İkinci kitab, ikinci hissə
Səhifə 2 / 8 · 13%
– Tanış ol, bizim müvəqqəti ev adamı, – deyə qızı təqdim etdi.
Rüstəmbəy zarafatla:
– Bu neçənci “müvəqqəti ev adamıdır?” – deyə sordu.
– Ey... Çox. Allah Rusiyaya bərəkət versin; bolluqdur! – dedi və sonra qıza müraciət edərək:
– Tanya, tapşır samovar versinlər, – deyə əlavə etdi. Tanya qucağındakı qutunu pəncərənin içinə qoyub, kimsənin üzünə baxmayaraq, otaqdan çıxdı. Rüstəmbəy onu başdan-ayağa süzdü və birdən:
– Xəlil, deyəsən boynu doludur, – dedi.
Xəlil iftixarla:
– Bəs nə, dörd aylıq uşağı var.
– Bəs necə olacaq.
– Hamınınkı kimi.
İkisi də güldü. Sonra Xəlil papiros yandırıb, ayağını ayağının üstünə qoydu:
– Bizdə olsa, qızı da öldürərlər, məni də. Halbuki, rus zehniyyəti, büsbütün başqadır: qız hər kişidən bir övlad qazansa da hərəkəti məqbuldur.
Fərəməzin üç qızdan üç uşağı olduğunu bilirsən. Uşaqlar durur və analarının ailəsində bəslənir...”Namus”deyilən məna ruslara yabançıdır.
Xəlilin son sözləri Rüstəmbəy üçün böyük bir mövzu idi. Mülahizə yürütməyə həvəsləndi:
– Məncə, – dedi, – ruslar haqlıdır, nəfsə sədd çəkmək boş işdir. Bu sami zehniyyəti islamiyyətlə bərabər gəlib, bizi boğur. Burada xüsusi mülkiyyət məsələsi xüsusi rol oynayır.
– Əlbəttə, əlbəttə, əlbəttə, – deyə Xəlil Rüstəmbəyin fikrini təsvib etdi. – Sosializm əmlak xüsusiyyəti ilə bərabər, “namus” sədlərini də uçuracaq.
Xəlil sözlərini bitirib düşündü, fikirli gözləri oynamağa başladı, sanki bir sözlər söyləmək istəyirdi; bir də ciddi bir səslə:
– Rüstəmbəy – dedi, – tühaf adamsan...
– Necə?
– Sənin bütün fikrin və fəaliyyətin bizə yaxındır; nə üçün sosialist firqəsinə girmirsən?
Rüstəmbəy cavab vermədən əvvəl bir az düşündü və samovar gətirən qızla bərabər içəri girən Tanyanı süzərək:
– Bilirsən, Xəlil, sosialistlərin hər şeyini qəbul edirəm; milli məsələdə yolumuz ayrılır.
– Nə üçün?
– Beynəlmiləl ola bilmirəm. Öldür, ola bilmirəm.
– Nə üçün, biz milli məsələni inkar etmirik ki...
Rüstəmbəy gülərək:
– Təbliğata lüzum yoxdur, məni qane edə bilməzsən. Proqramınızı dəfələrlə oxumuşam, ağlıma batmadı... – Rüstəmbəy bir az duruxdu, sonra: – sənin sosialist olduğunu bilirdim; Bakıda ikən Vəlibəy, sən işləyirdiniz. Ancaq mən sizi mübariz sosialistlərdən hesab etmirdim...
Siz “məkruh” sosialistsiniz, ha-ha-ha!..
Xəlil “məkruh” sözünü anlamadı. Rüstəmbəy izah etdi:
– Şərən qoyun əti yeyilər, it əti yeyilməz, amma dovşan əti yeyilər də, yeyilməz də – “məkruhdur”.
Türkcə savadsız, türklük və islamiyyətə yabançı olan Xəlil indiyə qədər eşitmədiyi “məkruh” məsələlərindən çox xoşlandı və güldü.
Tatyana çay masasını düzəltdi. Rüstəmbəyə çay təklif etdi. Tatyananın xatirəsi üçün indiyə qədər yarı rus, yarı türkcə danışmaq tamamilə ruscaya çevrildi. Rüstəmbəy şəkər əvəzinə masaya qoyulan konfetə baxaraq:
– Siz burada şəkər tapmırsınız, biz də, cəbhədə şəkəri qoymağa yer tapmırıq.
Tatyana Rüstəmbəyə cavab vermədi, Tərki-dünya kimi, heç bir şeylə əlaqədar deyil kimi görünürdü. Çay da içmədi, yenə qutusunu pəncərədən götürüb qucağına aldı.
Xəlil təkrar əvvəlki mövzuya döndü:
– İndi firqəyə mənsub olmaq zəmanənin birinci tələbatındandır.
Mən əvvəl... necə dedin?
– Məkruh.
– Məkruh sosialist idim. Indi təşkilata gedib-gəlirəm; çıxışda bulunuram.
Bu lazımdır, sən də bir firqəyə mənsub olmalısan; bax da, məsləkinə görə bir firqə seç; çünki zemlyaçestvo dövrü artıq keçdi.
Rüstəmbəy çay istəkanını nəlbəkidə fırlayaraq:
– Hələ dincəlirəm; yorğunam. Cəbhə ilə vidalaşıb buraya dönəcəyəm... sonra... baxalım, – dedi və birdən səsini yüksəldib, – hə sabah iclas varmış, nə münasibətlədir?
– Eyni məsələdir: “Hali-hazır və biz” mövzusu ətrafında danışılacaq.
Sonra, yəqin münaqişə olacaq. Mən menşevik platformasını müdafiə edəcəyəm; Mir Cəfər eserlərlə çalışır; Vəlibəy vaxtilə Bakıda işləmişsə də indi heç bir təşkilata yanaşmır. İnqilaba tərəfdardır
Ancaq kimlə gedəcəyi bəlli deyil.
– İclas harada olacaq?
– Qulamrzagildə.
– Hə, Qulamrza yenə o arvadı saxlayırmı?
– Yox, boşadı. Indi evlidir.
– Nişanlısını gətirdi?
– Hə.
– Oxudurmu?
– Özü dərs deyir.
– Sizlərlə görüşdürürmü?
– Görüşürük. Əvvəl arvadı utanırdı, indi yavaş-yavaş məclisə alışır.
Buraya çarşabla gəlmişdi. Ancaq başımıza senzor kəsilmişdir – yanında hər şey danışa bilmirik.
– Qulamrza yenə cahıllıq edirmi?
– Əşi, edirik.
– Bəs arvad?
– Əşi, arvadı aldatmağa nə var. Qulamrza dərs verir, deyir: buradan buraya qədər əzbərlə, gəlirəm. O əzbərləyir, biz də gəzirik.
Rüstəmbəy bu “üsuldan” xoşlandı:
– Yaman adamsınız, – dedi və qolundakı saata baxıb, ayağa qalxdı:
– Sabah gəlim, iclasa bir yerdə gedək, – dedi. Xəlil razı oldu.
– Yaxşı, – dedi, – qızı yola salım da, gedərik.
– Hara salacaqsan ki?
– Nə bilim, kənddə olur, vağzala aparıram... nə yerini söylər, nə qutusundakını. Bütün əmlakı qucağındakı qutudan ibarətdir. İçində də (xəlvət baxmışam) bir-iki məktub, bir qutu kirşan və bir xırda güzgüdən başqa bir şey yoxdur.
– Tühaf!
4
Rüstəmbəy Xəlillə Qulamrzagilə gedərkən ön tərəfdən gələn tramvay nəzərini cəlb etdi: vaqonlar ağzına qədər dolu idi. Pilləkənlərdən belə əsgər libaslı adamlar sallanmışdı. Birdən bir adam pilləkəndən atılıb qaçmağa başladı. Bunu mütəaqib bir ayrısı da sıçrayıb:
– Tutun! Tutun! Pulumu apardı! – deyə bağıraraq, qoşdu.
Xalq tökülüb cibgiri əhatə etməyə başladı. Oğruya ilk yanaşan birisi ona bir şapalaq çəkdi. Bu bir siqnal oldu: hər tərəfdən cibgirə yumruq döşəndi. Rüstəmbəy bir dəqiqədə yüzlərcə adamın bir nöqtəyə toplanıb, cibgiri cəzalandırmasını görərək, qara camaatın nə böyük dəhşət təşkil etdiyini ilk dəfə olaraq duydu. Ayaqlar altında bir torba döyülmüş ət şəkli alan meyitin yerlə süründürülməsi onda ikrah edilən bir qorxu doğurdu. Həyəcan içində Xəlilin qoluna girib, sözünə davam edərək:
– Dəhşət! – dedi.
Xəlil gülə-gülə:
– Şəhərə yeni gəlməyin bəlli, biz bu mənzərəni hər gün görürük.
Uzaqda böyük bir izdiham gözlərinə çarpdı. Birisi yüksək bir yerə çıxıb qollarını ölçə-ölçə nitq söyləyirdi. Küçələrdə aşıb-daşan adamların arasından tühaf bir qorxu ilə keçib, sola döndü. Çal papaqlarına sarı-mavi lentlər yapışılmış bir Ukrayna bölüyü gəlirdi. Ön tərəfdə gedən əsgər şair Şevçenkonun uzun payaya bağlanmış rəsmini aparırdı.
Həyəcanlı ağızlardan qopan milli şərqi Rüstəmbəyin bir az əvvəl keçirdiyi dəhşəti dağıtmağa başladı. Milli muxtariyyət məfkurəsi onu qaplayaraq, qanadlandırırdı.
5
Rüstəmbəylə Xəlil pəncərələri həyətə açılan geniş bir otağa girdikdə oradakılar onları xoş bir təbəssümlə qarşıladılar. Qulamrza:
– Pa, ya Allah! – deyə Rüstəmbəyin əlini sıxdı və üzündən öpdü. Vəlibəy də qalxıb onunla öpüşdü. Qulu da zahirən xoş göründü. Mir Cəfər Rüstəmbəyi döşü darülfünun nişanlı şıq paltarda görüb, tühaf bir hala düşdü: dərununa çökən həsəd dalğalanaraq üzünü bulandırdı: seyrək qaşları oynadı, gözlərinə qan doldu. Tutulmuş bir halda Rüstəmbəyə əl verdi və öpüşməkdən çəkindi.
Rüstəmbəy Mir Cəfərlə bir məktəbdə oxumuş və bir sinifdə oturmuşdu.
Uzun müddət dost keçinmişdilər. Ali təhsil üçün hərəsi başqabaşqa şəhərlərə getmişdi. Bir il sonra Mir Cəfər vərəm xəstəliyinə tutularaq məktəbdən ayrılmaq məcburiyyətində bulunmuşdu. İki il dərs deyərək, Krımda özünə müalicə etdirmiş, sonra təhsilin davamı üçün Kiyevə gəlmişdi. Rüstəmbəyin vaxtında qurtarıb qulluğa girməsi ondakı həsədə səbəb olmuşdu. Rüstəmbəy məsələni anladı və yoldaşının münasibətsiz hərəkətinə qarşı laqeyd davranaraq, çəkilib kənarda oturdu.
Vəlibəy özünəməxsus mehribançılıqla Rüstəmbəyə tərəf yönəlib:
– Rüstəmbəy, bizim yerlərdə nə var? – deyə sordu: – Axır mən də bir müddət oralarda oldum. Bilmirəm, xəbərin vardımı?
– Vardı. Səni Lvovda görmüşdülər.
– Heyf ki, görüşə bilmədik. Qəribə şeylərə rast gəldim. Sonra nağıl edəcəyəm...
– Hələ buradasanmı? – deyə Rüstəmbəy onun sözlərini kəsdi.
Cavab olaraq, Vəlibəy yanında Rüstəmbəyə yer göstərdi. Rüstəmbəy cəld qalxıb onun yanında oturdu və yavaş səslə danışmağa başladılar.
Vəlibəy cəbhə həyatından bir az nağıl edərək dedi:
– Bir neçə gündən sonra vətənə gedirəm. Sözündən-sovundan. Nə qulluğun olsa, hazıram.
– Çox sağ ol!
– Hələ ki, sağam... Sənin fikrin nədir? Rüstəmbəy bir az düşünüb tərəddüd içində:
– Bir ay dincəlib, cəbhəyə dönəcəyəm. İşləri təhvil verməli, sonra görək nə olacaq.
Vəlibəy bir sirr kimi pıçıldadı:
– İndi Bakıda türk ziyalı qüvvələrinə çox ehtiyac var.
– Onu bilirəm. Ancaq nədənsə hələ Bakıya könlüm yatmır.
– Səbəb?
– Səbəb çoxdur. Əvvələn, ora hazır getməliyəm. İkinci, Bakı mühitində – qoçular, zorlular, “mənəm-mənəm” deyən ziyalılar arasında dolana bilərikmi?
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-studentler-ikinci-kitab-ikinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Başqa şairlərin şeirləri
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
ای شاه چو کردگار بگشاد ترادر ملک بقای جاودان داد ترا