Səhifə 12 / 16 · 69%

Hamı bilirdi ki, Fatma kiçik qaynı Kitabullanın xətrini dünyalar qədər istəyir, amma hamı da Fatmaya inanırdı ki, Tamilla ağıllı qızdı, gözəl qızdı, çünki bir qız ki, Kitabulla kimi bir oğlan dörd il istəyə-istəyə qala, bir qız ki, istəmədiyi üçün institut qurtarmış tarix müəlliminə getməyə, demək çox yaxşı qızdı o qız.

Məmmədağagilin məhəlləsinin aşağı başında yaşayan klarnetçalan Ələkbər gümüş dilli klarnetini təmizləyə-təmizləyə deyirdi:

– Çoxdandı mələdə toy-zad olmur... Özü də ki, Kitabullanın toyu! Sabah bir qan eləyəcəyəm ki, molla Süleymanın da oturduğu yerdə sümükləri oynasın! Əflatuna demişəm nağaranı gətirsin, Siyavuş da zurnanı püfləyəcək! Bir qiyamət eləyək ki, gərək, Kitabullanın adına layiq olsun! Hamı da bilsin ki, bacımız hansı mələyə gəlib!

Həmin gün Solmaz tez-tez soruşurdu:

– Mənə də verəcəksən konfet kağızı?

Məmmədağa deyirdi:

– Hə, verəcəm.

– Çoxlu-çoxlu?

– Hə.

Sabah toy vaxtı uşaqlara cürbəcür konfetlər şabaş eləyəcəkdilər və Məmmədağagil də bu konfetləri yeyib kağızlarını da hamarlayıb yığacaqdı.

Həmin gün Səkinə xala da çoxdan bəri açmadığı sandığı açıb, çoxdan bəri geymədiyi sarı ipək paltarını çıxartdı, naftalin iyi getsin deyə şüşəbənddə günə sərib dedi:

– Səmədulla qədeşin sözünü yerə sala bilmərəm. Kitabullanın toyuna getməsəm, Əlinin də ruhu şad olmaz. Çox istəyirdi Kitabullanı, indi istəməsin, deyirdi ki, yaxşı oğul olacaq Kitabulla.

Həmin gün Kitabullagilin həyət qapısının ağzında boyunlarına qırmızı lent bağlanmış iki qoyun mələyirdi və uşaqlar da Dar dalanın qabağındakı tut ağacına çıxıb yarpaq yığır, gətirib qırmızı lentli qoyunların qabağına tökürdülər. Tutun üstündə yarpaq qalmadı, qoyunun əti dadlı olacaqdı. Alxas bəyin bir sözü bütün məhəllədə məşhur idi: «– Əşşi, qoyun ətinin ləzzəti qaçıb!.. Qoyunda nə təqsir var?.. Bir qoyun ki, şəhərdə adamla oturub borş yeyə, radioya qulaq asa, asfaltın üstündə gəzə, onun ətinin nə dadı olacaq?». Amma bu qırmızı lentli qoyunlar ki, bu gecə bu qədər tut yarpağı yedi, sabah Alxas bəy onların ləzzətindən doymayacaqdı.

Və həmin gecə yerində uzanan Məmmədağa sabahkı toy dəsgahı barədə fikirləşirdi, gözlərinin qabağında Kitabulla gülümsəyirdi və gülümsədikcə də dodaqlarının qırağındakı qızıl dişi parıldayırdı; Məmmədağa sarı ipək paltarını geymiş anasını görürdü və sevinirdi ki, axır ki, anasını deyib-gülən gördü, axır ki, anası da başqaları kimi, arvadlar oturan otaqda, əl çala-çala qarmonçu Nisəyə dəm tuturdu, «–Ay can! Ay can!» – deyirdi; sonra Məmmədağa fotodəvətnamədə oxuduğu o iki misra haqqında fikirləşdi, bu sözlərin mənasını başa düşməyə çalışdı və nə qədər çalışdısa da bir şey başa düşə bilmədi, təkcə bunu çox dəqiq bilirdi, bir halda ki, eşqin nəticəsində qoyunların da boynuna qırmızı lent bağlanırdı, anası sarı ipək paltarını sandıqdan çıxarıb günə sərirdi, deməli, yer üzündə yaşayan adamlara lazımlı şeydir bu; bir gün gələcək, onun da belə bir fotodəvətnaməsi məhəllədə əldən-ələ gəzəcək və həmin fotodəvətnamədə də bu iki misra yazılacaq:

