Səhifə 6 / 15 · 33%

Qulamrza:

– Rüstəmbəy, – deyirdi, – mənə belə gəlir ki, bütün tühaflıqlar şəxsi həyatın olmamasından irəli gəlir.

– Bəlkə də! Ancaq bizim bu günkü şəraitdə şəxsi həyatı olan ictimai həyatdan vaz keçməlidir. İkisi bir yerdə olmaz. Birinin də olub, digərinin olmaması böhran törədir. Deməli, zamanamızın şüurlu adamı üçün dəruni böhran müqəddər bir həqiqətdir.

Belə bir qənaətə malik olan Rüstəmbəy, təbiidir ki, məsud bir adam sanıla bilməzdi. Ən şən dəqiqələri belə kədər sisi ilə cilalanırdı.

18

Sayad bacı qurultayın gedişi ilə çox maraqlanırdı. Qəzetlərin xəbəri və Qulamrzanın verdiyi məlumatdan qane olmamışdı. Rüstəmbəyə otaqlarında rast gələr-gəlməz bir çox suallar verməyə başladı.

Rüstəmbəy xalqlar qurultayının başlıca məqsədini populyar bir surətdə anladaraq:

– Müvəqqəti hökumət, – dedi, – geniş Rusiyanı idarə etməkdən acizdir. Rusiyada yaşayan xalqlar mərkəzdən ümidini kəsib, özləri öz haraylarına qalmaq istəyirlər: hər kəs öz evinin içini düzəltməyə çalışır.

Qafqazda, Türküstanda, Baltik ölkələrində Ukrayna kimi hökumət və milli məclis düzələcək.

Sayad bacı ciddi səslə:

– Deməli, hər kəs öz-özünü idarə edəcək?

– Bəli!

– Bəs torpağı olmayan necə olacaq?

– Hə, dağınıq xalqları deyirsiniz?

– Hə!

– Rusiyada milli torpağa malik olmayanlar arasında yəhudilər birinci yer tutur. Bunların sionist firqəsi Fələstinin ərəblərdən alınıb yəhudilərə verilməsini tələb edir. Məsələni yəhudilər müzakirəyə qoymaq istədilər – keçmədi; çünki Fələstin məsələsi beynəlmiləl bir məsələdir, bu qurultayda həll oluna bilməzdi. Yerdə qalan yəhudi firqələri əqəliyyətin haqqının tanınması ilə bərabər mühüm bir məsələ irəli sürdülər. “Yəhudi millətinin gələcəyi torpağa bağlanmalıdır”, – dedilər.

Sayad bacı məsələni dürüst anlaya bilmədi, düşündü və qızararaq:

– Necə yəni? – deyə sordu.

Rüstəmbəy sakit bir səslə:

– Yəhudilər də toplanıb, müəyyən bir torpağa köçmək istəyirlər.

Milli müqəddəratın həllini ancaq bu şəkildə təsəvvür edirlər.

– Bu necə torpaqdır?

– Bunu söyləmədilər. Rusiyada torpaq çox – yəqin onlara da müəyyən bir vilayət ayırarlar.

Sayad bacının marağı bir qədər təskin edilmişdi. Qulamrza yoldaşına fəxrlə baxıb:

– Rüstəmbəy, – dedi, – Sayad siyasətlə çox maraqlanır. Axır vaxt coğrafiyanı şövqlə öyrənir. Gecə-gündüz Rusiya xəritəsindən əl çəkmir.

Rüstəmbəy:

– Çox gözəl! Çox gözəl! – deyə təsvib etdi. – Türk qadınları xam torpaqdır, bilgi üçün əlverişli bir zəminə malikdirlər. Nə etməli ki, çarşab altında çürüyürlər.

Sayad bacının sanki yarasına toxunuldu; köksünü ötürərək başını buladı. Qulamrza mətin bir səslə:

– İnqilab çarşaba da qələbə çalar!

Rüstəmbəy qeyzlə:

– Təbii! Təbii! – dedi. – Köhnə aləm başdan-başa sarsılacaq! Artıq hər addımda yenilik qoxusu duyulur!

Birdən Qulamrza tərəddüdlə:

– Qoysalar! – dedi.

Rüstəmbəy hiddətdən titrəyən səslə:

– Kim?

– İrtica!

– Heç zad olmaz! General Kornilov Kerenskidən hakimiyyəti tələb etdi – verdilərmi?.. Geriyə yol qalmamışdır!

Qulamrza yenə şübhə edər kimi:

– Kornilov bir olsa, dərd yarıdır. Indi hamısı Dona toplanırlar. Novoçerkasskda cənub-şərq federasiyası hökuməti belə düzəltmişlər.

Kazak süngüsünə söykənərək yenə bir fitnə çıxaracaqlar.

Rüstəmbəy inandırıcı bir səslə:

– Səni əmin edirəm ki, heç bir şey olmaz! Bolşeviklər müvəffəqiyyət qazanar da, monarxistlər qazanmaz. Bilirsən nə üçün? Monarxiyanı hər kəs gördü. Xalqın canı boğazına yığılmışdır. Monarxiya yeni bir söz deyə biləcəkmi? – Yox!

Köhnə idarəni ehya etməyə çalışacaq. Torpağa susayan; kəndli, inqilab yolunda qan tökən işçi, milli muxtariyyət tələb edən xalqlar təkrar monarxiya zəncirini boğazına keçirərmi?.. Bundan başqa, qurultayda kazakların nümayəndəsini dinlədik; onlarda da muxtariyyət hərəkatı olduqca qüvvətli görünür...

Sayad bacı Rüstəmbəyin sözlərindən xoşlanaraq danışmaq istədi, bir də nədənsə kədərlənib susdu: “Nə üçün məni öz vaxtında oxutmamışlar, indi mən də hər şeyi oxuyub bilərdim”, – deyə fikrindən keçirdi.

19

Rüstəmbəyin cəbhədən gətirdiyi pulların bir hissəsi bitməkdə idi, heç bir qazancı da yoxdu. Son ümidini İmrana tapşırdığına bağlamışdı.

“Yüz manat alım da, görək sonra necə olur”, – deyə İmranın yanına getdi. Rüstəmbəy Şirini orada gördü. Şirin mağazanın arxa tərəfinə keçir, çıxır, İmranla pıçıldaşır. İkisinin də Rüstəmbəydən çəkinərək gizli bir iş yapdıqları duyulur. İçəridən çəkic səsi gəlir – qutu çalınır.

Rüstəmbəy İmranın çox məşğul olmasını hiss edərək, məramını anlatmağa vaxt tapa bilmir. Nəhayət, mağaza xidmətçisi həyət darvazasının önünə bir fayton çağırdı, sonra təlisə tikilmiş üç qutu çıxarıb faytona yerləşdirdi. Şirin oturub getdi. Bir-iki gün sonra qutulardakının tüfənglə tapança olduğunu Rüstəmbəy təsadüfən xidmətçidən öyrəndi.

Qafqazda vəziyyətin get-gedə gərginləşməsi silah alış-verişinə böyük meydan vermişdi. Yolların çətinliyinə baxmayaraq, qaçaqçılar axın-axın gəlib, Kiyevdən silah daşımada idi.

– İndi artıq Rüstəmbəy İmranın mağazasında rast gəldiyi şübhəli adamların rolunu anlamağa başlayırdı. Bu əməliyyatda Qulunun da iştirak etməsini Rüstəmbəy yenə sonralar duymuşdu. Ancaq Qulu olduqca usta davranırmış – həftədə bir dəfə İmrana telefonla: “On tüfəng göndər!” – deyirmiş. Vəssalam. Bir aydan sonra Qulunun qazancı klinikaya göndərilirmiş.

Rüstəmbəy Qulunun bu qədər sehrkar olduğuna heyrət edib dururdu. Bu adam özünü İmrana o qədər nüfuzlu tanıtmışdı ki, İmran onun hər bir əmrini haman yerinə yetirirdi. Halbuki əsil qüvvət Rüstəmbəydə idi; milli komitə sədri sifəti ilə idarələrdə sözü keçir, “Xalqlar şurası” vasitəsilə Ukrayna hökumətinə nüfuz edir, soldat və işçi şurasında təsiri az deyildi. Bunlara baxmayaraq, İmranın yanında Qulunun nüfuzu Rüstəmbəydən çoxdu.

Xalq işlərinə özünü hazırlayan Rüstəmbəy bu məsələ ilə maraqlandı. Düşünüb daşındı. Axırda tühaf nəticələrə gəldi: inqilabın bəxş etdiyi demokratik üsuldan bir az soyumağa başladı. O öz-özünə belə mülahizələr yürüdürdü: “Xalqın əksəri İmran kimi savadsız və az savadlı, zahirə aldanan adamlardan ibarətdir. Bu adamlar çox gördüyü, çox eşitdiyi, dürüst bələd olduğu şəxsiyyətin nüfuzuna düşə bilməzlər.

Nüfuz idraka sığmayan və zahirdən hərəkət edən bir amildir. Bu amil daim mahiyyətini dumanlar içində saxlamalıdır; çünki aydın şeylərin xalqa nüfuzu olmur. Quran, yaxud Incil aydın və hər kəsin anladığı bir dildə olsaydı, adi məktəb kitabı qədər hörmətsiz olardı. Müqəddəs deyilən kitablar məzmun yoxsulluqlarını geniş kütlənin bilmədiyi ərəb, slav, latın, qədim israil və sanskrit dillərində gizləyir...”

Rüstəmbəycə Qulunun bu nüfuz və müvəffəqiyyəti onun klinikada gizlənərək az görünməsi, az danışması və ehtiyacsız yaşamasında idi.

Bunun məsələsi Rüstəmbəyi arabir məşğul edib və bəzən belə qorxudurdu; çünki zemlyaçestvoya əngəl törədən bir adam milli komitəyə də törədə bilərdi. Bu gün susmuş Qulu sabah kükrəyə bilərdi. Odur ki, komitə üzvlərinin yanında onun nüfuzunu qırmağa çalışırdı.

20

Rüstəmbəy masanın üzərində bir məktub gördü. Götürdü – Musyadandı. Açdı. Ətir qoxuyurdu. Içində qara bantla bağlanmış bir çəngə baş tükü qoyulmuşdu. Məktubun bir tərəfinə darçını ləkə düşmüşdü. Rüstəmbəy tühaf bir hissimüqəddəmlə oxudu:

“Əzizim!

Son dəfə yazıram. İzzəti-nəfsim artıq bir daha qırılmayacaq; çünki... hər şeyə vida deməyi çoxdan qəsd etdim. Yetər! Həyatın acı kasasından iyrənərək içməkdənsə onu sındırmaq yaxşıdır. Bu kasanı eşq şərbəti ilə doldurmaq istədim – olmadı. Taleyin cilvəsi bunu qədərləndirməmiş imiş... Nə etməli? Boynumu əyməli? Yox! Ya haqq, ya heç! Güzəşt-fitrətimə sığmayan bir hərəkətdir... Bunları sizə yazdığımın səbəbini anlamıram. Sizin üçün fərqi varmı? Siz səadət sahəsinin bir köçərisisiniz...

Məktubumun sizə göndərilməsini ayrıca olaraq yazıram. Siz son sədamı eşidərkən mən həyatımı tərk etmiş olacağam. İndi çıxılmaz yollar rəhbəri – tapança məni gözləyir. Gedirəm. Məndə tühaf bir sevinc var. Yarımayanlar dənizinin qayıqçıları ruhumu əbədiyyətə təslim verərkən bir də sizi xatırlayacağam. Vida! Artıq məndən ayrılan soyuq dodaqlarımla səni son dəfə öpür və səadətlər diləyirəm. Son arzum məktubumu ürəyimdən daman qana tutaraq, susmaq və unudulmaqdır.

Vida!

Səni çocuqcasına sevən Musya”.

Rüstəmbəy məktubu bitirib, kənardakı qan ləkəsini süzdü. Titrək əli ilə Musyanın telini qaldırıb qoxladı. Sanki məktubdan gənc, canlı və eşq atəşi ilə alovlanan bir sənəm çıxaraq onun qarşısında cilvələndi. “Səni, səni, ey qafil, məsud etmək istərəm!” – demək istədi. Otaq həyat dalğası ilə doldu. Coşdu, daşdı, fərəhlər və nəşələr saçdı, Rüstəmbəyin soyuq vücudunu qaplayaraq sarsdı. Onu da həyəcanlandırdı, coşdurdu. Bir də şən dalğalar axın-axın çəkilib otağı qəmlər dumanında tərk etdi. Rüstəmbəy varlığının ən aşağı qatlarına enərək, qaranlıq bir tənhalığa daldı.

Artıq ətrafındakılar onun gözlərindən itmiş, yalnız bir boşluq qalmışdı. Peşmançılıq oxları ona doğru yağmada idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 dəq
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 dəq
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 dəq
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq

Başqa şairlərin şeirləri