədi: zatən ov və tüfənglə heç də maraqlanmırdı, ömründə bir güllə belə atmamışdı. Baytar bir az boylandı, ətrafa tamaşa edərək, yenə sükuta daldı.
Qazalaq əski Avstriya sipərlərinin yanından keçirdi, bütün məntəqə oyuq-oyuq idi: düz və təpələrdə sağ yer qalmamışdı. – Hər yer xəndək idi; tel örgülər pozulub orda-burda yıxıq dirəkləri və qırıq məftilləri gözə çarpırdı, yanıq evlərin yıxıq divarları və hisli bacaları görünürdü...
Rüstəmbəy üzünü baytara tutaraq:
– Müharibə nə dəhşətdir! – dedi, – baxın, abadanlıqlar yıxılmış, vaxtilə məhsul verən tarlalar alt-üst olmuşdur!
– Doğrudan da elə! Bunları mədəni şəklə salmaq üçün nə qədər vaxt və əmək lazımdır!
İkisi də susdu, sanki müharibənin dəhşətini təsvir etməyə söz bulamadılar.
Birdən baytar qayət sakin bir səslə:
– Bilirsiniz, buralarda yüz mindən artıq rus əsgəri tələf olmuş! Biz texnika ilə deyil, sayımız, adamımızın çoxluğu ilə iftixar edə bilərik.
Hər düşmən blindajı qarşısında minlərcə meyit buraxaraq, irəli keçmişik...
– Yenə də düşmənə lazımi qələbə çalmırıq, – deyə Rüstəmbəy baytarın sözlərini kəsdi.
– Elə, elə! Çünki min bir nöqsanımız var: hərbi ləvazimatımız yetmir, “müttəfiqimiz” ingilislərə müraciət edirik, elə mərmilər göndərir ki, topumuza düşmür. Sanki qəsdən məğlub olmamızı istəyirlər.
Məmləkətimizin daxili bərbad – duma ilə hökumətin arası gərginləşmiş; mübarizə get-gedə dəhşətli bir şəkil alır... İşə baxan yoxdur.
Ərzaq böhranı, nəqliyyat pozğunluğu... Böhranlar ölkəni ağzına almışdır. Belə bir vəziyyətdə qüvvətli, təşkilatlı və vətənpərvər bir düşmən qarşısında durmuşuq. Təbii, düşmən halımızı bizdən gözəl bilir – ərkani-hərbimizdə casusları var, saray belə onlarındır... Nəticədə rus xalqı bu çöllərdə boş-boşuna qırılır...
Baytarın rəngi üzündən götürülmüşdü, dodaqları titrəyirdi.
11
Yazlaves monastırı görünmədə idi. Ətrafı bağ və bostanlı bu böyük bina basəfa bir guşədə salınmışdı. Qış və hərb kimi iki təxribkar cəllad qarşısında yenə əzəmət və qürurdan məhrum deyildi, lakin həyatı sönmüşdü; hər yerdə boşluq və sönüklük görünürdü. Sanki alt tərəfindəki kəndin fəci mənzərəsindən kədərlənərək nisyana dalmışdı.
Araba monastırın yanından dönüb, kəndə doğru endi. Dərə içində yerləşən böyük kənd sınıb tökülmüş saxsı qab yığınını andırırdı; bir salamat ev qalmamışdı, bombardman buranı bir xarabazara döndərmişdi.
Pleşşuk yanıq evlərin arası ilə sürüb çay yuxarı dikləndi, sonradan təmir olunmuş bir evin qarşısında durdu. Arabanın səsinə dikdəki çəpərə bir ortaboylu, qırmızıyanaqlı qadın çıxdı və Rüstəmbəyi görcək süst siması təbəssümlə parladı:
– Ah, Rüstəmbəy! – deyə daş pilləkənlə cəld aşağı enib, qazalaqdan enən Rüstəmbəylə görüşdü: – Sizi çoxdan gözləyirik, – dedi, – bu gün Boris gələcəyinizi zənn etməyib, fəhlələrə baş çəkməyə getdi.
– Tanış olunuz! – deyə Rüstəmbəy baytarı Zinaya təqdim etdi.
Görüşdülər. Sonra yuxarı çıxıb, xırda pəncərəli komaya girdilər. İçərisi ağardılmış, divarları cürbəcür rəsmlər və xəritələrlə bəzənmiş otaq olduqca isti idi. Qonaqlar paltolarını çıxartdılar. Zina bunlara yer göstərdi. Oturdular. Qapının girəcəyindəki böyük kürə otağın bir tərəfini tutmuşdu. Kürə ilə baş divar arasına iri yastıqlı bir çarpayı yerləşmişdi. Boş qalan iki divarın qarşısında skamyalar qayrılmışdı.
Zina otaqdan çıxdı və bir dəqiqə keçmədən bir gənc fəhlə bir əlində bir ləyən, o birində bir qab içəri girdi:
– Buyurun, yuyunun! – dedi.
Müsafirlər frençlərini çıxarıb, yuyunmağa başladılar. Zina gəlib masanı düzəltdi: yağ və çörək qoydu. Yuyunub qurtaran Rüstəmbəyə təmiz havlı4 verdi.
Qonaqlar daranıb, geyinib, masanın ətrafına toplandılar... Zina stəkanlara kakao töküb, masanın üstünə düzdü.
12
– Zina... atanızın adını bilmirəm...
– Zina Pavlovna.
– Zina Pavlovna! – deyə baytar təkrar etdi, – gözəlcə istirahətiniz var; bilxassə komanız çox xoşuma [gəldi].
Zina bir az qızararaq:
– Bura xaraba idi. Boris təmir etdirdi. Bizdən başqa kənddə kimsə yoxdur. Ərzaq məsələsi bir az çətindir: əti şəhərdən, çörəyi də bir saatlıq məsafədə yerləşən transportdan gətiririk.
– Bəs fəhlələriniz nərədə işləyir? – deyə Rüstəmbəy soruşdu.
Zina tələsik:
– Yaxındadır. Adam göndərdim, indi Boris gələr, gedib baxarsınız.
– Maraqlıdır!..
– Alman blindajları ilə məşğuldurlar.
– Burada çox olmalı, – deyə baytar əlavə etdi.
– Yazlaves müharibəsi məşhurdur. Burada avstriyalılara böyük qələbə çaldıq. Sonra...
– Sonra almanlar köməyə gəldi, dayandıq, – deyə Zina “baytarın cümləsini tamamladı.”
Alman sözü baytarın yarasının közünü qopardı, hiddətləndi:
– Bu mənhus xalqı, – dedi, – oturduğu yerdən qoparmaq olmur!
Avstriya ilə müharibə asandır, almana hələ bata bilmirik. Ancaq axırda qələbə çalacağıq – buna şübhə olmaz! Acından qırılırlar: ölkələri mühasirədə, yollar tutuldu, müttəfiqləri zəif... İşi başa aparacağı şübhəlidir...
İndi də ki, Amerika ilə arası pozulmuşdur. Amerika müharibəyə girsə, Almaniya öldü.
Zina:
– İndi bu cəbhəyə türklər də gəlmişdir, – dedi. – Soldatlarımız onlardan da şikayətçidir. Yamanca vuruşurlar, deyirlər.
– Türkdən nə çıxar – cəmi bir qol ordudur. Bütün əsgərlərini bu cəbhəyə ata bilməzlər ki?!.. Qafqazda və Ərəbistanda işləri fənadır: ordumuz Ərzurum və Həmədanı keçmiş. Müttəfiqlər Bağdad və Fələstin cəbhəsində böyük müvəffəqiyyətlər əldə etmişlər...
Zina onun sözlərini kəsərək:
– Buna qarşı Almaniyanın da müvəffəqiyyəti az deyil. Rumıniya, Serbiya, Qaradağ, Belçika sıradan çıxarılmış; Fransa və Rusiyanın böyük məntəqələri istila olmuş... sualtı qayıqları müttəfiqlərə böyük tələfat verir. Aclığa gəldikdə, bizdə də başlamaqdadır – Moskvada 7-8 başlıq bir ailə 13-14 saat dükanın önündə növbəyə durduqdan sonra 1-2 bulka ala bilir... Bu, aclıq deyilmi?..
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.