İkinci fəsil. Yəmən
Səhifə 2 / 5 · 20%
Plyajdan savayı hər yer boş idi – səssiz, adamsız idi. Ancaq bu boşluğun içində elə bil Əli Ziyanın ruhu gəzirdi, nəfəsi duyulurdu. Onun, özünəməxsus, oynaq, artistanə səsi də hələ bu dünyanın hər yerindən eşidilməkdəydi...
“DUŞ GÖTÜRƏK, YATAQ BİR-İKİ SAAT...”
...Əli Ziya qapını örtüb gözdən itən kimi, Səfalı müəllim də öz nömrəsinə çəkildi. Onun duş qəbul eləmək fikri yox idi. Hətta əl-üzünü də tələsə-tələsə yudu ki, yatmaq üçün daha çox vaxtı qalsın. Çarpayını sahmanlayıb, əyninin paltarını soyundu. Və o həyət, o ağac-budaq, kərdi-külə də elə bu vaxt pəncərədən Səfalı müəllimin gözünə sataşdı. Səfalı müəllim heyrət içində quruyub qaldı, çünki bu həyəti o, hacansa görmüşdü. Hətta nəinki görmüşdü, o, burada qaçmışdı, oynamışdı. Bu həyətdəki arxın suyunda Səfalı müəllim dönə-dönə əl-üzünü yumuşdu. Şaftalısından şaftalı dərmişdi, cəvizinə daş atmışdı, tulazlama tullamışdı. Xudaya, bu nə olan iş idi ki, Xızır kişinin həyətində, o başdakı divarın dibində yaşıl işığı ilə hər yaz dünyanı dolduran o cavan cəviz ağacı burda da divarın dibindəydi, burda da həyətin o başındaydı və hətta çay daşından adi palçıqla hörülmüş o divarın özü də sanki eynən Xızır kişinin həyətindəki həmin divar idi...
Lobyanı burda da arx çəkib, eynən Buzbulaq qaydası əkmişdilər. Eynən Buzbulaqdakı kimi, lobya kollarının dibinə çubuq basdırmışdılar. Hələ lobya bığ atıb ağaca dırmaşmamışdı. Deməli, burda da hələ yazın əvvəliydi. Şaftalının meyvəsi hələ çiçəkdən təzə çıxırdı. Heyvanın ağappaq çiçəyi hələ solmamışdı...
Yəməni-zadı tamam yaddan çıxarıb, eləcə mayka-trusikdə pəncərənin qabağında dayanıb, o bir parça Buzbulağa həsrət və həyəcan içində xeyli tamaşa eləyəndən sonra Səfalı müəllim yatağa uzandı. Amma, əttövbə, yuxu nə gəzirdi – Səfalı müəllimin bütün əzaları yatmaqdan, yuxulamaqdansa, elə bil get-gedə daha da ayılırdı, oyanırdı. Səfalı müəllim o yorğan-döşəkdə gözüyumulu uzanmaqda ikən o həyətdəki cəvizin yarpaqları sanki fasiləsiz olaraq, daha da yaşıllaşırdı, arxın suyu durulduqca durulurdu, səliqəylə cərgəyə düzülmüş körpəcə lobya kolları sanki, bağça uşaqları kimi, əl-ələ verib, o həyətdə sevinclə “Yallı” gedirdi. Və dəhşət burasındaydı ki, o cəviz yarpağı, heyva çiçəyi, o Buzbulaq divarı və Yəmən lobyası sanki bir ağızdan səs-səsə verib Səfalı müəllimi çağırırdı. Bir tanış uğultu və giziltiylə bu səs Səfalı müəllimin – beynindən dırnağınacan – bütün əzalarını dolanırdı və onu yatmağa qoymurdu.
Yatmaq məsələsinin mümkün olmayacağını özü üçün tam yəqin eləyəndən sonra Səfalı müəllim yerindən qalxıb, hirsli-hirsli paltarını geyindi. Qapını ehmalca açıb dəhlizə çıxdı. Əli Ziyanın və Polina Viktorovnanın qaldığı nömrələrin qapısı qabağından, az qala pəncələri üstündə, ehtiyatla keçib, üçüncü mərtəbədən yavaş-yavaş aşağı endi.
Foyedə, giriş qapısının yan tərəfində onları aeroportdan gətirən sürücü – rus balası kresloda əyləşib, mehmanxana nəzarətçisi – üz-gözündən nur tökülən qarayanız ərəb oğlanla vur-çatdasın domino oynayırdı; səfirliyin “Volqa”sı da eşikdə, qapının lap yaxınlığında, səkinin altında dayanmışdı.
Qapıdan çıxhaçıxda Səfalı müəllim bir anlıq ayaq saxlayıb, o sarısaç, sarıqaş rus balasının ərəbcə danışmasına hədsiz ləzzətlə qulaq asdı; ürəyində o oğlana nəsə xoş bir söz deməyə Səfalı müəllim əşhədi-ehtiyac hiss elədi, ancaq demədi, deməyə məqam tapmadı, çünki sürücünün başı bərk qarışıq idi, onun Səfalı müəllimi görməyə vaxtı yox idi.
Mehmanxananın binasından bayıra çıxanda Səfalı müəllimin ürəyinin başında – o sünbülsaç rus balasının o cür şirin-şirin ərəbcə danışmağının və o qarayanız ərəb oğlanın üz-gözündəki o nadir insan işığının böyük həzzi ilə yanaşı, bir qəribə, səbəbi məlum olmayan qorxu-təlaş da vardı. Bir müddət elə oradaca – mehmanxananın qapısı ağzında, “Volqa”nın yan-yörəsində hərləndi. Sonra baxıb gördü ki, bayaq yuxarıdan tamaşa elədiyi o həyət mehmanxananın həyəti deyil, dörd bir tərəfdən öz hasarı olan ayrıca yerdir, sahədir. Ancaq ora mehmanxananın həyətindən də yol vardı: adi faner taxtasından balaca, açıq qapı idi. Və o qapını qorxa-qorxa aralayıb, o bağçaya girən kimi Səfalı müəllim nəinki öz qorxusunu, hətta inanan olsa, deyərdim ki, sovet vətəndaşı olduğunu da tərtəmiz yaddan çıxartdı.
Görəsən o nəydi, Allah: vəhy idi, ilham idi, oyanış idi, yoxsa haçansa özü də bilmədən ölmüş Səfalı müəllim o gün o bir parça “Yəmən Buzbulağı”nda təzədən dünyaya gəlmişdi. Bütün gecəni yatmadığına baxmayaraq, o bağçada Səfalı müəllim olduqca gümrah idi, yüngül idi, ona elə gəlirdi ki, istəsə o bağçadan quş kimi uçub, bir göz qırpımında Buzbulağa çata bilər, orada Xızır kişinin həyətində istədiyi ağacın başına, istədiyi yarpağın üstünə qona bilər. Səfalı müəllimin yaddaşı, huşu-başı o gün o bağçada birdən-birə elə bil neçə illərin qəflət yuxusundan oyanmışdı, onun yarıməsrlik həyatı, nə ki var, özündəydi, elə bil lap ovcunun içindəydi – o həyatın ən ləzzətli çağları, bir qəribə yaz havası kimi, ilıq-ilıq, isti-isti Səfalı müəllimin canında, qanında dolanırdı.
Allah-Təala izn verəndə, sən demə, insan hər şeyə sevinə bilərmiş. Məsələn, ərəbin rusla domino oynamağına, rusun ərəblə ərəbcə danışmağına, hətta – böyük ədib, böyük alim, böyük ictimai xadim Əli Ziyanın dünyanın min-min mehmanxanasının birində ən adi adamların biri kimi uzanıb yatmağına da... Ancaq o gün o bağçada Səfalı müəllimin ürəyini sevinc-fərəhlə dolduran bir nömrəli hiss-duyğu bu dünyanın bir ev qədər sadə və yığcam olmağıydı və o sadə və yığcam evdən o gün Səfalı müəllimin yaman xoşu gəlirdi. O gün o bağda gəzəndə ayağı altdakı torpaq Səfalı müəllim üçün elə bil torpaq deyildi – bütün ilmələri, naxışları tanış – bir kilimdi, xalçaydı və üstündə Xızır kişiylə Tərlan arvadın dəst-xətti aşkar bilinən o xalçada – foyedə domino oynayan o ərəb balasının üzünün işığından da nəsə var idi. O bağın cəvizinə, şaftalısına, heyvasına, lobyasına heyran-heyran tamaşa eləyən Səfalı müəllimin nəzər-diqqətini, hərdən, tanımadığı ot-alaf, kol-kos, mer-meyvə də cəzb eləyirdi və qəribə burasındadır ki, heç vaxt görmədiyi o kol-kos, ot-alaf da Səfalı müəllimə dəhşətli dərəcədə tanış gəlirdi. Bəlkə bunları da Səfalı müəllim bir vaxt haradasa görmüşdü. Bəlkə bunları haçansa bu dünyada Səfalı müəllimin özü yox, ulu nənə-babası görmüşdü və o kol-kosun, ot-alafın ona o qədər tanış gəlməyi insandakı gen yaddaşının əməliydi. Hər halda, o gün o bağda gəzdiyi vaxt Səfalı müəllimin nəzərində dünyanın indisi, keçmişi, gələcəyi – hamısı bir-birinin içindəydi və bu sadə, möcüzəli harmoniyanın içindən Buzbulağın bir cüt dumduru gözü sakitcə, mehribanca Səfalı müəllimə baxırdı.
Bir sözlə, Səfalı müəllim gəzdiyi o Yəmən bağından o gün dayısı Xızır kişinin Buzbulaqdakı həyətinə birbaşa yol açmışdı, heç bir hökumətdən, BMT-dən-zaddan icazə almadan – müharibəsiz, topsuz-tüfəngsiz – dünyanı birləşdirmişdi. İndi o, eyni qədərində həm buzbulaqlı, həm də yəmənliydi. Başqa sözlə, Səfalı müəllim dünya vətəndaşıydı. Dünya vətəndaşı olmaq nə yaman ləzzətli şeymiş!
Və o Buzbulaq, görəsən, nə boyda yermiş ki, Məğribdən Məşriqəcən beləcə, eninə-uzununa, dünyanın hər yerinə səpələnmişdi! İndiyəcən Səfalı müəllim hara getmişdisə, orada Allah o bir parça Buzbulağı ona həmişə göstərmişdi – istər dağ yeri olsun, istər aran yeri: hər halda, bir ağac kölgəsindən və bir quş yuvasından da vətənin iyini almaq olardı.
Amma bu dəfə Səfalı müəlliminki ağac kölgəsindən və quş yuvasından, deyəsən, çox o yana keçmişdi. Bağ-bağatlı, çöllü-çəmənli Buzbulaq elə bil nə ki var, Səfalı müəllimin canına-qanına hopmuşdu, iliyinə işləmişdi. Uşaqlığın al-əlvan xatirələri püskürüb, tüğyan eləmişdi: dünya-aləm dumduru, tərtəmiz işığa qərq olmuşdu. Uzaqdan – Xızır kişinin həyətindən – nar gülünün, şaftalı, heyva, zoğal çiçəyinin qırmızılı-ağlı-sarılı səsi gəlirdi. Tərlan arvadın bəlkə Nazxanım və Qızxanımdan da çox istədiyi qara, anaş toyuq öz köhnə nəğməsini yenə təzə bir həvəslə oxuya-oxuya hinə – yumurtlamağa gedirdi və o toyuğun səsi də o anda Səfalı müəllimin qulağında rahatlığın, xeyirbərəkətin himni kimi səslənirdi; bu səsdən Səfalı müəllim həmin o rus balasının ərəbcə danışmağına oxşar bir qəribə, dünyanın heç bir məntiqinə-zadına sığışmayan zövq alırdı, ləzzət çəkirdi. Qara toyuğun səsi – Xızır kişinin qara eşşəyi ilə bağlı – bir şirin xatirəni Səfalı müəllimin yadına salmışdı: Buzbulaq, gilas vaxtı, səhərin lap erkən çağı... Xızır kişi, qara eşşək və on bir-on iki yaşlı balaca Səfalı o səhər uzaq səfərə çıxmışdılar. Səfalının ömründə birinci dəfə gördüyü yad yollarla, yad arxların üstündən, yad ağacların yanından keçə-keçə harasa, “VAĞZAL” deyilən yerə gedirdilər. Eşşəyin belində iki tay yük vardı – ərik, tut, alça qurusuydu. Xızır kişi bu şeyləri haradasa “aran yerlərində” satmağa aparırdı. Satıb, əvəzində çoxlu buğda, arpa alıb gətirəcəkdi. Üstəlik – günəbaxan da! Və bir gün Tərlan daycanı o günəbaxanı tavada qovuranda Səfalının günəbaxan payı hamınınkından çox olacaqdı. Hətta Səfərinkindən də, çünki Səfər tənbəl idi, sözqanan deyildi; buna görə Xızır kişi o vağzala Səfəri aparmırdı, Səfalını aparırdı. Vağzalda Xızır kişi yükü vaqona mindirəcəkdi, özü də vaqona minib həmin o “aran” deyilən yerə gedəcəkdi. Səfalı isə eşşəyin palanının üstündə rahatca oturub, “kefnən” kəndə qayıdacaqdı. Səfalıdan bircə o palanın üstündə möhkəm oturmaq tələb olunurdu, qalan şeyləri eşşək özü hamıdan yaxşı bilirdi.
Kitabxana.az · https://kitabxana.az/works/ekrem-eylisli-yemen-ikinci-fesil-yemen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyumu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca, arxın qırağındakı otlara sürtüşə-sürtüşə gedirdi və bu gediş Mirzə Manafa şübhəsiz ki, ləzzət verirdi. Bu gedişin bir ləzzəti də orasında idi ki, yuxunun içində ola-ola Mirzə Manaf özünün yuxuda olduğuna yüz faiz arxayın idi, mindiyi trolleybusun yuxu trolleybusu olduğunu bilirdi və onun yamacdan aşıb çaya düşəcəyindən bir damcı da ehtiyat eləmirdi... Bir də düşsəydi nə olacaqdı: çay yüngül, trolleybus yüngül, hava yüngül... Bu da bir kef idi ki, ayda-ildə bir dəfə Mirzə Manafın əlinə düşmüşdü və səhərin hansı vədəsi olduğunu az qala dəqiqəsinəcən bilsə də, Mirzə Manaf gözlərini açmağa tələsmirdi, yatıb yuxuya qalıb işə gecikməkdən qorxmurdu, çünki Mirzə Manaf yuxuda ola-ola onu da yaxşı bilirdi ki, buradakı vaxt oradakı vaxtdan deyil; Mirzə Manaf arxayın idi ki, orada divar saatının iri əqrəbi bircə dəqiqənin üstündən aşınca, burada – bu Buzbulaq arxının qırağında, Allahın bu qəribə trolleybusunda hələ çox kef eləmək olar.
Ön söz yerinə...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.
Qədim, qara küləkSiz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
آنچه جان یابد از انفاس خوشت هر نفسیچونکه کس محرم آن نیست نگویم به کسی
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,