Səhifə 2 / 3 · 33%

Bu yerdə Səfalı müəllim dərin xəyala getdi. Nuhbaladan sonra o instituta Şahbalanın rektor qoyulmağında elə bir təəccüblü şey yox idi, amma qafiyə prinsipinin, rəhbərlik tərəfindən kadrseçmə məsələlərinə də bu cür məqsədyönlü bir şəkildə tətbiq edilməsi Səfalı müəllimin nəzərində bir qədər təzə məsələyə oxşayırdı: yuxarıda oturan yoldaşlar Yazıçılar İttifaqının rəhbərliyi ilə, görünür, son zamanlar daha sıx əlaqə yarada bilmişdi.

– O Şahbala qabaqlar harda işləyirdi ki? – Bayaqkı o maraq işığı gözlərindən tamam çəkilib gedəndən sonra Səfalı müəllim könülsüz xəbər aldı.

– Necə yəni harda işləyirdi?! KEQEBEDƏ svyaz işlərinə baxırdı da, nə tez yadından çıxdı?.. Sən Şahbalanı lap əla tanıyırsan: bir dəfə bizə, Şamaxı yolunun üstündə, bir yaxşı qonaqlıq da vermişdi – Üzeyirin kababxanasında.

Səfalı müəllim yaddaşını çox eşələdi, amma orda nə Şahbalanın sifətini tapa bildi, nə də Üzeyirin kababxanasını: bu dünyada xəyalına gətirə bildiyi bircə “Şamaxı perevalı” deyilən yer oldu ki, ordan da Səfalı müəllim – maşınla – ömründə bir, ya iki dəfə keçmişdi.

– Yaxşıdı ki! – dedi. – Keqebedəndisə, demək lap düzəlib işlər.

– Olmuya şikayətlisən Keqebedən! Hi! Hi! Hi!.. – Bu gülmək deyildi, vallah, yenə xalis pişik öskürməyiydi.

– Yox, niyə ki... – Səfalı müəllim başını qaldırdı, amma Əli Ziyanın üzünə baxmağa cəsarət eləmədi, çünki o “şeytan” məsələsi yenə reallaşırdı, deyəsən.

– Deyirəm, bəlkə sən də Keqebeyə kinayə eləyirsən... Keqebeni ələ salmaq çox dəbdədi bu sahat.

Səfalı müəllim dinmədi. Əli Ziya divandan qalxıb, ortalıqdakı stolun həndəvərində yenə cövlan eləməyə başladı və bir xeyli cövlan eləyəndən sonra təzədən divanda əyləşib, heç gözlənilmədən soruşdu:

– Qonşun durur?.. O alagöz erməni qızı?.. Amma, Səfalı, nə cavanlığı vardı o arvadın!..

Əli Ziyanın pis-pis gülməyi yenə əsəblərinə toxunsa da, Səfalı müəllim zarafata zarafatla cavab verməyi lazım bildi:

– Elə indi də pis deyil. – dedi və Polina Viktorovnanın bənövşəyi bığı, nədənsə, Səfalı müəllimin yenə yadına düşdü.

– Bu erməni məsələsindən ağlın nə kəsir, ay Səfalı? – Bunu Səfalı müəllimdən elə bil Əli Ziyanın özü yox, gözlərinin içində peyda olmuş o qoca şeytan xəbər aldı.

– Erməninin hansı məsələsindən? – Səfalı müəllim olduqca sərt və soyuq bir səslə soruşdu və elə bil o Vaskanın səsi də bu dəfə Səfalı müəllimin qulağına haradansa, olduqca soyuq bir yerdən gəldi; Səfalı müəllim üşüdüyünü birdən hiss eləyib, pencəyini əyninə geydi.

– Qarabağ məsələsi də. Dağlıq Qarabağın məsələsi... Yenə əl çəkmir köpəyuşağı. Bütün dünyanı qaldırıblar bizim əleyhimizə.

– Əl çəkmirlər, verin də. Nə var orda – bir ovuc torpaqdı. – Bunu Səfalı müəllim – Əli Ziyanı cırnatmaq üçün – qəsdən belə dedi, çünki Polina Viktorovnanın bənövşəyi bığı yenə Səfalı müəllimi yaman hövsələdən çıxarmışdı.

