Hasarın o tayında
Səhifə 2 / 3 · 33%
Kor İslamın başına həmişə uşaqlar toplaşırdılar. "İslam dayı, mən kiməm?" – deyirdilər. İslam dayı o uşaqların hamısını tanıyırdı, əvvəl öz adlarını deyirdi, sonra atalarının adını söyləyirdi.
Günlərin bir günü mən də İslam dayıya yaxınlaşdım.
– İslam dayı, mən kiməm? – dedim.
İslam dayı təəccübləndi, hətta bir az duruxdu da. Sonra əlimi əlinə aldı. Əlini əlimə sürtdü. Barmaqlarımı saydı, dirsəyimi ovxaladı. Sonra İslam dayı kösöv kimi qara gözlərini çeşməyə zilləyib, harasa, – yalnız özünün gördüyü yerə baxdı. Yenə duruxdu, yenə təəccübləndi, çünki onun baxdığı və yalnız korların gördüyü o yerdə də hələ mənim adım yox idi, çünki mən hələ heç kəs deyildim.
Sonra mən özüm öz adımı İslam dayıya dedim:
– Sadıq – Nəcəfin oğlu.
Sonra məscidin qabağında neçə-neçə adlar içində hər gün mənim də adım səsləndi:
– Sadıq, Nəcəfin oğlu.
Sonra:
– Sadıq – qəşəng bala!
– Sadıq – igid oğlan!
– Mənim Sadıq oğlum!
Bu isə artıq o vaxtlar idi ki, mən dükandan çay almağa gedə bilirdim, çeşmədən su gətirə bilirdim. Mən İslam dayıya çay alırdım, su gətirirdim və buna görə İslam dayı mənim adımı daha bərkdən deyirdi, daha mehriban çağırırdı...
İslam dayının həyətində bir qəşəng cövüz ağacı vardı. O həmin vaxtlar idi ki, hələ də dünyada yad adamlar vardı və yad kişilər o cövüz ağacının dibində sirli-sirli sözlər danışırdılar. Çeşmədən qayıdan qoca arvadlar vedrələri, güyümləri o ağacın dibində yerə qoyub, üzlərini göyə tutub, qəribə sözlər deyirdilər: "Kərəminə min şükür, ilahi, öz, şikəst bəndəni naümid qoymamısan". "Sən elə yetimlərin, şikəstlərin Allahısan, mənim yetimim üçün də bir ruzu qapısı aç".
Arvadlar bu qəribə sözləri ona görə deyirdilər ki, İslam dayının qoz ağacı dolu idi, doluluqdan az qala budaqları sınırdı. Elə illər də olurdu ki, ağacda cövüz olmurdu, ancaq vaxt elə o vaxt idi və yenə arvadlar cövüzün dibində qəribə sözlər deyirdilər: "Allahın da gözü yumulubdur. Kor olub, Allah da kor olub. Taxtın-tacın dağılsın, ay Allah, sən də məzlumların qənimisən..."
İslam dayının cövüz ağacının söhbəti yaz açılandan başlardı, bir də payızda, cövüzlər silkiləndə, qurtarardı. O həmin vaxtlar idi ki, İslam dayının cövüzü silkiləndə küçə adamlar dolardı – hamı tökülüşüb köməyə gələrdi. Cövüzləri hamıdan yaxşı silkən və toylarda hamıdan yaxşı oynayan uzun Kamal hüştürək çala-çala ağacın başına dırmaşardı. Cövüzün budaqları üstündə də Kamal toylardakı kimi oynayardı, atılıb-düşərdi və onun qaldırıb-saldığı ağır zolanın altından küçəyə, dolu kimi, cövüz yağardı.
Gün əyilənəcən qızlar, arvadlar həyətdən, küçədən, arxların içindən, otların arasından tələsə-tələsə cövüz yığardılar, çünki evdə də iş vardı, arvadlar çay qoymalı idilər, xörək bişirməli idilər. Gün əyiləndə arvadlar çay qoymağa, xörək bişirməyə gedərdilər və yenə o həmin vaxtlar idi ki, qaş qaralanacan, qaranlıq düşənəcən biz İslam dayıdan əl çəkməzdik:
– Mən kiməm, İslam dayı?
– Mən kiməm, İslam dayı?
Sonra mən birinci sinif şagirdi oldum. Ancaq sərçələr, sağsağanlar yenə də öz dillərində danışırdılar. Yenə Günəş dağların dalında yatmağa gedirdi və yenə dünyada sirli sözlər vardı, yad adamlar vardı.
Sonra necə oldusa, İslam dayının qulaqları da tutuldu, ancaq bizim balaca əllərimiz onun yadından çıxmadı. Biz əlimizi qabağa uzatdıq. O, əlini əlimizə sürtdü. Barmaqlarımızı saydı, dirsəklərimizi ovxaladı, kim olmadımızı həmişə bildi:
– Sadıq, Nəcəfin oğlu!..
Sonra:
– Sadıq igid oğlan!
– Sadıq mənim balam!
Sonra, cövüz ağacının dibində sirli-sirli danışan arvadlar da mənim kim olmağımı bildilər:
– Sadıq, Nəcəfin oğlu.
– Nəcəfin oğlu Sadıq dərslərindən "beş" alır.
– Nəcəfin oğlu Sadıq üzüyola uşaqdır, Allah canına dəyməsin.
– Mən qızımı Nəcəfin oğlu Sadığa verəcəyəm. Sadıq ağıllı baladır.
– Ədə, ey, Nəcəfin oğlu Sadıq, bizim itə sənmi daş atmısan?
Və sairə və ilaxır.
Bir gün dərs vaxtı məni də, beş-altı nəfər adamla birgə sinifdən çıxarıb, məktəbin eyvanına gətirdilər: biz komsomola keçmək üçün rayon mərkəzinə gedəcəkdik. Komsomola keçməyə gedənlərin içində məndən başqa üç nəfər də vardı: Azər, Rahib, bir də Salatın; bir də Mənzər adlı bir qız idi...
O gün məktəbin eyvanında bizi əsasən üst-başımıza baxmaq üçün yığmışdılar. Mənzər hamıdan qəşəng geyinmişdi, çünki onun atası kolxoz sədri idi. Qalan uşaqların da üst-başı təmiz idi; dırnaqlarımızı da tutmuşduq, qulağımızın içini də yumuşduq; hamımızın öz ayağımıza görə pis-yaxşı ayaqqabımız da vardı. Bircə Salatının başmağı öz ayağına görə deyildi; o, yekə qaloş geymişdi – köhnə, cırıq; qaloş yuyulmuşdu, ancaq onun üstündə qartmaq bağlamış çirki tamam təmizləmək mümkün olan iş deyildi.
Salatının qaloşuna baxdılar. Salatın tutuldu, doluxsundu və elə tutuldu, elə doluxsundu ki, onu bizim sıradan çıxara bilmədilər. Biz piyada rayon mərkəzinə yola düşdük: şehli-sərinli bir payız günü idi. O şehli-sərinli payız günü Mənzər dediyim qız yolda istilənib pencəyini əynindən çıxardı və necə oldusa, mən o pencəyi əynimə geyən kimi hava dəyişdi, payızın şehi-sərini bir andaca çəkilib getdi. Soyuq dağlar, soyuq qayalar bir andaca qızdılar, isindilər; dağların, qayaların üstündəki sarı işıq da birdən qırmızıya çaldı. Niyə birdən belə oldu – bilmirəm. Bəlkə bərk üşümüşdüm. Bəlkə pencəyin astarı ipək idi, yumşaq idi və mən ömrümdə belə ipəklik, belə yumşaqlıq görməmişdim... Sonra mənə elə gəldi ki, Mənzərin özü də belə yumşaqdır, belə ipəkdir: əli, ayağı, hər yeri... Bu görünməmiş qız yumşaqlığı və ipəkliyi sanki o pencəkdən mənim canıma hopdu. Rayona çatanda mən pencəyi çıxarıb Mənzərə verdim, ancaq o yumşaqlığı və ipəkliyi heç vaxt canımdan çıxara bilmədim...
