İkinci kitab, birinci hissə
Səhifə 4 / 11 · 27%
Baytar hiddətlənərək Zinanın sözlərini kəsdi:
– Bizdə aclıq yoxdur, bizdə intizamsızlıq, təşkilatsızlıq var. İşimizi pozan budur. Cəbhədə hansımız aclıq çəkir? Baxın, anbarlarımız məkulatla doludur.
– Arxadakı Rusiya necə?
– Rusiyada da aclıq yoxdur, intizamsızlıq var, ehtikar var...
– 0 büsbütün fəna!
13
Borisin içəri girməsi münaqişəyə xitam verdi. Orta boylu, çəlimsiz, xoş sima bu gənc təzim edib qonaqlarla görüşdü.
– Yaxşı oldu gəldiniz, – dedi, – bu gün əlimizdə maraqlı bir iş var.
Yeməkdən əvvəl atlara baxarıq, sonra blindajlarımızı görərik.
Qonaqlar təsvibedici sima ilə başlarını tərpətdilər.
Zina özünəməxsus mehribanlıqla:
– Boris, axşam da Zaqoringilə gedək.
Boris tabe bir halda:
– Gedərik, – dedi.
Rüstəmbəy:
– Zaqorin kimdir? – deyə sordu.
Boris:
– Kazak zabitidir, transportda olur. Axşamlar bir- birimizə gedib, gəlirik. Araqları da olur. Bir cazibəli xanımı da var.
Baytar məmnun bir halda:
– Deməli, yaşayırsınız.
– Eh, bir balaca!
Rüstəmbəy karkün bir səslə:
– Baytar əfəndini atlara baxmağa gətirdim. Deyir, iyirmi atınız manqolu imiş.
Boris qətiyyətlə:
– Heç də manqolu deyil. Ayırdım. Indiyə qədər manqo əlaməti görünmür. İstərsiniz gedək, baxaq.
Rüstəmbəy baytarın üzünə baxdı, baytar məsələni anlayıb:
–Mən hazıram! – dedi.
Durub paltolarını geydilər. Boris bunları yarıuçuq bir tövləyə apardı.
– Sergey, atları bir-bir aç gətir! – deyə əmr verdi. Yarımkürklü, çal qəzil papaqlı qoca tövlənin həyətinə bir at çıxardı. Baytar atın burnuna baxdı, dəliklərini araladı:
– İrin axmır ki? – deyə sordu.
Boris təkidlə:
– Yox, yox! – dedi.
Baytar Rüstəmbəyin üzünə baxaraq:
– Bu at salamatdır. O birilərini gətirin baxaq.
Qoça atları bir-bir çıxardı. Baytar hamısını müayinə edib, heç birində xəstəlik tapmadı.
– Hər halda, – dedi, – üç-dörd gün o biri atlara qatmayın, burunlarından irin axmasa, işə buraxa bilərsiniz.
Boris baytarın sözlərindən son dərəcə məmnun olaraq, müzəffər bir halda:
– Aparırdı, zorla saxlamışam, – dedi.
– Tühaf! – deyə Rüstəmbəy baytarın üzünə baxdı.
Baytar gülümsədi.
– Olur! – dedi.
14
Tövlənin dışarısında yəhərlənmiş üç at qonaqları gözləyirdi.
Mindilər. Atlar götürüldü. Kəndin xarabaları arasından keçib açıqlığa çıxdılar. Ətrafı mərmi dəlik-dəlik etmişdi. Bütün düz və təpələr alayarımçıq örtülmüş xəndəklərlə dolu idi. Boş yerə sərf olmuş bu əməyə İnsan heyrət edirdi.
Boris atını yolun sağ tərəfinə döndərdi. Rüstəmbəy də baytarla döndü. Gözlərinin qarşısında geniş bir sahə açıldı. Xırda təpələrin arxasında çal papaqlı fəhlələr görünürdü – qucaqlarında bir şeylər daşıyırdılar.
Atlar fəhlələrə yaxınlaşıb dayandılar. Boris atdan enən kimi, müsafirlər də endilər. Fəhləbaşı qaçaraq yüyürüb təzim etdi və atların cilovlarından yapışdı.