Əli Ziya tağı ölmüş toxumluq xiyara oxşayan bürüşmüş, saralmış boynunu xeyli qabağa uzatdı.

– Bu sözündən xoşum gəlmədi, Səfalı! – dedi. – Bilirəm, zarafat eləyirsən. Amma bu zarafatı day heç yerdə eləmə. Elə o Marqaret Tetçer də bu sahat bunu deyir, çünki nənəsi ermənidi. Buşun da bir tərəfi ermənidi. O nadan Saxarov da ki, özün bilirsən, Əlixanyanın qızını alıb. Bu, həmin Əlixanyandı ki, Səfalı, Vrangelin ordusunda komsomola on il divan tutub... Qarabağın bir qarışını da erməniyə vermək olmaz, çünki Qarabağı versən, Naxçıvanı da istəyəcək, sonra deyəcək, Bakı da mənimdi, özünün də adı Bakı deyil, Bakuravandı. Gəncə Kanxakdı, deyəcək, o da mənimdi. Qazax Qatsaxdı. Nə bilim, Ordubad Urduvardı. Salyanın da ki, heç söhbəti ola bilməz: axırı “yan”nan qurtarır. Onda bəs bizə nə qalır? Kaspi dənizinin dibi qalır... Erməniyə, Səfalı, heç vaxt üz vermək olmaz. Olduqca nainsaf millətdi bu!

Səfalı müəllim birdən vəcdə gəldi:

– Bəli, biz suveren respublikayıq! – dedi. – Suvenir respublikası deyilik! – Elə də ilhamla dedi ki, elə bil ömrün pioner çağları birdən yadına düşmüşdü. Əli Ziyanın – erməninin nainsaf millət olmağı barədəki – orijinal fikri ilə də, Səfalı müəllim sidqi-ürəkdən razılaşdı, çünki quru tutdan araq çəkən bir qoca Qərçivan ermənisi o nainsaflığı (cavanlıqda) bir dəfə Səfalı müəllimin şəxsən öz başına gətirmişdi: Qərçivanın kolxoz bazarında o erməni Səfalının Buzbulaqdan min müsibətlə o bazara aparıb çıxartdığı yarım kisə əla tut qurusunu cəmiçümlətanı yeddi kilo çürük kartofa dəyişmişdi və o çağacan söyüş söyməklə bir o qədər də arası olmayan Səfalı, qayıdanbaş – Qərçivandan ta Buzbulağacan – ürəyində yol uzunu o qoca ermənisinin dədəsinin goru ilə məşğul olmuşdu. Bununla belə, indi, Səfalı müəllimə qalsa, bu erməni söhbətini elə burda da yığışdırardı. Amma, sən demə, Əli Ziyanın bu mövzuda deməyə hələ çox sözü varmış.

– Alçaqlar, xəbis köpəyuşağı! Dünyanı qatıb-qarışdırmaq köhnə peşəsidi bunların... O ərazi söhbətini salmaq bu sahat kimə lazımıydı? Yaşayaydız da, kim sizə mane olurdu!.. Tullanıb, meymun kimi düşdülər ortaya, çünki qudurtmuşdu bunları Sovet hökuməti. Elə bilirdilər halvadı Qarabağ, qamarlayıb ötürəcəklər içəri. Bu da bunların qədim mədəniyyəti... Özlərinin bir qara qəpiklik ağlı yoxdu, bizi də durduğumuz yerdə işə saldılar. Nə evdə oturmaq olur, nə bağda oturmaq olur. Bir dəstə gədə-güdə hər gün camaatı yığıb tökür o Domsovetin qabağına. Bağır ki, bağırasan. Nə ağsaqqal tanıyırlar, nə hökuməti hökumət yerinə qoyurlar. Bir adam da yoxdu ki, çıxıb ağzını yuma bunların. – Əli Ziya dəsmalını çıxarıb bir müddət cani-dildən ağzının köpüyünü təmizləməklə məşğul oldu. – Çox pis işlər ola bilər, Səfalı! Səni bilmirəm, şəxsən mən o Domsovetin qabağından çox narahatam. Qorxuram, Leninin heykəlini uçurdalar – böyük bədbəxtlik ola!

