“Yaramaz”
Muxtar cəbhədən yeni qayıtmışdı. Bir aylıq məzuniyyətini böyük şəhərdə keçirmək niyyətində idi. Cəbhənin yekrəng həyatı onu istər cismən, istərsə də ruhən yormuşdu. Kitabsızlıq dərdi iki ildən bəri mənəviyyatında bir aclıq əmələ gətirmişdi. Birinci məqsədi bu bir aydan istifadə edib oxumaq, oxumaq və yenə oxumaq idi.
Axşam çağı əlində böyük bir cild olduğu halda qəhvəxanaların birinə getdi. İçəri girər-girməz oradakı qız və xanımların nəzərini özünə cəlb etdi. Qara, iri və həmişə kədərli gözləri buğdayı üzünə çox yaraşırdı, şapkasının altından görünən qıvrım tükləri simasına şairanə bir süs bəxş edirdi. Zemstvo əməkdaşlarına məxsus əsgəri libası və sağ köksündəki darülfünun nişanı təbii gözəlliyinə xoş bir görkəm əlavə edirdi.
Dilbərlərin nəzərləri Muxtarı qəhvəxananın yuxarı başına qədər təşyi etdi. Orada düşüncəli və xəstə bir halla kürsünün üstə əyləşdi. Yanına gələn qarson bir dəqiqə fikrini dağıtdı. Yumurta və qatıq ismarladı, sonra kitaba daldı.
Kim bilir, Muxtar hansı fəlsəfi məsələnin həlli üçün çalışırdı, hansı ruhi böhranlara dalıb qalmışdı.
Bir də kitabdan aralandı... Qəmli gözlərinə bir şadlıq gəldi. Yan masada aydın gözlü, totuq bir xanımla bir məktəb qızı oturmuşdu.
Qara gözləri onlara sataşdı və əsrarəngiz bir dillə bir-biri ilə görüşdü, sevişdi...
Fəlsəfə və mənəvi böhran unuduldu, aydın gözlər Muxtarın dəruni clığına ruhi qidalar verməyə başladı; xəfif və şirin hisslər onu həyəcana gətirdi.
Xanım gənc idi – yaşının on yeddidən yuxarı olmaması aşkar idi.
Yeni evləndiyi də üzüyünün parlaqlığından bəlli idi.
Muxtar özünə malik ola bilmədi, bir də xanıma baxdı və baxışındakı həsrət və hisslərini xanıma da təlqin etdi. Aydın gözlər dadlı təbəssümlə süsləndi, yaldızlandı və elə füsunkar bir şəkil aldı ki, Muxtarın iradəsi sarsıldı.
Xanım məktəb qızı ilə söhbətə məşğul idi. Şəkərin yoxluğundan əhs açılmışdı.
– Bilirsən, – deyirdi, – bir həftədir çayı şirni ilə içirəm. Mənə bir girvənkə şəkər tapanı... öpərəm!
Məktəb qızı güldü, qızardı. Lakin xanımın sözlərinin əsil mənasını anlamadı. Muxtar oxun hansı hədəfə tuşlanmasını duyub gülümsündü.
O zaman Rusiyanın bütün var-yoxu cəbhəyə toplanmışdı. Daxildəki ərzaq böhranı cəbhədə hiss olunmurdu. Muxtar cəbhədən gəlmə zemstvo əməkdaşı olduğu üçün ərzaq böhranından uzaq idi və onun üçün bir girvənkə deyil, yarım put şəkər tapmaq belə mümkün olan şeylərdən idi.
Xanım bunu bilirdi və doğrudan-doğruya Muxtara işarə edirdi.
Xanım sözünü qurtarcaq gözəl bir təbəssümlə baxdı və cazibəli ədası Muxtara cürət verdi:
– Əfv buyurunuz! – dedi, – müsaidə ediniz sizə şəkər göndərim.
Xanım qızardı və razı olduğunu üzünün hərəkəti ilə bildirdi.
Muxtar daha da cürətlə:
– Müsaidə ediniz, adresinizi yazım – dedi; bir də aradakı məsafənin mane olacağını düşünüb, – izin verin, adres yazmaq üçün masanıza keçim, – deyə əlavə etdi.
Xanım gülə-gülə başını tərpətdi və eşidilməz bir səslə:
– Buyurun! – dedi.
Muxtar, sandalyasını xanımın masasına yaxınlaşdırdı və bir dəqiqədə yeməklərini də daşıyıb orada yerləşdi.
Adres yazılmışdı, indi artıq köhnə tanışlar kimi şirin-şirin danışırdılar.
Xanım yaşlı bir minbaşı ilə evli imiş. Özü istəmədiyi halda anasının israrı ilə ərə getmiş. Əri onu çox sevər, bütün mal və dövlətini ona sərf etmədən geri çəkinməz. Əlan cəbhədədir və on gündən sonra məzuniyyətə qayıdacaq.
Bir də çocuqlara məxsus əda ilə ağzını büzdü və nazlı bir səslə dedi:
– Ərim məni öpmək və oxşamaqdan başqa bir şey bilmir. Mən də bunlardan xoşlanmıram. Top-top oynamaq, bağda və meşədə yoldaşlarla yüyürüşüb bağırışmaq istəyirəm...
Sözünü qurtarmamış qəhqəhə çəkib güldü və bir də əlini məsum bir surətdə Muxtarın əlinin üstünə qoyub sordu:
– Top-top oynamaq bilirsinizmi?
Muxtar güldü:
– Bilirəm, – dedi.
– Bir gün oynayaqmı?
– Oynayaq.
Xanım ciddi və sevincli bir sima ilə Muxtarın qolundan dartdı və
təkidlə dedi:
– Bax, unutmayacaqsınız ha!.. Sora sizdən küsərəm.
Muxtar xanımın bu qədər sadəlövh və çocuq təbiətli olduğundan son dərəcə məmnun idi. Qalın dəmirlər arxasında saxlanılan bir dustağa bahar kəpənəyinin gəlişi nə qədər ləzzət verərsə fəlsəfə və mücərrəd fikir zəncirlərinə bağlanmış Muxtara da bu günahsız xanım bir o qədər ləzzət verdi. Xanım danışdıqca, elə bil, ağ və incə əlləri ilə rasionalizm və skeptisizm zəncirlərini qırır, sanki Muxtar yüngülyüngül nəfəs almağa başlayırdı.
Getdikcə söhbət şirinləşdi və aralıqda məktəb qızı unuduldu. Onun orada oturmasının lüzumsuz olduğunu zatən qızın özü də anladı. Çırpıntıları bir-birinə qarışmış iki ürək, hüdudları çoxdan ləğv etmiş iki ruh yanında, üçüncü və yabancı bir şəxsiyyətin lüzumundan bəhs ola bilərdimi?
Məktəb qızı ayağa durdu, əl verib getdi. Bu gediş kimsəni heyrətə salmadı, bəlkə heç də hiss olunmadı.
Bir az keçmiş Muxtar da xanımla qəhvəxananı tərk etdi. Mayisin dadlı gecələrindən idi. Küçədə onları yasəmən və kəstanə çiçəklərinin rayihəsi əhatə etdi. Həyatbəxş və həssas bir hava onlara təmas edərkən qıdıqlandırdı, coşdurdu.
Muxtar xanımın çılpaq və totuq qoluna ərklə girib, faytona mindirdi. Təbii bir səmimiyyətlə yan-yana oturdular və xanım gözləri ilə ona mənalı duyğular təlqin etdi. Aydın gözlər qaralara səssiz və sözsüz olaraq dərin-dərin sirlər söylərkən xanım dedi:
– Bilirsiniz, nazım nə istərsə onu edərəm... Bundan sonra mən sizə müraciət edərkən “Muxtarım” deyəcəyəm. Kefim bunu tələb edir!
