I hissə
Səhifə 15 / 16 · 88%
Ulduzların arasında yaşıl, qırmızı ulduz göründü, sonra təyyarə səsi gəldi və bu qırmızı, yaşıl ulduzlar onların başı üstündən uçub Binədəki aerodroma tərəf getdi; işıqlar görünməz oldu, amma səs hələ bir müddət də eşidildi və Məsməxanım bu səsə qulaq asa-asa soruşdu:
– Sən hardan gəlmisən bura?
Məmmədağa:
– Fatmeyidən, – dedi.
Məsməxanım bərkdən güldü:
– A-a-a.. Mən elə bilirdim ki, göydən düşmüsən, amma deyirsən ki, Fatmeyidən... Doğrudan Fatmeyidən gəlmisən sən?
Məmmədağa da güldü:
– Hə, Fatmeyidən gəlmişəm, – dedi və təyyarənin səsi tamam kəsiləndən sonra fikirləşdi ki, dünən Fatmeyidə keçirtdiyi dünyanın ən adi gecəsi heç ağlına da gəlməzdi ki, sabahı gün Zuğulbada onu belə bir gecə gözləyir; Məmmədağa burasını da fikirləşdi ki, adam təkcə maşına minəndə, qatara, təyyarəyə, ya gəmiyə minəndə yolda olmur, adam elə yaranan gündən yolda olur, bu gündən sabaha aparan yolda və bu yolun adi yollardan bir fərqi var ki, bu gün minib sabah harada düşəcəyini bilmirsən; bilmirsən ki, səni nə gözləyir: bir şadlıqmı gözləyir, bir dərd-qəmmi gözləyir? Amma bir iş vardı ki, Məmmədağa qabaqlar belə şeylər barədə fikirləşməzdi və indi onun bu fikirlərə düşməsi də, görünür, həmin qəribə yay gecəsinin bir hissəciyiydi.
Sonra Məmmədağa dedi:
– Dünən gecə Fatmeyidə yağırdı... Bura yağmadı?
– Yox.
– Heç yağmadı?
Məsməxanım:
– Yox, – dedi və qıza qəribə gəldi ki, dünənki gecə onlardan biri yağışa düşüb, o biri yox.
– Sən Fatmeyidə olmusan?
– Yox, olmamışam.
– Yaxşı kənddi.
– Doğrudan? – Məsməxanım lap sidq-ürəkdən təəccüb etdi, elə bil ki, Ağadadaş yaşayan yer yaxşı ola bilməzdi; Ağadadaş Məsməxanımın yadına düşdü.
Məsələ burasında idi ki, Məsməxanımın fikrincə, Ağadadaş dünyanın ən alçaq adamlarındandı və hər dəfə bu adam onun gözlərinin qabağına gələndə qızın əti ürpəşirdi, elə bil ki, bədəninə qurbağa toxunurdu...
...Ağadadaş Məsməxanımgilin uzaq bir qohumuydu və Məsməxanımın anası Güldəstə tanış-bilişin yanında, qonşuların yanında, yeri düşdü-düşmədi, həmişə onun adını çəkərdi, ondan danışardı ki, qoy hamı bilsin necə qohumları var. Ağadadaş çamadan sexinin müdiri idi. Fatmeyidə ikimərtəbəli böyük mülkü vardı, ləqəbi də Qızıl idi, hamı onu «Qızıl Ağadadaş» kimi tanıyırdı. Ağadadaşın ağappaq bir «Volqa»sı vardı və günlərin bir günündə Güldəstəylə Məsməxanım bazardan evə qayıdanda bu ağappaq «Volqa» ilə rastlaşdılar. Ağadadaş maşını saxlayıb onları da götürdü və düz həyətlərinə sürdü.
Bu o zamanlar idi ki, Məsməxanım onuncu sinfə təzəcə keçmişdi və abbası-abbası yığdığı pulları fotoqraf Nikolayın satdığı «otkrıtkalara» verirdi. Bu «otkrıtkaların» hamısı da hind və ərəb filmlərindən kadrlar idi.
Məsməxanım Ağadadaşın adını çox eşitmişdi, amma üzünü görməmişdi və ağappaq «Volqa» onların həyətində dayananda qıza elə gəldi ki, onu evlərinə «Volqa» yox, sehrli xalça gətirdi. Qonşular da həyətdə dayanan bu ağ «Volqa»nı görüb pəncərələrdən boylandı, kimi gözünü bərəltdi, kimi də mənalı-mənalı başını yellədi. Güldəstə maşından düşüb həyətdəki pəncərələrə baxdı, sonra Məsməxanımın maşından düşməyini gözləməyib dedi:
– A-a-a... Çörək almaq yaddan çıxdı ki, ağəz...
Məsməxanım bilirdi ki, evdə çörəkləri var və bazara gedəndə anasının çörək almaq fikri yox idi; Güldəstə ona görə belə dedi ki, bəzi paxıl qonşular pəncərədən baxıb yanıb-yaxılsın.
Ağadadaş qabağındakı maşın güzgüsündə Məsməxanıma baxıb:
– Yaddan çıxıb? Nolar, bu saat gedib alıb gətirrik, – dedi.
Məsməxanım da güzgüdə Ağadadaşa baxıb gülümsədi.
Güldəstə gözucu həyətdəki pəncərələrə baxa-baxa dedi:
– Əziyyət veririk axı, sənə...
Ağadadaş da güzgüdə Məsməxanıma gülümsəyib:
– Xoşdu mənimçün, – dedi və ağ «Volqa» yerindən tərpəndi.
Güldəstə kartof, soğan alıb doldurduğu ağır həsir zənbili yerindən qaldırıb evlərinə tərəf gedə-gedə dedi:
– Xalamoğlu Ağadadaş budu də...
Güldəstə əvvəllər «yaxın qohumumuz Ağadadaş» deyərdi, amma ağ «Volqa»dakı bu gəzintidən sonra, elə vəcdə gəlmişdi ki, indi onu xalası oğlu elədi.
Qonşulardan kimisi bu xəbərə şübhə etdi, kimisi də ağ «Volqa»nın ardınca baxa-baxa fikirləşdi ki, sən demə, Gldəstə düz danışırmış, doğrudan da, bu cür mükəmməl qohumları varmış.
Həyətdən çıxandan bir az sonra Ağadadaş maşını saxladı və bu dəfə daha güzgüyə baxmayıb üzünü Məsməxanıma tərəf çevirdi:
– Gəl otur qabaqda, – dedi.
Məsməxanım Ağadadaşın bu hörmətindən lap riqqətə gəldi və utana-utana dedi:
– Çox sağ olun... Bura da yaxşıdı elə...
Ağadadaş əlini uzadıb Məsməxanımın qolundan yapışdı:
– Gəl, gəl qabağa. Kimnən əskiksən bəyəm?!
Əlbəttə, bir halda ki, Ağadadaş kimi bir qohumları istəyirdi Məsməxanım keçib qabaqda əyləşsin və özünü daha rahat hiss etsin, daha onun sözünü yerə salmaq olmazdı; Məsməxanım dinməz-söyləməz, maşından düşüb bu dəfə qabaqda, Ağadadaşın yanında oturdu.
Ağadadaş dedi:
– Xoşum gəldi sənnən, yaxşı qızsan! – Sonra da soruşdu: – Neçə yaşın var sənin?
Ağadadaşın tərifi qızın ürəyinə yağ kimi yayıldı və Məsməxanım qızara-qızara dedi:
– On altı tamam olub, keçmişəm on yeddiyə...
Ağadadaş sol əli ilə rulu tuta-tuta sağ əlini Məsməxanımın qara yubkasının altından çıxmış çılpaq dizinə vurdu:
– Əşşi, sən lap tabakasan ki!..
Məsməxanım ömründə restorana getməmişdi və bilmirdi ki, cücəni qurbağa kimi aralayıb qıpqırmızı qızardanda adına «tabaka» deyirlər və çox yeməli bir şey olur bu «tabaka»; Məsməxanım Ağadadaşın sözünü başa düşmədi və həmişə piyada gedib-gəldiyi bu yola baxa-baxa fikirləşdi ki, adamın Ağadadaş kimi bir qohumu olmağı çox yaxşı bir işdi; ancaq Məsməxanımı narahat edən, bu gözəl gəzintidən əməlli-başlı ləzzət almağa qoymayan və yavaş-yavaş ürəyini döyündürməyə başlayan bir səbəb vardı ki, bu da Ağadadaşın sağ əli idi; Ağadadaşın sağ əli elə-eləcə Məsməxanımın çılpaq dizinin üstündə idi.
Birdən Məsməxanımın ürəyi qırılıb ayağının altına düşdü – Məsməxanım hiss etdi ki, Ağadadaşın əli dizinin üstündən yavaş-yavaş yuxarı qalxır; bilmədi nə eləsin, özünü elə itirdi ki, cınqırığını da çıxarmadı. Amma, iş lap ağ olanda Məsməxanım daha özünü saxlaya bilməyib demək istədi ki, evlərində çörək var, heç bir çörək almaq lazım deyil, tez qayıtmaq istəyir evə...
– Ağadadaş əmi...
– Nə? Əmi? Heç gözləməzdim sənnən belə söz!..– Ağadadaş gözlərini yoldan çəkib məzəmmətlə Məsməxanıma baxdı. – Mənə elə Ağadadaş deginən, istəyirsən Ağa de, ya da Dadaş de, necə xətrün istəyir... Başqalarıyçın necə, səninçün də o cür! Əskik-zad deyilsən ki, başqalarından, necə istəyir xətrün, elə də çağır məni! Səni... səni yağ içində böyrək kimi saxlayacağam! Ayda bir dəst əntiqə paltar alacam səninçün, şuba da alacam, öz canımçun!
Məsməxanım Ağadadaşın dediklərindən heç nə başa düşmürdü, təkcə bunu hiss edirdi ki, əl daha da yuxarı qalxır. Qız heç özü də bilmədi ki, necə haray saldı:
– Saxla! Düşürəm! Ay mama!..
Ağadadaşın ilan vurmuş kimi əlini çəkməyiylə tormozu basmağı bir oldu – belə bir haray-həşiri heç gözləmirdi və Məsməxanım bir də onda özünə gəldi ki,
küçə ilə evlərinə tərəf qaçır.
Məsməxanımgilin mənzili ikimərtəbəli böyük binanın ikinci mərtəbəsində idi və Güldəstə də indi eyvana çıxıb ağ «Volqa»nı gözləyirdi: həyətdəki pəncərələr də ağ «Volqa»nı gözləyirdi. Başı alovlu qaça-qaça həyətdən keçib binalarına gələn Məsməxanımı görəndə qonşuların bəzisi başını buladı, bəzisi təəccüb etdi, bəzisi də fikirləşdi ki, belə-belə işlər, anası çıxan ağacı balası budaq-budaq gəzər...
Güldəstənin hövlnak qapını açmağı ilə soruşmağı bir oldu:
– Bu nə gündü belə? Nolub, ağəz? Ağadadaş hanı bəs?!
Güldəstənin fikri vardı ki, Ağadadaşı bir-iki saat getməyə qoymasın, çay dəmləsin, mürəbbə qoysun qabağına, ağ «Volqa» da dayansın həyətdə və qızını bu görkəmdə görəndə Güldəstənin ağlına gələn birinci bu oldu ki, bəlkə ağ «Volqa» qəzaya uğrayıb, ya adam basıb.
– Hanı bəs Ağadadaş?
Məsməxanım hönkürə-hönkürə özünü divanın üstünə atdı:
– Qaçdım mən, qaçdım! Qaçdım!
Güldəstənin belə işlərdə səriştəsi az deyildi, o saat ürəyinə pis fikir gəldi:
– Niyə? Niyə qaçdın? – soruşdu.
– Əl atırdı mənə!..
Güldəstə elə belə bir xəbər gözləyirdi, əlini əlinə vurub:
– Vay, köpək oğlu! – dedi. – Kül olsun belə kişinin başına! Kişi niyə olur e... Məsməxanım həmişə anası belə sözlər deyəndə, söyüş söyəndə hirslənirdi, amma bu dəfə hönkürə-hönkürə təkcə bunu dedi:
– Sən də həmişə deyirdin ki, qohummuzdu... qohummuzdu... day nə bilim nə... Güldəstənin başına, elə bil, təzədən bir qazan qaynar su ələdilər:
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Başqa şairlərin şeirləri
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.