– Leninin heykəli olmayan yerlərdə bəyəm bədbəxtçilikdi? – Səfalı müəllim hirsli-hirsli dedi: görünür, o araqçəkən qoca erməninin çürük kartofu onun gənclik xatirələrini hələ də təhqir eləməkdə idi.

Səfalı müəllimin bu yersiz sualından Əli Ziya əməlli-başlı incidi.

– Mənnən söz güləşdirmə! – dedi. – Sən bilirsən, mən nə deyirəm.

Səfalı müəllim istədi desin ki, ay Əli, vallah-billah, mən bilmirəm, sən nə deyirsən, amma dinmədi, deyəsən qorxdu Əli Ziyadan, ya da təzəcə ağlına gələn fikir Səfalı müəllimin danışmaq qabiliyyətinə mənfi təsir göstərdi. Onun ağlına yerləşən təzə fikir isə, əlbəttə, bir o qədər də dərin fikir deyildi. Səfalı müəllim birdən-birə belə qərara gəlmişdi ki, adına “Sovet hökuməti” deyilən şey – elə bu Əli Ziyanın özüdür – çayı nəlbəkiyə töküb, eynən Xızır kişi kimi, üfürə-üfürə içəndə nə olar!.. Və bu yerdə əgər o Nuhbala da birdən yadına düşməsəydi, o fikir ağlına gələndən sonra Səfalı müəllim bəlkə lap axıracan ağzına su alıb oturacaqdı. Amma o Nuhbala yenə korladı işləri. Daha doğrusu, o Nuhbalanın – komsomoldan başlanan – tərcümeyi-halına az-çox bələd olmağı birdən-birə Səfalı müəllimi hövsələdən çıxarda bildi və bunun axır nəticəsi o oldu ki, heç bir mətləbə-zada dəxli olmadan (və Əli Ziyanın heç cür gözləmədiyi bir məqamda!) Səfalı müəllim komsomola qarşı kəskin hücuma keçdi:

– Qorbaçovun ağlı olsa, elə birinci o komsomolu ləğv eləyər, – dedi və bunu deyəndə Səfalı müəllim Əli Ziyanın ağzının qırağındakı ağ köpüyə elə zənd ilə baxdı ki, elə bil o köpük bu dünyada adına “komsomol” deyilən şeyin varlığına dəlalət eləyən yeganə əşyayi-dəlil idi. – Əvvəla, nədi axı o komsomol? Həyatda faydalı əməyin heç bir növü ilə məşğul olmaq istəməyən bic-vələdüznaların ümid, pənah yeridi: anasının südündən kəsilən kimi pul, şöhrət, vəzifə, müftə qazanc eşqinə düşən yüz cür lotu-potunun. Bağında bazar, kabinetində fahişəxana açanların yetmiş yeddi faizi elə o komsomolda yetişir. Əyilməyin, yaltaqlanmağın, ona-buna qulluq göstərməyin, cibə girməyin, satmağın və satılmağın orta təhsilini orda alır o lotular. İndi, baxaq-görək, ordan ali təhsil almağa kimlər gedir, yəni ordan o yana – daha yuxarılara kimlər dırmaşa bilir?.. Əlbəttə, o dərsi yaxşı oxuyanlar, o “orta təhsili” “beş” qiymətlə başa vuranlar – yəni o vələdüznaların da ən vələdüznaları, həmin o... svyaz elmini daha yaxşı öyrənib mənimsəyənlər. – (Deyəsən, Səfalı müəllim, yavaş-yavaş Nuhbaladan Şahbalaya keçirdi). – Bəli, budur sənin komsomolun!.. O Əlixanyan da elə düz eləyib – gedib qoşulub Vrangelin dəstəsinə, lap əla iş görüb, erməni olanda nə olar... Elə o komsomolun şanlı əməllərinin nəticəsidir ki, bu boyda suveren respublikada suvenir qıtlığından xalq az qalır Marksın saqqalının tükün yolsun... Bəli, hörmətli dep...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri