İkinci kitab, dördüncü hissə
Səhifə 3 / 15 · 13%
Musya bir az düşünərək safdil bir halda:
– Bilmirəm, – dedi, – İnsanlar daha nə istəyir, çarı yıxdılar, hürriyyət qazandılar, di məmləkəti yaxşı idarə etsinlər. İndi işlər daha da xarablaşır. Rüstəmbəy gülümsünərək:
– Təbii deyilmi? – Kerenski xalqın istədiyini vermək istəmir.
Baxın, müharibə yenə davam edir, mərkəziyyət üsulu yenə qalır...
Musya diqqətlə dinləyərək:
– Sizcə, Rüstəmbəy, nə olmalı? – dedi.
– Məncə, federasiya. Millətlər öz-özlərini idarə etməlidirlər. Siz ukraynalı olaraq, bunu bilməlisiniz.
– Mən ukraynalıyam, ancaq milli dilimi bilmirəm. Bir də ukraynaca yalnız kəndlilər danışır.
Rüstəmbəy:
– Eyib! Eyib! – deyə istehza ilə başını tərpətdi.
Musya da:
– Məndə qəbahət var? – deyib oynaq bir halda gözlərini süzdü.
Mövzunu dəyişdilər. Cəbhəni xatırlayaraq, keçirdikləri xoş günləri təsəvvür etməkdə həzz duydular. Rüstəmbəy Musyanın Buçaçda tökdüyü göz yaşlarını yad edib, istehza ilə güldü. Musya qıpqırmızı kəsilib nazlana-nazlana:
– Nə edəydim? – dedi. – Hamı qaçır, göydən aeroplanlar bomba tökürdü; alman bizi əsir apara bilərdi...
– Nə olardı? – deyə Rüstəmbəy onun sözlərini kəsdi, – gözəl bir almanla evlənib məsud olardınız.
– Oy, evlənməzdim! Almanla xoşbəxt ola bilmərəm... Mən cənubluları, qaraqaş, qaragözlü cənubluları çox sevirəm.
Rüstəmbəy Musyanın bu işarəsini qulaq ardına vurub, başını aşağı saldı və masa örtüsünün kənarını bükməyə başladı.
8
Saat on ikiyə yaxınlaşırdı. Musya daranıb, yatmaq tədarükündə idi. Rüstəmbəy də salonda yatmağına müsaidə olmaq üçün ev xanımının yanına getdi. Xanım razı oldu və maraq edərək Rüstəmbəyi söhbətə tutdu:
– Nişanlısınızmı? – deyə sordu.
– Yox, tanışdır. Nə üçünsə gəlmiş, bir neçə gündən sonra gedəcək.
Xanım hiyləgər bir təbəssümlə:
– Sizə çox yaxın görünür, – dedi, – bəlkə də sizi sevir. Hər halda ümidlə gəldiyini zənn edirəm... Bilirsiniz, gözəl qızdır. Çox tərbiyəli və nəzakətlidir... Mən sizin yerinizə olsaydım, fürsəti qaçırmazdım.
– Aman, bu zamanmı?
Xanım bir az da mülayim səslə:
– Bilirsiniz, siz gəncsiniz, həyatı bilmirsiniz, gələn baxtdan qaçmazlar; çünki fürsət nadir qonaqdır. Bir daha gəlməyə bilər.
Rüstəmbəy xudpəsənd bir halda:
– Hələ gəncik, yenə gələr.
– Bağışlayın, neçə yaşınız var... Bağışlayın, dostluqda soruşuram.
– İyirmi doqquz.
– O, evlənmənin tam vaxtıdır. Sonra gec olar...
– Olmaz! Olmaz!..
Xanım qəhqəhə ilə gülüb, əlavə etdi.
– Məndən sizə demək – fürsəti qaçırmayın! Qız sizə aşiqdir. Bu gün danışdırmışam. Rədd etsəniz, dəli olar...
Rüstəmbəy oynaq bir halda:
– Olmaz! Olmaz! – deyə ayrıldı. Qapısına yanaşıb taqqıldatdı:
– Olarmı? – dedi. Otaqdan:
– Bir az gözləyin, – səsi eşidildi.
Rüstəmbəy bir neçə dəqiqə koridorda gəzinməyə başladı. Bir az sonra Musyanın bakir səsi:
– Olar! – deyə havanı titrətdi.