– Nə var? – deyə soruşan Borisə fəhləbaşı:
– Hər şey hazırdır, sizi gözləyirik, – dedi. Fəhləbaşı atları bir başqa fəhləyə verib, qonaqları apardı. Açıqlıq bir yerdə torpaqdan bir az yüksək xırda bir bina göstərdi.
– Bu, alman blindajıdır, – dedi.
Arxa tərəfdə xırda qapısı var idi, içəri endilər. Heyrətə mucib olan bir şey yox idi: blindaj təqribən üç kvadrat metrlik, üç xırda pəncərəli çargül bir otaqdan ibarətdi; tavanı payalardan və divarları sementdə yoğrulmuş dəmirlərdən qayrılmışdı. Blindajın ortasına çırpı yığılıb, üzərinə beş dənə altı düyümlük mərmi qoyulmuşdu.
Boris üzünü Rüstəmbəyə çevirib başladı:
– Burada bir-iki mitralyoz qoymuşlar, hücum edənləri biçib-tökmüş.
Top mərmiləri buna kar etmir, dinamitlə zorluqla dağıdılır – o qədər möhkəmdir! İndi bizim üsulumuzu nümayiş etdirim də, baxın. “Bizim üsul” dedikdə Boris istehza ilə güldü. Blindajı tərk edib üzərinə çıxdılar, fəhləbaşı orada idi. Boris irəli yeridi:
– Buranı dəlib, – dedi, – piraqsilin şəfləri qoyuruq, sonra biqford qaytanı vasitəsilə odlayırıq. Lakin bunda bir o qədər qüvvət olmur.
İndi çəkilək, fəhləbaşı odlasın.
Müsafirlər maraqlandılar – piraqsilinə maraqla baxdılar, qaytanı əlləşdirdilər və almanlar blindajı hörərkən arasına köhnə kotanlar qoymuş olduqlarını gördülər.
Rüstəmbəy vəzifəsindən doğan bir sıra sualla Borisə müraciət etdi. Bu rəsmi və qeyri-rəsmi söhbətlər qurtardıqdan sonra Boris qonaqları daldaya götürdü. Bir də bir partıltı eşidildi; blindajdan xəfif tüstü çıxdı, yüyürüşdülər – blindajın üzəri bir az çatlamışdı. Sonra Boris “öz üsulunu” nümayiş etdirdi. Qonaqlar yenə uzaqlaşdılar. Fəhləbaşı blindajdakı çırpıları yandırıb qaçdı.
Bu dəfə partlayış zəlzələni andırdı – yer titrədi. Kimsə yerindən tərpənməyə cəsarət etmədi.
Boris:
– Bəlkə də mərmilərin hamısı birdən partlamamışdır, – deyə ehtiyat etdi. Bir az sonra fəhləbaşı gəldi və mərmilərin tamamən partlamasını xəbər verdi. Qoşdular. Blindajın divarları və tavanı adda-budda xətərlənmişdi.
Çatlaq belə görünmürdü.
15
Nahara Zina düşbərə bişirmişdi. Zina sibirli olduğu üçün bu bişmişi çox sevər və gözəl bişirərdi. Gələn qonaqlara həp düşbərə ikram edərdi. Mütəvaze süfrəni səliqə ilə düzəltmişdi: bir qab Voloqod yağı və ağ çörək qoymuşdu; boşqabların yanında iri stəkanlar qoyulması araq olmasını göstərirdi.
Baytar əlini yuyarkən gözləri bu stəkanlara sataşdı:
– Boris Vladimiroviç, deyəsən arağınız var? – dedi.
– Var, özüm qayırmışam – bir az spirt tapmışdım, su qatıb düzəltdim.
– Zatən, biz də elə qayırırıq.
Masanın kənarında oturan Rüstəmbəy bığlarını buraraq:
– “İçkinin yasaq edilməsi ilə fayda əldə edildimi?” – deyə bəzən
öz-özümə sual verirəm, – dedi.
Baytar qəti olaraq:
– Şübhəsiz! – dedi və Rüstəmbəyin istehzalı təbəssümünü görərək:
– Baxın, – deyə sözlərinə davam etdi. – Cəbhədə əsgər araq tapa bilmir, samoqon5 da buralarda yoxdur. Spirt və odekolon ilə ehtiyacını dəf edənlər bizim kimilərdir (baytar gülümsədi). Rusiyada, təbii, məsələ başqa şəkildədir – bütün yasaqlara rəğmən içki böyük meydan almaqdadır.
Rüstəmbəy gülərək:
– Müqəddəs Vladimirin dediyi doğru imiş – “rusun şadlığı içkidir, onsuz yaşaması mümkün deyil”.
– Elə, elə! – deyə baytar güldü:
– Onun üçün də Məhəmməd dinini qəbul etmədik.
Bu əsnada gənc fəhlə əlində buğlanan qazanla içəri girdi. Zina qonaqları masaya dəvət etdi. Boris arağı stəkanlara tökməyə başladı.
Oturdular. Rüstəmbəyi, təbii, amir sifətilə yuxarıdan oturtdular.
Boris ixlaskar bir təbəssümlə qədəhi qaldırdı:
– Əfəndilər! – dedi, – əziz qonaqlarımızın şərəfinə içəlim. Rüstəmbəy, sağ olun!..
– Sağ olun!
– Sağ olun!
Zina işvəkar bir əda ilə Rüstəmbəyi süzüb:
– Rüstəmbəy, içmirəmsə də ruhən nəşənizə şərikəm, sağ olunuz, – dedi.
Rüstəmbəy məmnuniyyətlə baş əydi. Qədəhləri bir-birinə vurdular, sonra diskinər kimi içib üzlərini qırışdırdılar.
Yağla çörək ağızları acı təmdən qurtardı. Iştaha dillərə qələbə çaldı: kimsə danışmaq həvəsində deyildi.
Nəhayət, sükutu Rüstəmbəy pozdu; ayağa qalxıb:
– Əfəndilər, – dedi, – ilk qədəhi mənim və əziz qonağınızın şərəfinə qaldırdınız. Şəxsən mən bu şərəfə layiq deyildim; çünki məclisimizdə məndən daha şərəfli, təqdir və təqdisə layiq bir sima var.
Möhtərəm Zina Pavlovna böyük rus qadınlığını təmsil edərək, məclisimizə süslər bəxş edir. Əfəndilər, mən rus deyiləm, amma rus mədəniyyətinin məhsuluyam; bütün mənəvi tərbiyəmi rus ədəbiyyatından almışam. Ədəbiyyatda təmsil edilən Tatyana, Liza və Nataşalara məftun olaraq, ötədən bəri rus qadınlığına hörmətlər bəsləyə gəlmişik.
Zina Pavlovna da o qadınların yüksək bir nümunəsidir. Cəbhəyə qədər ərinin dalınca gəlməsi dekabrist qadınlarının fədakarlığını andırır.
Yaşasın Zina, səadət ulduzu parlasın da, yollarımızı işıqlandırsın!
Qədəhlər qalxdı Zina gülərək:
– Rüstəmbəy, bir az mübaliğəyə vardınız – dedisə də, Rüstəmbəyin nitqindən son dərəcə məmnun qaldı...
16
Qazalaq bağça kənarında xırda bir evin önündə durdu... Boris və Zina əvvəlcə enib, Rüstəmbəyə və baytara yol göstərdilər.
Qonaqları qayış geyməli gözəl bir gənc qarşıladı. Bu, Zaqorin idi.
– Gəldiyinizə çox şadıq, – dedi. – Siz gəlməsəydiniz də biz gələcəydik.
Zaqorin müsafirləri bütün təfrişatı bir neçə qırıq sandalya və axsaq masadan ibarət geniş bir otağa götürdü. Burada çal bığlı, abdal qiyafəli bir baytar və iyirmi yeddi yaşlarında ağ, dolğun və cazibəli bir xanım var idi.
Zina:
– Yevgeniya Artyomovna, ya Allah! – deyə xanımın boynunu qucaqladı, öpüşdülər, sonra baytara əlini uzatdı, baytar əlini öpdü.
– Əfəndilər, tanış olun! – deyə Zaqorinin səsi gəldi. Müsafirlər ev adamları ilə tanış olaraq, bir-birinə əl verdilər.
Tavandan asılan neft lampasının tutqun işığı can sıxırdı. Zina bunu duyaraq ərkyana:
– Əfəndilər, – dedi, – bu işıq nədir? Heç utanmırsınızmı?
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.