Muxtar bu sözlərdən xoşlanıb, xanımın körpə əlini yanıqlı bir halda dodaqlarına basdı.
Xanım sakit və qürurla sözlərinə davam edirdi:
– Muxtarım, ərim məktub yazanda həmişə bu cümləni yaddan çıxarmır:
“Olqa, evdən yalnız çıxma–yaramaza rast gələrsən də, aldadar”
– deyir... Muxtarım, ərimin qorxduğu yaramaz sizsiniz!
Qətiyyətlə söylənən bu sözlərdən sonra xanım susdu və gözlərini Muxtarın gözlərindən çəkmədi.
Muxtarın nəşəli çöhrəsinə bir tutqunluq gəldi. Anlaşılmaz bir acı vücuduna yayıldı, əlini yavaşca xanımın əlindən çəkdi.
Evə qədər heç bir söhbət olmadı.
Faytonu xanım bir az kənarda saxlatdı; qapıya qədər piyada getmək istədi. Bir də Muxtarın qoluna girdi və ərklə:
– Sabah saat ikidə Muxtarımı gözləyəcəyəm. Sonra meşəyə gedəcəyik və top-top oynayacağıq... Kefim belə istəyir, bu olacaq! Elə deyilmi?
Muxtar müti bir halda:
– Əlbəttə! – dedi.
Xanım əlini uzatdı. Muxtar onu bərk-bərk öpdükdən sonra yanaqlarına və qulaqlarına basdı.
Muxtar otel xidmətçisini çağırdı:
– Sabah tezdən bu şəkəri aparıb, Turgenev küçəsində 17 nömrəli evdə Olqa Petrovaya verərsiniz, – dedi.
Xidmətçi şəkər torbasını alıb getdi və Muxtar da çarpayısının üstündə uzandı. Yuxusu yox idi. Yenə dərin bir böhran içində idi. Moral buludları lay-lay durub, ölüm saçan şimşəklərini onun ətrafında sınayırdı.
Muxtar çox mənəvi böhran keçirmişdi, lakin bu hamısından dəhşətli idi. Məsələ iki fəlsəfi fikir qarşısındakı tərəddüddən ibarət deyil idi – əxlaqmı, əxlaqsızlıqmı? Vəfamı, yoxsa vəfasızlıqmı? Ailə qüdsiyyətimi, ona təcavüzmü?.. – kimi düşüncələrin bir-biri ilə mücadələsindən ibarət idi.
Bir də yüngül bir təbəssüm üzünə yayıldı. Olqanın məsum siması görünüb nurlar saçmağa başladı, incə qanadlı nəşələr, qəhqəhələr havanı doldurdu.
Bu mənzərə uzun sürmədi: qorxunc buludlar təkrar toplanıb günəşi qaranlıqlarda gizlətdi. Zülmət qopdu, şimşəklər şığıyıb ətrafı titrətdi... Muxtar başını yastığa soxdu...
Bir də ruhunda bir sakitlik əmələ gəldi. İztirabı susdu. Ailə qüdsiyyəti qələbə çalmışdı... Muxtar sabah meşəyə getməyəcəyini və Olqa ilə heç görüşməyəcəyini qərarlaşdırdı. Sonra məmnun bir halda soyunub yatağına girdi. Lakin... sabaha qədər yata bilmədi, tərəddüd yenə hökmfərma idi.
Bir il sonra Muxtar yenə məzunən şəhərə gəlmişdi. Yenə bir axşam eyni qəhvəxanaya gedərkən Olqanı yadına saldı. Çoxdan unudulmuş bu simanı bahar rayihəsi yeni bir qüvvətlə xatırlatdı. Bu ilki Muxtar keçən ilki Muxtarı məzəmmət etməyə başladı. Nəticədə dərin bir peşmanlıq vücuda gəldi. Yenidən böhran törədi.
O axşamı Muxtar uyumayaraq, həp düşündü. Keçib getmiş bir təsadüfü bütün təfərrüatı ilə zehnində canlandırdı və həllinə çalışdı.
Səadətin cilvələrindən istifadə edə bilməməsi onu acı əzablara sövq etdi. Axırda Turgenev küçəsinə getməyi qərara aldı.
O biri gün 17 nömrəli evin qapısına yetişdikdə Muxtar özündə anlaşılmaz bir həyəcan duydu. Darvazanın zəngini çaldı; dalandar çıxana qədər həyəcanı davam edirdi.
Uzunsaqqal dalandar “Olqa Petrova” – deyə düşünüb öz-özünə təkrar etdi və sonra qəti surətdə başını buladı:
– Burada belə bir adam yaşamır! – dedi.
Muxtar tərəddüdlə:
– Bəlkə kitabda qeydi var?
– Bəlkə də, bu saat baxaram.
Dalandar yan-yörəsi getmiş böyük kitabı vərəqlədi və axırda Olqa Petrovanın çoxdan evi tərk etdiyi bəlli oldu.
Muxtar məyus bir halda soruşdu:
– Getdiyi yer məlum deyilmi?
Dalandar onu təşyi edə-edə:
– Haradan məlum olacaq ki? – dedi və adəti üzrə çubuğunu doldurub damağına aldı.
Muxtar əsəbi addımlarla evdən uzaqlaşaraq bədbin hisslərə daldı.
İnqilabın ilk dövrü idi. Ümumi sarsıntı hər şeyi yıxmaq üzrə idi.
Dalğa Muxtarı da devirib, Odessaya atmışdı, vətəninə getmək üçün gəmi gözləyirdi.
Bir gün sabah ertə qəzeti gözdən keçirdiyi zaman duruxdu, diqqətlə baxdı və inanmadı: “Olqa Petrova adlı bir qadın ərinin vəfatından sonra tənhalığa təhəmmül edə bilməyib, kədərindən dünən axşam zəhər içmiş və ölümcül bir halda ikinci şəhər xəstəxanasına aparılmışdır” sözləri yazılmışdı.
Muxtar təkrar oxudu, yenə inanmadı. Qəzeti kənara qoyub anlaşılmaz fikirlərə daldı. Dərdləndi, ürəyində bir sancı duydu. O dəqiqələr Olqa onun üçün pak bir mələk kimi idi, ona qarşı ömründə heç bir qadına bəsləmədiyi hisslər bəsləməyə başladı. Bir də onda yüksək bir arzu vücuda gəldi – Olqanı xəstəxanada ziyarət etməyi və son dəfə olaraq qardaş hissi ilə ayrılmağı qərara aldı.
Durub getdi. Çiçək mağazasında böyük bir dəmət hazırlatdı.
Muxtar xəstəxananın pilləkənlərini sürətlə çıxdı. Uzun koridora girdi və xəstənin otağına girmədən əvvəl duruxdu: onda acı bir tərəddüd əmələ gəlmişdi. Düşündü, qəti bir nəticəyə gələ bilmədi. Bir də müztərib bir halda qonşu otağa girdi və növbətçi xanıma müraciətlə:
– Bir ricam var, lütfən bu çiçəkləri Olqa Petrovaya göndəriniz, – dedi.
Xanım aldı və cavabında:
– Kim göndərir?
Muxtar bir az duruxdu, özünü itirdi, düşündü. Qadın təkrar soruşdu:
– Adınız nədir?
Muxtar cavab verməkdən aciz qalaraq, qızardı, bozardı və cəld dedi:
– Heç, özü bilir.
Muxtar ağır bir imtahandan keçən kimi yorulmuş halda xəstəxananı tərk etdi. Bədənini tər basmışdı. Yenə iztirab dumanları ürəyini bürümədə idi.
1926
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-yaramaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
ToyToy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.