Tənha narın nağılı
Səhifə 4 / 19 · 16%
Aldıqları pensiya cəbhədə ölənlərin adı ilə nə qədər bağlı olsa da, arvadlar o adları dilə gətirməkdən ehtiyat eləyirdilər. Lakin bu haqda danışmağa arvadların ürəyində sanki gizli bir ehtiyac da vardı, yaxud buna səbəb söz-söhbətin qurtarmağı olurdu. Bu söhbət araya düşəndə Xədicə xala gözlərini yumub, bütün bədəni ilə yırğalanırdı. Məsmə xala dərindən ah çəkirdi və bu vaxt onun sinəsindən bir dəhşətli xırıltı qopurdu. Məsmə xala uzun müddət öskürürdü və öskürə-öskürə qəzetdən papiros eşirdi. Belə vaxtlarda Zivər xala da özünü qəmli göstərməyə çalışırdı, ancaq Məsmə xala ilə Xədicə xala pensiyadan danışanda o, bundan qat-qat qəmli görünürdü.
Davadan gəlməyənlərin söhbətini arvadlar hər gecə eləyirdilər – bunsuz mümkün deyildi. Hər gecə bizim evdə mənim atamdan da mütləq söz düşürdü; söhbət uzanıb gedirdi. Mən atamın kənddə hamıdan güclü, hamıdan qoçaq olmağına heç vaxt şübhə eləməmişdim. Lakin, elə bil, hər gecə arvadlar məni buna inandırmağa gəlirdilər. Məsmə xala atamın su üstündə bir külfət adamı arxa basıb təkbaşına əzişdirdiyini öz gözü ilə görmüşdü və bu haqda danışmaqdan yorulmurdu. Bundan başqa atam haçansa köç vaxtı qarabağlıların altı qoyununu qapıdan xəlvətcə həyətə ötürüb bir saatın içində yerbəyer eləmişdi və bundan sonra bir ay bizim küçədən kabab qoxusu kəsilməmişdi. Bu haqda danışanda Məsmə xalanın indi də ağzı sulanırdı, halbuki, öz dediyinə görə, Məsmə xala bircə tikə kabab yeyəndə bir həftə naxoş olurdu.
Guya hansı tərəfdənsə bizə qohum olan Zivər xala əsas etibarilə atamın namusparəstliyindən danışırdı, çünki bir dəfə Zivər xala dağın döşü ilə çeşmədən su gətirməyə gedəndə onun corabsız olduğunu atam “min addımdan” görüb ərinə xəbər vermişdi. Axşam çörək vaxtı, bunun üstündə əri Zivər xalanı heyva çubuğu ilə möhkəm döymüşdü, ancaq Zivər xala bu barədə çox fərəhlə danışırdı və təəssüflə başını yırğalayıb, belə qeyrətli kişilərin indi kənddə az olmağından şikayətlənirdi.
Arvadlar istəyirdilər ki, mən də atama oxşayım. Ancaq bu, o qədər də asan məsələ deyildi. Mənim atama oxşamağım üçün gərək bizim bağça kənddə birinci bağça olaydı; dükana qənd gələndə gərək birinci mən alaydım, gecə yel əsib kolxoz bağlarında qozu yerə tökəndə ağacların dibinə gərək mən özümü hamıdan tez yetirəydim. Atama oxşamaq üçün mən xırmandan çuval-çuval saman gətirib tövləmizə yığmalı idim, həyətimizin otunu heç olmasa əlimlə yolub qurutmalı idim. Ancaq mən öz həyətimizin halalca meyvəsini də aparıb sata bilmirdim, “hər ağacın dibində filan qədər pul çürüyürdü”...
Məsmə xala açıq deyirdi ki, mən heç vaxt atama oxşamayacağam, çünki “fərli cücə yumurtadan bəlli elər”. Zivər xala cücə barəsində olan o biri misalı çəkirdi. Deyirdi: “Cücəni payızda sayarlar”. Ancaq burası da vardı ki, bu sözləri deyəndən sonra Zivər xala mənə və mənim palaz üstə sərdiyim dəftər-kitaba çox birtəhər baxırdı. Bu cür baxışdan mən aşkar hiss eləyirdim ki, Zivər xalanın heç özü də öz dediyinə inanmır. Hiss eləyirdim ki, mən atama oxşamıram və heç oxşamayacağam.
Onu da bilirdim ki, əgər atam davadan qayıdıb gəlsəydi, mənim aciz olmağım belə tez aşkara çıxmayacaqdı, çünki indiki basabasın, vurhavurun qabağında bəlkə heç atam da dükandan qənd ala bilməzdi. İkincisi, belə işləri görməyə məni bibim qoymurdu, ancaq atamın zirəkliyindən və mənim acizliyimdən danışanda, nədənsə, heç kəs buna fikir vermirdi.
Bu adamlar belə söhbətlər zamanı bibimin necə hirsləndiyini də heç vaxt hiss eləmirdilər. Doğrudur, bütün bu deyilənlərin müqabilində bibim bircə söz də demirdi. Hətta o, etiraz əlaməti olaraq, heç bir hərəkət də eləmirdi. Bibimin hirslənməyini mən onun gözlərindən və dodaqlarından görürdüm: gözlərinin qarası çoxalırdı, dodaqlarının qırmızısı azalırdı.
Atamın zirəkliyi müqabilində mənim çox aciz-avara bir uşaq olmağımı üzə çəkənlərin ən dəhşətlisi Nabat xalanın oğlu Yaqub idi. Yaqub qapıdan içətri girən kimi bibim dinməz-söyləməz ayağa durub, onun payızda həyətimizdən çıxartdığı sumaq kötüklərinin ən irilərini sobaya doldururdu. Elə bil Yaqubun öz yanındaca bibim o kötükləri yandırıb qurtarmaq istəyirdi və elə bil kötükləri yandırıb qurtarmaq istəyirdi və elə bil kötüklər yanıb qurtarandan sonra daha Yaqub bizə gəlməyəcəkdi.
Yaqub bizə gələndə sanki çöl qapısına ağır bir şey vurulurdu: qapı taqqıldayırdı və eyni vaxtda da onun dəmir halqası yerindən qopub bərkdən taxtaya dəyirdi. Bundan bircə dəqiqə keçməmiş Yaqub evimizin qabağındakı pilləkənləri çıxmağa başlayırdı. Çöl qapısından bura qədər olan yolu onun belə tez gəlməyinə mən həmişə təəccüb eləyirdim və ürəyimdə fikirləşirdim ki, ayaqdan çox iti olduğuna görə o, davadan sağ-salamat qayıdıb...
Axşamlar bizə gələndə həmişə Yaqubun cibində kənddə ancaq Nabat xalanın quruda bildiyi, hər yerdə adla deyilən sapsarı tut qurusu olurdu. Bu evin yaxın adamı kimi ərk ilə içəri girib, sarı kağızlı pəncərəmizin qabağında dolanaraq ucadan hal-əhval tutarkən Yaqubun bir əli həmişə həmin tut dolu cibində eşələnirdi. Arvadlar bizdə olanda tut eləcə də qalırdı. Arvadlar bizdə olmayanda Yaqub sapsarı tut qurusundan bir ovuc çıxarıb mənə verirdi, bir iri ovuc da bibim üçün palazin üstünə qoyurdu. Arvadlar bizdə olmayanda Yaqub sandığın bir küncündə oturub, rahatca qıçını qıçının üstünə aşırır, üst-üstdən geydiyi iki cüt yun corabın bağlarını barmağına dolayıb, oynada-oynada, tut qurusunu ovuc-ovuc ağzına atıb ləzzətlə yeyirdi və eyni ləzzətlə də danışırdı.
Yaqubun palaz üstə qoyduğu tut qurusuna heç gözucu da baxmadan bibim həmişəki kimi çiynini divara söykəyib, dinməz-söyləməz otururdu və Yaqub nə qədar ucadan danışsa da, mən yəqin bilirdim ki, bibim onun bircə sözünü də eşitmir. Heç mənim də çox vaxt Yaqubun dediklərinə qulaq asmağım gəlmirdi, çünki əsgərlikdə anbardar olduğu vaxt hətta generalların da onun qabağında “mil durmağını” mən ən azı yüz dəfə eşitmişdim. Mənə çoxdan məlum olmuşdu ki, araq rusların Allahıdır və həmin o allah düz dörd il doqquz ay Yaqubun əlində olub. Bir şüşə araqla böyük-böyük generalları “mil durğuzmağın” mümkün olduğuna bir az şübhə eləsəm də, orada Yaqubun bizim mahaldan olan adamlara əl altdan çəkmə, çörək, yağ və qənd verməyinə məndə heç bir şübhə yeri qalmamışdı. Mən inanmışdım ki, orada Yaqub atamla Müküşü çox axtarıb. Axtarıb ki, onlara da çəkmə, çörək, yağ və qənd versin. Ancaq Yaqubun bircə bu arzusu baş tutmamışdı və bu barədə danışanda onun həmişə gülən sifətində hətta kədərə oxşayan bir şey də peyda olurdu. Söhbətin bu yerində o susub bir qədər fikrə gedirdi. Yaquba baxa-baxa mən də fikirləşirdim. Fikirləşirdim ki, görəsən, bu Yaqub naxışlı təzə corabı niyə köhnə corabın altından geyir? Görəsən, Nabat xala keçər yay nə qədər tut qurudub ki, neçə vaxtdır Yaqubun cibindən qurtarmaq bilmir? Davanı gözümün qabağına gətirirdim, generalları fikrimdə canlandırmağa çalışırdım və bir şeyə həmişə təəccüb eləyirdim: davada da anbar olarmış!..
Bu təəccüblü anbar əhvalatlarının dalınca söhbət mütləq gəlib atamın üstünə çıxırdı. Atamın igidliyindən danışanda bircə anın içində Yaqubun özü də dönüb olurdu igid. Yaqubun yumruqları düyünlənirdi, gözləri alışıb-yanırdı, sonra o mənim üzümə baxıb yenə də bir anlığa başını aşağı salırdı.
Yaqub mənim acizliyimdən arvadlar kimi elə-belə, sözgəlişi danışmırdı. Onun mənə ürəkdən rəhmi gəlirdi. Mənim üzümə baxa-baxa o, yumruğunu zərblə sandığın üstünə vurub, kədər dolu, təəssüf dolu bir səslə: “Oddan kül törəyər!” – deyirdi və nədənsə bu vaxtlar dəhlizdəki kül dolu ocağımız mənim gözümün qabağına gəlirdi, hər gün bibimin samovarımızdan həyətə boşaltdığı kül nəzərimdə canlanırdı, yer üzündə nə qədər soba görmüşdümsə, hamısının qabaq deşiklərindən manqalın içinə lopa-lopa kül tökülürdü – bir sözlə, gözlərimin qabağındaca, lap əyani surətdə, cürbəcür odlardan kül törəyirdi...
Saatlarla davam eləyən bu cür söhbətlər zamanı mən bibimin bircə dəfə də Yaqubun üzünə baxdığını görməmişdim. Ancaq Yaqub sandığın üstündə oturduğu bütün vaxt ərzində bircə an da gözünü bibimdən ayırmırdı. Burası da vardı ki, danışan vaxt Yaqubun bibimin üzünə baxmağı o qədər də kəskin hiss olunmurdu. Ancaq cibinin tutu və ağzının sözü qurtarandan sonra, çıxıb getmək ərəfəsində onun gözlərini bibimə zilləyib səssiz-səmirsiz baxmağı çox dəhşətli olurdu. Bu cür gərgin vaxtlarda da bibim oturduğu yerdə heç bir hərəkət eləmirdi. Onun bircə sinəsi qalxıb-düşürdü və bibimin az qala təngiyən nəfəsi səssiz-səmirsiz otaqda açıq-aşkar eşidilirdi. Lakin Yaqub bütün bunları sanki heç görmürdü, yaxud onun bibimin belə ağır-ağır nəfes almağından xoşu gəlirdi. O başını irəli uzadıb, qalın, qıpqırmızı dodaqlarını çox gülməli bir tərzdə aralayırdı və belə vaxtlarda həmişə mənə elə gəlirdi ki, indicə Yaqub ağzını açıb uca səslə oxuyacaqdır.
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-tenha-narin-nagili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.
Üçüncü fəsil. Əli Ziya– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sairBir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.
Beşinci fəsil. Adsız fəsilZuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.
Başqa şairlərin şeirləri
Ey balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Sındır qanadımı, qırıq simlərdəSındır qanadımı, qırıq simlərdəBir də eşq havası çalmaq olarsa.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı