Bir nəfər Şuşanın sal daşdan salınmış və gecənin qaranlığında tamam kimsəsizləmiş küçəsi ilə tələsik addımlarla addımlayırdı.

O, küçəni burulub xəfif ay işığında qaraltısı aydın seçilən köhnə Alban kilsəsinin xarabalığına tərəf getdi və kilsənin girəcəyində qəfildən qaranlıqdan çıxan bir adam onun qarşısını kəsdi:

– Kimsən?

– Dənizdən dənizə gedirəm.

– Keç.

Və o bir nəfər kilsənin qapısından içəri girmək istəyəndə, qarşısını kəsən adam onu tanıdı:

– Vanya yüzbaşı, sənsən?

Vanya yüzbaşı:

– Ara, mən bəxti qaradan başqa hansı səfeh olacaq, gecənin yarısı isti yorğan-döşəyə girmək əvəzinə, düşsün Şuşanın bu buz kimi soyuq daş küçələrinə? Hə, matağını?– deyə şikayət etdi və içəri girə-girə:– Bu zülmətdə yıxılıb qabırğamı sındırmasam yaxşıdı…– dedi. – Qaranlıqda ehtiyatla irəliləyərək üç-dörd daş pilləkən aşağı düşdü və köhnə taxtalarının arasından adda-budda işıq süzülən qapını itələdi.

Qapı cırıltıyla açıldı.

Hər tərəfi daş mağaraya bənzəyən bu zirzəmidə zəif şam işığında altı-yeddi nəfər daş üstündə dövrələmə oturub, gicgahından tutmuş ta çənəsinəcən uzanan çapıq yeri o zəif şam işığında da aydın görünən bir nəfərə diqqətlə qulaq asırdılar və görünür, elə söhbət də ciddi olduğu üçün Vanya yüzbaşı içəri girəndə, içəridəkilərin bəzisi onu təkcə başlarının işarəsi ilə salamladı, bəziləri də hörmət əlaməti olaraq ayağa qalxmaq istədi, amma Vanya yüzbaşı əlinin işarəsi ilə onları yerindən qalxmağa qoymadı.

Üzü çapıq adam deyirdi:

– Bu gün Allahın yüz illərdən sonra bizə həqiqətən yazığı gəlib, millətimiz üçün ən əlverişli şərait yaradıb. Biz bu şəraitdən istifadə etməyi bacarmalıyıq. Əgər biz bu şəraitdən də istifadə edə bilməsək, o zaman bizdən sonrakı nəsillər də heç vaxt Ermənistan dövlətini yarada bilməyəcəklər.

Vanya yüzbaşı pıçıltıyla yanındakından soruşdu:

– Artyun paşanın İstanbuldan göndərdiyi nümayəndə budu?

– Hə, Vanya dayı…

– Mesrop Hamparsumyan?

– Bəli...

Mesrop Hamparsumyan çıxışına davam edirdi:

– Rus ayısı Şimaldan gəlir, özü də bu dəfə, Yekatrinanın vaxtında olduğu kimi, onun geri çəkilmək fikri yoxdu. Gördünüz, Kartli–Kaxetiya çarlığı necə məcbur oldu ki, Rusiya ilə birləşməsi barədə manifest elan etsin? Tiflis indi Rusiyanın bir quberniyasıdır, knyaz Sisianov da oturub orada və hakimi-mütləq kimi quberniyanı idarə edir. Ovanes Melik-Paşayev Sankt-Peterburqdan xəbər göndərib ki, imperator I Aleksandr fikrində qətidir: Rusiya Cənubi Qafqazı nəyin bahasına olursa-olsun, ram etməlidir. İran ayağa qalxıb, Rusiyanı Cənubi Qafqaza buraxmaq istəmir, Azərbaycan xanlıqlarında da, Kartli-Kaxetiya çarlığında da öz hakimiyyətini bərpa etmək istəyir. Fətəli şah fanatik paniranistdir. Onda belə bir maniya var ki, İranı yenidən nəhəng və qüdrətli dövlətə çevirəcək. Yəqin ki, cənab Aşot Karapetyan mənim sözlərimi təsdiq edər, çünki cənab Karapetyanın da, Tehran sarayına yaxın olan başqa erməni qardaşlarımızın da, bu, manikal ideyaları Fətəli şahın başına yeritməkdə böyük xidmətləri var. Belədir, ya yox, cənab Karapetyan?

Aşot Karapetyan təmkinlə başını tərpədərək:

– Fətəli şah nəyin bahasına olursa-olsun, rusları bu yerlərə buraxmaq istəmir,– dedi.– Buna heç kimin şübhəsi olmasın!

Mesrop Hamparsumyan:

– Təşəkkür edirəm, cənab Karapetyan,– dedi.– Azərbaycan xanlıqları bir-biri ilə çəkişir, bir-biri ilə yola getmirlər. Gürcüstan şahzadəsi Aleksandr Tehranda müsəlmanlığı qəbul edib, qoşun toplayıb Tiflisdə general Sisianovun üstünə getmək istəyir. Osmanlı imperiyası diqqətlə bu hadisələri izləyir. Napoleon Avropada Rusiya ilə müttəfiq olmaq istəyir, ancaq əl altından İranı Cənubi Qafqaz uğrunda Rusiya ilə müharibəyə şirnikləndirir. Bizim üçün bundan əlverişli vəziyyət bir də nə zaman olacaq, cənablar? Cənubi Qafqazın münbit torpaqlarından gözəl bir yeri biz harada və nə zaman tapacağıq?

Bir müddət heç kim dinmədi.

– Mən sizinlə tamamilə razıyam, cənab Hamparsumyan!– deyə Aşot Karapetyan sükutu pozdu.– Biz sürətlə Cənubi Qafqazda, xüsusən İrəvan, Qarabağ, Naxçıvan və Gəncə xanlıqlarında məskunlaşmalıyıq. Baxın, İranda biz nə vəziyyətdəyik? Tarix bizi nə kökə salıb? Marağadan tutmuş, Mazandarana, Həmədanadək hərə bir tərəfə səpələnib. Bir az orda, bir az burda, bir az da o tərəfdə… Bunun axırı nə olacaq? Belə davam etsə, pərən-pərən düşmüş bir millət nə edə bilər? Əriyib gedəcək… Millətimiz, tariximiz məhv olacaq… Gələcəkdə kimsə, hardasa oxuyacaq ki, hə, haçansa belə bir millət var imiş… Cənablar, biz mütləq müəyyən ərazilərdə toplum halında olmalıyıq.

Mesrop Hamparsumyan:

– Bu çox ciddi məsələdir, cənablar!– dedi.– Üzr istəyirəm müdaxilə etdiyim üçün, cənab Karapetyan. Bizim millətin Cənubi Qafqazda məskunlaşması həm İranın xeyrinədir, həm də, cənablar, Rusiya bunu istəyir. İki düşmən bir məsələdə – bizimçün tarixi əhəmiyyəti olan bir məsələdə eyni mövqedədir. Biz, Allahın bizə bəxş elədiyi bu şəraitdən maksimum istifadə etməliyik! Bağışlayın, cənab Karapetyan, buyurun.

Aşot Karapetyan sözünə davam etdi:

– Fətəli şah bizim həmvətənlərimizi Qarabağda və İrəvan xanlığında məskunlaşdırmağa söz verib. Biz müsəlmanların arasındakı qarışıqlıqdan, rus ayısının isti sular həsrətindən istifadə etməliyik. Biz bu torpaqlarda məskunlaşıb öz dövlətçiliyimizi bərpa etməliyik. Xəzərdən Qara dənizəcən Böyük Ermənistanın bünövrəsi burada qoyulmalıdır.

Mesrop Hamparsumyan bir qürur hissi ilə:

– Cənab Karapetyan!– dedi.– Sizin bu sözləriniz bu gün kiməsə xam xəyal kimi görünə bilər. Ancaq bu sözlər gələcək həqiqətin ifadəsidir! Çünki hər şey bizim özümüzdən, bizim bacarığımızdan, bizim xalqımıza sevgimizdən, tariximizə məhəbbətimizdən və ehtiramımızdan asılıdır. Hərgah bu sevgi, bu məhəbbət, bu ehtiram həmişə bizimlə olacaqsa, o zaman erməni xalqının taleyi bu qədər acı olmayacaq. Baxın, bu gün Osmanlı ordusunda on bir erməni paşa var! On bir paşa! Bilirsiz, bu nə deməkdir? Bir-iki nəsil sonra bu rəqəm ikiqat artacaq! Osmanlı padşahlığı get-gedə zəifləyir… Druzlar Suriyaya da, Fələstinə də vəlvələ salıb… Ərəblər Ərəbistan səhralarının indi tam ağasıdır… Məmlük bəyləri Misirdə fironluq edir… Epirdə, Yunanıstanın şimalında bizim suilot qardaşlarımız üsyan qaldırır… Osmanlı daha buna dözmək halında deyil, cənablar, Osmanlı davam gətirə bilməyəcək, Sultan Səlimin «Nizami-cədid"i də onların dadına yetməyəcək. Artyun paşa bu fikirdədir ki, biz hələ üzə çıxmamalıyıq, həmişəki kimi öz işimizi görməliyik. Qoy Osmanlı zəifləsin, qoy müsəlmanlar bir-birini qırsın, qoy türklər özləri özlərinə qənim kəsilsin!.. Qoy, Rusiya öz ordusuyla öz sözünü desin!.. Qoy, Avropa hörümçək kimi, öz intriqalarını hörsün!.. Bütün bu hadisələrdə Allah bizimlədir! Cənablar, uzağı əlli-altmış ildən sonra biz öz sözümüzü deyəcəyik. Artyun paşa inanır ki, Böyük Ermənistanın yaranması prosesi elə bu əsrdə – X1X yüzildə başlayacaq! Sadəcə olaraq, biz situasiyanı nəzarətə götürməyi və bundan effektli istifadə etməyi bacarmalıyıq. O zaman tarix sübut edəcək ki, sərhədləri dənizdən dənizə qədər uzanacaq Ermənistan dövləti bizim xam xəyallarımızın bəhrəsi deyil!

– Cənablar! Cənablar! Bir az realist olun! Siz düz yolda deyilsiniz! Bu yolun sonunda millətimizi bədbəxtçiliyə apara bilərsiniz! Bu yol qan gölməçələrindən keçir, cənablar! Doğrudanmı siz bunu görmürsünüz? Biz başqalarına xəyanətlə öz millətimizi xoşbəxtliyə apara bilmərik, cənablar! – Bu sözlər köhnə kilsədəki o gecə yığıncağında çox qəfil və çox da yad səsləndi və bu sözləri deyən adam həyəcanını gizlədə bilməyib ayağa qalxdı. – Ayılın, cənablar, ayılın!

Aşot Karapetyan:

– Siz kimin qanının təəsübünü çəkirsiniz, cənab Petros Dəlləkyan?– soruşdu.– Türklərin? Siz bizi kimlərə xəyanətdə suçlayırsınız? Türklərə?

Petros Dəlləkyan:

– Yox!– dedi.

– Bəs kimə?

– Ona! – Dəlləkyan barmağını yuxarı qaldırıb bir də təkrar etdi. – Ona!

Zirzəmiyə narahat bir sükut çökdü və bu sükutu Vanya yüzbaşı pozdu:

– Ara, Petros ağa, sənin bu gecə vaxtı, bu soyuqda burda nə işin var? Ara, niyə isti yorğan-döşəyində yatmırsan? Türklərin ürək dostusan, get dostluğunu elə də! İstəyirsən, get, lap özünə sünnət elə! – Vanya yüzbaşı ləzzətlə güldü.

Petros Dəlləkyan:

– Siz tərbiyəsiz adamsız, Vanya yuzbaşı!– dedi.

Vanya yüzbaşı eləcə ləzzətlə gülə-gülə:

– Ara, məzhəb haqqı düz deyirəm!– dedi.

Mesrop Hamparsumyan maraqla Vanya yüzbaşıya baxdı və yanında oturandan yavaşca soruşdu:

– Vanya yüzbaşı budu?

– Bəli.

– Mən belə adamlarla bir yerdə qala bilmərəm! – Bu sözləri də barmağı ilə Vanya yüzbaşını göstərərək Petros Dəlləkyan deyib, iti addımlarla mağaradan çıxdı.

Mesrop Hamparsumyan onun ardınca baxa-baxa:

– Bizim millətimizin bədbəxtliyi ondadır ki, aramızda belələri də var…– dedi.– Ancaq türklər bizim analarımızı, bacılarımızı öz hərəmxanalarına yığanda, heç onu,– Hamparsumyan barmağını yuxarı qaldırdı, – fikirləşmirlər! Bizi eşşək kimi işlədib, özümüzü də adam yerinə qoymayanda, gülüb bizi ələ salanda heç ondan qorxmurlar!.. Bizim petros dəlləkyanlarımızın belə hümanizmi, yatanda, türklərin heç yuxusuna da girmir!..

Vanya yüzbaşı bərkdən deyindi:

– Ara, bura lap buzxanadı!..

Bu dəfə də hamı Vanya yüzbaşıya baxdı.

– Ara, bizim canımız bu xaraba Alban kilsəsinin zirzəmisindən nə vaxt qurtaracaq?

Aşot Karapetyan dedi:

– O zaman ki, Vanya yüzbaşı, biz bu Alban kilsəsini öz kilsəmiz edəcəyik və katalikos özü gəlib burada bizim balalarımıza xeyir-dua verəcək!

Vanya yüzbaşı:

– Vax!. – dedi. – Ara, Aşot ağa, siz buranı elədiz erməni kilsəsi, mən dedim olmaz? Ha? Mesrop ağa, sən allah, de görüm, Artyun paşanın canı-başı salamatdımı?

Mesrop Hamparsumyan məclisin gedişatından açıq-aydın bir narazılıqla:

– Yaxşıdı…– dedi.

– Sən məzhəb, Mesrop ağa, məndən – Vanya yüzbaşıdan ona çoxlu salam de! Biz onunla köhnə dostuq!

Hamparsumyan:

– Bilirəm…– dedi.

– Ara, görürəm, sən hər şeyi bilirsən… Ha–a? Türklər demişkən, maşallah olsun!.. Artyun paşaya mənim adımdan deyərsən ki, buralarda hər şey qaydasındadı, heç nədən narahat olmasın.– Vanya yüzbaşı əlini arxasına aparıb belini dikəltdi. – Ağalar! Fətəli şah İbrahim xanın qızı Ağabəyim Ağaya elçi düşüb. Oğlu Əbülfəti də girov tələb edir. Xanın əlacı yoxdu, razılıq verəcək. Biz bu vəziyyətdən ağılla, bacarıqla istifadə etməliyik. Sisianovu başa salmaq lazımdı ki, İbrahim xan Rusiya əleyhinə İran ilə gizli sövdalaşma aparır, Qarabağı İran himayəsinə salmaq istəyir, ona görə də onunla qohum olur. Ağalar! İbrahim xan ağıllı, tədbirli, hiyləgər bir hakimdi. Məzhəb haqqı, adam heç inana bilmir ki, türkdən belə ağıllı adam çıxsın! Nə qədər ki, o sağdı, biz millətimiz naminə Qarabağda istədiyimizi edə bilməyəcəyik. Nüfuzlu adamdı, zəhmli adamdı, dünya görüb, onunla zarafat eləmək olmaz. Azərbaycanın bütün xanlıqları onunla hesablaşır. Nə qədər ki, o sağdı, Qarabağ xanlıq olaraq qalacaq. Biz çalışmalıyıq ki, Qarabağ Rusiyanın bir əyalətinə çevrilsin. Bizdən başqa bütün Qafqazda bu türklərin, bu müsəlmanların arasında rusların kimi var ki, ona arxalansınlar? Heç kimi. Ona görə də biz rusların özündən də yaxşıca istifadə etməliyik. Qoy, bizi axmaq hesab eləsinlər, qoy, elə bilsinlər ki, bizim əlimizlə türklərin arasında öz işlərini görürlər, amma biz, öz işimizi görək. Onda tarix görəcək ki, axmaq kim imiş!.. Ara, məzhəb haqqı, bura buzxanadı. Mən də uzun danışdım… Haykanuş xalanız təkdi isti yorğan-döşəkdə, məni gözləyir, mən getdim…– Vanya yüzbaşı bu sözləri deyə-deyə ayağa qalxdı.– Ağalar, yeni görüşümüzəcən!

Mesrop Hamparsumyan:

– Vanya dayı,– dedi.– Mən Petros Dəlləkyanın sözlərindən nigaran qaldım… Ondan gözüm su içmir…

– Ara, Petros ağadı da… Sən Artyun paşaya de ki, heç nədən narahat olmasın…– Vanya yüzbaşı yenə ləzzətlə güldü.– Petros ağanı mən özüm sünnət edərəm…

Və Vanya yüzbaşı zirzəmidən çıxdı, ehtiyatla addımlaya-addımlaya pilləkanları qalxdı və soyuqdan çuxasının içində büzüşərək köhnə kilsə xarabalığından uzaqlaşmaq istəyəndə, bayaq qaranlıq içindən çıxan adam yenə birdən-birə zühur elədi:

– Sağ olun, Vanya yüzbaşı…

Vanya yüzbaşı:

– Ara,– dedi.– Məzhəb haqqı sən burada sətəlcam olmasan, yaxşıdı.– Sonra əlini cibinə salıb bir sikkə çıxardı və ona uzatdı.– Ala, bu soyuqdan sabaha salamat çıxsan, get, Qəssab Məşədi Abışdan uşaqlarına bir girvənkə ət al, yesinlər…

Adam sikkəni götürüb:

– Allah səni bizim başımızın üstündən əskik eləməsin, Vanya dayı!– dedi.

Vanya yüzbaşı bir-iki addım da atıb başını geri çevirdi:

– Amma, – dedi, – türklərin bozbaşından bişirərsiz, – dedi.– Bu havanınkı yağlı türk bozbaşdı!

Vanya yüzbaşı qaranlıqda gözdən itdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XX fəsil

... gecələr elektrik qatarının təkərlərinin tukkatuku o yerlərdə çox aydın eşidilirdi, hətta o tukkatukun yüngülcə bir titrəyişi də, Buzovnada yuxuya getmiş Fəhlə Yataqxanasında, elə bil, hiss olunurdu və həmin gecə də sonuncu – gecə saat 1 elektrik qatarı Mərdəkandan qayıdıb Bakıya gedəndə o tukkatuk eləcə aydın eşidildi və yüngül bir titrəyiş də hiss olundu...... və o gecə bütün Yataqxana kimi, Bayraqdarın ailəsi də yuxudaydı: hərə öz həmişəki yerində – Güllü arvad otağın ortasındakı mizin üstündə, Sara həmin mizin altında, Surxay qapının ağzında, yerdə, Səyyarə də ensiz dəmir çarpayıda yatmışdı; Səyyarə o yeganə çarpayıda yatmağı özünə qıymırdı, amma nə illah edirdi, nə Güllü arvad, nə də Sara o çarpayıda yatırdı, Surxaya isə bu barədə bir söz deyən yox idi; əslində, Surxay öz yerindən çox razı idi, çünki səhər ən tez duran o idi, heç kimi narahat etmədən qapını açıb eşiyə çıxırdı; düzdü, hərdənbir gecənin yarısı Güllü arvad mizin üstündən düşüb tualetə gedəndə Surxayın üstündən addımlamalı olurdu, amma Surxay on ildə buna adət etmişdi və bu, onun üçün elə bir narahatlıq deyildi...

2 dəq
XXI fəsil

O axşam Cümü hələ gəlməmişdi və Cümü evə (otağa) gəlməmiş, əvvəlcə həyətdən tırtırın səsi gəlirdi, tırtırın o səsi həyətdə axırıncı dəfə zilə qalxıb, susurdu, bir-iki dəqiqədən – Cümü Yataqxananın beşinci mərtəbəsinə qalxırdı – sonra, hələ otağın qapısı açılmamış, arağın iyi içəri dolurdu və o arağın iyi daha əvvəlkitək Sonanın ürəyini bulandırmırdı, çünki o günə ki, Şuşadan sonra Cümü düşmüşdü – Şuşanın bir nömrəli taksi sürücüsü Qızıl Diş Cümşüd ki, plov yemirdi, bığım yağa batar, indi hər dəfə tırıltısı dünyanın xəcalətini gətirib bu beşinci mərtəbədəki otağa pərçim edən köhnə motorollerin (tırtırın) lafetində Abşeron kəndlərinə yem satan Cümü olmuşdu – o günü, Sona fikrindən keçirirdi ki, Allah ermənidən başqa, heç kimə göstərməsin və Şuşada ildə-ayda, toyda-düyündə bir az təmiz tut arağından başqa heç nə içməyən Cümü, indi gündə nöyüt kimi arağı dümləyib ürəyini o araq stəkanına boşaldırdısa, nə eləmək olardı, Sona fikirləşirdi ki, qoy içsin və Cümünün arağa verdiyi o pula ki, 300 qram ət almaq olardı, o 300 qram ət də heç lazım deyildi.O axşam Cümü hələ gəlməmişdi, Sona pəncərənin qabağında dayanıb eşiyin qaranlığına baxırdı, Güllü arvad plastmas siniyə (gözəl mis sini Şuşada qalmışdı) düyü töküb (humanitar yardım idi) Cəmiləyə vermişdi ki, arıtlasın və Cəmilə də otaqdakı yeganə çarpayının üstündə oturub, o plastmas sinini də dizlərinin üstünə qoyub haçan qurtaracağını səbrsizliklə gözləyə-gözləyə düyü arıtlayırdı.

2 dəq
XXII fəsil

Əhməd Ağayeviçin özü də, ailəsi də Bilgəhdəki bağlarında bircə gün dəyaşamamışdılar və altı il idi ki, bu ikimərtəbəli mülkü tikdirib hazır eləmişdi, Azərbaycanın müxtəlif rayonlarından gətirtdirdiyi cins Quba almalarından, Ordubad əriyindən, Göyçay narından tutmuş Abşeron ənciri, xartutu, muşmulası, iydəsi,

10 dəq
XXIII fəsil

Eysebio (Əbülfət!.. Əbülfət!.. Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər...XXIV

11 dəq

Başqa şairlərin şeirləri