Mehrabı eşqdir uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

Və Məmmədağa bütün bunları fikirləşə-fikirləşə təzəcə yuxuya gedirdi ki, Dar dalanda şivən qopdu. Məmmədağagilin məhəlləsində çox işlər olmuşdu, amma o, ömründə bu cür ağlaşma görməmişdi, bu cür səslər eşitməmişdi. Gecənin yarısı birdən-birə Dar dalandan gələn arvad qışqırtıları, ağlaşmalar, ağılar elə səslənirdi, elə bil, bütün dalan qəflətən dərd əlində ulamağa başlamışdı. Bircə dəqiqənin içində Məmmədağanın başındakı tüklər biz-biz durdu və hövlnak yerindən qalxıb həyətə çıxan Səkinə xalanın da çığırtısı gələndə Məmmədağanın bütün bədəni əsməyə başladı.

Bütün məhəllə ayağa qalxdı, uşaqdan böyüyə hamı küçəyə çıxdı və həmin gecə Dar dalanın qabağında o qədər adam vardı ki və bu adamlar elə şivən qoparırdı ki, günlər, aylar, hətta illər keçəndən sonra da bu gecə izdihamı, bu müsibət uşaqların gözünün qabağından getmədi, qulaqlarından çəkilmədi.

– Kitabulla avariyaya düşüb ölüb! – Bu xəbər həmin gecə uşaqdan böyüyəcən bütün məhəllənin belini sındırdı.

Axşam Kitabulla Lökbatandan yük gətirəndə Şıx çimərliyi tərəfdə boş bir avtobusla toqquşmuşdu. Sükan Kitabullanın sinəsini basıb qarnına girmişdi və o, elə o saat keçinmişdi. Avtobusun kefli sürücüsünə heç nə olmamışdı.

Kitabullanın meyitini maşından düşürüb Dar dalanla aparanda birdən axırıncı həyətin qapısı açıldı, başıaçıq, ayağıyalın bir qız, arvadların əlindən qopub tabuta tərəf cumdu, vəhşi kimi, qabağındakı kişiləri aralayıb iki əli ilə tabutun taxtasından yapışdı, var gücü ilə dartdı; tabutu çiyinlərində saxlayan kişilərin ayağı titrədi, bu qızın dəli baxışlarının qabağında irəliləyə bilmədilər; qız tabutun taxtasını bir də dartdı, az qaldı meyit tabutun içindən yerə düşsün və kişilər, ancaq onu eləyə bildilər ki, tabutu cəld çiyinlərindən düşürüb yerə qoydular; tabutu yerə qoymaqla qızın özünü meyitin üstünə atmağı bir oldu və onun sinəsindən qopan şivənlə bütün bu gecə izdihamının köksündən çıxan nalə də bir oldu.

Məhəllənin adamları Tamillanı birinci dəfə belə gördü.

Səhər üz-gözünü cırıq-cırıq eləmiş Fatma batmış səsilə güclə qışqırırdı, az qalırdı boğazının göy damarları şişib partlasın:

– Toyunçun gələn qoyunlar ehsanına kəsilir, ay Kitabulla, va-a-ay!..

Toyuna çağırılmış qonaqlar, bütün məhəllə Kitabullanı basdırmağa getdi. Məmmədağagilin məhəlləsindən qəbiristanlığa qədər on kilometrlik yolu mafə çiyinlərdə getdi, heç kim maşına minmədi.

Kitabullanın şofer dostları öz maşınları ilə gəlmişdilər. Maşınlar məhəlləyə sığışmırdı.

Qəbiristanlıqda Ələkbər üz-gözünün yaşını sildi, hıçqıra-hıçqıra klarnetini

qabından çıxardıb yığdı və həmin sentyabr günü Kitabullanın mafəsinin başında bir «Segah» çaldı. Ələkbərin klarneti bütün məhəllənin adından Kitabulla ilə sağollaşdı. Həmin sentyabr günü Ələkbər klarneti elə çaldı ki, bu çalğı dünyanın bütün dərdli işlərindən söhbət açdı; klarnet Ələkbərin titrəyən barmaqları arasında yandım deyib su istədi.

Kitabullanın başı da əzildiyinə görə üzünü açmamışdılar və Məmmədağa heç cür ağlına sığışdıra bilmirdi ki, başdan-ayağa kəfənə bürünmüş bu uzun bağlama

Kitabulladı. Məmmədağa bütün ömründə birinci dəfə idi qəbiristanlığa gedirdi və indi o, heç cürə ağlına sığışdıra bilmirdi ki, bu saat bu uzun ağ bağlamanın içindəki Kitabullanı mafədən götürüb təzə qazılmış qəbrin içinə qoyacaqlar, üstünə torpaq töküb sulayacaqlar, sonra da hamı məhəlləyə qayıdacaq, bu qəbir isə burada beləcə qalacaq, yağış yağacaq, külək əsəcək, bu qəbir isə burada beləcə qalacaq.

Məmmədağanı dəhşət basdı, az qala hədəqəsindən çıxacaq gözləri ilə mafədəki uzun ağ bağlamaya baxdı, ağzı, burnu kəfənlə sarınmış Kitabullanın yerinə nəfəsi

tıncıxdı, gözünün qabağına ağappaq duman gəldi və birdən elə bil ki, Kitabulla

gülümsədi, bu ağ dumanın içində qızıl dişi işıldadı; Məmmədağa bircə onu bildi ki, bərkdən qışqırdı, daha sonrasını bilmədi, bir də iki gündən sonra evlərindəki

çarpayısında özünə gəldi.

Həmin ilin qışında Bakıya yaman qar yağdı, dərslər dayandı, maşınlar, tramvaylar işləmədi. Məhəllənin qocaları deyirdi ki, Bakıda belə qar-çovğun, belə qış görməyiblər.

Bir gün belə bir xəbər yayıldı ki, gecə yuxarı məhəllələrdən birinə canavar gəlib. Üç ayın içində beli bükülmüş Səmədulla bu xəbəri eşidəndə çənəsi əsə-əsə dedi:

– Bizim evə canavar sentyabrda gəlmişdi...

Alxas bəy isə deyirdi:

– Dədə Qorqudun bir sözü var, deyir:

Gəlimli, gedimli dünya,

Son ucu ölümlü dünya...

...Məsməxanım dənizin qırağı ilə yaş qumun üstündə addımlaya-addımlaya bir müddət heç nə demədi, sonra soruşdu:

– Bəs qız nə oldu?

– Tamilla?

– Hə.

– Fatmanın iki uşağı vardı, Kitabullanın qırxı çıxandan sonra, ikisini də götürüb getdi, atasıgilə, Yadulladan boşandı. Tamillanın da kəbinini kəsdirdi Yadullaya. Fatma deyirdi ki, Tamilla mənim bacımdı, Yadulla da day bundan sonra mənim qardaşımdı. Hamı bilirdi ki, Fatma Tamillaya görə belə elədi...

– Day atasıgilə qayıda bilməzdi Tamilla, hə?

– Nə bilim?.. Yəqin qayıda bilmirmiş də... Hamı bilirdi ki, Fatma Yadullanı məcbur eləyib, çünki Yadullayla Fatma da bir-birlərini çox istəyirdi...

Ay lap yuxarı qalxmışdı və indi saysız ulduzlu göy ilə dənizi birləşdirən üfüq uzaq qaranlıq içində görünməz olmuşdu; üfüqün əvəzinə qapqara bir boşluq vardı; sahil boyu xeyli aralıda Buzovna elektrik stansiyasının işıqları gəlirdi və bu işıqlar indi elə bil dənizin ulduzları idi; dənizin ulduzları ilə göyün ulduzları qarışmışdı bir-birinə; bir belə saysız ulduzun içində dan ulduzu tamam başqaydı, iri, işıqlı, tənha...

– Tamilla Yadullanı istəyirdi?

– Nə bilim... – Məmmədağa fikirləşdi ki, nə üçün bu sual indiyə kimi onun ağlına gəlməyib, nə üçün o indiyə kimi fikirləşməyib ki, Tamilla Yadullanı istəyirdi, ya yox?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri