Səhifə 5 / 19 · 21%

Bizim çöl qapısını bir də taqqıldadıb küçəyə çıxandan sonra Yaqub doğrudan da oxumağa başlayırdı və onun şən, gur səsi küçələrdən tamam kəsilincə bibim əvvəlki vəziyyətində oturub, elə bil, ürəyində nəyisə götür-qoy eləyirdi. Sonra bibim cəld ayağa durub sandığın üstündən yorğan-döşəyi götürürdü. Palazın üstündə yer sala-sala o, uzun müddət öz-özünə danışırdı. Bibim arvadların cavabını verirdi, Yaqubu söyürdü, yamanlayırdı: “İstəyirlər ki, mənim uşağım çoban olsun, – deyirdi. – Görməyəcəksiz!”,

Bu vaxtlar elə bil ki, bibimin kimisə döyməyi gəlirdi, buna görə o, bərk-bərk yastıqları çırpırdı. Beləcə öz-özünə danışa-danışa o, dəhlizdəki ocağın qırağındakı kibrit qutusunu gətirib yastığının altına qoyurdu və çırağı püfləyib yerinə uzanırdı. Yatağa girən kimi bibim susurdu, çünki mən sabah tezdən məktəbə gedəcəkdim. Mənim yatmağımın xatirinə o tərpənmirdi, qımıldanmırdı, ancaq mən yəqin bilirdim ki, bibim hələ də danışır. Mənə elə gəlirdi ki, hələ də bibim küçələrdən Yaqubun səsini eşidir və bu səs müharibə vaxtı, yetim Leylagilin qapısından ta çayxananın qabağındakı maşın duracağınacan, bütün yollara səpilən tif dərmanı kimi onu iyrəndirir. Mən görürdüm ki, bibim Yaqubun səsindən o dərmanın iyisindən qaçdığı kimi qaçır, ancaq Yaqubun səsindən qaçmaq mümkün deyildi. Hər səhər naxır gedəndə bu səs Nabat xalanın eyvanında gurhagur guruldayırdı. Hər axşam naxır gələndə bu səs bütün kəndi ağzına götürürdü. Axşam çağları uşaqlar çeşmənin qırağında güləşəndə Yaqubun sevinc dolu qışqırığı bütün kənddə eşidilirdi, çünki onun oğlu öz yaşıdlarının hamısının kürəyini yerə vururdu. İndi arx başında, dəyirman yolunda, çinar dibində Yaqubun səsindən güclü səs yox idi, biz məktəbdə dərs oxuyanda bu səs sinif otaqlarının bağlı pəncərələrindən içəri keçirdi. Hər dəfə bu səsi eşidəndə mən Yaqubun xoşbəxt sifətini görürdüm, qıpqırmızı dodaqlarını görürdüm və mənə elə gəlirdi ki, bircə onun üçün dava qurtarıb.

Qışın axırları idimi, yazın əvvəlləri idimi... Kükürd kisələrinin sarı kağızları hələ pəncərədə idi. Hələ sobanı yığışdırmamışdıq və çırağın zəif işığında nəmdən ləkələnmiş sarı kağızlar yaş və çirkli çarıq gönünə bənzəyirdi. Yaqubun həyətimizdən çıxartdığı sumaq kötükləri də qurtarmışdı. Keçən yay Nabat xalanın qurutduğu sarı tut da qurtarmışdı. Qənddən, çaydan, pensiyadan danışan arvadlar neçə vaxt idi ki, bizdən ayaqlarını kəsmişdilər. Mən kitab-dəftərimi çırağın ətrafına səpələmişdim. Bibim çiynini divara söykəyib oturmuşdu. Bir-birinin üstünə aşırılmış iki zorba qıç yenə də köhnə sandığın qabağında haçalanmışdı. Yenə yoğun və güclü barmaqlar üst-üstdən geyilmiş yun corabların bağlarını oynadırdı. O axşam, nədənsə, Yaqub susurdu və onunla heç vaxt danışmayan bibim birdən dilə gəlib soruşdu:

– Sədəfə nə olub ki, evdən gedib?

Və həmin andaca sualın cavabı gəldi:

– Özüm qovmuşam!

Yaqub bunu deyib, qıçlarını bir-birinin üstündən saldı, corabın bağlarını buraxıb oturduğu yerdə dikəldi. O arıq, o balaca Sədəf bacını evdən qovmaq sanki dünyada ən çətin işlərdən biri idi və nəhayət ki, Yaqub bu işin öhdəsindən gəlmişdi. Yaqubun cavabını eşidəndə bibimin gözlərində bir dəhşətli ağrı göründü və elə bil həmin ağrıdan da onun dili tutuldu. Araya ağrılı bir sükut çökdü, ancaq gərək sükut çökməyəydi. Gərək bibim Yaquba bir sual da verəydi: “Nə üçün qovmusan, niyə qovmusan?”. Bu sualdan sonra məsələnin üstü açıla bilərdi, Onda bibim ürəyindəkiləri deyərdi. Deyərdi ki, daha bizə gəlmə, sənin sumaq kötüklərin çoxdan qurtarıb. Deyərdi ki, məndən sənə arvad olmayacaq, get özünə tay tap. Qoy evimizdə rahat oturaq, – arvadlar bizdən ayağını kəsib, camaat min cür söz danışır. Lap qohum olsaq da, sənin bizə gəlməyə haqqın yoxdur – gecə vaxtı kişisiz evə getməzlar... Ancaq araya sükut çökmüşdü, Yaqub da, bibim də susurdu. Bibimin sifəti ağappaq ağarmışdı, çünki bu sözləri o, üreyində deyirdi. Bibim bu sözləri hər gecə ürəyində deyirdi, ancaq o gecə aşkarda deməli idi. Bibimin söz deməyə o gecə də cəsarəti çatmadı, halbuki bunun üçün yaxşı məqam düşmüşdü. Yaqub gedəndən sonra yenə bibimin gözlərində həmişəki sual qaldı: “Axı, mən onu niyə qovum? Axı, o adamdır, heyvan deyil, adamı evdən qovarlarmı?..”. Bibimin gözlərində həmişəki ümid qaldı: “Bəlkə sabah gecə gəlmədi. Axı, o, adamdır, heyvan deyil, gərək hər şeyi özü başa düşsün...”.

Ən dəhşətli gün o gün oldu ki, Yaqub gətirib pəncərəyə şüşə saldı, onda bibim işə getmişdi. Onda mən məktəbdə idim, oradan qayıdıb pəncərəni şüşəli gördüm, sarı kükürd kağızlarını yerdə gördüm. Axşamüstü bibim işdən qayıtdı. O xeyli vaxt pəncərənin qabağında donub qaldı.

Sonra bibim hər gün çölə aparıb gətirdiyi vedrəni yerə qoyub həyəti dolanmağa başladı. Çıraqlar yandı, bibim içəri girmədi. O axşam bibim samovar da qoymadı. Biz qaranlıq evdə xeyli vaxt çıraqsız oturduq: sanki çıraq yanmasaydı, pəncərədəki şüşələr görünməyəcəkdi...

Şüşələr göründü – o gün də göründü, o biri gün də. Ən dəhşətli gün o gün oldu ki, məktəbdə tənəffüs vaxtı qadın müəllimlərin ən qocası Tovuz müəllim məni həyətin o başındakı heyva ağaclarının yanına çağırıb sirli-sirli soruşdu: “Yaqub bibini alıb?”. O vaxt mən Tovuz müəllimə heç nə demədim, ancaq axşamacan üreyimdə bu suala cavab verdim: “Yox, Yaqub bibimi almayıb. Yox, Yaqub bibimi almayıb. Yox, Yaqub bibimi almayıb...”.

Ancaq bunu heç kəs bilmirdi. Hamı elə bilirdi ki, biz Yaqubu Sədəf bacının əlindən almaq istəyirik. Gözünün altındakı yumruq qarasını fəxrlə arvadlara göstərən Sədəf bacı belə bilirdi: o məni görəndə üzünü yana tuturdu. Nabat xala bibimi danışdırmırdı, mənim salamımı almırdı: axı, sünbül məsələsi çoxdan qurtarmışdı, odun məsələsi çoxdan qurtarmışdı. Məndən adam çıxmayacağını Nabat xala hələ Yaqub əsgərlikdən gələn gün unutmuşdu. Belə olmasaydı, o gün Nabat xala qapının qabağında meni öpərdimi?

Yazın axırlarıydımı, yayın əvvəlləriydimi...

Sobanı çoxdan yığışdırmışdıq və iki ayağının üstündə dura bilmədiyinə görə o, zirzəmidə böyrü üstə yıxılmışdı. Çıraq öz yerində yanırdı və çirkli çarıq gönünə bənzər kağızlar pəncərədə olmadığından, bayırda ay işığı görünürdü. Ay işığı həyətdəki gilas ağacının başına düşmüşdü – gündüzkü qırmızı gilaslar indi ağ olmuşdular. Ay işığı mənim tətilə çıxmış dəftər-kitabımın üstünə düşmüşdü – mən onları pəncərənin qabağında üst-üstə qalamışdım. Mən yenə də çırağın yaxınlığında üzüqoylu uzanmışdım – yazmırdım, oxumurdum – buna vərdiş eləmişdim. Yenə də bibim çiynini divara söykəyib oturmuşdu. Bir-birinin üstünə aşırılmış iki zorba qıç yenə də sandığın qabağında haçalanmışdı. Yaqub bərkdən-bərkdən danışırdı, bibimi yola gətirib, həmin o, gecə ağ, gündüz qırmızı görünən gilasları satmaq üçün məni də özü ilə rayona aparmaq istəyirdi. Və nə qədər təəccüblü olsa da, o axşam bibim buna razılıq verdi.

O axşam Yaqub gedən kimi bibim pəncərənin qabağındakı dəftərlərin birindən bir qoşa vərəq çıxartdı. Qurumuş mürəkkəb qabına samovarın qırnasından su süzüb, bir kitabın arasmdan qələmi tapıb çıxartdı. Peronu mürəkkəbə batıran kimi onun sifəti dəyişdi! İlahi, necə də gözəlləşdi! Görəsən, yer üzündə əlinə qələm götürəndə mənim bibim kimi sevinən ikinci bir qadın vardımı, ya rəbb?!

Əlinə qələm götürən kimi elə bil bibim gedib məktəb illərinə çıxırdı: mən haradasa bir sehrli parta görürdüm. Mən bibimin müəllimlərini görürdüm, haradasa çiçək açmış ağacların altında onlar bibim kimi şagirdlərə nəğmə ilə dərs öyrədirdilər. Özünün məktəbə getməyindən bibim o qədər gözəl sözlər demişdi ki, o məktəbin yollarını da mən gülsüz-çiçəksiz təsəvvür eləyə bilmirdim. Sanki bibimin məktəbə getdiyi yollar bizim kənddəki yollar deyildi, yaxud bizim kənddəki yollarda o vaxt saysız-hesabsız gül vardı, çiçək vardı. Hələ Sovet hökuməti kəndə təzə gələndə bibimin hansı yaşıl çəməndəsə öz yoldaşları ilə, öz müəllimləri ilə oturub, oxuya-oxuya ana dili dərsi keçdiyi bağı da mən indiki kolxoz bağlarının heç birinə bənzədə bilmirdim: axı, biz də botanika dərsini çox vaxt bağda keçirdik... O vaxtkı məktəbə gedən yollar mənim təsəvvürümdə bibimin nəğməsindəki “gül bağçalar kənarı” idi. Azərin ağ köynəkli atası da bir vaxt bu nəğməni klubun səhnəsində oxuyardı. Mənə elə gəlirdi ki, əgər o nəğmə olmasaydı və bir də Azərin ağ köynəkli atası olmasaydı, bibim Yaqubu görəndə hirslənməzdi. Mənə elə gəlirdi ki, məhz o nəğməyə görə bibim bir vaxt Müküşlə eləmək istəmədiyini Yaqubla da eləyə bilməzdi...

Qələmi yerə qoyandan sonra tədricən bibimin sifəti dəyişirdi, o vaxtların gül-çiçəyi də tədricən yollardan yığışırdı. O yollar indiki adicə yollara çevrilirdi. Və mən məscidin qabağında dayanmış Müküşü görürdüm. Bir cüt qara çəkmənin zəhmli səsi qulağıma gəlirdi və bir qara zurnanın səsi bu səsə qarışıb gecənin qaranlığında bibimi Müküşün evinə aparırdı. Sonra mən kluba sarı gedən yolda qoca və qəzəbli Haşım müəllimi görürdüm: məktəbi buraxıb ərə getdiyinə görə, o, hələ də bibimin salamını almırdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci fəsil. Yəmən

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfalı müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, arıq arvad idi: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevli deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.Simferopoldan sonra, bir də Qahirənin təyyarə vağzalında – hələ gecəykən – az-maz dayanıb, səhəri, sübh-tezdən, Səna şəhərinin aeroportunda açdılar. O aeroportdan Səfalı müəllimin yadında qalan bir bomboz çöl-biyaban idi; alçaq, çılpaq boz dağlar idi. Bir növ Abşeron mənzərəsi: təxminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmənlik də gözə dəyirdi. Həl halda, həyat həqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradıcılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

199130 dəq
Üçüncü fəsil. Əli Ziya

– Salam, ay Səfalı! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. – Əli Ziya Səfalı müəllimin beş barmağının, nədənsə, ikicəsindən yapışıb, onun əlini havada uzun müddət yelpik kimi yelləyəndən sonra keçib, töyşüyə-töyşüyə divanda əyləşdi. – Bayaq səni aşağıdan üç dəfə çağırmışam. Nədi – qulağın ağır eşidir, yoxsa bilə-bilə mənə məhəl qoymaq istəmirdin? – Əli Ziya gülməyə çalışdı.Səfalı müəllim:

199116 dəq
Dördüncü fəsil. Buzbulaq, Xızır kişi, De Qoll, Nil Armstronq və sair

Bir vaxt Xızır kişini ARAN deyilən yerə yola saldığı həmin o dəmiryol vağzalında Səfalı müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adamı bıçaq kimi kəsirdi.Təsadüfən rastına çıxan bir cavan oğlanın “Moskviç”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsli-küylü müşayiətilə Səfalı müəllim – öz dədə-baba evinin hələ heç astanasına da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

199138 dəq
Beşinci fəsil. Adsız fəsil

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşamtərəfi, Səfalı müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun – səsi titrəyə-titrəyə – şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.TARYEL* gəlmişdi. Bakıdaydı. Lora arvad Səfalı müəllimin Leninqrada, qızının yanına getdiyini o Taryelə azı on dəfə desə də, o gədə, o qapıdan yenə əl çəkmirdi. Gündə düz üç dəfə – səhər, günorta və axşam – Loranın qapısının zəngini basırdı, Səfalı müəllimin Leninqraddan gəlib-gəlmədiyini soruşurdu.

199114 dəq

Başqa şairlərin şeirləri