May günü
Səhifə 2 / 3 · 33%
O təptəzə çəkmələrə görə Səfurə onu danlamaya bilməzdi. Danladı. Çox danladı. Ancaq, qəribədir, sanki ordan məhz ayaqyalın gəldiyinə görə o qəribə may gününü Mərdanın ayaqları da xatırlayırdı. Çəkmələrini tərəddüdsüz çıxarıb, bostançıya verəndən sonra Mərdan elə bil tikanlı, daşlı-kəsəkli yollarla gəlməmişdi, sanki o, işıqdan, ümiddən, sevincdən yoğrulmuş yumşaq bir boşluğun üstündə yerimişdi və bu saat çarpayıda uzanıb barmaqlarını tərpətdikcə o isti və yumşaq boşluqda Mərdan sanki təzədən yeriyirdi... Qucağında küçük, – yumru, yumşaq it balası...
Küçük yaman tez böyüdü. Üçcə ayın içində lap yekəcə bir it oldu: gur səsli, enli pəncəli; baxışından, yerişindən, az qala tükündən də sevinc, xoşbəxtlik yağan bir məxluq. Onu Mərdan heç vaxt bağlı saxlamamışdı, çünki buna ehtiyac yox idi. Çünki Qaplan özbaşına heç vaxt heç yerə getmirdi. Mərdanın özü ilə bir yerə çıxanda da ömründə bir kəsə hürdüyü olmamışdı. Qaplanın adamlarla rəftarında ağlasığmaz dərəcədə qəribə şeylər vardı: qadınlara yerli-dibli dəyib-toxunmurdu. Oğlan uşaqlarının qorxmayanlarını elə bil bir baxışdan tanıyırdı; onlarla oynayırdı. Qorxaq oğlan uşaqlarını saymırdı, adam yerinə qoymurdu. Balaca, heybət qızları açıq-aşkar dolayırdı, onları görəndə başını yana döndərib hiç-biç quyruğunu tərpədirdi və Qaplanın bu məzəli “teatrına” hər baxanda Mərdan elə ucadan gülürdü ki, bəlkə bütün kənddə onun səsini eşitməyən adam qalmırdı. Mərdana ayrı cür it lazım deyildi, çünki onun malı-davarı yox idi, böyük təsərrüfatı yox idi. Ancaq Qaplanı kənd arasına çıxarıb, kəndin ən güclü itləri ilə boğuşdurmaq Mərdana arabir lazım olurdu və bu işdə öz yiyəsini Qaplan heç vaxt pərt eləmirdi. Kənardan olduqca aciz, olduqca sakit və bir az da gülməli görünən bu itin kənddəki itlərin hamısından güclü olmağı Mərdana hədsiz dərəcədə ləzzət verirdi. Nə olsun ki, Mərdanın iti Buzbulaqda ən müftəxor it hesab olunurdu: “Mal güdmür”, “həyət gözləmir”, “havayı çörək yeyir” deyirdilər. Təxminən buna oxşar sözləri elə Mərdanın özü barəsində də deyənlər vardı, çünki Mərdan məktəbi qurtarıb, oxumağa getməmişdi və neçə vaxt idi ki, bir işdən-gücdən də yapışmırdı. Ancaq Mərdan heç cür ağlına gətirmirdi ki, günlərin bir günü bacısı Səfurə, Zəhranın sözünü almaq üçün, Səttar oğlu Məhəmmədin qapısına elçi gedəndə, məhz bu it söhbəti ilə Məhəmməd Səfurəni geri qaytaracaq: “Mən it otarana, it oynadana vermək üçün qız böyütməmişəm”, – deyəcək.. Və tək qalmış yetim qardaşını evləndirib, öz ata ocağının işığını həmişəlik yandırmağı çoxdan arzulayan Səfurə o qapıdan suyu süzülə-süzülə qayıdacaqdı.
Bu əhvalat Mərdanı, əlbəttə, dilxor elədi, ancaq elə həmin gün axşamçağı qızı görüb, onunla çay kənarında xeyli pıçıldaşandan sonra Mərdanın ürəyi yerinə gəldi. Daha o, hardan biləydi ki, Məhəmməd gecələrin birində qızı kənddən səssiz-səmirsiz itirəcək, əl altdan ər tapıb, kəbin kəsdirib, aparıb rayondakı bir çəkməçinin evinə qoyacaq... Bunu eşidəndə qan Mərdanın beyninə vurdu. Məhəmmədi təklikdə görsəydi, bəlkə də əlindən xata çıxacaqdı. Yaxşı oldu ki, çayxanada gördü. Əvvəl onlar göz-gözə durub, xeyli vaxt dinməz-söyləməz baxışdılar. Sonra Mərdan Məhəmmədin üzünə tüpürdü. Lomba ilə tüpürdü. Və: “Mən kişi deyiləm, əgər sənin adını itimə qoymasam!” – dedi. Özü də lap yəqin ki, əlacsızlıqdan, ayrı söz tapmadığından dedi. Dedi, boynuna düşdü, çünki dediyindən dönmək Mərdanın işi deyildi.
O gündən Qaplanın adı “Məhəmməd” oldu.
– Məhəmməd, ay it, bu yana gəl...
– Məhəmməd, ay it, o yana get...
Özü də lap ucadan, hamıya eşitdirmək üçün.
Bunu Mərdan camaat arasında, hətta Məhəmmədin lap öz yanında deməkdən də çəkinmədi:
– O qoyunun bağırsağını bura ver, a kişi, təmizləmə, eləcə ver, Məhəmmədə yedirdəcəyəm...
Bunun üstündə Səfurə Mərdanı məzəmmət elədi: “Ayıbdır, günahdır, peyğəmbərin adını itə qoymusan”. Sonra Səfurə də səsini kəsdi. İt özü də öz təzə adına öyrəşdi, üstəlik həmin o dörd sətirlik şeir də klubun divarında, kolxoz tövləsinin dirəyində, məscid qapısının tağında peyda olandan sonra, Mərdanın ferma müdiri Məhəmmədə sataşmağı kənddə adi bir şeyə çevrildi. Məhəmməd içindən qovruldu, ancaq səsini çıxara bilmədi. Əgər Mərdan günlərin bir günü rayona getməsəydi, gedib orda araq içməsəydi, yaxud Zəhraya birdən-birə müştəri çıxmış o çəkməçi vicdansıza heç olmasa içməmişdən rast gəlsəydi, bəlkə hər şey elə beləcə də sovuşub keçəcəkdi. Əslində heç içəndən sonra da Mərdanın çəkməçi ilə yumruq davası eləmək fikri yox idi. Sataşıb keçmək istəyirdi. Zalım oğlu dilini dinc qoymadı. Özü də Mərdanın bir yumruğundan tir-tap yerə sərilib, huşunu itirib, o saatca “xəstəxanalıq” oldu. Mərdanı oradanca gətirib həbsxanaya saldılar. O özü öz günahını hamıdan yaxşı bilirdi. Bilirdi ki, nahaq yerə həbsxanaya düşməyib, cəzasını çəkməkdən qorxmurdu, ancaq Səfurənin danlağından qorxdu, bərk qorxdu və yalnız bu qorxunun ucbatından, həbsxanada yatdığı ayyarımda Mərdan iki ayağını bir başmağa dirəyib, bacısının görüşünə çıxmadı. Hətta gətirdiyi payı da Səfurə həbsxananın qapısından hər dəfə qaytarmalı oldu.
Pəncərə şüşəsindəki soyuq bozartıya baxa-baxa Mərdan fikirləşirdi ki, lap yaxın vaxtlarda bir iş tapıb, mütləq işləməlidir, ev-eşiyə, həyət-bacaya özü baxmalıdır, lazım gəlsə lap evlənməli, Səfurəni iki evin qəhrini çəkməkdən qurtarmalı və onun neçə illik xəcalətindən də yavaş-yavaş çıxmalıdır... Fikirləşirdi ki, it sağalsa daha onu “Məhəmməd” çağırmayacaqdır, üstəlik bir yol tapıb, Səttar oğlu Məhəmmədlə mütləq barışacaqdır. Qız getmişdi, məsələ bitmişdi, bundan sonra ədavət saxlamağın nə mənası vardı. Amma Mərdan iti bu günə salmış Fərruxu bağışlaya biləcəyinə heç cür inanmırdı. Bu məsələdə Mərdanın, bacısı Səfurəyə də deyiləsi sözü çox idi: “Türməyə mənim üçün pay gətirir. Mənə pay gətirincə insafın olaydı, bu itin qabağına bir parça çörək ataydın. Allaha şükür, aclıq deyil, qıtlıq deyil. Bu saat dünyada çörəkdən bol nə var...”
Mərdan öz-özünə danışırdı. Qaplan sobanın qabağında aram-aram nəfəs alırdı və bir dünya zülmətin içində dördgöz pəncərə şüşəsi soyuq-soyuq bozarırdı...
Gecənin bir aləmində o, işığı yandırdı, sobanı qaladı. Gecənin bir aləmində ay çıxdı və o ayın işığında Mərdan həyətdə, divarın dibində dərin bir quyu qazıb, ölü iti, palaz parçası qarışıq, o quyunun tərkinə qoydu. Ay səhərəcən batmadı. İşıq səhərəcən yandı və yarısı yerə dağılmış horra səhərəcən sobanın yanında qaldı.
Yalnız səhərə yaxın Mərdan azca yuxulaya bildi və səhərin gözü açılan kimi Mərdanın da gözləri açıldı. Şalvarı, köynəyi əynində idi. Hətta ayaqqabılarını da çıxarmamışdı. Bircə pencəyini çıxardıb stulun başına atmışdı. Üşüyürdü (yorğansız yatmışdı), ancaq pencəyi götürüb üstünə salmağa ərdəmi çatmadı. Ürəyi papiros istəyirdi, əlini uzadıb, böyründəcə – stolun üstündəki papirosu götürməyə tənbəllik elədi.
Mərdan gözlərini tavana zilləyib, uzun müddət tərpənmədən fikirləşdi. O vaxtacan fikirləşdi ki, otaq lap işıqlandı. Gün çərtdi, pəncərənin lap başdakı şüşəsini qızartdı. O vaxtacan ki, həyətin qapısı cırıldadı. Fərrux içəri girib, toyuqları hindən buraxdı, hüştürək çala-çala onlara dən səpdi. Fərrux öz vəzifəsini layiqincə yerinə yetirib getmək istəyəndə, birdən başını qaldırıb, yuxarıdan, eyvanın məhəccərinə söykənib, dinməz-söyləməz aşağı baxan dayısını gördü.
– Dayı, gəlmisən? – dedi və elə ürəkdən sevindi ki, bunu Mərdan istəməsə də, hiss eləməli oldu.
– Toyuqlarını yaxşı bəsləyirsən, bacıoğlu. Dəndən-sudan korluq vermirsən.
Fərrux sevindi, aşkar qürrələndi:
– Builki cücələri görürsən? – dedi. – Hamısı yumurtlayır, dayı. Yumurtlamayan bir dənə də yoxdur.
– Deynən, sən öl.
– Sən öl!
– Ə, sən mənə “sən öl” deyirsən?!
– Yalan demirəm ki, istəyirsən anamdan soruş.
Fərruxun heç nədən xəbəri yox idi. Bilmirdi ki, dünəndən bəri dayısı dişini qıcıyıb, onu döyməyə hazırlaşır. Bilmirdi ki, it ölüb və bu toyuq söhbətinin altında nə gizləndiyini Fərrux ağlına gətirmirdi. Məsələ burasındadır ki, Mərdan da çaşmışdı. Dünən axşamdan bəri gözlədiyi qatilin, əzazilin yerinə həmişəki Fərrux gəlib çıxmışdı. Həmin Fərrux: mehriban, işgüzar, üzüyola... Səhərin gözü açılan kimi gəlib toyuqları yemləmişdi, indi qaçıb dayısının gəldiyini sevinə-sevinə anasına xəbər verəcəkdi, sonra yenə nə desələr – eləyəcəkdi, nə versələr – yeyəcəkdi və məktəbə “beş” almağa gedəcəkdi... Vəziyyəti istədiyi məqama gətirib çıxartmaq üçün Mərdan heç olmasa özünü hirsləndirməyə çalışırdı, buna görə də həyətə enib, lap qəfildən Fərruxun başının üstünü aldı:
– Sən çox padles adamsan, Fərrux!
Fərrux yenə gülümsədi, mehribanca dayısının üzünə baxdı:
– Niyə ki, dayı? – dedi. – Niyə hirslənmisən, dayı?
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-may-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.
Güllü paltar mövsümüI**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.