Səhifə 3 / 3 · 67%

– Niyəsini bu saat göstərəcəyəm sənə!

Mərdan bacısı oğlunun qolundan yapışdı, çəkib eyvanın altına gətirdi.

– Hanı it? İti neynəmisən? De görüm, svolıç, mənim itim hardadır?

Bir ucu otun üstündə, bir ucu eyvanın dirəyində olan boş zənciri görəndən sonra Fərrux eyvanın dörd bir tərəfinə elə-belə, vaxtı uzatmaq üçün baxdı. Yeqin ki, gözlərinə inanmırdı. Bir neçə saniyə, Fərruxun doluxsunmağı üçün də, itin taleyinə ürəkdən acıyıb ağlamağı üçün də tam kifayət elədi.

– Dünən burdaydı! – dedi. – Həzrət Abbas haqqı, dayı! Bu gecə qurd gəlib aparıb, ya da itlər apanblar... Xəstə idi, onsuz da öləcəkdi. Çörək-zad yemirdi.

O başdan, itin yatdığı yerdən Fərrux qorxa-qorxa dayısının üzünə baxırdı. Mərdan iki dirəyin arasında durmuşdu. Özü də elə durmuşdu ki, guya Fərrux bu saat qaçacaqdı, onu tutmaq lazım olacaqdı. Ancaq Fərruxun duruşunda qaçmaq deyilən şeyin heç əsər-əlaməti də yox idi. Buna görə Mərdan ürəyində tutduğunu eləyə bilmirdi.

– İti sən öldürmüsən, suka, acından öldürmüsən.

– Yox, dayı! On iki imam haqqı, dayı! Hər gün çörək vermişəm.

– Sən mənə yalan deyirsən, ə? Bu boyda boyunnan məni aldatmaq istəyirsən?!

Mərdan irəli cumanda Fərrux elə bildi ki, dayısı onu vuracaq. Ancaq yenə də qaçmadı. Mərdan da Fərruxu vurmadı. Otun arasındakı zənciri götürdü, bir göz qırpımında Fərruxun boynuna keçirdi. Sonra uşağın öz cibindəcə, içində toyuqlara dən gətirdiyi iri dəsmalı dartıb çıxartdı. Fərruxun qollarını da arxada cütləyib, dəsmalla bərk-bərk sarıdı.

– Burax, dayı, neynirsən, dayı? Vallah, dayı, məndə taxsır yoxdur...

– Səsini kəs. Mızıldama. Səs salsan, sən öləsən, ağzını da bağlayacağam!

Mərdan çıxdı. Qəsdən eyvanda, Fərruxun başının üstündə və qəsdən ağır tappıltılı addımlarla gəzinməyə başladı. Yalnız ara-sıra Fərruxun incik səsi eşidilirdi:

– Mən səni belə bilmirdim, dayı... Axı, dərsimin vaxtı keçir, dayı...

Mərdanın qəsdi, heç olmasa yarım saat, Fərruxu zəncirdə saxlamaq idi. Ancaq heç üç-dörd dəqiqə də keçməmiş, ürəyi tab gətirmədi, aşağı düşdü:

– Zəncirin yaxşı zəncirmiş ha, bacıoğlu! – dedi. – Elə bil öz boynuna düzəldilib.

– Boynumu ağrıdır, dayı, on iki imam haqqı!..

– Bəs itin boynunu ağrıtmırdı? – Mərdan zənciri açdı.

– Məni itə görə bağlamışdın?

– Xeyr, əclaflığına görə bağlamışdım.

Fərrux bir az susdu. Nəsə fikirləşdi:

– Dəli olmuşdu, – dayı, – dedi, – küçədən adam-zad buraxmırdı. Xoruşundan daşı-torpağı çeynəyirdi, axşamacan didib-dağıdırdı özünü.

– Sən eləmisən də, öz-özünə dəli olmayıb ki!

Fərrux yazıq-yazıq dilləndi:

– Mən eləməmişəm, dayı...

– Bəs kim eləyib?

– Anam tapşırıb ki, sənə deməyim.

Mərdan bir-iki addım irəli yeridi, Fərruxun lap gözünün içinə baxdı:

– Kim eləyib? De, qorxma, heç kəsə demərəm.

– And iç, deyim.

– Nəyə and içim?

– And iç ki, anama deməyəcəksən.

– And içirəm: sən öl, deməyəcəyəm.

Fərrux dedi:

– Məhəmməd eləyib! – Və yalnız bu ikicə sözü dayısına dedi. Qalanını daşa dedi, torpağa dedi, quruca havaya dedi: – Bir yekə ətin arasına mal iynəsi ilə dərman vurmuşdu. Əti hasardan həyətə atmışdı. Biz gecə itin zingiltisini eşitdik. Gəlib gördük ki, ölür. Ağzından qan gəlirdi. Ətin yarısını yemişdi, yarısı qabağında qalmışdı. Bildik ki, Məhəmmədin işidir. Səhərisi gün toyuqlara dən verməyə gələndə mən özüm gördüm Məhəmmədi. Hasardan boylanıb həyətə baxırdı. Baxırda ki, görsün ölübdür, yoxsa ölməyib... İt qusdu, yazıq o qədər qusdu ki... Ancaq ölmədi. Dəli oldu. Adamın üstünə elə atılırdı ki, dayı. Zənciri gətirib bağlayanda az qalırdı ki, yesin məni. Yaxşı ki, gücü yox idi. Dirsəyimdən tutmuşdu, dayı, gücü olsaydı qopardacaqdı...

Fərrux çox danışdı, ancaq Mərdan o iki sözdən başqa heç nə eşitmədi. O iki söz elə bil kül olub Mərdanın gözlərinə üfürüldü, qurğuşun olub qulaqlarına tıxandı... O, haçan eyvanın altından çıxdığını, həyətdə qarın üstünə necə sərildiyini bilmədi. Mərdan dişi ilə, dodağı ilə qarı eşdi, nəfəsi ilə qarı əritdi və ağladı, zarıya-zarıya ağladı...

Haradasa qaranlıq bir zirzəmi. Haradasa bir işıqlı may günü... bir yasəmən ağacı...

Və ilk dəfə dərsə gecikmiş bir uşağın yaxından səsi gəlirdi: – Dayı, ay dayı, ağlama...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 saat 10 dəq
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 saat 5 dəq
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 dəq
Güllü paltar mövsümü

I**Canəli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sındırırdı.

197651 dəq

Başqa şairlərin şeirləri