Tənha narın nağılı
Səhifə 2 / 19 · 5%
Bəzən mənə elə gəlirdi ki, dava tədricən qurtaracaqdır, bunun üçün birinci növbədə atam əsgərlikdən gəlməli idi. Sonra, mütləq, kolxoz sədrimiz Murtuz dayı gəlməli idi: onsuz müharibənin qurtarmağını təsəvvür eləmək olmurdu. Çünki bir vaxt Murtuz dayı buradaca, xəlvətlikdə dayanıb durbinlə damlara baxardı. Sonra evlərin qabağında hay-küy düşərdi. Axı, Murtuz dayı kimin həyətində neçə ağac olduğunu əzbər bilirdi – damda meyvə çox idisə, deməli, kolxozdan oğurlanmışdı. Murtuz dayı kolxozdan meyvə oğurlayanları bərk-bərk hədələyirdi, öz qırmızı cib dəftərçəsinə nəsə yazırdı. Sonra Murtuz dayı yoluna düzəlirdi. Belindəki qara durbinə baxmaq üçün biz onun dalınca axışırdıq. O, bizə heç vaxt acıqlanmırdı, çünki bizdə “kapitalist qalığı” yox idi, çünki bir vaxt biz də kolxozçu olacaqdıq, ancaq kolxozun meyvəsini oğurlamayacaqdıq.
1 mayda, 7 noyabrda məktəblilər “Urra!” deyə-deyə küçələrdən keçəndə Murtuz dayı həmişə uşaqların arasında olardı. Biz, “cüllütlər”, biz “kolxoz çörəyi ilə böyüyənlər”, biz “kapitalist qalığı olmayanlar” sevinə-sevinə sirli, qara durbinin dalınca qaçardıq və Murtuz dayı əl eləyib bizi qızışdırardı. O da “urra!” deyərdi, biz də “urra!” deyərdik, beləcə “urra!” deyə-deyə gedib kolxoz idarəsinin qabağına yığışardıq. Kolxoz idarəsinin qabağında Leninin heykəlinin yanında Murtuz dayı eynən Lenin kimi pencəyinin düyməsini açıb, bir əlini də qabağa uzadıb ucadan danışardı, biz əlimizin qabığı gedənəcən çəpik çalardıq, boğazımız qaşınanacan “urra!” deyərdik.
Ancaq çox vaxt Murtuz dayının gəlməyi ilə də mən davanı bitmiş hesab eləyə bilmirdim. Fikirləşirdim ki, gərək Azərin ağ köynəkli atası da mütləq qayıdıb gəlsin. Gərək tar çalmaq öyrənənlər axşam çağları klubun eyvanında bir-birinin yanına düzülsün və Azərin atası eyvanda gəzə-gəzə onlara tarı necə çalmaq barədə göstəriş versin. Gərək hər axşamçağı Azərin ağ köynəkli atası gəlib küçədən keçsin və küçədəki balaca qızları bir-bir qucağına alıb oynatsın – o, oğlanlarla heç vaxt oynamırdı, mənim özümü də heç vaxt qucağına almamışdı, ancaq mən inanmırdım ki, o gəlməmiş dava qurtara bilər.
Dağın döşündən çinarın dibi görünürdü: ən çox adam olan yer! Vaxt vardı ki, gün çəkilib gedən kimi Aslan baba “cavan uşaqlara su daşıtdırıb, oranı möhkəm-möhkəm suladardı, yaxşı-yaxşı süpürtdürərdi. İndi orada beş-altı qoca çiynini divara söykəyib otururdu; öskürürdü, əsnəyirdi, mürgüləyirdi; hər axşamçağı orada eyni yerdə, eyni səki üstündə oturub, çəliyinin bir ucunu yerə dirəyib fasiləsiz fırladan Aslan baba da elə bil davanın qurtarmağını gözləyirdi. Gözləyirdi ki, “cavan uşaqlar” əsgərlikdən qayıdıb gəlsin, onlara əmr eləyib çinarın dörd bir yanını möhkəm-möhkəm sulatsın, hətta bununla kifayətlənməyib, çinarın dibindən məktəbin qabağınacan uzun, daşlı küçəyə də su səpdirsin. Ancaq “cavan uşaqlar” gəlib çıxmırdılar və Aslan baba öz naxışlı əl ağacı ilə hər gün yerdə, torpağın üstündə beş-altı dərin deşik açıb gedirdi. Aslan babanın açdığı o deşikləri, yolum çinarın dibindən düşəndə, mən heroqlif yazıları kimi oxuyurdum. Yazırdı ki, dünya xarab olub – indinin uşaqları sözə baxmır; yazırdı ki, bu evi yıxılmış dava nə yaman uzun çəkdi, bəs bu zəhrimar nə vaxt qurtaracaq; yazırdı ki, darıxıram, ölmək istəyirəm, uşaqlar gəlsəydi, bu dünya ilə haqq-hesabı çürüdərdim... Səhərlər mal-davar otlamağa gedəndə dunya və dava barəsindhki o heroqlif yazıları tapdalanıb pozulurdu, sabahısı gün çinarın dibində təzə deşiklər açılırdı.
Dağ döşündə uzanıb kəndə baxa-baxa mən keçmiş səsləri xatırlayırdım: davaya gedən səsləri, oradan gəlməyən səsləri. Bizim qoz ağacındakı qarğanın o vaxtkı səsi qulağıma gəlirdi. Mən o səsdə o vaxtkı günəşin o vaxtkı işığını görürdüm. O işıq dağların döşünə yayılardı, o işıq bizim həyətə düşərdi. O işıq qoz ağacının yarpaqlarını işım-işım işıldadardı və onda qarğa, özünü saxlaya bilməyib, sevincindən dəli kimi qışqırardı. Başını, bədənini silkələyə-silkələyə, o, qozun uca budaqlarını tərpədərdi, telefon məftillərinin üçtünə qonub, onları əsim-əsim əsdirərdi; nənəm hirsli-hirsli deyərdi ki, qızmış yenə qar yağdırmaq istəyir, ancaq mən qarğanın səsində yalnız sevinc duyardım.
Payızda göyün üzü qapqara qaralıb, havadan yağış qoxusu gələndə qarğa uşaq kimi sevinərdi və bundan bir az sonra mütləq yağış yağardı. Qış vaxtı günlərlə, həftələrlə yoxa çıxan günəş bir gecə xəbərsiz-ətərsiz qayıdıb, səhər yeri-göyü parıldadanda mən qarğanın sevincək səsinə yuxudan oyanardım... O səhər mənim də, nənəmin də, qarğanın da bayramı olardı. Nənəm həm sevinərdi, həm də qarğa qarıldadıqca öz-özünə deyinərdi: axı qarğa qarın yağmağını da qabaqcadan bilirdi. Nənəmin qar deyilən şeydən həmişə zəhləsi gedirdi, çünki onun başmağı olmamışdı: ömrü boyu öz balaca ayaqlarında nənəm atamın köhnə, iri başmaqlarını sürümüşdü.
Qarğanın o vaxtkı səsində o vaxt bizim gurhagur yanan sobamızın səsi vardı. Nənəmin sürüdüyü köhnə, iri başmaqların heç vaxt yaddan çıxmayan ahəngdar tappıltısı vardı. O tappıltı ilə nənəm zirzəmidən odun gətirməyə gedərdi; o tappıltı ilə nənəm tövlədən badya dolu süd gətirərdi, ətək dolusu yumurta gətirərdi. Qış vaxtları gün düşəndə həyətin qarı getmiş yerlərində nənəm o başmaqları sürüyərdi. Sürüyərdi və ləzzətlə nəfəs alardı. Ləzzətlə nəfəs ala-ala nənəm göydəki parça-parça buludların hesabını aparardı. Bulud çox olanda odun azalardı, bulud az olanda odun çoxalardı. Ancaq, bundan asılı olmayaraq, nənəm odun gətirmək üçün o yekə başmaqları yenə zirzəmiyə sürüyərdi, çünki sobanın üstündəki xörək atam gələnəcən bişməli idi. Atam gələnəcən nənəm uzun-uzun nağıllar deyərdi, bir vaxt tuluğun üstündə Arazdan keçib ziyarətə getdiyi Məkkədən danışardı. Nənəmin dediyinə görə, Məkkədə Ay oğlan libasında idi, Günəş qız libasında idi. Hələ Məkkədəki Günəşin boynunda qızıl boyunbağı da vardı, ancaq Allaha inanmayanlar onu görə bilməzdi. Günəşin boynundakı qızıl boyunbağını yalnız behiştlik adamlar görə bilərdi və (“yeri-göyü yaradan o qadir padşaha min şükür olsun!”) nənəm qızıl boyunbağını görmüşdü.
Qış vaxtları atam həmişə evə hirsli qayıdırdı və onun rayonda satmaq üçün içində yağ, şor, pendir apardığı ağır kolxoz bidonu tappıltı ilə dəhlizə düşəndə nənəmin Məkkə nağılı qurtarırdı. Qapıdan evə girən kimi atamın bizə acığı tuturdu, çünki o, qarda, çovğunda çörək qazanırdı, biz bu isti otaqda oturub o çörəyi yeyirdik. İslanmış corablarını ayağından çıxarıb hirsli-hirsli sobanın altına tullayandan sonra, atam taxta çarpayıdan yastığın ən böyüyünü götürüb palazın üstünə atırdı, yastığa dirsəklənib çay içə-içə qıpqırmızı qızarmış ayaqlarının yastı və yekə barmaqlarını tərpədirdi. Ayaqlarının qırmızısı çəkilib, alnına tər gələnəcən atam bizə hirsli-hirsli baxırdı. Sonra nənəm onun qara, hirsli çəkmələrini də qapının qabağından gətirib, qurumaq üçün sobanın altına qoyurdu. Çəkmələr, corablar yavaş-yavaş buxarlanırdı və atamın hirsi yavaş-yavaş soyuyurdu.
Nənəmin dediyinə görə, bütün atalar mənim atam kimi idi, çörək qazanırdılar. Və məhz çörək qazanmadığına görə nənəmin başmağı yox idi, nənəm bundan ötrü atamdan bir damcı da incimirdi. Nənəm ömründə bircə dəfə başmaq sözünü dilinə gətirmişdi. Çünki o vaxt haradansa bizim kəndə bir yaxşı molla gəlmişdi və Allahın yanında üzüqara olmamaq üçün gərək nənəm heç olmasa bircə dəfə məscidə gedəydi. Ancaq bu, başmaq sözündən sonra hirslənib Allahı söyməyə başlayanda o sözü deməyinə nənəm peşman olmuşdu. Çünki, atamın fikrincə, Allah yer üzündə ən birinci oğraş idi. Çünki, Allah yaxşı olsaydı, gərək kolxoz olmayaydı, dəhlizdəki yağ-pendir bidonu olmayaydı. Allah sözü ortaya düşən kimi o saat atam kolxozdan danışırdı, varımızdan, dövlətimizdən, əldən getmiş torpağımızdan danışırdı. Doğrusu, mən bilmirdim – o torpağı və o varı-dövləti bizdən kolxoz almışdı, yoxsa Allah almışdı, ancaq bu başmaq söhbətindən sonra mən yəqin eləmişdim ki, nənəm çörək qazanmadığına görə yox, məhz Allahı istədiyinə görə atam ona başmaq almır.
Hər səhər mən gözümü açanda hirsli, qara çəkmələr sobanın altından yoxa çıxırdı və dəhlizdəki qorxunc bidon rayona çörək qazanmağa gedirdi. Bu hirsli axşamlardan sonra həmişə səhər açılırdı və o yekə başmaqları nənəm həyətə, tövləyə, zirzəmiy sürüyürdü. Yenə, atam gələnəcən, nənəm nağıl deyirdi. Məkkədən danışırdı və xörək qazanı sobanın üstündə sevinclə pıqqıldayırdı.
Qarğanın o vaxtkı səsi hər şeydən cox o vaxtın axşam çağları ilə bağlı idi, çünki o səsdə indi eşidilməyən neçə-neçə kişinin səsi vardı. O səsdə damlardan meyvə qurusu yığan arvadların o vaxtkı şən səsi vardı: arvadlar damdan-dama bir-biri ilə danışardılar. Həyətlərdə tut çırpanlar, alma-armud dərənlər hər yoldan keçəni çağırardılar: “Gəl, alma ye”, “Gəl, armud ye”... “Gəl, tut ye” əvəzinə, adamlar: “Gəl, yemiş ye”, – deyirdilər, çünki nənəmin dediyinə görə, “tut ye” sözü bir az ədəbsiz çıxırdı... Kişilər eyvanlardan bir-birini səsləyərdi. Kişilər arvadların üstünə qışqırardılar. Uşaqlar küçələrdə sevinə-sevinə o baş-bu başa qaçardılar. Qarğanın o vaxtkı səsi bu səslərə qarışardı. Bu səs, mənim təsəvvürümdə, unudulmayan, adsız bir nəğmə idi. Bu nəğməni o vaxtın axşam çağları oxuyardı. O vaxtın axşam çağları sanki böyük bir xor idi. İndi onda yüzlərcə səs çatışmırdı...
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-tenha-narin-nagili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Başqa şairlərin şeirləri
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı