İkinci kitab, dördüncü hissə
Səhifə 1 / 15
1
Kiyev Rüstəmbəyin nəzərində olduqca dəyişilmişdi: əsgər libaslı adamların sayı bir qat daha artmışdı. Yorğun və düşgün soldatlarla bərabər, qadın bölükləri də gözə çarpırdı. Kerenski hökuməti ordunun ruhunu yüksəltmək üçün könüllü qadınları da əsgərliyə cəlb etmişdi.
Ukrayna hökumətinin atdığı cəsarətli addımlar bütün şəhəri bir-birinə zidd iki qüvvəyə ayırmışdı. Şəhərin az bir hissəsi Ukrayna hərəkatını təsvib edirdi. Idarə və məktəblərin milliləşməyi haqqında yayılan şayiələr əksəriyyəti həyəcana belə gətirirdi. Tramvayda bir rus qadının o birinə: “Mən balalarımı boğaram da, Ukrayna milli məktəbinə vermərəm”, – deməsinin Rüstəmbəy şahidi olmuşdu.
Ehtikar daha da şiddətlənmişdi: çocuqdan böyüyə hər kəs alıb satırdı.
Ərzaq və iaşə məsələsi bir az da kəskinləşmişdi. Xırda pul qaib olmuşdu və bundan da min bir çətinliklər doğurdu. Almanların hücuma davam edərək, Baltik sahillərini istila etməsi kimsəni mütəəssir etmirdi.
Kef yerlərində axıdılan şampan şərabının sayı-hesabı yoxdu.
Gənc qızlar arasında alverçilərdən nüfuzlu və mötəbər adam təsəvvür edilmirdi; çünki modalı paltar, ipək corab, incə ayaqqabı, şokolad və ətir kimi az tapılan şeyləri yalnız alverçi təmin edə bilərdi. Oğurluq və cibgirlik adi sənət olmuşdu. Xalq bunu cəbhəni tərk edib qaçmışlara istinad edərək, qəzetlərdə tühaf elanlar dərc edirdi: “Yoldaş oğru, cibimdən çıxardığın portmonetdəki pullar sənin, vəsiqələrimi göndərmək zəhmətində bulunmanızı iczlə rica edirəm. Adresim bu...”
Rüstəmbəy bu kimi elanlara qəzet sütunlarında çox rast gəlirdi.
Yenə küçələrdə natiqlər nitq demədə idi – İnsanlar danışıq xəstəliyinə tutulmuş kimi, gecə-gündüz yorulmadan ağızlarından söz axıdırdılar.
Kimsə də söylənmişlərə yeni bir şey artırmırdı. Qəzetlər də eyni halda idi: Petroqradda çağırılmış “Demokratik müşavirə”də söylənilən nitqlər geniş qəzet sütunlarını doldurmada davam edir, qurtarmaq bilmir. Nitqlərə baxmayaraq, anarxiya dövləti çeynəmədə idi.
Rüstəmbəy zemstvo baş idarəsi tərəfindən təklif olunan yeni xidməti rədd edib, qulluqdan tamamilə çəkilmişdi. Milli hərəkata qoşulmaq üçün hazırlıq görürdü. Hər yerdə firqə mənsubiyyəti sorulduğu üçün Rüstəmbəyin də bir firqəyə qoşulması lazım gəlirdi. “Müsavat” proqramını səbirsizliklə gözlədiyi halda, bu proqram onu məmnun etmədi.
Rüstəmbəy məsləkcə daha sol idi.
Bir axşam “Müsavat” proqramından məmnun qalmadığını Qulamrzaya açdı. Qulamrza dedi:
– Proqramın qəbul etmədiyin yerlərini söylə də, müzakirə edək.
İrəlidə çağırılacaq qurultayda biz də öz proqramımızı təklif edərik; qəbul etməsələr, başqa bir firqə təşkilinə çalışarıq.
Rüstəmbəy razı oldu:
– Bilirsən, – dedi, – “Müsavat” proqramında iki təsir var: müqəddiməsi Ziya Göyalp fəlsəfəsi üzərində qurulmuş, mündərəcə də kadet proqramından alınmışdır. Bunun ikisi də bizim üçün əlverişli deyil.
Ziya Göyalp “Islamlıq, müasirlik, türklük” – deyə meydana üç qanadlı şüar atmışdır. Bu, səfsətədən başqa bir şey deyildir. İslamlıq bir din olaraq, müasirliyə ziddir. Bundan başqa, siyasi bir firqə təşkilində dinə lüzum varmı? Məqsəd Azərbaycan muxtariyyəti isə, dini deyil, dövləti nöqteyi-nəzəri müdafiə etməliyik. Mündəricəyə gəldikdə “Müsavat”ın torpaq məsələsi həlli də məni məmnun etmir.
“Torpağı kəndli bəydən satın alacaqmış”, – deyilir. Bu, bəylərin faydası deməkdir. Torpaq məccani olaraq kəndlilərə verilməlidir.
Torpaq əkənindir. Torpaq bilavasitə üzərində işləyənindir. Bizim şüarımız bu olmalıdır...
Rüstəmbəy “müsavat” proqramının tənqidi yolunda uzun-uzadı mülahizələr yürüdüb, axırda dedi:
– Bizə müsavatçı deyilməz. Biz milli sahədə çalışırıq, ancaq hələlik özümüzə ünvan qəbul etmərik. Olsa-olsa, türk federalistləri adını daşıyarıq.
Qulamrza gülümsündü və Rüstəmbəylə tamamilə şərik olduğunu bildirdi.
2
İndiyə kimi Rüstəmbəyin sözlərini dinləyən Sayad bacı yerində qımıldandı və gözləri Rüstəmbəyin boş stəkanına çarparaq, ayağa qalxdı. Cəld çay verib, yerində əyləşdi. Rüstəmbəy susmuşdu. Qulamrza müsavat proqramını gözdən keçirirdi. Sayad bacı nə düşünürdüsə qaşları qalxır, yanaqları qızarmağa başlayırdı. Çox çəkmədi:
– Bəri baxın, – deyə sükutu pozdu. – Rüstəmbəy, burada firqə təşkil etmək istəyirsiniz?
Rüstəmbəy:
– Firqə deyil, milli təşkilat yaratmaq istəyirik, – deyə cavab verdi.
– Oraya kimlər girəcək?
– Kim istərsə. Əvvəl ümumi iclas çağıracağıq, fikrimizi izah edərik də, sonra meyli olanlar yazılar.
Sözlərini bitirdikdən sonra Rüstəmbəy bir az düşünüb, Qulamrzaya müraciət etdi:
– Doğrudan, Qulamrza, burada kimlər qalmışdır?
– Köhnələrdən az adam var. Qulu klinikada doktorluq edir. Cabbar yenə öz aləmində. Səftər oxuyub qurtarmağa çalışır...
– Bunlar heç! – deyə Rüstəmbəy onun sözlərini kəsdi.
– Cavanlardan bir neçəsi var: Həqqi, Əbdürrəhim, Həsənoğlu.
Sonra bir-iki nəfər də var... Bilirsən, hərə bir tərəfə dağılmışdır. Bu qarışıqlıqda təzə tələbə də gözlənmir. Indi adama ehtiyac olduğu üçün çoxları Bakıda və qəzalarda işləyir.
– Zemlyaçestvo ki, fəaliyyət göstərmir.
– Yay tətili münasibətilə işləmirik. Üzvlərdən bircə mən qalmışam.
Yeni seçki olmalıdır.
Rüstəmbəy gülümsündü:
– Daha zemlyaçestvo zamanı öldü... Komitə seçərik də, zemlyaçestvonun pul və kitabxanasını əlimizə alarıq.
Qulamrza heyrət edər kimi:
– Razı olarlarmı? Siyasi komitə ayrı, zemlyaçestvo ayrı. Komitə buradakı bütün türkləri başına toplaya bilməyəcək. Elə deyilmi? Burada cürbəcür məsləkli adamlar var.
– Burası düz. Ancaq indi inqilabi yol – deyə mod bir təbir var. Biz də inqilabi yolla hər şeyi həcz edərik. Razı olub olmamağa çox da əhəmiyyət verən yoxdur.
Qulamrza və Sayad bacı Rüstəmbəyin cəsarətinə heyrət edərək gülüşdülər.
Gecə saat on birə qədər oturub, iki yoldaş irəlidəki fəaliyyətlərinin planını düzəltdilər. Çağırılacaq adamların siyahısı tutuldu, gün təyin olundu. Nəhayət, Qulu ilə Cabbara xəbər verilməməsini qət edib, gəzməyə çıxdılar.
3
Sabah çaydan sonra Rüstəmbəy oturub Şimali Amerika Qoşma Cümhuriyyətinin dövləti təşkilatını tədqiq edirdi, qapı tıqqıldadı:
– Gəlin! – deyə söylər-söyləməz qapı açıldı. Musyanın atəş saçan çöhrəsi bulud arxasından doğan ay kimi zühur etdi.
Rüstəmbəy onu heç də gözləmirdi. Yazdığı bir sıra məktuba belə cavab verməyə vaxt tapmamışdı. Bir az soyuq, bir az da heyrətli bir təbəssümlə yerindən qalxıb Musyanı qarşıladı.
– Buyurun! Buyurun! Xoş gəldiniz! Baxınız, sizi otağımda heç də təsəvvür etməzdim, – dedi.
Musya şən addımlarla irəli atıldı, barmaqlar bir-birinə sarıldı.
Sonra Rüstəmbəy Musyanın xırda çamadanını alıb masanın üzərinə qoydu. Ona yer göstərdi. Oturdular. Musya açıq kitabı süzərək:
– Kitabla məşğulsunuz, dostları unutduran kitabla, – deyə başını tərpətdi.
Rüstəmbəy də:
– Nə etməli? Həyatın tələbi bu, – deyə başını tərpətdi. Musya bir az qızararaq:
– Üç məktub göndərdim, birinə cavab yox. Nə oldu? – deyə düşündüm.
Rahatsız oldum. Dedim, gedim də görüm..
Musyanın sözləri və hərəkəti Rüstəmbəyə o qədər tühaf göründü ki, tam altı əsr əvvəlki zamanların qəhrəmanlarını andırdı. Ətrafda coşan siyasi hadisələr fərdi həyatı və hissi uzaq keçmişlərə atan kimi görülürdü. Qəlb xatirəsi üçün iki günlük yol zəhmətinə qatlaşan bu şən və zərif qızla öz arasında altı əsrlik bir məsafə duydu. Cəsarətsiz səslə:
– Nə incə və böyük qəlbə maliksiniz! Mən bu fədakarlığa dəyərəmmi? – dedi.
– Özünüzü mənim yanımda əskiltməkmi istəyirsiniz? Qabil deyil!
– deyə dodaqlarında yarı istehza, yarı ciddi bir təbəssüm parladı. Rüstəmbəy də istər-istəməz gülümsədi:
– Musya, – deyə ayılan kimi oldu, – yəqin çay içməmisiniz, gətirsinmi?
Musya qızararaq, söz deməyə cəsarət etmədi. Rüstəmbəy otaqdan çıxıb samovar verilməsini söylədi. Kitabı götürüb masanın üstünə çörək və pendir qoydu:
– Yıkanmaq istərsinizmi?
Musya cəsarətsiz səslə:
– Fəna olmazdı, – deyə qalxıb yuyuncaqda yuyunmağa başladı.
Xidmətçi qız stəkan gətirdi. Bir az sonra samovar da gəldi. Musya yıkanıb, silinib, böyük güzgü qarşısında saçlarını düzəldirdi. Rüstəmbəyin gözləri ona sataşdı – səliqə ilə tikilmiş paltarı mütənasib vücuduna olduqca yaraşırdı. Cəbhədə bir az yabanı görünən Musya olduqca mədəni bir gözəlliyə malikdi. Ağıllı baxışı, dolğun sinəsi, həlim və təranəli səsi – bütün hərəkəti xanımlıq haqqına haiz olduğunu bildirirdi.
Rüstəmbəy bunu duydu, ancaq səadət yolunun yalnız bircə saniyəlik bir məsafəsini görə bildi; dəruni aləminin uzaq bir guşəsində nədənsə tufan qopdu. Soyuq bir kabus arzulara, nəşələrə, sevinclərə toxunub yıxdı. Qarışıq bir hiss vücuduna hakim oldu. Musya ilə arasında olan altı addımlıq məsafə yenə altı əsrlik göründü.
– Nə üçün düşünürsünüz? – deyə Musya onu fikirdən ayırdı.
Rüstəmbəy:
– Heç! – deyə cavab verdi, lakin dodaqlarında fırlanan söz qulaqlarına çatmadı.
– Sizə manemi oluram?
– Yox!
– Bir saatdan sonra gedəcəyəm. Bir dəqiqəliyə də olsa görüşmək istədim.
– Mənə heç də mane olmursunuz... Bir neçə gün qonaq qalın da, sonra gedərsiniz, – deyə Rüstəmbəy yavaş-yavaş fikirdən ayrıldı.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Başqa şairlərin şeirləri
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız