Səhifə 3 / 3 · 67%

Mən kövrəlib, sədrin kabinetindən ağlaya-ağlaya çıxdım. O özü kabinetdə qaldı. Mən çıxanda bayaqkı adamlar yenə çinarın dibində idilər: doxdur Əbil, məktəb direktoru, çayçı Qurban, Misir müəllim. Hamısı da ayaq üstdə dayanıb idarə səmtə baxırdılar. Cır-cır Abbas üzünü idarəyə tərəf tutub əl-qolunu ölçə-ölçə danışırdı. O birilər qulaq asırdılar: xəlvətcə, xısın-xısın gülüşürdülər. Bircə Aslan baba çinardan azca aralıda gözünü yerə dikib əyləşmişdi, çəliyin yerə dirəyib fırladırdı və arabir narazı halda başını yırğalayırdı. Abbas kişi coşmuşdu. Səsini başına atmışdı. Abbas kişinin belə coşmaqları çox olurdu:

– Kəndxudalar cəllad idi, hı, hı, cəllad idi! Yüzbaşılar baş kəsirdilər. Oho, qan apardı, qoymayın! Mollaları qovun, çıxarın – sizə quş başı gətirmişik – alın, ciblərinizi doldurun. Ədalət adına – zəlalət! Səadət adına – məlalət. Zindani-məşəqqət. Cövlani-rəzalət!.. Baxın, həzz alın, sərməst olun: saldat balalarını dövrət idarələrində döyürlər. Döyürlər tifil balaları, günahsız balaları!.. Döyün, vurun, basın, kəsin, çünki dövran sizindir, çünki mayanız zaydır, zatınız qırıqdır.

Cır-cır Abbas farsca şeir dedi:
"Xaşt kəcra çun nəhəd memar kəc,
Ta Süreyya mirəvəd divar kəc!"

– Yəni bir binanın ki, özülü əyri qoyula, o bina lap Marsa da gedib çatsa, divarı əyri qalar.

Sonra o, birdən Aslan kişinin üstünə yeridi.

– Dövlət idarələrində saldat balalarını döyürlər!

Sonra Abbas kişi üzünü dağlara çevirdi:

– Tifil balaları bir ovuc cövüz üstdə döyürlər!

Abbas kişi bu sözləri çox təkrar elədi – nə olsun ki, idarədə sədr mənə heç çırtma da vurmamışdı; Cır-cır Abbas da belə adam idi, belə olmasaydı, ona "cır-cır" deməzdilər ki...

Həmin gecə mən o yazını çinarın budağından pozmaq istədim; çıxıb budaqların arasında durdum. Düzü, qorxdum, uzağa gedə bilmədim, çünki budaq çox nazik budaq idi və aradan cəmisi bir yay, bir payız keçsə də, mənim nə çəkim əvvəlki çəki idi, nə də əvvəlki cəsarətim vardı...

Həmin axşam bütün kəndə səs yayıldı:

– Qolxoz sədri, Nəcəfin oğlu Sadığı döyüb!

Sonra çinar budağı, mənim yazım və qarğanın yuvası ilə birgə, yoxa çıxdı: budaq telefon məftillərinə toxunurmuş, – dedilər...

Sonra arvadlar çeşmənin qırağında pıçıldaşdılar:

– Nəcəfin oğlu Sadıq sədrin qızına vurulub...

Sonra:

– Nəcəfin oğlu Sadıq qızıl medal alıb.

– Nəcəfin oğlu Sadıq Bakıya gedir.

– Nəcəfin oğlu Sadıq Bakıdan gəlib.

– Ba, Sadıqdı ki bu! Gəlmisən, Sadıq? Həmişəlik gəlmisən?

Qəribə hafizəsi varmış İslam dayının – elə bil gözləri əlindədir. Elə bil qoluma nişan vurub – havaxt gəlirəm, tanıyır. O, əlimi uzun müddət əlindən buraxmır. Biz xeyli vaxt əlimizlə danışırıq. Mən əlimlə İslam dayıya cavab verirəm – deyirəm: həmişəlik gəlməmişəm.

Mən hər dəfə gələndə çeşmənin qırağında İslam dayıya bu cavabı verirəm. Ancaq İslam dayı o sualdan heç vaxt əl çəkmir. İslam dayıya elə gəlir ki, bu çeşmənin qırağında böyüyənlər bu yerlərdən həmişəlik gedə bilməzlər – haçansa qayıdıb gəlməlidirlər...

Çeşmənin qırağında bir vaxt burada böyüyənlərin söhbəti gedir:

– Muxtarın oğlu Kamalı Moskvada görən olub. Deyirlər alverdə əli bərk gətirib. Cibindən bir dəstə iyirmibeşlik çıxarıb. Bu qədər də, deyib, kassaya qoymuşam.

– Yaqubun oğlu Rahibin deyirlər, Amerika qəzetində adı çıxıb. Atomdan, deyirlər, kitab yazıb. Malades! Amma, deyir Kazımın oğlu Qafarı müəllimlikdən qovublar. Tələbələrdən, deyir, pul alırmış. Boynu sınsın, kəndin adın batırdı.

– Həsəncanın oğlu Səlman da yaman bic tərpəndi ha! Özü getdi adam oldu. Qardaşlarını da bir-bir çəkdi apardı. İndi, deyir, Sumqayıtda bəy kimi dolanırlar.

Yenə İslam dayı çeşmənin qırağında, məscidin divarına söykənib oturur. Yenə onun kösöv kimi qara gözləri çeşməyə tərəf zillənir və haradasa, hansı bir uşaqsa, yəqin ki, İslam dayının qorxusundan küçəyə çıxa bilmir.

Haradasa, hansı bir uşaqsa, yəqin ki, dərslərindən "beş" alır; bəlkə adı Sadıqdır, bəlkə – Əlidir, Əhməddir.

– Əlinin oğlu Əhməd dərslərindən "beş" alır.

– Əlinin oğlu Əhməd üzüyola uşaqdır, Allah canına dəyməsin.

– Mən qızımı Əlinin oğlu Əhmədə verəcəyəm, Əhməd ağıllı baladır...

İslam dayı məscidin divarına söykənib oturur; yalnız özünün gördüyü yerə baxır, özünün görə bildiyi şeyləri görür. Yenə axşam çağları çeşmənin qırağında uşaqlar qaçışır. Axşamçağı geyinib-keçinib o çeşmənin yanından keçən Buzbulaq qızları – gəlinləri, siz heç bilirsizmi, necə qəşəng olurlar, necə qəribə olurlar: elə bil onlar da harasa, yalnız özlərinin görə bildikləri yerə baxırlar.

İslam dayı gözünü çeşməyə tərəf zilləyib durur. Doğrudanmı, o heç nə görmür? Görəsən, mümkündürmü insan olsun, heç nə görməsin?

Kim bilir, bəlkə İslam dayı görür. İslam dayının baxdığı o yerdə, bəlkə, sərçələr, sağsağanlar hələ də öz dillərində danışırlar, orada Günəş bəlkə hələ də dağların dalında yatmağa gedir... Bəlkə orda gündüzdür. Axşamçağıdır və otların üstündə bir kəpənək uçur, kəpənək maqqac axtarır... Bəlkə, axşamdır, cümə axşamıdır və haradasa qorxa-qorxa bir çıraq yanır. Çıraq "o dünyadan" gələnlərin yolunu gözləyir?.. Kim bilir, İslam dayının baxdığı o yerdə bəlkə heç nə yoxdur – bir qara zülmətdən savayı.

Ancaq İslam dayı baxır, ola bilməz ki, insan olsun, heç nə görməsin. Ola bilməz ki, o çıraq həmişəlik sönsün, mənə elə gəlir ki, ola bilməz!.. Və hərdən mənə də elə gəlir ki, bu çeşmənin qırağında böyüyənlər buradan həmişəlik gedə bilməzlər, bir vaxt mütləq qayıdacaqlar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Büllur külqabının nağılı

I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.

197323 dəq
Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 dəq
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 dəq
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq

Başqa şairlərin şeirləri