Rüstəmbəy otağa girib, Musyanı yataqda gördü. Tavandakı lampa söndürülmüş, yalnız çarpayının yanındakı yanırdı. Ətirlənmiş yataq rayihə saçırdı. Musyanın qonur saçları ağ yastığa sərilərək, atəş saçan çöhrəsinə gözəl bir fon təşkil etmişdi. Rüstəmbəyə heyran-heyran baxan gözləri dənizdə dalğalanan günəş əksini xatırladırdı. Totuq qolu və incə əli ipək yorğana istinad edərək, pərəstişkar bir vəziyyətdə idi...
Rüstəmbəy qapıya söykənib qaldı; cəsarətlə bərabər idrakı da vücudunu tərk edib, bu gözəl yataq ətrafında uçuşan sirlərə qarışmışdı...
Bir neçə dəqiqəlik sükut otağı bürüdü. Lakin Musyanın göz yaşları sükutu titrətməyə başladı. Rüstəmbəy qeyri-şüuri bir halda irəliləyib, çarpayının kənarında oturdu:
– Musya! Musya, nə olub? – deyə sol əli ilə qızın başını əhatə etdi. Günəş əksini andıran gözlər ona dikilərək, həsrətini anlatmağa başladı... Rüstəmbəy onu özünə tərəf cəlb edib boynuna sarıldı.
– Sən mənimsən – deyə Musya inildədi və göz yaşları, səsini boğdu. Musyanın sözləri, sanki Rüstəmbəydə ikinci bir şəxsiyyət oyatdı: əlini Musyanın gərdənindən çəkib oturdu. Bir dəqiqə əvvəl köksündə çırpınan bu istəkli vücud yenə sislərə bürünməyə başladı. Aralarındakı mənəvi məsafə sürətlə genişlənir və Rüstəmbəyi də uzaqlaşdırırdı. Musya yenə orta əsrdəki şevalye sarayından tamaşa edən xəyali bir qız kimi görünməyə başladı. Ortalıqda altı əsrlik bir sədd dikəlmişdi. Rüstəmbəy durub getmək istədi. Musya onun əllərinə sarılıb buraxmadı:
– Yenə nə oldu. Bilmirəm ki? – dedi və Rüstəmbəyin əlini götürüb hərarətlə öpdü. Sonra yalvarıcı səslə: – Rüstəmbəy, – dedi, – sizdə tühaflıqlar var, səbəblərini mənə anlatmazsınızmı? Məni sevmirsiniz, deyilmi? Anlat da.
Rüstəmbəy, şiddətli məhkəmə qarşısındakı cavaba aciz qalan bir cani kimi, əvvəl söz aradı, sonra titrək səslə:
– Musya, bilirsiniz, hissə qapılmaq nə böyük məsuliyyətdir... Musya:
– Ah, Rüstəmbəy, – deyə onun sözlərini kəsdi, – bircə bilmirəm, nə üçün hər şeyi ağılla ölçürsünüz. Nə məsuliyyət?
– Hər bir İnsan məsuliyyət duymalıdır.
Musya əlini onun əlindən uzaqlaşdıraraq, darğın bir tonla:
– Siz məxsus mənimlə əylənirsiniz, – dedi və üzünü divara çevirdi.
Rüstəmbəy ayağa qalxdı:
– Gecəniz xeyrə qalsın! – dedi və qapıya doğru yönəldi. Musya Rüstəmbəyin sözlərini əvvəl ciddi sanmayaraq, cavab vermədi. Sonra Rüstəmbəyin qapını açıb çıxması izzəti-nəfsini yaraladı.
Qonşu salonda taxt şıqqıldadı, Rüstəmbəyin yatmağa hazırlanması bəlli idi. Musya hiddətindən yanındakı lampanı söndürüb, acı göz yaşları tökməyə davam etdi.
9
O biri gün bir-birinə qarşı soyuq bir vəziyyətdə idilər; lakin Musya yenə hörmət və nəzakətindən əl çəkmirdi. Sabah çayı bitdikdən sonra Rüstəmbəy Musyaya bir söz demədən otağı tərk etdi. Çoxdan İmranın dükanına getməmişdi. Azərbaycandan gələnlərin İmranla əlaqəsi olduğu üçün orada həmişə yeni xəbərlər olurdu. Rüstəmbəyi də başlıca maraqlandıran o idi. Gəlməsi də isabət oldu: Xəlil məktub və bir çox da qəzet göndərmişdi. Rüstəmbəy mağazanın bir guşəsinə çəkilib, konverti tələsik açdı. Məktub rusca yazılmışdı. Oxudu:
“Əzizim!
Əvvəl yoldan başlamaq istəyirəm. Yollar olduqca çətin və zəhmətlidir. Bir kərə nizam deyilən şey qətiyyən yoxdur: qatar istədiyi yerdə durur, hər şey maşinistin kefinə bağlıdır. Adam adam başında, oturmaq üçün müəyyən yer yoxdur. Pərdələr çalınmış; şam yox, gecələr qaranlıqda otururuq. Vaqonların damları belə çiyni torbalı soldatlarla doludur. Bəzi stansiyalarda gəlib vaqonları axtaranlar da olur, etiraz edənləri döyürlər. Bir neçə yarılmış başın da şahidi oldum. Fərdi mühakimələr də az deyildir. Birisinin çamadanından beş tapança çıxdı: soldatlar çəkib vaqondan endirdilər – platformadaca ayaqlar altında canını təslim verdi... Xülasə, böyük bir anarxiya...
Bakı çox da dəyişilməmişdir, gördüyün və bildiyin adamlar. Əliyarbəy Milli Komitə başında əyləşib, fəaliyyətdən çox fəaliyyətsizlik göstərir. Nə özü çalışır, nə çalışanı qoyur. Gənclərə yol vermir. Zatən kimə verir ki?.. Yaşlı xadimlərimiz də onun əlindən zardırlar. Hər bir məclisdə özü sədarət edir. Ancaq bir məclisdə təsadüfən onu sədr seçməmişlər, acığından, deyirlər, gedib evdə bayılmış... Nə başağrısı, işlərimiz komediyadır, komediya!..
Gənclərin bir hissəsi “Müsavat”ın ətrafına toplanmışdır. Burada da cib məsələsi getdikcə meydan aldığı üçün “bunların da işi qullabidir”.
Son zaman pul qazanmaq asan olduğu üçün hər kəs tacirlik məşqindədir.
Təsəvvür edirsənmi, Kiyevdə millətpərəstliyi ilə aramızda məşhur olan Şirin böyük sərvət sahibi olmuşdur. “Müsavat” sütunu sayılan bu adam Gəncə ərzaq komitəsinin şəkərini “daşbaş” eləməklə Tiflisdə özünə üçmərtəbəli ev almışdır. Təfsilata lüzum qalmır, zənn edirəm! Qumar və kef məclisləri həddən aşmışdır... Sədarət üstə baş yarılır...
Bakı burjuaziyasının qudurğan cəmiyyətindən zəhləm getdiyini bilirsən. Odur ki, çirkə batmamaq üçün cəmiyyətdən uzaq qaçaraq, “Hümmət”ə qoşuldum. Tanıdıqlarından Səlman, Mir Cəfər və Əhməd də bizimlə işləyirlər. Indi öz orqanımız da var (göndərirəm...).
Yaz görüm, fikrin nədir? Türkcə bildiyin üçün, buraya gəlsən, böyük hörmət qazanarsan... Vəlibəy zəngin bir rus qadını ilə evləndi, gözün aydın olsun! Pərviz heç bir işə qarışmır, yalnız ticarət işinə baxır.
Yenə səliqəli geyimində davam edir. Çingiz arvadı ilə öz şəhərində imiş. Vəssalam!.. Bu da məktub!
Öpürəm səni, Xəlil.”
Yazılandan sonra: “Vəhşi diviziya”dan gəlmə zabitlər bu günün qəhrəmanı sayılırlar. Bunların şərəfinə çəkilən ziyafətləri görsən də! Gəncədə cəbhədən çəkilən rus əsgərlərinin silahını almaq bir qəhrəmanlıq sayılır. Bu da gürcülərin oyunudur...”.
Rüstəmbəy məktubu qatlayıb, qəzetlərlə bərabər evə qoşdu. Bütün günü çarpayının üzərinə uzanıb, qəzetlərin mütaliəsi ilə məşğul oldu.
10
Dul çariçanın Kiyevdəki sarayı həcz edilib inqilabi təşkilatlara verilmişdi. Bu cümlədən olaraq, “Müsəlman hərbi komitəsi” də burada yerləşmişdi. Rüstəmbəy Azərbaycan nümayəndəsi sifəti ilə bu komitəyə üzv alınmışdı. Komitə tatar və başqırd əsgərlərini təmsil edirdi.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Başqa şairlərin şeirləri
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız