Səhifə 14 / 16 · 81%

başını qaldırıb haçansa qəflətən rast gəldiyi bir göygöz oğlanın ulduzuna baxmaq, hər gecə bu ulduzu görmək onun üçün ağır olacaq? O zaman həmin göygöz oğlan bu ulduzu, bu ulduzu ki, gecələrin bir gecəsi Zuğulbanın səmasında özünə seçmişdi, tamam yadından çıxaracaq və o zaman həmin ulduzun insan nisgilini Məsməxanım hiss edəcək...

– Adam öz ulduzunu başqasına göstərməsin gərək.

– Bəs sən niyə göstərdin?

Məsməxanım yenə öz ulduzuna baxdı və sarı trikotaj köynəyinin kip örtdüyü yumru çiyinlərini çəkdi.

Yenə xəzri başlamışdı və külək yavaş-yavaş bərkiyirdi; belə getsəydi, külək bu gecə bu yerlərdə əməlli-başlı fironluq edəcəkdi. Məmmədağa Abşeron havasına yaxşı bələd idi və bilirdi ki, Abşeron küləyinə etibar yoxdu – bircə saatın içində elə bir çovğun qopar ki, gəl görəsən. O, küləyi xoşlayırdı (Abşeron küləyindən zəhləsi gedən adam çox idi, xüsusən rayondan gələnlərin heç arası yox idi bu küləklə) və ağır maşını ilə küləyi yara-yara Abşeron yollarında çox yolçuluq etmişdi, amma həmin qəribə yay gecəsi Zuğulbanın bu dəniz sahilində gərək külək bərk əsməyəydi, qum adamın burnuna, qulağına dolmayaydı; gərək bu gecə burada külək elə əsəydi ki, bu qayalar yüngül qayıq olub dənizə çıxmaq istəyəydi.

Məmmədağa dedi:

– Xəzri bərkiyir deyəsən...

Məsməxanım da ona baxdı və dedi:

– İstəyirsən dayandırım bu küləyi?

Məmmədağa soruşdu:

– Sən cadugərsən?

Məsməxanım dedi:

– Hə, mən yaman cadugərəm...

Sonra o tərəf-bu tərəfə boylandı.

– Nə lazımdı?

– Gərək ağacla danışasan. Ağaca deyəsən ki, küləyi dayandırsın.

Məmmədağa çoxbilmiş Məsməxanıma güldü və soruşdu:

– Hansı ağaca?

Məsməxanım dedi:

– Hansı olur, olsun.

Məmmədağa bilirdi ki, Abşeron kəndlərində dəniz sahili qumsallıqda yaşıl ağac tapmaq çətin işdi; çürümüş qayıq skeleti tapmaq olar, müharibədən əvvəlki vaxtların içi qumla dolmuş araq, pivə şüşələrini tapmaq olar, mazuta bulaşmış avar, sahilə atılmış cürbəcür balıqlar, hətta suiti tapmaq olar, amma küləyi dayandırmaq üçün yaşıl bir ağac tapmaq çətin işdi.

Məsməxanım dedi:

– Ode, o təpənin üstü zeytunluqdu, gedək ora. – Sonra da Məmmədağanın cavabını gözləmədən əyilib səndəllərini ayağından çıxartdı və günortanın istisindən sonra yavaş-yavaş soyuyan qumun üstü ilə tez-tez addımlaya-addımlaya uzaqda bozaran təpəyə tərəf getdi.

Məmmədağa çəkmələrinin içinə narın qum dola-dola bu cadugər qızın ardınca addımlayırdı və o, səndəllərini əlində tutub iti-iti gedən bu ayaqyalın qızın ardınca lap dünyanın axırına kimi beləcə addımlayardı.

Məsməxanım ona tərəf çevrilib gülə-gülə:

– Tez gəl də! – dedi: – O saat bilinir ki, asfalt adamısan. Çıxart ayaqqabılarını. İçi dolacaq qumla...

Məmmədağa ayaqqabılarını, corablarını çıxardıb əlinə aldı və qaça-qaça ay işığında dayanıb onu gözləyən cadugər qıza çatdı.

– Sən inanmırsan ki, küləyi dayandıracağam?

– İnanıram.

– Hə, görürəm, yaman da inanırsan... İndi baxarsan!

Yavaş-yavaş sərinləyən narın qum Məmmədağanın ayaqlarına toxunduqca, barmaqlarının arasından süzülüb töküldükcə ona elə gəlirdi ki, yer üzündə yox, qəribə bir boşluqda addımlayır; bu boşluqda bir mülayimlik və həzinlik var idi; belə bir mülayimlik və həzinlik, ancaq gecələr ola bilərdi, gündüzlər isə yox olub gedirdi; gündüzlər qayğılar başlayırdı, hərəkət başlayırdı; gündüzlər gecəki adam elə bil ki, dəyişib başqa adam olurdu və həmin qəribə yay gecəsi birdən-birə Məmmədağanın ürəyinə bir səhər nigarançılığı çökdü.

Abşeron küləyi Zuğulbanın dəniz sahilində qumdan böyük bir təpə düzəltmişdi və onlar gəlib bu qum təpəsinin yanına çatan kimi, Məsməxanım irəli çıxıb üzüyuxarı qalxmağa başladı; qalxa-qalxa da aşağı baxıb güldü:

– Yavaş ol, a, yumbalanarsan birdən...

Məmmədağa hər dəfə addım atdıqca, az qala, dizə qədər quma bata-bata:

– Qorxma, – dedi, – gəlirəm dalınca!

Qumun içi əməlli-başlı isti idi və bu isti Məmmədağanın ayaqlarını, topuqlarını qızdırırdı. Məsməxanım yuxarıdan qışqırdı:

– Görürsən nə əntiqə istidi qum?

Qumun bu istiliyi, doğrudan da, əntiqə istilik idi, yayın bürküsündə, elə bil, adamın bütün bədəninə bir sərinlik gətirirdi.

Məsməxanım yuxarıdan qışqırdı:

– Bilirsən, day gələn ildən bura dırmaşmaq olmayacaq belə!

– Niyə?

– Sanatoriya tikəcəklər burda! Dünyanın hər tərəfindən adamlar gələcək bura! Dünyanın hər yerində məşhur olacaq Zuğulba! Dünyanın hər yerində biləcəklər ki, Abşeronda, Xəzərin sahilində Zuğulba adında bir yer var! Amma hayıf ki, onda day bu qum təpə olmayacaq... Onda mən gəlib bu sanatoriyaya baxacağam, yadıma düşəcək ki, bir vaxt bu yerlərdə qum təpəsi vardı... Bir vaxt bu yerlərin qumunda elə isti vardı ki, adamın ürəyinə sərinlik gətirirdi, elə bil, quyu suyu içirdin...

Qum təpənin üstündən Zuğulba pansionatına tərəf bir cığır ağarırdı və bu cığırın sağ tərəfi başdan-başa zeytunluq idi.

– Buralar ilanlıqdı ha, bastalama.

– Bu küləkdə ilan nə gəzir?..

– Bu saat küləyin işinə baxacağam!

Gecə vaxtı ilanlar çox zaman asfalta çıxırdı və Məmmədağa Abşeron yollarında yayda, demək olar ki, hər gecə asfaltın tən ortası ilə sürünən cürbəcür ilanlara rast gəlirdi. Bu ilanların çoxu gəlib-gedən maşınların altında qalırdı, amma gecələr elə hey asfalta çıxırdı. Asfalt günün istisini gecələr də özündə saxlayırdı və yəqin buna görə də Abşeron yolları gecələr ilanı özünə çəkirdi.

Xəzri isə yavaş-yavaş lap bərkiyirdi.

Məsməxanım cırcıramalar cırıldayan zeytunluqda xırda ağacların arasından sürətlə ötüb başqalarından daha qollu-budaqlı bir zeytunun qarşısında dayandı. Məmmədağa da tövşüyə-tövşüyə yaxınlaşıb ağacın yanında dayandı və ona elə gəldi ki, Məsməxanım bu qollu-budaqlı ağacı lap yaxşıca tanıyır. Məsməxanım bir əlində səndəllərini tutmuşdu, o biri əlini zeytunun xırda yarpaqlarına sürtdü, başını çevirib altdan-yuxarı Məmmədağanın gözlərinin içinə baxdı, gülümsədi, sonra yenə üzünü ağaca tutub budağını silkələyə-silkələyə dedi:

Mən anamın ilkiyəm,

Ağzı qala tülküyəm,

Xəzri, get,

Gilavar, gəl!..

