Səhifə 14 / 15 · 87%

– Əşi, zərər yoxdur. O qədər görüşəcəyik ki.

– Qorxuram bu kasıb Tapdığı yaddan çıxarasınız.

– Yox, çıxarmarıq.

– Vallah, ölümə göndərsəniz gedərəm. Mən sizin nökərinizəm, həmişə kiçiyinizəm; nə əmriniz olsa, buyurun.

– Qardaşsan.

– Balıq-çörəklə qardaşlıq olarmı? Mən sizə gərək ayrı cür qulluq edəydim...

Qonaqlar çox məmnun olduqlarını söyləyərək, Tapdığa təşəkkür etdilər.

Buna baxmayaraq, Tapdıq yenə məhcub bir tövrlə onları yemək masasına dəvət etdi.

Yeməkdə qoca yəhudi ilə arvadı da iştirak etdi. Masanın üzərinə solğun və şilküt boşqablar, axsaq cəngəl-bıçaqlar düzülmüşdü. Quru balıq təmizlənib qoyulmuşdu. Qara çörəklə bərabər bir-iki də ağ bulka vardı. Samovar küncdə pıqqıldayırdı. Qadın təskinlik verərək:

– Tapdıq Makarıç çox məhcub olur. O, qonağı çox sevər. Ancaq ət tapa bilmədi. Deyirəm, Tapdıq Makarıç, zərər yoxdur, yoldaş Lenin inqilab düzəltdi, bərabərlik elan etdi. Indi hamı müsavidir. Bundan sonra məmləkət üçün hamı çalışacaq, işlər düzələcək. Bilirsiniz, çar zamanı yaşamaq necə çətindi? Ətrafdakı yəhudilərin bu şəhərdə yaşamağa haqları yoxdu. Bir dəfə həkimə bir xəstə gətirmişdilər. Üç gün bizdə gizli yaşadı. Axırda polis duyub – sürdü və bizi də yüz manat cərimə etdi. Xəstə yəhudi yolda ölmüşdü. Nə zülmlər olurdu! İndi yoldaş

Lenin yəhudilərin İnsan haqqını qaytardı.

Tapdıq ev xanımının sözlərini təsdiq edərək:

– Yəhudilərin dükan açmağa da ixtiyarları yoxdu. Birisi mənim adıma açmışdı.

Tapdıq birdən Rüstəmbəyə yönələrək türkcə:

– Yəhudilərə “pis” deyirlər. Amma mən bunlardan pislik görmədim: özləri qazanan kimi, başqasını da qazandırırlar. Bizim müsəlmandakı paxıllıq, ayaqdan çəkmə bunlarda yoxdur. Bilirsən, bunlar bir-birinin əlindən necə tuturlar. Bizim müsəlman köpək oğlu adamı boğmaq istəyir. Vallah, vətənimdən bunun üçün baş götürüb gəlmişəm...

Bu əsnada qapı döyüldü. Qoca yəhudi qalxıb getdi.

– Qarovula gəlin, – deyə qapıdan səs eşidildi. Tapdıq yerindən:

– Gəlirəm! Gəlirəm! Bu saat!

Qadın Tapdığa çay tökdü və şirni qabını ona tərəf itələdi.

– Tapdıq Makarıç, iç, – dedi, – hava soyuqdur. Tapdıq çayı nəlbəkiyə töküb içdi və sonra küncdəki tüfəngi götürüb geyinməyə getdi.

Qadın onun arxasınca:

– Tapdıq Makarıç, boynuna başlıq dola, şaxta bərkdir, donarsan, – dedi və söhbətə davam etdi.

47

O biri gün də mühafizi idarədə tapmadılar. Bir saat gözləmək icab etdi. Bir də:

– O, Rüstəmbəy! – deyə səs gəldi.

Rüstəmbəy ona tərəf yönələn əsgəri libaslıya baxaraq:

– Vanya, siz burada nə gəzirsiniz? – deyə ayağa qalxdı. Öpüşdülər.

Vanyanın Kiyev mühafizi olduğu meydana çıxdı. Vanya yoldaşını və Qulamrzanı otağına qəbul etdi.

– Canım, nə münasibətlə? Mən sizi Qafqazda bilirdim.

– Yollar xarabdır, getmək mümkün deyil. Vanya ciddi və mətanətli səslə:

– Yaxında açarıq. Don hövzəsi əlimizdədir. Yalnız Şimali Qafqaz xarabdır, ora da düzələr.

Kabinənin hər dəqiqə qapısı açılır, cürbəcür adamlar girib, sadə bir tərzdə danışır, raport söyləyir, kağız imzaladırdı. Vanya adi mehribanlığı ilə hər kəsi qarşılayır və eyni zamanda da Rüstəmbəylə zarafatlaşır və arabir cəbhə həyatını xatırladırdı.

Nəhayət, Rüstəmbəy qafqazlıları himayə məsələsini açdı:

– Bu kəskin mübarizə zamanı bizlərə də xətər yetməsindən qorxuruq, – dedi. – Vuruşma ilə şəhərə girən əsgər acıqmış, bir çox hadisələr baş vermiş və vermədədir...

Vanya onun sözlərini kəsərək:

– Hərb əsnasında hadisələrin olması təbiidir, – dedi. – Düşmən bizə qarşı rəhm göstərdimi? Yüzdən yuxarı gizli meyit tapmışıq. Bunlar həp dəzgahdan ayrılıb zülmlə öldürülmüş işçilərdir... Mühasirədə azmı qırıldıq?.. Biz də sinif düşmənimizə qarşı amansızıq. Onları sağ buraxsaq, imkan bulub bizi təpələrlər...

Vanyanın mehriban üzü sərt bir şəkil almışdı. Gözləri kin saçırdı.

Rüstəmbəy sakit dinləyirdi. Qulamrzanın canına qorxu çökmüş, gəldiyinə belə peşmandı.

Vanya bir-iki kağıza imza atıb sakit oldu. Rüstəmbəy təkrar məsələyə döndü. Vanya qəti:

– Kimsə sizlərə toxuna bilməz! – dedi. – Bu saat əmr verərəm.

Vanya dediyini haman həyata keçirdi; katibini çağırıb əmr yazmasını söylədi.

Rüstəmbəy və Qulamrza sakit oldular.

– Başqa işiniz də olsa, gəlib mənə deyərsiniz, – deyə Rüstəmbəyin üzünə baxdı. Rüstəmbəy ayağa qalxaraq:

– Sağ olun, – deyib çıxdı.

48

Milli komitə buraxılmış və üzvlərin hərəsi gündəlik çörəyini təmin etmək üçün bir yerə işə girmişdi. Bir-biri ilə görüşmək imkanı belə qalmamışdı. Rüstəmbəy fəaliyyətsizlikdən yenə dəruni aləmi ilə məşğul idi. Bir neçə ildən bəriki həyatını təhlil edərək, onun quruluşunda uyğunsuzluqlar görüb əsəbiləşirdi. Atdığı bütün addımlar ona yanlış görünürdü. Özünü uzun təhlil və tənqiddən sonra, ağlın səadət verici qabiliyyətinə inanmamağa başlayırdı. Ona belə gəlirdi ki, hiss ağıldan daha ötgün bir qüvvədir. “Ağıl, – deyirdi, – irəlini təyin etməyə qalxışan bir qüvvədir. Iradə hürr olmadığı üçün ağıl daim qaranlıqda sürünür və ələləksər İnsanı çıxılmaz nöqtələrə sövq edir. Duyğu isə təbii bir axındır. Təbiət çağırışını əks etdirən bu qüvvə ruha sükut, yaşayışa müvazinət bəxş edir...”

Belə mühakimələrdən sonra Rüstəmbəy hissə qapılıb, orada boşluq və sərt bir acılıq duyur, əzab çəkirdi. Bu dəqiqələr Musyanın kölgəsi onun ətrafına fırlanaraq, dəruni müvazinətini pozurdu. Bəzən cəhənnəmi əzablar çəkir, ruhunun hər tərəfindən dəliklər açılıb içəri acılar və kədərlər axırdı. Tənhalıq hissi onu boğurdu.

Dərdini unutmaq üçün Rüstəmbəy evdən qaçır, saatlarca küçələri dolaşıb yorulur. Enerjisi söndükdən sonra böhranı təskin olurdu.

Bir gün yenə evdən qaçmış, şəhərin kənar küçələrindən uzaqlaşaraq, qəbiristana doğru gedirdi.

Ətraf qarla örtülmüşdüsə də, hava sakit və xoşdu. Sallaq budaqlı ağ qovaqlar qərib yolçuları andırırdı. Hər yer sakit və kədərlə dolu idi.

Qəbiristan darvazasından keçdi. Ətrafı tənha məzarlarla əhatə olmuş xiyabanla yürüdü. Kimsə yoxdu. Ürək çarpıntısından başqa bir şey eşidilmirdi.

Sağa tərəf döndü. Qırx addımlıq bir məsafədə çiçəklər döşənmiş təzə bir qəbir üstə sadə kürklü bir qız çöküb ağlayırdı.

Rüstəmbəy yavıqlaşdı. Qızın həzin səsi onu düşüncədən ayırdı...

Əvvəl gözlərinə inanmadı. Sonra;

– Olesya! Sizsiniz? – deyə cəsarətsiz addımlarla irəlilədi.

– Ölən kimdir?

– Anam! Anam! – deyə qız hönkürtü ilə ağladı. Olesya ilə bərabər qəbrin o biri tərəfindən də Musyanın kədərli siması canlanmağa başladı.

Ölüm yatağında uzanan bu gənc qızın ürəyindən qara qanlar axırdı.

Rüstəmbəy diz çökərək əlləri ilə gözlərini qapadı. Sel kimi axıtdığı göz yaşları duyduğu günahları yüngülləşdirməyə başladı.

49

Rüstəmbəyin ağlaması Olesyaya qəribə görünmüşdü. Qəbiristandan dönərkən bu sirri bilməyə çalışdı:

– Rüstəmbəy, çoxdan sizə rast gəlmədim, harada idiniz? – deyə sordu.

– Burada.

Olesya bir müddət danışmadı və gözlərinin yaşı hələ qurumamış bu adamı dərin düşüncə ilə süzdü. Sonra cəbhə macəralarını xatırlayaraq:

– Rüstəmbəy, – dedi, – cəbhə yadınızdadırmı? Ah, nə laqeyd vaxtlarımız vardı! Musya necə oldu? Xəbəriniz varmı?

Rüstəmbəy başını aşağı saldı kirpiklərinin arasına toplanan odlu damlaları dəsmalı ilə silib dedi:

– Musyanın sonu çox fəci oldu: özünü öldürdü. Olesya:

– Ah, nə deyirsiniz! – deyə içini çəkdi. Biz yazışırdıq, sonra bir aralıq Moskvaya getdim, daha ondan xəbərim olmadı... Yazıq!

Olesya heyfsilənərək ağladı.

– Rüstəmbəy, yəqin eşq məsələsidir... O sizi sevirdi... Rüstəmbəy qəti səslə:

– Mən Musyanın bu qədər hissə qapılacağını zənn etməzdim...

Rüstəmbəy məsələni ətraflı olaraq Olesyaya anlatdı və vicdan əzabı çəkdiyini də əlavə etdi.

– Olesya, – dedi, – bu acı hadisədən sonra dəruni müvazinətim tamamilə pozulmuşdur... Günahımı əfv etdirəcək heç bir şey təsəvvür edə bilmirəm... Yalnız gedib qəbrini ziyarət etmədə təsəlli arayıram.

– Getməkmi istəyirsiniz?

– Bəli, gedəcəyəm. Bunu özümə borc bilirəm.

Yenə sükut düşdü. Olesya təkrar Rüstəmbəyi süzdü; solmuş üzündə dərin əzab izləri vardı. Olesya ona acıdı və onun kədərlərini dağıtmaq üçün:

– Rüstəmbəy, qulluq edirsinizmi? – deyə sordu.

– Etmirəm. Ancaq qayıdandan sonra etmək fikrindəyəm. Vanya da buradadır, kömək edər, zənnindəyəm.

Olesya:

– Görüşdünüzmü? – deyə sevindi.

– Görüşdük.

– Neçə aydır bir yerdə çalışırıq. Ancaq mən arabir Kiyevə gedibgəlirdim.

Siz də qayıdın, yenə köhnə cəmiyyətimizi burada ehya edək... – Olesya bir az duruxub köksünü ötürdü: – Ah, Musyaya bədbəxtlik üz verməsə idi də! – deyə əlavə etdi.

50

Rüstəmbəy hazırlandı və yol xərci almaq üçün İmranın yanına getdi.

İmran hər bir təsadüfə qarşı mağazanın dəyərli mallarını daşıtmış və qəfəsələri boş buraxmışdı. Rüstəmbəy məsələni anlamayaraq:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 dəq
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 dəq
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 dəq
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq

Başqa şairlərin şeirləri