Rayonda Salatının qaloşuna fikir verən olmadı. Əksinə oldu – birinci onun biletini verdilər. Təkcə Rahibə bilet vermədilər, çünki Rahibin atası o vaxt türmədə idi.
Qayıdanbaş Rahib kolxozun yol üstdəki cövüz ağaclarına dırmaşdı, bağlara girib heyva yığdı, şaftalı yığdı; axı o, komsomolçu deyildi. Və məhz komsomolçu olduğumuza görə o gün biz ağzımız sulana-sulana Rahibə baxdıq, o "oğurluq" heyvadan, "oğurluq" şaftalıdan yemədik.
Qayıdanbaş Mənzər pencəyini əynindən çıxarmadı. Ancaq dağlar, qayalar yenə isti idilər. Dağların, qayaların üstündə yenə qırmızıya çalan işıq vardı, ipəklik və yumşaqlıq vardı...
Bir gecə, kino qurtarandan sonra, biz gözlədik, adamlar dağılışdı və mən Rahibin çiyninə çıxıb, Mənzərlə öz adımı çayxananın yanındakı çinarın gövdəsinə yazdım (orada belə adlar çox idi).
Bir gün Mənzərin atası o yazını gördü. Çayxananın qabağında mənə bir şillə çəkdi. Sonra qulağımdan tutub, ağacın dibinə gətirdi və mən o yazını öz əlimlə pozdum.
Bir dəfə, kinodan sonra, biz yenə qaldıq. Mən çinarın lap nazik bir budağına dırmaşdım. Ay işığı idi. Yaz idi və mən çıxan budağın başında yuva tikmiş qarğanın, yəqin ki, ətcə balaları vardı. Qarğa yuvadan çıxdı. Qarıldadı, qışqırıq saldı, qanadlarını üzümə, başıma çırpdı, ancaq mən axıracan tab gətirib, o sözləri çinarın budağına yazdım: "Sadıq+Mənzər".
Mənim budəfəki yazım yarpaqların arasında payızacan gizli qaldı. Yarpaqlar töküləndə yazı aşkara çıxdı və sədrin qorxusundan daha mən çayxananın ətrafında hərlənə bilmədim. Bir dəfə kolxoz bağında cövüz ağacında Mənzərin atasının girinə keçdim. O məni ağacdan düşürüb sürüyə-sürüyə çinarın dibinə gətirdi, oradakı adamların yanından söyə-söyə keçirdi, darta-darta idarəyə apardı və mən yalnız idarədə bildim ki, bütün bunlar o yazıya görədir!
İdarədə Mənzərin atası məni döymədi, qorxutmaq istədi, əlini telefona atıb: "Milsəner çağıraram", – dedi, ancaq "milsəner" də çağırmadı. Sonra o məni divanın üstündə oturtdu, özü də yanımda əyləşdi. Daha sədr məni nə qorxutdu, nə hədələdi; o mənimlə lap astadan danışmağa başladı, hətta bir növ yalvardı da. Dedi: "Yazmağa qızmı qəhətdi, a bala? Elə biri doxtur Əbilin qızı! Niyə kolxoz sədrinin qızını yazırsan, öz direktorunun o qəşəng qızını yazmırsan... Çayçı Qurbanın qızı indidən tutluqlarda it kimi kürsəkdədir, – dedi. – Öz gözümlə on dəfə görmüşəm. Onu yaz. Yaz deyim kişi oğlusan. Yaz, sonra get nə yığırsan yığ – o kolxoz bağları, o da sən. Heç utanmırsan camaatın içində məni rüsvay eləyirsən?! Düşmənlərimi üstümə güldürürsən?! Axı, sənin dədən mənim dostum idi. Elə özün də dostumsan mənim..."
Misir müəllimin qızı sənin qızından gözəl deyil, sədr, dünyada ipək kimi yumşaq dağlar var, qayalar var...
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-hasarin-o-tayinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Başqa şairlərin şeirləri
Yerin, Göyün, ərşin, kürsün nizamı,Əvvəl, bu cahana bağışla məni!
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,