Sonra Məsməxanım yenə üzünü Məmmədağaya tutdu:

– Sən ananın neçənci uşağısan?

– Birinci.

– Doğrudan? – Məsməxanım lap uşaq kimi sevindi. – Onda sən də de.

Və Məsməxanım təzədən zeytunun budağını silkələyə-silkələyə öz ovsununu yavaşdan aramla deməyə başladı, Məmmədağa da onun sözlərini beləcə yavaşdan aramla təkrar etdi:

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Xəzri, get,

Gilavar, gəl!..

Sonra bir müddət səssizcə dayandılar. Zeytunluq qaranlıq idi, xırda, amma sıx yarpaqlar ay işığının qabağını kəsmişdi və qaranlıq içində Məmmədağa yanında dayanmış bu cadugər qızın nəfəsini hiss edirdi, ürəyinin döyüntüsünü eşidirdi, ona elə gəlirdi ki, bütün bunlar hamısı bir yuxudu, həmişəki kimi, Abşeron sahilində, kabinkasındakı meşin üzlü yumşaq oturacaqda uzanıb yatıb və qəribə bir yuxu görür; bu yuxuya narın qum səpirdilər, amma bu qum adamın üzünə-gözünə dolmurdu, bütün bədənini oxşayırdı; səhər isə oyanacaqdı və yuxu qurtaracaqdı...

Və birdən-birə həmin qəribə yay gecəsində dünyanın ən böyük möcüzəsi baş verdi: yavaş-yavaş bərkiyən xəzri birdən-birə dayandı və cırcıramalar da, elə bil, bunu hiss edib daha da bərkdən cırıldamağa başladı.

– Gördün? – Bunu qara gözləri qaranlıqda işım-işım işıldayan Məsməxanım dedi.

– Gördüm. – Bunu da heyrətindən yerində donub qalmış Məmmədağa dedi.

Məsməxanım gəldiyi kimi cəld də ağacların arasından keçib, qum təpənin

üstünə çıxdı. Məmmədağa yalın ayaqlarını tikandan, çör-çöpdən gözləyə-gözləyə onun ardınca getdi.

Ayaqları quma batdıqca və qumun istisi onların yalın ayaqlarını qızdırdıqca, ikisi də fikirləşdi ki, yaxşı gecədi bu gecə. Əlbəttə, onlar bir-birinin nə fikirləşdiyini bilmirdi və ikisi də eyni bir şey barədə fikirləşə-fikirləşə bir-birinə baxdı; bu gecə ona görə yaxşı gecəydi ki, ulduzlarla, dənizlə, bu qum təpəylə birlikdə bu saat

buradan baxanda dəniz qırağındakı qumluqda dayanmış furqonun alüminium örtüyü ay işığında gümüş kimi ağarırdı; bu gecə ona görə yaxşı gecəydi ki, ulduzlarla, dənizlə, bu qum təpəylə birlikdə bu saat burada bir qız dayanmışdı ki, dənizlə danışa bilirdi və ağaclarla dostluq edirdi və burada bir oğlan da dayanmışdı ki, onun göy gözlərində Məsməxanımın vaxtilə hiss etdiyi iri kişi əllərinin mehribanlığı vardı.

Dənizin bayaq külək bərkidikcə artan uğultusu da indi küləklə birlikdə kəsmişdi və dənizin dalğaları da daha ağarmırdı; dənizin ay işığındakı tünd göylüyü də getdikcə qaralırdı; qum təpənin üstündən dəniz daha böyük, daha nəhəng görünürdü.

Məsməxanım dedi:

– Sabah isti olacaq.

Məmmədağa dedi:

– Hə, isti olacaq sabah...

Və onlar ikisi də birdən-birə hiss etdi ki, sabah haqqında fikirləşmək istəmirlər; bu gecə ki, vardı, bu gecədə ki, o təkcə furqon beləcə ağarırdı, zeytun ağagı küləyi dayandıra bilirdi, – ikisi də bunu fikirləşdi, amma ikisinin də ürəyindən gizli bir nigarançılıq keçdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri